İranın Zəngəzur strategiyası: Geosiyasət, yoxsa iqtisadi maraqlar?

post-img

İranın Cənubi Qafqaz siyasətində ən həssas mövzulardan biri Zəngəzur dəhlizi (“Tramp marşrutu” – TRİPP) məsələsidir. Rəsmi Tehran regionun bütün ölkələri və əslində, elə İranın özü üçün də sərfəli olan bu layihəni, nədənsə, regionda geosiyasi balansı dəyişdirəcək, öz tranzit imkanlarını zəiflədəcək faktor kimi qiymətləndirir. Xüsusilə mühafizəkar qanadı təmsil edən İran rəsmiləri 2020-ci il noyabrın 10-dan sonra dəfələrlə bəyan ediblər ki, “tarixi sərhədlərin dəyişdirilməsi”nə qarşıdırlar və dəhlizin açılmasını milli təhlükəsizlik üçün risk sayırlar. Əslində, burada iqtisadi maraqlardan çox geosiyasi və strateji motivlər ön plana çıxır. Bu səbəbdən İranın mövqeyi həm regiondakı güclərin maraqları ilə toqquşur, həm də Azərbaycan və Ermənistanın kommunikasiyaları açmaq istəyinə ciddi maneə yaradır.

İran rəsmiləri bu istiqamətdə tez-tez açıqlamalar verir, hər dəfə də eyni sözləri təkrarlayırlar. Avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin imzaladıqları Birgə Bəyannamədən sonra Tehranın açıqlamalarının sayı daha da artıb. İslam respublikasının bu istiqamətdəki mövqeyini sonuncu dəfə ali rəhbər Seyid Əli Xameneyinin baş müşaviri Əli Əkbər Vilayəti Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyanla görüşdə təkrarlayıb. O, İranın öz təhlükəsizliyinə qarşı yönələn heç bir addıma dözməyəcəyini vurğulayıb. “Mehr” xəbər agentliyinin yaydığı məlumata görə, ali rəhbərin beynəlxalq məsələlər üzrə müşaviri avqustun 13-də Tehranda İranla ikitərəfli əlaqələri koordinasiya edən nazir müavini V.Kostanyanla sonuncunun xahişi ilə görüşüb. İran mediası yazır ki, Kostanyan görüşün əvvəlində bölgədəki son hadisələr və Vaşinqtonda aparılan danışıqlar barədə məlumat verib və iki ölkə arasında tarixi münasibətlərin və mehriban qonşuluq münasibətlərinin qorunub saxlanılmasının vacibliyini vurğulayıb. “Biz İranla dostluq əlaqələrinə dərindən sadiqik və bu tarixi münasibətləri yüksək qiymətləndiririk”, – deyə o bildirib.

Vilayəti isə öz növbəsində, ikitərəfli əməkdaşlığın genişlənməsini alqışlayaraq deyib: “İran İslam Respublikası həmişə qonşuları arasında dayanıqlı sülh və əmin-amanlığa can atıb və Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olmasına hər hansı ölkədən daha çox önəm verir. İran Sovet İttifaqının dağılmasından və region ölkələrinin müstəqillik əldə etməsindən sonra Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması üçün addımlar atan ilk ölkə olub və mən xarici işlər naziri işlədiyim müddətdə (Vilayəti 1981-ci ildə ovaxtkı prezident Əli Xameneyinin kabinetində xarici işlər naziri təyin olunub və Xameneyini əvəz edən Haşimi Rəfsəncaninin prezidentliyi də daxil olmaqla 1997-ci ilə qədər bu postda çalışıb–S.H.) bu istiqamətdə bütün səylərimi göstərmişəm”.

İran liderinin müşaviri sülhə nail olmaq üçün İranın əməli tədbirləri barədə danışarkən deyib: “Biz hətta bu yolda qurbanlar vermişik. Mən Birinci Qarabağ müharibəsi zamanı iranlı diplomatların ailə üzvlərini Moskvadan Tehrana gətirən təyyarənin raketlə vurulması nəticəsində onların həlak olmasını nəzərdə tuturam. Bu hesabat İran İslam Respublikasının sülhün bərqərar olması istiqamətində qərarlı olduğunu göstərir”. O, İranın xarici siyasətinin prinsiplərini izah etməyə davam edərək vurğulayıb ki, bölgənin taleyini yalnız region ölkələri özləri həll etməlidirlər.

