Qırmızı imperiya 105 il əvvəl Azərbaycanı necə işğal edib?

post-img

Bolşevizm azadlıq və qardaşlıq adı altında 71 il xalqımızı əsarətdə saxlayıb

XX əsr tariximizin ən şərəfli səhifələrindən biri 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə milli dövlətçiliyimizin bərpasıdır. Əfsus ki, bu yüzilliyin ən faciəli hadisəsi də 1920-ci il aprelin 28-də rus-bolşevik işğalının müstəqil dövlətçiliyimizi yenidən süquta uğratmasıdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu yaxınlarda Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində Rusiyanın Azərbaycanla bağlı siyasətinin tarixi köklərinə toxunaraq bildirib: “1917-ci ildə Rusiya imperiyası süqut etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Bu, 1918-ci ilin mayında qurulan, müsəlman dünyasında ilk demokratik respublika idi... Biz öz dövlətimizi qurduq, amma bolşeviklər bu dövləti əlimizdən aldılar. 1920-ci ilin aprelində rus ordusu Azərbaycana daxil olub onu işğal etdi”.

Sovet dövründə gizlədilmiş, yalan və riyakarlıqla saxtalaşdırılmış bu tarix müstəqillik dövründə yenidən yazılıb, həqiqət öz yerini alıb. Həqiqət isə dövlət başçısının aydın şəkildə ifadə etdiyi kimidir: 1920-ci il aprel ayının 28-də Sovet Rusiyası qoşunlarının hərbi müdaxiləsi nəticəsində Azərbaycanın dövlətçilik və müstəqillik tarixində şərəfli bir mərhələ olan Xalq Cümhuriyyəti süqut etdi. İki ilə yaxın bir müddət ərzində həyatın bütün sahələrində köklü dəyişikliklərin əsasını qoymuş Azərbaycan xalqı aldadıcı şüarlar altında bölgəyə soxulmuş o qüvvələrin hegemonluğu altına düşdü, xalqın həyatında və tarixində yeni əsarət hökm sürdü.

Doğrudur, Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 23 ay ərzində müstəqil dövlətçiliyin qorunması və möhkəmləndirilməsi elə də asan məsələ deyildi. Azərbaycan dövləti siyasi baxımdan kifayət qədər möhkəmlənməmiş və dünya birliyində özünün layiqli yerini tuta bilməmişdi. İqtisadiyyatın və təsərrüfatçılığın inkişafı sahəsində görülməli olan işlər çox idi. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutunu şərtləndirən bu amillərlə yox, bolşevik Rusiyasının beynəlxalq normaları ayaq altına alaraq müstəqil dövlətin ərazisinə hərbi müdaxilə etməsi ilə bağlı idi.

1920-ci ilin 28 aprel işğalı ərəfəsində ölkənin şimal sərhədlərini qoruyan Cümhuriyyət qüvvələri kəmiyyət və təchizat parametrlərinə görə təcavüzkar bolşevik qüvvələrdən çox geridə qalırdı. Say üstünlüyü, texniki və döyüş imkanları əslində, Rusiyanın təcavüzünün qarşısının alınmasını qeyri-mümkün edirdi. Azərbaycanın istiqlaliyyətinin qorunması istiqamətində hər hansı beynəlxalq yardımın, təzyiq və təsirlərin olmaması isə sovet Rusiya tərəfindən təkcə Azərbaycanın deyil, bütünlükdə Qafqazın işğal edilməsi üçün əlverişli bir şərait yaradırdı.

1918-ci ilin sentyabrında Bakı bolşevik, eser-daşnak qoşunlarından azad edilsə də, bu şəhərdə mövcud olan bolşevik qüvvələri tamamilə məhv edilməmişdi. Onlar bu və ya digər şəkildə öz fəaliyyətlərini davam etdirir, şimaldan alınan yardımlar nəticəsində tədricən güclənirdilər. 1919-cu ilin ikinci yarısından isə onlar xüsusilə fəallaşdılar. Silahlı çevriliş vasitəsilə hakimiyyətin ələ alınmasına hazırlıq planı çərçivəsində hələ 1919-cu ilin yayında Rusiya Kommunust (bolşevik) Partiyası (RK(b)P) Bakı komitəsi xüsusi Hərbi-texniki komissiya yaratdı.

