Həsən Bağırov: Vəkilliyin müstəqil təsisat kimi yaradılması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır

post-img

Vəkil olmaq təkcə ixtisas sahibi olmaq deyil, məsuliyyət daşımaq, vicdan qarşısında cavabdeh olmaq və hər zaman qanunun aliliyinə sadiq qalmaq deməkdir. Vəkil cəmiyyətlə dövlət arasında və fərdlə ədalət mühakiməsi sistemi arasında etimad körpüsüdür. Bu körpünün möhkəmliyi isə biliklə yanaşı, peşəkarlıq və yüksək mənəvi keyfiyyətlərdən asılıdır.

AZƏRTAC xəbər ki, bunu Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri Həsən Bağırov 28 Dekabr - Vəkil Günü peşə bayramı münasibətilə Vəkillər Kollegiyasının (VK) üzvlüyünə yeni qəbul olunan vəkillərin təntənəli andiçmə mərasimində çıxış edərkən deyib.

 

H.Bağırov qeyd edib ki, Azərbaycanda vəkillik uzun və zəngin inkişaf yolu keçib: “Dövlətçiliyimizin bərpasından sonra hüquqi dövlət quruculuğu prosesi vəkillik institutunun formalaşmasını və möhkəmlənməsini zəruri etmişdir. Vəkilliyin müstəqil təsisat kimi yaradılması bilavasitə müasir Azərbaycan dövlətinin memarı və qurucusu olan Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin hakimiyyəti dövründə qəbul edilmiş 1999-cu ilin 18 dekabr tarixli “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunla Azərbaycan vəkilliyinin əsası qoyulub. Ölkəmizin tarixində ilk dəfə olaraq vəkillik hakimiyyətin heç bir qolundan asılı olmayan bir institut kimi formalaşmışdır. Hazırkı dövrdə ölkəmizdə həyata keçirilən məhkəmə hüquq islahatları ilə yanaşı, vəkillik institutunun gücləndirilməsi də Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Son illər vəkillik sahəsində həyata keçirilən norma yaradıcı, institusional fəaliyyət nəticəsində vəkillərin sayı bir neçə dəfə artıb, onların peşə hazırlığı gücləndirilib, regionlarda hüquqi yardıma əlçatanlılıq genişləndirilib, gənc hüquqşünasların vəkilliyə qəbul olunması istiqamətində müvafiq tədbirlər görülüb".

 

 

Sosial həyat