***

Girişdə qeyd etdiyimiz kimi, İranın Zəngəzur dəhlizinə münasibəti son illər Cənubi Qafqaz siyasətində ən çox müzakirə edilən mövzulardan birinə çevrilib. Tehranın rəsmi dairələrinin bəyanatları, xüsusilə, Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ arasında imzalanan Birgə Bəyannamədən sonra daha da intensivləşib. Əli Əkbər Vilayəti–Vaan Kostanyan görüşü də bu xəttin davamıdır. Vilayəti bir daha açıq şəkildə bildirir ki, İran öz təhlükəsizliyinə qarşı yönələn istənilən addıma sərt reaksiya verəcək və regiondakı proseslərdə passiv müşahidəçi rolunu qəbul etməyəcək.

Əslində, bir daha vurğulamaq istərdik ki, İranın Zəngəzur dəhlizinə qarşı çıxması strateji baxımdan səhv addımdır. Tehran bu dəhlizi yalnız öz tranzit imkanlarına zərbə vuracaq layihə kimi təqdim edir, amma əslində yeni kommunikasiya xətləri onun üçün də iqtisadi faydalar yarada bilər. Dəhliz açılarsa, İran Türkiyə və Azərbaycan üzərindən Avropaya daha asan çıxış qazanacaq, həm də Orta Asiya bazarlarına yönələn ticarət yollarına qoşulmaq imkanı əldə edəcək. Yəni Tehran bu layihədən kənarda qalmaqla özünü təcrid edir, halbuki iştirak etməklə regionda daha geniş iqtisadi inteqrasiyadan faydalana bilər.

İran rəsmilərinin “sərhədlərin dəyişdirilməsi” və “təhlükəsizlik riski” kimi arqumentləri isə əsasən siyasi bəhanələrdir. Dəhliz qlobal əhəmiyyət daşıhyan layihədir və bütövlükdə regionda sabitliyə xidmət edəcək. Bu sabitlikdən ən çox qazananlardan biri də məhz İran ola bilər. Çünki iqtisadi əməkdaşlıq artdıqca sərhəd bölgələrindəki gərginlik azalacaq, yeni layihələr İranın da payını böyüdəcək. Tehran əslində, regionun iqtisadi mərkəzinə çevrilmək istəyirsə, yeni reallıqlara uyğun davranmalı, köhnə düşüncə tərzindən imtina etməlidir.

Vilayətinin SSRİ dağılandan sonra İranın Azərbaycan və Ermənistan arasında vasitəçilik edən ilk ölkələrdən biri olduğunu, Tehranın təşəbbüsü ilə bir sıra danışıqların baş tutduğunu, hətta iranlı diplomatların ailə üzvlərinin faciəli şəkildə həlak olmasını bu prosesin ağır nəticələrindən biri kimi xatırlaması təsadüfi deyil. Amma bütün bu iddialara baxmayaraq, İranın vasitəçilik səyləri real nəticə verməyib və münaqişənin gedişində tarazlıq saxlamaq siyasəti daha çox nəzərə çarpıb. Əslində, Tehran Ermənistanla “tarixi dostluq” amilini qorumaqla yanaşı, Azərbaycana qarşı təzyiq rıçaqları da əldə etməyə çalışıb. Maraqlıdır ki, İran rəsmiləri dəfələrlə sülh tərəfdarı olduqlarını desələr də, real siyasət onların daha çox balansı öz xeyirlərinə saxlamaq niyyətini ortaya qoyur.

Vaşinqton görüşündən sonra İran rəsmilərinin açıqlamalarının sayının artması təsadüfi deyil. ABŞ-ın təşəbbüsü ilə imzalanan sənəd regionda yeni siyasi reallıqların formalaşmasına işarə edir. İranın bu prosesdən kənarda qalması onun təsir imkanlarının zəifləməsi ilə nəticələnə bilər. Ona görə də Tehran ritorikasını sərtləşdirir və Ermənistana “dostluq” mesajlarını gücləndirir. Kostanyanın Tehrana səfəri və “tarixi münasibətlər”i qabartması da bu fonun bir hissəsidir. Ermənistan ABŞ və Avropa ilə yaxınlaşarkən İranı itirmək istəmir, İran isə öz növbəsində bu əlaqələrdən Azərbaycana qarşı əks-təsir vasitəsi kimi istifadə etməyə çalışır.

