Şimaldan “soyuq küləklər” əsməsə…
Bəribaşdan deyək ki, yazımızda Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində nəzərə çarpan iki bir-biri ilə əlaqəli məqamdan söz açacağıq. O məqamlar ki, Cənubi Qafqazda kövrək sülh mühitinin pozulması ehtimalı ilə bağlıdır.
Beləliklə, Prezident İlham Əliyev müsahibəsində Bakının İrəvanla formal mahiyyət daşıyan barış sazişinin imzalanmamasının bir xüsusi səbəbini vurğuladı. Söhbət Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan müddəanın mövcudluğundan gedir: “Bildiyimiz qədər, onlar həmin müddəaya dəyişiklik edəcəklər. Elə ki, bu dəyişiklik olundu, yəni, Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar onların konstitusiyasından çıxarıldı, formal sülh sazişi də imzalanacaq”.
Bəli, Prezident İlham Əliyevin də vurğuladığı kimi, Ermənistanın hazırkı iqtidarı konstitusiya dəyişikliyinin tərəfdarıdır. Ancaq ölkədə iqtidara əks-qüvvələr fəallıqlarını artırırlar. O qüvvələr ki, Rusiyanın müəyyən dairələri tərəfindən idarə olunurlar. O qüvvələr ki, 2026-cı ildə şansın üzlərinə güləcəyinə ümid bəsləyirlər.
Ermənistanda gələn il parlament seçkiləri keçiriləcək. Bir halda ki, ölkədə ruspərəst müxaliflər, yəni revanşist və şovinistlər aktivləşiblər, belələrinin hakimiyyətə yiyələnmək şansına skeptik yanaşmaq olmaz. Onlar iqtidarı ələ keçirəcəkləri təqdirdə, Bakı-İrəvan sülhü necə olacaq? Axı erməni müxaliflər barışı ölkələri üçün ədalətsiz sayırlar.
Görünür, bu səbəbdəndir ki, Prezident İlham Əliyev “məndə yüz faiz zəmanət yoxdur” deyir: “Bilirik ki, gələn yay Ermənistanda parlament seçkiləri keçiriləcək. Həmçinin bilirik ki, onlar yeni konstitusiya layihəsi üzərində işləyirlər. Lakin güclü xarici müdaxilə olarsa, bəli, bu, razılaşmaları poza bilər”.
Dövlətimizin başçısı müsahibəsində sülhün pozulmasının Ermənistana zərərindən də söz açıb. “...çünki Vaşinqtonda sənədlərin kim tərəfindən imzalanmasından asılı olmayaraq, onlar Ermənistanın adından Ermənistan lideri tərəfindən imzalanıb. Əgər orada hər hansı dəyişiklik baş verərsə və imzalanmış sənəddən geri addım atılarsa, bu, Ermənistan ilə ABŞ arasındakı münasibətləri ciddi şəkildə pisləşdirər. Bu, yalnız ABŞ-a aid deyil, beynəlxalq ictimaiyyət, Avropa İttifaqı, Türkiyə və ərəb ölkələrindəki dostlarımız da bu prosesi dəstəklədilər”, - deyən Prezident İlham Əliyev əlavə edib ki, beynəlxalq ictimaiyyətin müsbət qarşıladığı sülh prosesinə xələl gətirmək Ermənistanın dünyaya qarşı çıxması olar və bundan heç bir qazanc yoxdur. Əksinə, “Vaşinqtonda imzalanan sənəd Ermənistan üçün sülhə və sabit inkişafa zəmanətdir”.
Bu yerdə bir məqama da diqqət yetirək. Ermənistan otuz ilə yaxın müddətdə Azərbaycan torpaqlarını işğalda saxladı. Nəticədə təcriddə qaldı və bu, nə ölkəni idarə edənləri, nə də böyük ölçüdə götürsək, erməni xalqını düşündürdü. Hər iki cinah avantürizm naminə həmrəylik göstərdilər, tutduqları yarıtmaz mövqenin ölkəni inkişafdan saxladığını nəzərə almadılar. Hazırda Ermənistandakı müxaliflər həmin sərsəm təfəkkür sahiblərinin ardıcıllarıdırlar.
Bəli, Rusiyaya arxalanmış Ermənistan otuz ilə yaxın müddətdə həm də beynəlxalq ictimaiyyətin mövqeyini, mühüm beynəlxalq sənədləri saymazdan gəldi. Prezident İlham Əliyev isə bildirir: “Vaşinqtonda imzalanan sənədin əhəmiyyəti ondan ibarətdir ki, hər iki tərəf bir-birinin ərazi bütövlüyünü tanıyır və gələcək təmaslarını beynəlxalq hüququn bu fundamental tezisi əsasında planlaşdıracaq”.