Rusiyanın bolşevik hakimiyyəti tərəfindən birbaşa dəstəklənən bu komissiya silah toplanması, hakimiyyət çevrilişini təmin edəcək silahlıların hazırlanması ilə məşğul olmalı, bolşeviklərin nəzarəti altında olan Həştərxan-Xəzər hərbi donanması ilə əlaqələr yaratmalı idi. Bu əlaqələrin qurulması nəticəsində 1919-cu ilin mayında Bakıdakı kommunistlər gizli şəkildə 2,5 min ədəd silah əldə edə bilmişdilər. Həmin silahlar müstəqil Azərbaycan hökumətinin devrilməsi üçün Rusiya strukturları tərəfindən təşkilatlandırılan Bakı bolşeviklərinin ehtiyatlarına verilməli idi.

Bu işlərin görülməsində Bakıda kök salmış Anastas Mikoyan xüsusi fəallıq göstərirdi. O tez-tez gizli yolla Həştərxana gedir, orada sovet Vladimir Leninin rəhbərlik etdiyi bolşevik Rusiyası hökumətinin təmsilçisi Sergey Kirovla görüşür və Bakıda silahlı üsyana hazırlığın gücləndirilməsi üçün onun təlimatlarını alırdı. 1919-cu il oktyabr ayının sonlarında Anastas Mikoyan gizli yolla RK(b)P MK-ya da yollandı və görüşdüyü adamları Bakıdakı vəziyyət haqqında məlumatlandırdı. Bundan sonra RK(b)P MK Bakıdakı kommunistlərin fəaliyyətinin qırmızı ordunun şimali Qafqazdakı fəaliyyəti ilə uyğunlaşdırılması barədə lazımi qərarlar qəbul etdi.

Elə həmin il oktyabr ayının sonlarında keçirilmiş Ümumbakı partiya konfransı da mövcud hakimiyyətin zorla devrilməsi barədə qərar qəbul etdi. Bu konfransın qərarı ilə hərbi təşkilatların və silahlı dəstələrin yaradılması istiqamətində görülən işlər fəallaşdırıldı. Noyabrın 16-da RK(b)P Bakı komitəsinin iclasında silahlı üsyana hazırlıq işlərinin RK(b)P Bakı Komitəsinə, "Hümmət" və "Ədalət" partiyalarının Rəyasət Heyətinə tapşırılması qərara alındı. 1919-cu ilin sonlarına yaxın isə Bakı rayonunun hərbi təşkilatı yaradıldı. Onun əsas vəzifəsi kimi Bakı fəhlələrindən silahlı dəstələrin təşkil edilməsi müəyyənləşdirildi. Yeni yaradılan təşkilat Bakıya silah gətirilməsinə və yaradılan dəstələrin silahlandırılmasına xüsusi diqqət yetirməli idi.

Eyni zamanda, Bakıda silahlı dəstələrin təşkili üçün Orta Asiyadan, Türküstan cəbhəsinin komandanlığından da gizli yolla silah alındı. 1920-ci ilin fevralında Bakı bolşevikləri silah toplanması üçün Moskvadan daha 5 milyon rubl vəsait əldə etdilər. S.Kirov A.Mikoyanla görüşləri barədə V.Leninə məlumat verərkən bildirirdi ki, havaların qızması və Xəzərdə nəqliyyatın bərpa olunması ilə Bakı kommunistlərinə pul və silah göndərilməsi də artacaqdır.

Moskvadakı görüşlərindən birini bitirdikdən sonra Bakıya dönərkən yolüstü Türküstana gəlib çıxmış A.Mikoyan burada sovet qoşunlarının cəbhə komandanı M.Frunze ilə görüşdü və ondan Bakıya gizli silah göndərilməsi imkanlarını müzakirə etdi. O, 1920-ci il martın 6-da Daşkənddən Bakıya göndərdiyi məlumatında vurğulayırdı ki, M.Frunze Xəzər dənizi vasitəsilə, Həştərxanda olan S.M.Kirov isə quru yolla Bakı bolşeviklərinə silah göndərəcəkdir. Bu razılığın nəticəsi kimi Türküstan cəbhəsindən Bakıda üsyana hazırlaşan qüvvələrin ünvanına 1200 ədəd tüfəng, patronlar və pulemyotlar göndərildi.

