“Qızıl xaç”ın gecikmiş etirafı

post-img

BQXK Azərbaycanın saxlanılan ermənilərlə humanist davranışını təsdiqləyib

Tarixin arxivinə göndərdiyimiz “Dağlıq Qarabağ” adlı Ermənistan–Azərbaycan münaqişəsinin davam etdiyi 30 il ərzində ölkəmiz məsələyə ədalətsiz və tərəfli, ermənipərəst mövqedən yanaşan bir çox beynəlxalq təşkilatlarla, Qərbin nüfuzlu institutları ilə mübarizə aparmalı oldu. Münaqişənin sülh yolu ilə həllinə 26 il vasitəçiliyi imitasiya etmiş ATƏT-in Minsk qrupunun son aqibəti hamıya bəllidir. Azərbaycanın Avropa İttifaqı və onun parlamenti ilə münasibətləri bölgəyə və sülhün tənzimlənməsinə məhz selektiv yanaşmaları səbəbindən normal məcrasına düşməyib.

Beynəlxalq Qızıl Xaç Komitəsi də bu qəbildən sayıla biləcək təşkilatlardandır. İstər işğal dövründə, istər İkinci Qarabağ müharibəsində, istərsə də postmüharibə mərhələsində Komitə hərdən anti-Azərbaycan çıxışları, missiyası ilə üst-üstə düşməyən fəaliyyəti ilə nəzəri cəlb edib. Xüsusilə 2020-ci ildə müstəqil Azərbaycan Respublikasının ərazisində “dqr” kimi qeyri-qanuni təsisatın, Xankəndidəki xunta rejiminin böyründə özünün nümayəndəliyini yaradan BQXK aşkar şəkildə separatizmə dəstək verməyə başlamışdı. Bu barədə bir qədər sonra yazacağıq. İndi isə BQXK-nın Ermənistandakı nümayəndəliyinin Azərbaycanda saxlanılan bütün erməni məhbuslarla bağlı yaydığı məlumata diqqət yetirək.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin İrəvan filialının nümayəndələri dekabrın 24-ü və 25-də Azərbaycanda saxlanılan, törətdikləri hərbi cinayətlərə görə barələrində cinayət işi açılaraq təcridxanada saxlanılan və Bakı Hərbi Məhkəməsində prosesin davam etdiyi erməni əsilli şəxslərə baş çəkiblər. Bu barədə hay mediasına BQXK-nın Ermənistandakı kommunikasiya şöbəsinin rəhbəri Zara Amatuni məlumat verib.

Məlumatda bildirilir ki, Bakıya gələn nümayəndə heyətinin tərkibində həkim də olub. “Prosedurlara uyğun olaraq, səfər zamanı, keçmişdə olduğu kimi, bu dəfə də əsas diqqət məhbusların sağlamlıq vəziyyəti, onlarla təcridxanada rəftar, saxlanma şəraiti olub”, – Amatuni jurnalistlərə açıqlamasında deyib. Onu da əlavə edib ki, saxlanılan şəxslərin ailələri onlara heç bir bağlama çatdırmayıb, səfər təşkilatın nümayəndələri ilə təkbətək görüşlər və vəziyyətin ümumi qiymətləndirilməsi ilə başa çatıb.

Yəni diqqətinizə çatdırdığımız məlumatdan anlaşılan odur ki, BQXK nümayəndələri Bakı istintaq təcridxanasında saxlanılan ermənilərin hüquqlarının pozulması, onlara kənardan təzyiqlərin edilməsi kimi hallara, eləcə də səhhətləri ilə bağlı heç bir problemlə üzləşməyiblər. Əlbəttə, əgər onlar ən azı, saxlanılan şəxslərlə təkbətək görüşlərində bu kimi hallara işarə vuran məlumat eşitmiş olsaydılar, bunu dərhal dünyaya car çəkərdilər. Deməli, bugünədək Azərbaycan Femidası tərəfindən saxlanılanlara münasibətdə onların vəkillərinin, bəzi qərbli “hüquq müdafiəçilərinin” məlum bəyanat və açıqlamalarında göstərdikləri qanun pozuntuları yoxdur.

***

Oxuculara xatırladaq ki, Azərbaycan istər torpaqları işğalda olduğu vaxt, istərsə də postmünaqişə dövründə Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı bürosunun fəaliyyətindən, onun tutduğu mövqedən razı olmayıb. Bunun da əsaslı səbəbləri mövcuddur. Ən başlıca səbəb ondan ibarətdir ki, Beynəlxalq Qızıl Xaç Komitəsi 2020-ci ilin əvvəllərində Azərbaycana xəbər vermədən separatçı rejimin yuva saldığı Xankəndidə qanunsuz ofis açmışdı. Bununla bağlı Azərbaycan tərəfi komitənin ərazimizdəki qanunsuz rejimlə bağladığı müqavilənin, imzaladığı sənədin surətini istəsə də, onu rəsmi Bakıya təqdim etməmişdi. Bundan sonra Azərbaycan hökuməti qeyri-qanuni ofisin bağlanması niyyəti barədə BQXK-ya məlumat vermişdi. Yəni ölkəmizin beynəlxalq hüquqla tanınmış ərazisinə qurumun Ermənistandakı nümayəndəliyi tərəfindən “desant atılmış” qeyri-qanuni ofisin təxribatçı fəaliyyəti komitənin nəzərə çatdırılmış və bu cür əməllərə son qoyulması barədə xəbərdarlıq edilmişdi. Amma rəsmi Bakının müraciətlərini qulaqardına vuran BQXK-nın Xankəndidəki ofisi 2020-ci ilin Vətən müharibəsindən sonra da fəliyyətini dayandırmadı. Faktiki olaraq, separatçı rejimin əlaltısına çevrilmiş bu təşkilat Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini bərpa etməsini tanımaq istəmirdi. Yalnız 2023- cü ilin sentyabrında bir sutkalıq antiterror əməliyyatından sonra çağırılmamış qonaq məcburiyyət qarşısında Xankəndidəki ofisini bağlamalı oldu.