Şübhəsiz, dövlətimizin başçısı dünyada beynəlxalq hüququn necə işlədiyinə çox yaxşı bələddir. Ona görə də xəbərdarlıq edir: “Əgər onlar bizim ərazi bütövlüyümüzü tanımaqdan imtina etsələr, biz də onların ərazi bütövlüyünü tanımaqdan imtina edəcəyik. Burada kim qazanacaq, kim uduzacaq? Məncə, bu, ritorik sualdır. Ona görə hesab edirəm ki, Ermənistanın istənilən gələcək hökumətində kifayət qədər müdriklik, ağlabatan yanaşma olacaq ki, Vaşinqtonda razılaşdığımızı şübhə altına almasın. Bir daha qeyd edirəm ki, bu, iki dövlət arasında razılaşmadır. Bu, Paşinyan ilə mənim razılaşmamız deyil”.
Əlbəttə, Prezident İlham Əliyev yalnız xəbərdarlıq etmir, eyni zamanda məsuliyyətə çağırış səsləndirir. Söhbət sülh naminə məsuliyyətdən gedir. Elə bir sülh ki, bütövlükdə region üçün əhəmiyyətlidir və dövlətimizin başçısı müsahibəsində barış mühitinin faydalarına kifayət qədər əhatəli aydınlıq gətirdi.
Prezident İlham Əliyevin verdiyi izahlar onu deməyə əsas verdi ki, Cənubi Qafqazda sabitliyin formalaşdıracağı əməkdaşlıq mühiti regionun bütün dövlətləri üçün böyük mənfəət vəd edir. Mənfəətlər isə balanslı olmalı, bərabərlilik və qarşılılıq amilini heçə saymamalıdır. Loru dildə desək, hər kəs öz haqqını almalıdır. Amma o da görünür ki, daha çoxuna iddialılar var. Elə isə yazımızın ikinci hissəsinə keçid alaq.
***
Prezident İlham Əliyev müsahibəsində Azərbaycan-Rusiya münasibətlərinə toxundu. Daha doğrusu, münasibətlərin hazırkı fazasına. Qeyd edək ki, dövlətimizin başçısı Vaşinqtonda ölkəmizin media orqanlarına müsahibəsində də Bakı ilə Moskva arasındakı gərginliyin aradan qalxması üçün prinsipial məqamı açıqlamışdı. Həmin məqam yenə aktuallığını qorumaqdadır.
Rusiya öz səmasında Azərbaycan təyyarəsinin vurulmasına düzgün adekvat reaksiya verməlidir. Reaksiya bu qorxunc əməli törədənlərin məsuliyyətə cəlb edilmələri, həlak olanların ailə üzvlərinə, zərərçəkənlərə təzminatın ödənilməsi və ümumən dəymiş zərərin qarşılanması şəklində olmalıdır. Müsahibəsində təyyarə olayı ilə bağlı təfərrüatları açıqlayan Prezident İlham Əliyevin də vurğuladığı məhz bu idi.
Dövlətimizin başçısı olaya münasibətdə sivil davranış çağırışı etdi və ölkəmizdən nümunə gətirdi: “Sizə yenə də İkinci Qarabağ müharibəsindən bir misal çəkə bilərəm. Müharibənin sonuncu günündə - noyabr ayının 9-da Azərbaycan öz sərhədinə yaxınlaşan rus helikopterini təsadüfən vurdu, halbuki o, orada olmalı deyildi. Çünki otuz il ərzində rus helikopterləri Ermənistan ərazisindən Azərbaycan sərhədinə heç vaxt yaxınlaşmamışdı. O, Ermənistandan uçaraq gəlirdi. Helikopteri vuranlar üçün açıq-aydın idi ki, Ermənistan helikopteri ərazimizə daxil olur, ona görə də onlar onu vurdular. Həmin gün mən dərhal Rusiya Prezidentinə zəng etdim və üzrxahlığımı bildirdim. Biz həlak olan pilotların ailələrinə və Müdafiə Nazirliyinə dərhal təzminat ödədik. Biz istintaq başlatdıq və bu faciəli səhvə yol verənlər məsuliyyətə cəlb olundular”.
