Müstəqil Azərbaycan bu il dövlətçilik tarixində əlahiddə əhəmiyyətli bir sıra hadisələrin ildönümünü qeyd etməyə hazırlaşır. Noyabrda İkinci Qarabağ müharibəsində əldə etdiyimiz tarixi Zəfərin beşinci, müstəqil dövlətimizin ilk müstəqil Konstitusiyasının ümumxalq referendumu ilə qəbulunun isə 30-cu ildönümləri tamam olacaq.
Hər iki tarixin xalqımız və dövlətimiz üçün xüsusi əhəmiyyəti var: Azərbaycan İkinci Qarabağ müharibəsindəki tarixi qələbəsi, eləcə də 2023-cü ilin sentyabr ayında keçirdiyi uğurlu lokal antiterror tədbirləri ilə təkcə ərazi bütövlüyünü və suverenliyini deyil, həm də 30 il əvvəl ümumxalq referendumu ilə qəbul olunmuş ilk milli Konstitusiyanın bütün inzibati-ərazi vahidləri üzrə hüquqi təsir gücünü, işləkliyini təmin edib. Azərbaycanın tarixi zəfərlərinin parlaq nəticələrindən biri də ondan ibarətdir ki, işğal faktına son qoyan respublikamız regionda ikinci erməni dövlətinin yaradılması cəhdlərinin qarşısını birdəfəlik alıb, separatizmin kökünü kəsib. Təkcə ərazi bütövlüyünü, beynəlxalq hüququ deyil, eyni zamanda, özünə güvənini, milli qürur və ləyaqət hissini bərpa edib. Qazanılan zəfərlər xalqımıza qalib kimi yaşamaq və qarşıya qoyduğu bütün hədəflərə doğru inamla addımlamaq imkanı verib.
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında” 28 dekabr 2024-cü il tarixli Sərəncamı, bu mənada, dövlət müstəqilliyimizin hüquqi əsaslarının, suverenliyimizin möhkəmlənməsinin və milli dövlətçiliyin təməl prinsiplərinin təsdiqi baxımından xüsusi siyasi əhəmiyyətə malikdir. Məhz son beş ildə qazanılan qələbələr ölkə Konstitusiyasında ərazi bütövlüyü və suverenliklə bağlı əksini tapmış bir sıra vacib müddəaların praktik təsir imkanlarını təmin edib.
Konstitusiya hüququnun fundamental anlayışlarından biri suverenlikdir. Dövlət hakimiyyətinin ali, bölünməz və müstəqil olması kimi izah edilən bu anlayış siyasi-fəlsəfi və hüquqi səciyyə daşıyır. Konstitusiya isə suverenliyin hüquqi çərçivəsini müəyyənləşdirən, onun əsaslarını normativ şəkildə təsbit edən ali hüquqi sənəddir. Suverenlik dövlətin varlığını şərtləndirirsə, Konstitusiya hüquqi əsaslarını təsbit edir. Bu mənada, konstitusiya və suverenlik anlayışları arasında ayrılmaz bağlılıq, vəhdət mövcuddur. Konstitusiya dövlətin suveren iradəsinin hüquqi ifadəsi, suverenlik Konstitusiyanın işləkliyini təmin edən siyasi reallıqdır. Bu vəhdət Azərbaycanın milli dövlətçiliyini qoruyur, cəmiyyətin inkişafını təmin edir və beynəlxalq münasibətlərdə müstəqil mövqeyini möhkəmləndirir. Konstitusiya dövlət suverenliyinin etibarlı hüquqi təminatçısı olaraq qalır.
Ötən 30 ildə Konstitusiyamız yalnız hüquqi normalar toplusu deyil, həm də Azərbaycan xalqının dövlətçilik idealının təcəssümü kimi çıxış edib. Onun müddəaları dövlətin suverenliyi, ərazi bütövlüyü, insan hüquq və azadlıqları ilə yanaşı, məhkəmə hakimiyyətinin müstəqilliyinin təmini kimi mühüm funksiyalar daşıyıb. Təəssüflə vurğulamaq lazımdır ki, Ermənistanın işğalı, dövlət suverenliyimizin pozulması səbəbindən Konstitusiyada təsbit olunmuş müddəaların bir qisminin uzun illər ərzində tam mahiyyəti ilə reallaşdırılması mümkün olmayıb. Məsələn, məcburi köçün vəziyyətinə düşmüş bir milyondan çox azərbaycanlının mülkiyyət, təhlükəsiz, dinc şəraitdə yaşamaq və digər hüquqları pozulub.
