Zəngəzur dəhlizinin dünya üçün önəmi

post-img

Zəngəzur dəhlizinin açılması Türkiyə, Türk dünyası və bütün dünya birliyi üçün xüsusi əhəmiyyət kəsb edir. İndiki mərhələdə ayrı-ayrı şirkətlər və ümumilikdə dövlətlərin gələcəkdə bu marşrutdan istifadə etmək istədikləri zaman seçici yanaşma ilə qarşılaşmaması üçün bu marşrutun işləmə mexanizminin bütün detallarının işlənib hazırlanması çox vacibdir.

Bu sözləri AZƏRTAC-ın müxbirinin sualını cavablandıran Türkiyənin Böyük Birlik Partiyasının (BBP) sədri Mustafa Destici deyib.

Siyasətçi deyib: “Bəs dəhlizi idarə edəcək şirkət nə vaxtsa hər hansı ölkədən gələn yükləri məhdudlaşdırmağa və ya tamamilə bloklamağa çalışsa necə olacaq? Məhz bu səbəbdən Bakı, Ankara və ya hər hansı digər tərəfin maraqlarının tam təmin edilməsi üçün Zəngəzur dəhlizinin iş rejimi ilə bağlı bütün detalları əvvəlcədən razılaşdırmaq vacibdir”.

BBP rəhbəri ABŞ Prezidenti Donald Trampın administrasiyasının Azərbaycanla bağlı məhdudiyyətləri aradan qaldırmaq qərarına da münasibət bildirib və onu alqışlayıb: “Türkiyə və Azərbaycan iki müstəqil dövlət olsalar da, biz vahid xalqın parçasıyıq. Azərbaycanın sevinci bizim də qəlbimizdə əks-səda verir”.

Destici Ermənistan və onun havadarları tərəfindən Azərbaycan torpaqlarının uzunmüddətli işğalı illərində törədilmiş cinayətləri unutmamağa çağıraraq bildirib ki, cəmi bir neçə milyon əhalisi olan kiçik dövlət qonşu ölkənin bir hissəsini ələ keçirə bilməyəcək.

“Nəhayət, İrəvanın hazırkı rəhbərliyi qonşu dövlətlərə qarşı təxribat xarakterli addımlardan və aqressiv ritorikadan əl çəkərək Azərbaycan və Türkiyənin gücünü dərk edir. Bu, həmçinin 1915-ci il hadisələri, Türkiyə və Azərbaycan bayraqlarının yandırılması ilə bağlı hərəkətlərə aiddir”, - deyə siyasətçi bildirib. O, Cənubi Qafqazın gündəmində olan bütün məsələlərin regiondankənar aktorların iştirakı olmadan həll edilməsini ideal variant adlandırıb.

 

Siyasət