S.Kirov martın 7-də RK(b)P MK-na göndərdiyi məlumatında bildirirdi ki, qırmızı ordunun Petrovska yaxınlaşması və qırmızı donanmanın Xəzərdə fəallaşması ilə yerli qüvvələrin Azərbaycanda çevriliş edə biləcəyinə əmindir. O, dəqiqləşdirməsə də, yerli qüvvələr deyəndə heç şübhəsiz ki, Bakıda silahlandırılmış olan qeyri-azərbaycanlı əhalini nəzərdə tuturdu. Onların arasında azərbaycanlıların sayı xeyli az idi.

1920-ci il fevralın 4-də Stalinə teleqrafla göndərdiyi tələbində V.Lenin də Qafqaz cəbhəsinin gücləndirilməsinin diqqət mərkəzində saxlanmasını israr edirdi.

İki həftə sonra Lenin Xarkovda olan Stalinə yenidən teleqram göndərərək onun qarşısında Qafqaz cəbhəsinə yeni qüvvələrin göndərilməsi vəzifəsini qoydu. 11 mart 1920-ci il tarixli teleqramında isə V.Lenin yaxın vaxtlarda Şimali Qafqazda Denikin qüvvələrinin mövcudluğuna son qoyulacağını və qırmızı ordunun Azərbaycan sərhədlərinə doğru irəliləmək imkanı əldə edəcəyini gizlətmirdi.

1920-ci il mart ayının 9-da A.Mikoyana göndərdiyi məktubunda S.M.Kirov XI Qırmızı ordunun Azərbaycanın işğalı üçün vəzifələndiriləcəyini təsdiq etməklə hərbi müdaxilə zamanı Bakıda kök salmış bolşeviklərin hansı işlər görməli olacağına da işarə etmişdi.

Onun A.Mikoyana göndərdiyi yazılı təlimatda deyilirdi: "Dəstələrlə qırılmaz əlaqələr qurun... dayanmadan XI ordu ilə birgə fəaliyyət üçün dəstələr yaradın və onun başlanması barədə vaxtında məlumat verin.

Xüsusilə körpülərin məhv edilməsinin hazırlanmasına diqqət yetirin ki, düşmənin zirehli qatarını qaçırmaq imkanı olmasın...Ümumiyyətlə, Dağıstan–Bakı rayonunun hərbi baxımdan hazırlanmasına diqqət yetirin.

Kəşfiyyatı gücləndirin... Bizə düşmənin cəmləşmə yerini, anbarların, arxa obyektlərin yerini bilmək lazımdır. Siz bütün gücünüzü istifadə etməlisiniz ki, dənizlə qırılmaz əlaqə yaradasanız və bununla da lazım olan anda cəbhənin ümumi vəzifələrinə uyğun olaraq sizə dəqiq tapşırıqlar verək".

Sovet Rusiyasının Azərbaycanı işğal etmək planında cənuba doğru sürətlə irəliləmək tələbi öz əksini tapmışdı. Çünki bir tərəfdən Bakı neftinə olan ehtiyacın artması, digər tərəfdən müttəfiq dövlətlərinin müstəqilliklərini tanıdığı Cənubi Qafqaz respublikalarının suverenliyinin müdafiəsi üçün hər hansı bir yardım göstərmək ehtimalı bolşevik Rusiyasını daha cəld hərəkət etməyə sövq edirdi. Məhz buna görə də 1920-ci il martın 17-də Qafqaz cəbhəsi İnqilabi şurasının üzvləri İ.Smilqa və G.Orconikidzeyə göndərdiyi teleqramında V.Lenin Bakının tezliklə tutulmasını tələb edirdi: “Bakını almaq bizim üçün çox və çox zəruridir. Bütün gücünüzü buna istiqamətləndirin və özü də bəyanatlarınızda diplomatik olun və güclü yerli sovet hakimiyyəti yaradılmasına əmin olun”.