Prezident İlham Əliyev Rusiyanın dostluğa dəyər verən adekvat addımlarını görmədiyimizi vurğuladı. Axı təyyarə olayı ilə bağlı həqiqətlər açıqlanmalıdır. Çünki “…bu, əlbəttə ki, bizim ikitərəfli münasibətlərimizdə ciddi məsələdir, lakin biz əlaqələri gərginləşdirmək istəmirdik. Bəli, bu, xalqımızı məyus edib, qəzəbləndirib və qəmginliyə salıb. Biz gözləyirik, gec və ya tez istintaq başa çatacaq”.
Prezident İlham Əliyev Rusiyada azərbaycanlılara qarşı nalayiq rəftardan da söz açdı. “Bu, nə münasibətdir?”, - deyərək təəccübünü ifadə edən dövlətimizin başçısı, əslində, belə halların da ikitərəfli əlaqələrə zərər yetirdiyini vurğuladı və bəyan etdi ki, “münasibətlərin korlanmasına görə məsuliyyət bizim üzərimizə düşmür. Biz yalnız konstruktiv və hüquqi şəkildə cavab veririk, lakin heç vaxt bizə qarşı təcavüz əlamətlərinə və təzahürlərinə, yaxud hörmətsizliyə dözməyəcəyik”.
Bir çox ekspert dairələrində belə qənaət var ki, Rusiya təyyarə olayından yararlanaraq, Azərbaycanla gərginliyi saxlamaqda maraqlıdır. Həmin dairələrin qənaətincə, Qarabağ probleminin həllindən, Azərbaycanla Ermənistan arasında sülh mühitinin formalaşmasından sonra Cənubi Qafqaza təsirlərini itirmiş Moskva güc yolu ilə bölgəyə yiyələnmək barədə düşünür. Ekspertlər, hətta Kremlin başqa yolunun olmadığını da vurğulayırlar. “Əl-Ərəbiyyə” telekanalının müxbirinin sualı da məhz bu kimi deyimlərdən qaynaqlanır. Sual belədir: “Kiçik bir sualım var. Bu münasibətdən sonra Siz Azərbaycanın etməyə çalışdığının qarşısını almaq üçün Rusiyanın hər hansı bir hərəkətə əl atacağından qorxmursunuz? Mən coğrafiyanı, dəhliz və sair məsələləri nəzərdə tuturam”.
Hesab edirik ki, Prezident İlham Əliyevin suala cavabı Cənubi Qafqazda kövrək sülh mühitinin pozulması ehtimalının nədən qaynaqlandığını müəyyənləşdirir. “Onların (Rusiyanın – red.) Ermənistanda hərbi bazası və bir neçə min nəfərdən ibarət hərbi heyəti var. Eyni zamanda Ermənistanın İran və Türkiyə ilə sərhədi Rusiya sərhədçiləri tərəfindən qorunur. Azərbaycan torpağında bir nəfər də rus əsgəri yoxdur. Beləliklə, Ermənistanda nə baş verə bilər, mən bunu bilmirəm. Lakin mən bu mənfi ssenari haqqında düşünmək istəmirəm”, - deyən dövlətimizin başçısı, əslində, regional sabitliyə zidd təmayül baxımından yenə Ermənistan amilini qabardır. Nəzərə alaq ki, Ermənistanda rus hərbi mövcudluğu ilə yanaşı, Kremlin dəstəklədiyi və haqqında söz açdığımız revanşist və şovinist kəsim var.
Sonda belə qənaətə gəlmək mümkündür ki, Cənubi Qafqazda sülhü təhdid edən məhz bu iki faktordur. Bu yerdə Rusiyanın Cənubi Qafqaz maraqları barədə də bir-iki kəlmə söz açaq. Əlbəttə, həmin maraqların təzahürlərini sadalamaq niyyətindən uzağıq. Yalnız onu deyək ki, Azərbaycan onların mövcudluğu amili ilə razılaşıb.
Rəsmi Bakı hər zaman çalışıb ki, Qərblə Rusiya arasında balanslı siyasət yürütsün. Amma bu siyasət heç də o demək deyildi ki, xalqımızın və dövlətimizin mənafeləri arxa plana keçməlidir. Regionun lider ölkəsi olan Azərbaycan yenə eyni mövqedədir. Ümid edək ki, Rusiyada bunu düşünənlər tapılacaq və onlar Cənubi Qafqaz müstəvisindəki ənənəvi xəttin icrasından daşınacaqlar. Ona görə daşınacaqlar ki, bu xətt otuz ildən də artıq bir müddətdə bölgə xalqlarına yalnız acılar və məhrumiyyətlər yaşatdı. Həm də ona görə daşınacaqlar ki, bu xəttin böyük ölçüdə Rusiyanın özünə də heç bir xeyri yoxdur.
Ə.CAHANGİROĞLU
XQ