Konstitusiya normalarının bütün ərazilərdə tam şəkildə bərqərar olması isə yalnız 2023-cü ilin sentyabrın 20-də, suverenliyimizin bərpasından sonra reallaşıb. Bununla da Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev təkcə torpaqlarımızın işğaldan azad edilməsində, suverenliyimizin bərpasında misilsiz rol oynayan sərkərdə kimi deyil, həm də Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsini de-yure bütün ərazilərimizdə təmin edən lider kimi tariximizə öz möhürünü vurub. Qazanılan qələbələrimiz həm də Konstitusiyamızın ali prinsiplərinin reallıqda təmin olunmasına imkan verib.
Azərbaycan tarixinin son iki əsrinə nəzər yetirdikdə, son beş ildə qazanılan zəfərlərin miqyası və əhəmiyyəti daha qabarıq görünür. Müstəqil Azərbaycan dünya xəritəsində kiçik əraziyə malik olmasına baxmayaraq, Prezident İlham Əliyevin liderliyi ölkəmizi beynəlxalq miqyasda nüfuzlu dövlətə çevirib. Müasir dünyada geosiyasi proseslər sürətlə dəyişir, yeni çağırışlar ortaya çıxır. Belə mürəkkəb şəraitdə Prezident İlham Əliyev qlobal siyasət ustadı kimi çıxış edir, Azərbaycanın maraqlarını bütün beynəlxalq platformalarda qətiyyətlə qoruyur.
Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan özünün mütərəqqi sülh gündəliyini son beş ildə Ermənistana və onun havadarlarına qəbul etdirməyə nail olub. Prezident İlham Əliyev birmənalı şəkildə bəyan edib ki, Ermənistanın hazırkı konstitusiyası dəyişməz qaldığı halda, bu ölkə ilə sülh sazişinin imzalanması mümkün deyildir. Hazırda iki ölkə arasında intensivləşən sülh danışıqlarına, etimad quruculuğu prosesinə xələl gətirən yeganə problem Ermənistanın konstitusiyasında, eləcə də dövlət atributlarında qonşu ölkələrin ərazi bütövlüyünü, suverenliyini təhdid edən müddəa və rəmzlərin yer almasıdır. Rəsmi Bakı hesab edir ki, sülhün əldə olunması, regionda sabit və təhlükəsiz əməkdaşlıq mühitinin formalaşdırılması üçün keçmişə qayıdış olmamalı, Ermənistandakı müəyyən qüvvələr əsassız revanşist düşüncələrindən əl çəkməlidirlər. Regionda sülhün ən yaxşı təminatı isə münasibətlərin normallaşdırılmasıdır. Ölkəmizin Ermənistan konstitusiyasının ərazi iddialarına yol açan müddəalarının dəyişdirilməsi ilə bağlı haqlı tələbinin gələn il ərzində Ermənistan tərəfindən icra ediləcəyi artıq heç bir şübhə doğurmur.
2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderlərinin imzaladıqları Birgə Bəyannamə Cənubi Qafqazda münaqişə səhifəsinin qapadılması, dayanıqlı sülhün reallığa çevrilməsi istiqamətində atılmış qətiyyətli addım olub. Bu sənəd təkcə iki ölkə arasında uzun illər davam edən gərginliyə son qoyulması deyil, həm də Ermənistanda ictimai düşüncəni zəhərləyən köhnə ideoloji qəliblərin, revanşist mövqelərin iflası deməkdir. Artıq Ermənistan cəmiyyəti də sülh istiqamətində atılan addımları müsbət qarşılayır, uzunmüddətli qarşıdurmanın ölkə üçün iqtisadi gerilik, siyasi təcrid və regional əlaqələrdən kənarda qalmaq kimi nəticələr verdiyini etiraf edir.
Bütün bunlar bir daha təsdiq edir ki, suverenlik hər bir ölkədə dövlətin hərbi-siyasi resursları, iqtisadi gücü ilə yanaşı, həm də konstitusion hüquqi əsaslarla təmin olunmalıdır. Bu kontekstdə onu da xatırlatmaq lazımdır ki, 1995-ci ildə xalqımızın Ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq noyabrın 12-də ümumxalq referendumu yolu ilə qəbul edilən Azərbaycan Konstitusiyasının bir sıra mühüm müddəaları dövlətin ərazi bütövlüyünə və suverenliyinə hüquqi təminatlar yaradıb.