V.Leninin bu teleqramından sonra Qafqazda dislokasiya olunmuş Xİ qırmızı ordunun Azərbaycanı işğal etməsinə hazırlıq işləri son mərhələsinə qədəm qoydu. İşğalın tezliklə başa çatdırılması üçün XI ordunun tərkibinə yeni qüvvələr verildi, onun yeni hissələrlə möhkəmləndirilməsi, təcrübəli və inanılmış kadrlarla təkmilləşdirilməsi sovet rəhbərlərinin ciddi nəzarəti altına alındı. XI ordunun hücumunun Bakıdakı bolşevik qüvvələrinin fəaliyyəti ilə nizamlanmasına da diqqət artırıldı.

Rusiya Silahlı Qüvvələri baş komandanı S.Kamenevin 22 mart 1920-ci il tarixli direktivində deyilirdi ki, Qafqaz cəbhəsində Denikin ordusunun məğlub edilməsindən sonra Rusiya qoşunları Bakı istiqamətində hücumu davam etdirməli və keçmiş Bakı quberniyasının ərazisini bütünlüklə işğal etməlidir. Mart aynın 28-də onun V.Leninə məruzəsində isə bildirilirdi ki, Terek vilayətinin və Qroznunun tutulması haqqında Rusiya hökumətinin direktivindən irəli gələn vəzifələr artıq yerinə yetirilmişdir. Qarşıda Bakı istiqamətində hücumun davam etdirilməsi ilə bağlı hökumətin yeni direktivindən irəli gələn vəzifələrin həlli dayanıb.

1920-ci il aprel ayının ikinci ongünlüyünün sonlarında Bakıda bolşevik çevrilişinə hazırlıq görən kommunistlər XI ordunun komandanlığından daha dəqiq və konkret göstərişlər alınması məqsədilə bir neçə bolşeviki XI ordunun Port-Petrovskda yerləşən qərargahına göndərdi. Aprel ayının 22-də isə Diyar partiya komitəsi Bakı bürosunun iclası keçirildi. Azərbaycan K(b)P MK-nın da qatıldığı bu iclasda XI ordunun nümayəndələri də iştirak edirdilər. Həmin iclasda qərara alındı ki, aprel ayının 27-də qırmızı ordu Azərbaycan sərhədini keçsin və Bakıda təşkil edilmiş silahlı dəstələr qırmızı ordunun hücumuna dəstək vermək üçün silahlı üsyan qaldırsınlar.

Aprel ayının 25-də isə XI ordunun Petrovskda olan qərargahında toplantı keçirildi. Burada Qafqaz cəbhəsi İnqilab şurasının üzvü G.Orconikidze, XI ordu komandanı M.K.Levandovski, bu ordunun İnqilab şurasının üzvü K.Mexonişin və Bakıdan gəlmiş bolşevik nümayəndələr iştirak edirdilər. Azərbaycanın işğalının tezliklə başa çatdırılması üçün qırmızı ordu komandanlığı mütləq qüvvə üstünlüyünün yaradılması məqsədilə cəbhədə qüvvələrin yenidən qruplaşdırılmasını həyata keçirdi.

Cənubi Qafqazın sərhədlərinə yaxınlaşanda XI ordu elə də böyük say tərkibinə malik deyildi, iştirak etdiyi əməliyyatlardan sonra verilən itkilərin yeri bərpa edilməmişdi. Əvvəllər onun tərkibinə daxil olmuş qüvvələrdən yalnız 7-ci süvari diviziyası, Taman süvari briqadası, 34-cü və 50-ci atıcı diviziyalardan isə iki briqada əməliyyatda iştirak etmək potensialına malik idi. Əvvəllər XI ordunun tərkibində olan 38-ci və 39-cu atıcı diviziyalar ləğv edilərək 20-ci atıcı diviziyanın komplektləşdirilməsinə istiqamətləndirildilər. XI orduya aid olan 28-ci diviziya isə I briqadanın və 34-cü atıcı diviziyanın süvari alayı hesabına komplektləşdirildi. 50-ci Taman diviziyasının I korpusunun şəxsi heyəti də 28-ci atıcı diviziyaya verildi.