Bir vacib faktı da qeyd etməyə bilmərik. BQXK-nın Xankəndidəki bədnam ofisi humanitar missiya adı altında qaçaqmalçılıqla məşğul olur, özünün nəqliyyat vasitələrində Ermənistandan Qarabağa ərzaq, tibbi ləvazimatın altında silah, narkotik maddələr daşıyırdı. O zaman bu barədə qəzetimiz yazmışdı. Xunta rejimi ilə yaxından əməkdaşlıq edən nümayəndəliyin bəzi əməkdaşlarının Vətən müharibəsinin gedişində Ermənistana casusluq etdikləri də üzə çıxdı. Konkret olaraq, 2020-ci il oktyabr ayının ortalarında təxribatçı ofisin əməkdaşlarının Azərbaycan Ordusunun Füzuli istiqamətində əməliyyatlarının qarşısını almağa, onu dayandırmağa cəhd göstərməsi danılmaz faktlarla sübuta yetirildi. Həmin vaxt Azərbaycan Dövlət Sərhəd Xidmətinın yaydığı məlumatda qeyd olunurdu ki, Qarabağdakı erməni xəstələrin təxliyəsini həyata keçirən təcili tibbi yardım maşınlarından qaçaqmalçılıq məqsədilə istifadə edilməsi halları mövcuddur. Bu, Azərbaycan qanunlarının kobud şəkildə pozulması, eyni zamanda, BQXK-ya olan etimaddan sui-istifadə edilməsi, münaqişə tərəflərindən birinin xeyrinə qanunazidd fəaliyyət kimi təsnifatlandırıla bilər. Nümayəndəliyin sadaladığımız qanunsuz əməlləri ilə bağlı Azərbaycan tərəfi cinayət işi açmışdı. Bütün bunlardan sonra beynəlxalq hüquqa və Azərbaycan qanunvericiliyinə zidd hərəkətlərinə görə, ümumiyyətlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin respublikamızda fəaliyyətinə xitam verilməsi barədə qərar qəbul olundu. Bununla bağlı rəsmi məlumatda Beynəlxalq Qızıl Xaç Komitəsinin yerli nümayəndəliyinin hazırkı fəaliyyətinə ehtiyac duyulmadığı, bu fəaliyyəti zəruri edən səbəblərin artıq aradan qalxdığı bildirilirdi.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ermənistandakı nümayəndəliyinin diqqətinizə çatdırdığımız məlumatından 2 qənaət hasil olur. Qurum, nəhayət, sülhə yaxınlaşmış iki ölkə arasındakı münaqişəyə obyektiv yanaşma sərgiləməyə və məlum məhkəmə prosesinin tam şəffaf, ədalətli və qəbul edilmiş beynəlxalq norma və qaydalara uyğun şəkildə aparıldığını etiraf edir. İkinci qənaətə görə isə, BQXK bununla Azərbaycanda fəaliyyətini bərpa etmək istəyini ismarışlayır.

Fikrət SADIXOV,
Qərbi Kaspi Universitetinin professoru, politoloq

Realıq göz qabağındadır. Hətta Azərbaycanın haqq işinə qarşı dəfələrlə çıxış edən Beynəlxalq Qızıl Xaç Komitəsi gerçəkliyi qəbul etməyə bilməzdi. Çünki Azərbaycan BMT-nin bütün tövsiyələrinə, qoşulduğu konvensiyaların tələblərinə əməl edir. Xalqımıza qarşı cinayətlər törətmiş, soydaşlarımıza işgəncələr vermiş erməni hərbi cinayətkarlarının saxlanma şəraiti də, onların bütün hüquqlarının qorunması da, müdafiələrinin təşkili də beynəlxalq qaydalara uyğun şəkildə təmin edilib. Onların açıq və şəffaf şəkildə aparılan məhkəmə prosesinin sonunda ədalətli qərarların qəbul ediləcəyinə şübhə etmirəm. Təbii olaraq, sübuta yetiriləcək cinayət əməllərinə görə məhkəmə adekvat cəza tətbiq edəcək.

Barələrində cinayət işləri açılmış saxlanılan ermənilər üçün normal insani şəraitin yaradılması Azərbaycanın öz üzərinə götürdüyü öhdəliklərə riayət etdiyi anlamına gəlir. Bu, həm də onu sübut edir ki, otuz il ərzində işğala dözməsinə, haylardan olmazın əzablar görməsinə, şəhər və kəndlərimizin yerlə yeksan edilməsinə baxmayaraq, Azərbaycan saxlanılan erməni əsilli şəxslərlə sivil qaydada davranır.

Beynəlxalq Qızıl Xaç Komitəsinin son məlumatında qeyd olunanlar təsadüf deyil. Bunu komitənin reallığa əsaslanması, gerçəkliyə düzgün yanaşması saymaq olar. Doğrudur, bir obyektiv məlumata görə, komitənin fəaliyyətini müsbət qiymətlndirməyə tələsməməliyik. Sadəcə olaraq, BQXK Bakı Hərbi Məhkəməsində keçmiş separatçılar üzərində davam edən prosesin beynəlxalq hüquqa, ədalətə uyğun aparıldığını etiraf etməli olub. Bu isə həm Ermənistana, həm də separatçıları müdafiə edən qüvvələrə ciddi işarə sayılmalıdır.

İmran BƏDİRXANLI
XQ



Siyasət