Konstitusiya dövlətin suverenliyi ilə bağlı bir sıra fundamental müddəaları özündə cəmləşdirən ali hüquqi sənəddir. Bu müddəalar yalnız normativ çərçivə yaratmır, həm də dövlətin siyasi müstəqilliyini, xalqın iradəsini və milli dövlətçiliyin dayanıqlılığını təmin edən konseptual prinsiplər qismində çıxış edir. Məsələn, əsas Qanunun 2-ci maddəsində Azərbaycan Respublikasının suveren dövlət olduğu təsbit edilir. 7-ci maddədə dövlətin müstəqilliyi, demokratik, hüquqi, dünyəvi və unitar xarakteri hüquqi norma kimi ifadə olunur.
Konstitusiyanın 11-ci maddəsi də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Həmin maddədə Azərbaycan Respublikasının ərazisi vahid, toxunulmaz və bölünməz olduğu birmənalı təsbit olunub. Bu müddəa separatizmə, yaxud ərazi iddialarına qarşı konstitusion sipər rolunu oynayır. Dövlətin vahidliyi və unitar xarakteri ilə bağlı konstitusion müddəalar həm də milli təhlükəsizliyin fundamental təminatıdır. Bu və digər müddəaların hüquqi şərhi fonunda deyə bilərik ki, Azərbaycan Respublikasının Konstitusiyası ərazi bütövlüyünü və suverenliyi konkret hüquqi təminatlar vasitəsilə qoruyur.
Xüsusi vurğulamaq istərdik ki, müstəqil Azərbaycanın ilk Konstitusiyasının müddəalarının üçdəbirinin sırf insan hüquq və azadlıqları ilə bağlı olması Ümummilli lider Heydər Əliyevin haqqa, ədalətə tapınan lider olduğunu təsdiqləyir. Ulu öndərin rəhbərliyi ilə hazırlanmış Konstitusiyada dövlətin unitar quruluşunun birmənalı təsbit edilməsi torpaqları işğal altında olan ölkənin dünyaya və Ermənistana verdiyi sərt mesaj olub. Başqa sözlə, Azərbaycan Konstitusiyasına dövlətin unitar quruluşu ilə bağlı müddəa daxil etməklə, ərazisində separatizmin hansısa formada legitimləşdirilməsinə yol verməyəcəyini göstərib.
Azərbaycan Konstitusiyasında hakimiyyət bölgüsü prinsipləri dəqiq əksini tapıb, zamanın tələbi ilə səsləşən məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə fundamental hüquqi zəmin yaradılıb. 1998-ci il 1 dekabr tarixli “Məhkəmələr və hakimlər haqqında” qanunla ölkədə üçpilləli məhkəmə hakimiyyəti formalaşdırılıb. Aparılan məhkəmə-hüquq islahatı nəticəsində keçmiş sovetlər birliyindən miras qalmış ölkənin hüquq sistemi demokratik prinsiplər əsasında tamamilə yenidən qurulub, Konstitusiya Məhkəməsi təsis olunub, 2000-ci ildən yeni, əvvəlki məhkəmə sistemindən köklü surətdə fərqlənən və insan haqlarının müdafiəsinə daha etibarlı təminat verən üçpilləli müstəqil məhkəmə sistemi fəaliyyətə başlayıb. Həmin vaxtdan etibarən keçmiş sovet respublikaları arasında demək olar ki, ilk dəfə Azərbaycanda həbs və insan hüquqlarını məhdudlaşdıran digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi məhkəmələrin müstəsna səlahiyyətinə aid edilib. Həmçinin məhkəmələr üzərində hər hansı, o cümlədən prokuror nəzarəti ləğv olunub, demokratik məhkəmə nəzarəti institutu formalaşdırılıb.
Azərbaycan Konstitusiyası son 30 ildə ölkəmizdə insan hüquqlarının qorunmasına, qanunun aliliyinə xidmət edən məhkəmə-hüquq islahatlarının davamlılığını və ardıcıllığını da təmin edib. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş mütərəqqi məhkəmə-hüquq islahatlarını 2003-cü ilin oktyabrından inamla davam etdirən və yeni dövrün tələblərinə uyğun təkmilləşdirən Azərbaycan Prezidenti İlham Əliyev hüquqi dövlət quruculuğu prosesinin mühüm tərkib hissəsi olaraq məhkəmə hakimiyyətinin yeniləşdirilməsini mühüm vəzifələrdən biri kimi müəyyənləşdirib. Hüquqi dövlət quruculuğuna xidmət edən bu strategiyanın nəticəsidir ki, məhkəmələrin müstəqilliyinin möhkəmləndirilməsinə, obyektiv və şəffaf şəraitdə hakim korpusunun formalaşdırılmasına, bu sahədə şəffaflığın təmin edilməsinə, elektron xidmətlərin genişləndirilməsinə xidmət edən islahatlar son illər daha böyük vüsət alıb.