Aparılan bu qruplaşmalardan sonra Azərbaycanın işğal edilməsinə aşağıdakı qüvvələr cəlb edildi: 20-ci, 28-ci və 32-ci atıcı diviziyalar, 1-ci və 7-ci süvari diviziyalar, Taman süvari briqadası və Kurışkonun komandir olduğu briqada. Sonradan Kurışkonun briqadasının bazasında 18-ci süvari diviziyası yaradıldı. Hücumda iştirak edən süvari qüvvələri 2-ci süvari briqadasında birləşdirildi. XI orduya "III İnternasional", "Timofey Ulyantsev", "Qırmızı Dağıstan", "Qırmızı Həştərxan", "Stepan Razin", "Kraksnoarmeyets" zirehli qatarları da verildi.

Azərbaycanın işğalının tezliklə başa çatdırılması üçün Volqa-Xəzər donanması da XI ordunun əməliyyat tabeliyinə verildi. Bu ordunun gəmiləri sahil boyunca hücuma keçən sovet qüvvələrini himayə etməli idi. 1920-ci il aprel ayının əvvəllərində XI ordunun və onun tabeliyinə verilmiş qüvvələrin şəxsi heyətinin sayı 72472 nəfər idi. Onlardan 18263 nəfərinin kommunist olduğu bildirilirdi.

Sovet Rusiyası qoşunlarının Qafqaz cəbhəsinin qərargahında 1920-ci il aprelin 18-də imzalanan 368 nömrəli məruzə-raportda Bakınan ələ keçirilməsi üçün qüvvələrin qruplaşdırılmasının tezliklə başa çatdırılması zəruriliyi vurğulanırdı. Elə buradaca göstərilirdi ki, yaxın 10-12 gün ərzində hücumda iştirak edən bütün qüvvələr Dərbənd ətrafında əməliyyatqabağı mövqe tutmalı və əmrə hazır olmalıdırlar. Məruzə-raportda əməliyyatın əsas məqsədinin Bakının ələ keçirilməsi olduğu təsbit edilmişdi.

Azərbaycanın işğal edilməsi hazırlıqlarının başa çatdırılması üçün Qafqaz cəbhəsi komandanı aprel ayının 17-də artıq Petrovska yola düşdü. Burada o, vəziyyətlə tanışlıqdan sonra hücuma başlanması üçün əmr imzalamalı idi. Aprel ayının 21-də artıq bu əmr imzalandı və çoxdan planlaşdırılan hərbi müdaxilənin başlanması üçün XI ordu komandanına göstəriş verildi. Cəbhə komandanı Tuxaçevski, Hərbi-inqilab şurasının üzvü G.Orconikidze və Cəbhənin qərargah rəisinin müavini Zaxarov tərəfindən imzalanmış 490 nömrəli əmrin ilk sətirlərində Azərbaycana hücum üçün əlverişli şərait yarandığı göstərilirdi.

Azərbaycanın əsas hərbi qüvvələrinin dövlətin qərb sərhədində toplandığından Yalama–Bakı xətti boyunca çox cüzi qüvvələrin yerləşdiyi bildirilirdi. Əmrdə XI ordu komandanından tələb olunurdu ki, aprel ayının 27-də Azərbaycan sərhədini keçsin və sürətli hücumla Bakı quberniyasının ərazisini ələ keçirsin. Əmrə əsasən bütün əməliyyat 5 gün ərzində başa çatdırılmalı idi. Əmrdə süvari dəstələrinin Kürdəmirə göndərilməsi və onların vasitəsilə Zaqafqaziya dəmir yolunun nəzarət altına alınması da təsbit olunmuşdu.

Volqa–Xəzər donanmasının komandanı Raskolnikova verilən tapşırığa əsasən isə XI ordu hissələri Abşeron yarımadasına çatanda Ələt yaxınlığında dənizdən desant çıxarılmalı və bu desant XI ordu komandanlığının tabeliyinə verilməli idi. Aprel ayının 23-də Cəbhə komandanının imzaladığı yeni bir əmrlə 490 nömrəli əmr daha tamamlandı və bildirilirdi ki, aprelin 27-də başlayacaq hücum zamanı XI ordu komandanlığının vəzifəsi təkcə Bakı quberniyasını yox, bütün Azərbaycan ərazisinin ələ keçirilməsidir.