Bu istiqamətdə Ermənistan baş naziri Nikol Paşinyanın bugünlərdə “Fox News”a müsahibəsində səsləndirdiyi fikirlər də maraqlıdır. “Düşünürəm ki, Vaşinqtonda imzalanmış saziş İran və Rusiya üçün əhəmiyyətli faydalar təmin edəcək”, – deyən Paşinyan əlavə edib ki, sənəd icra edildikdən sonra İran Fars körfəzindən Qara dənizə qədər dəmir yolu ilə çıxış əldə edəcək. Onun sözlərinə görə, layihə işə düşdükdən sonra Rusiya və İran arasında birbaşa dəmir yolu əlaqəsi mümkün olacaq: “Hazırda Cənubi Qafqazdan İranı Rusiya ilə birləşdirən dəmir yolu xətti mövcud deyil. Bəyanata əsasən, layihə təkcə Ermənistan, Azərbaycan, ABŞ və Türkiyə üçün deyil, həm də Rusiya və İran üçün mühüm və faktiki olaraq misilsiz iqtisadi imkanlar yaradacaq. Bu, beynəlxalq sabitlik və təhlükəsizliyə də töhfə verəcək”.

Bütün bunlar göstərir ki, İranın kommunikasiyaların açılması ilə bağlı narahatlığı yalnız təhlükəsizlik arqumenti ilə izah oluna bilməz. Burada həm də iqtisadi rəqabət, geosiyasi mövqelərin qorunması, regiondakı təsir dairəsinin zəifləməməsi məsələsi var. Azərbaycan və Türkiyə bu layihəni reallaşdırmaqda qərarlıdır, Qərb isə prosesi dəstəkləyir. Belə bir şəraitdə İranın təkrar bəyanatlarla prosesə mane olmaq istəyi uzunmüddətli nəticə verməyə bilər. Tehran ya yeni regional reallıqlara uyğunlaşmalı, ya da özünü təcrid vəziyyətində qoymalıdır.

Dövlət İdarəçilik Akademiyasının müşaviri, politoloq Zaur Məmmədov XQ-yə açıqlamasında bildirdi ki, İranın bu məsələdə mövqeyi strateji baxımdan yanlış qiymətləndirilə bilər. Onun sözlərinə görə, Tehran bu layihəni yalnız öz tranzit imkanlarına təhlükə kimi təqdim edir, halbuki kommunikasiyaların açılması regionun bütün ölkələri, o cümlədən İran üçün də əlavə iqtisadi imkanlar yarada bilər: “Əgər dəhliz fəaliyyətə başlasa, İran Türkiyə və Azərbaycan vasitəsilə Avropa bazarlarına daha sürətli çıxış əldə edəcək, eyni zamanda, Mərkəzi Asiya ilə ticarət əlaqələrini genişləndirə biləcək. Bununla yanaşı, regionda nəqliyyat xətlərinin artması iqtisadi inteqrasiyanı gücləndirəcək və sərhəd bölgələrində gərginliyi azaldacaq”.

Z.Məmmədov qeyd etdi ki, İran rəsmilərinin “sərhədlərin dəyişdirilməsi” və “təhlükəsizlik riski” arqumentləri də reallığa uyğun deyil. Politoloq bildirdi ki, Zəngəzur dəhlizi (TRİPP) beynəlxalq hüquq çərçivəsində formalaşır və heç bir dövlətin suverenliyinə, ərzi bütövlüyünə zərbə vurmur. Əksinə, regionda sabitliyin təmin edilməsi Tehranın da maraqlarına uyğundur, çünki sabitlik daha çox investisiya, daha çox əməkdaşlıq deməkdir.

Səxavət HƏMİD 
XQ

 



Siyasət