Azərbaycan Prezidenti İlham Əliyev məhkəmələrə olan ictimai inamın möhkəmləndirilməsi baxımından, ilk növbədə, hakim korpusunun sağlamlaşdırılmasını və yeniləşdirilməsini, seçim prosesinin tamamilə şəffaf və ədalətli meyarlar əsasında həyata keçirilməsini ilk gündən mühüm vəzifələrdən biri hesab edib. Ölkəmizdə 2004-cü ildən geniş vüsət almış islahatların əsas hədəfi məhkəmə-hüquq sistemini müasirləşdirmək, məhkəmə orqanlarının özünüidarə imkanlarını genişləndirmək və ədalət mühakiməsinin səmərəliliyini artırmaqdır.
Bu istiqamətdə mühüm addımlardan biri də 2004-cü ildə “Məhkəmə-Hüquq Şurası haqqında” qanunun qəbulu və həmin qanun əsasında 2005-ci ildə Məhkəmə-Hüquq Şurasının yaradılması olub. Bu il 20 illik yubileyini qeyd edən Məhkəmə-Hüquq Şurasının əsas məqsədləri məhkəmə sisteminin müstəqilliyini, məhkəmələrin özünüidarə funksiyalarını gücləndirmək, hakimlərin sosial vəziyyətini, iş şəraitini yaxşılaşdırmaq, ədalət mühakiməsinin səmərəliliyini, vətəndaş məmnunluğunu təmin etməkdir.
Azərbaycan Respublikasında müstəqil məhkəmə sisteminin təmin edilməsi, vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsinin təşkili, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, onların iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi və digər məsələlərin həlli ötən 20 ildə Şuranın xüsusi diqqət mərkəzində olub. Son 20 il ərzində hakimlərin sayı iki dəfədən çox artırılıb, məhkəmə aparatı işçilərinin sayı isə 75 faiz genişləndirilib. 20-dək yeni regional məhkəmə – o cümlədən apellyasiya, ağır cinayətlər, kommersiya və hərbi məhkəmələr – yaradılmış, məhkəmə infrastrukturunun təkmilləşdirilməsi məqsədilə mühüm tədbirlər həyata keçirilib. Məhkəmə hakimiyyətinin ali statusuna uyğun olaraq yeni məhkəmə binaları tikilib və istifadəyə verilib, müasir texnologiyalarla təchiz edilib. Məhkəmə sistemində innovativ yanaşmaların və elektron xidmətlərin tətbiqi, genişləndirilməsi diqqət mərkəzində saxlanılıb. Xüsusi vurğulamaq istərdik ki, azad edilmiş ərazilərdə aidiyyəti üzrə yeni regional apellyasiya və ixtisaslaşmış kommersiya, inzibati, ağır cinayətlər və hərbi məhkəmələrin yaradılması, onların müasir binalarla təmin olunması da hazırda xüsusi diqqət mərkəzindədir.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2019-cu il 3 aprel tarixində imzalanmış “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərman ədliyyə və məhkəmə sistemində yeni mərhələni müəyyən edib, islahatların müasir çağırışlara uyğun davam etdirilməsinə təkan verib. Məhkəmə-Hüquq Şurasının təşkilatçılığı ilə həmin fərmandan irəli gələn vəzifələrin icrası, eləcə də ölkəmizin məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirilir.
Sonda xüsusi qeyd etmək istərdik ki, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması həm də gələcək nəsillərə ünvanlanmış siyasi mesajdır. Bu addım hər bir vətəndaşa dövlətin ali hüquqi sənədinə hörmətlə yanaşmaq, onun müddəalarını qorumaq və həyata keçirmək, ərazi bütövlüyü və suverenliyinə töhfə vermək məsuliyyətini xatırladır. Bu sənədin aliliyinin qorunması hər bir vətəndaşın borcu, suverenliyin möhkəmləndirilməsi isə dövlətimizin gələcək inkişafının başlıca şərtidir.
Abbas RZAYEV,
Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin sədri