Cəbhə komandanının müvafiq əmrinə uyğun olaraq XI ordu komandanı Levandovski də aprel ayının 25-də Azərbaycan ərazilərinin ələ keçirilməsi məqsədilə başlanacaq hücum üçün 52 nömrəli əmri imzaladı. Aprelin 26-da Məhərrəmkənd, Derqat məntəqələri ətrafında ilkin mövqeləri tutan süvari korpusu aprelin 26-da saat 4-də hücuma başlamalı və əsas qüvvələrlə elə həmin gün Qusar və Qubanı ələ keçirməli idi. Aprelin 28-də Qızıl Burun, aprelin 29-da Astraxanka, Şamaxı, Ağsu nəzarət altına alınmalı idi. Qusardan korpus komandiri Quba-Xaltan-Astraxanka yolu ilə Nuxaya tərəf dəstə göndərməli idi. Şamaxı-Ağsu mövqeləri tutulandan sonra da korpusun başqa bir güclü dəstəsi Nuxa, digər güclü bir dəstəsi isə Ağsu–Qaraməryəm–Göyçay–Ağdaş–Yevlax istiqamətlərində hərəkət edərək Yevlax yaxınlığında Kür çayı üzərindəki körpünü ələ keçirməli idi.

Korpusun 3-cü dəstəsi isə Ağsu-Kürdəmir istiqamətinə göndərilməli idi ki, Bakı-Gəncə dəmir yolunu kəssin. Qızıl Burun tutulduqdan sonra korpusun daha bir güclü dəstəsi Bakının ələ keçirilməsi üçün vəzifələndirilməli idi. Bu dəstə 32-ci diviziyanın süvari briqadası ilə aprelin 29-da Yalamanı, aprelin 30-da Biləcəri və Bakını tutmalı idi. Ordunun hissə və birləşmələri Bakıya çatandan sonra süvari dəstəsi Ələt-Zubovka istiqamətinə hərəkət etməklə Kür çayı üzərindəki keçidləri tutmalı idi.

32-ci atıcı diviziya Bakı şəhərinə çatandan sonra mayın 1-də onun qərbə gedən yollarını kəsməli və Bakıdakı milli ordu qüvvələrinin və hökumətin Gəncəyə getmələrinin qarşısını almalı idi. Diviziya eyni zamanda qərb istiqamətindən şəhərə qüvvələr gəldiyi təqdirdə onlara müqavimət göstərməli idi. Bu diviziya aprelin 26-da Samur çayı boyunca hücumqabağı mövqe tutmalı və aprel ayının 27-də süvari korpusunun ardınca saat 7-də dəmir yolu xətti boyunca hücuma keçməli idi. Diviziyanın hissələri aprelin 27-də Xaçmazı, 28-də Dəvəçini, 29-da Giləzini, 30-da Sumqayıt ətrafını və nəhayət mayın 1-də Biləcərini tutmalı idi. Yalnız bundan sonra diviziya Bakının qərbinə çıxmalı idi. Hücum müddətində diviziyanın süvari briqadası süvari korpusu komandirinin tabeliyinə verilməli idi.

28-ci atıcı diviziya aprelin 27-də saat 9-da ilkin mövqeyindən hücuma keçməli idi. Elə həmin gün də Xudat stansiyasının tutulması barədə diviziyaya tapşırıq verilmişdi. Aprelin 28-də diviziya Zivazlı-Mələklər, Padar məntəqələrini, 29-da Xıdırzindəni, 30-da Yaşmanı, mayın 1-də isə Bakını, Biləcərini, Ağ şəhəri və Suraxanını tutmalı idi. Bundan sonra diviziya Ağ şəhər–Suraxanı xətti üzrə mövqe tutaraq süvari briqadaya şəhərdəki silahlıların tərksilah edilməsini tapşırmalı idi. 20-ci diviziya hücumqabağı mövqeni Dərbənddə tutmalı idi. Bu diviziya hücuma aprelin 27-də saat 10-da keçməli və elə həmin gün də Yalama stansiyasına çıxmalı idi.

(ardı var)

Mehman SÜLEYMANOV,
Milli Müdafiə Universiteti Hərbi Elmi-Tədqiqat İnstitutunun professoru, tarix elmləri doktoru



Siyasət