İtaliya Prezidenti Sercio Mattarella sentyabrın 30-da Mərkəzi Asiyanın ən böyük innovasiya mərkəzi olan “Astana Hub” IT-parkına səfər edib. Bu ziyarət onun Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə danışıqlar proqramının kulminasiya nöqtəsi olub və Astananın informasiya texnologiyaları sahəsində əldə etdiyi uğurların yüksək qiymətləndirilməsi ilə yadda qalıb. Bəs İtaliyanın Qazaxıstan və ümumilikdə Mərkəzi Asiyaya artan marağı nə ilə bağlıdır?
Prezident Tokayev italiyalı həmkarının səfərini ikitərəfli münasibətlərdə “yeni bir mərhələ” adlandırıb və qeyd edib ki, bu, İtaliyanın bölgədə uzunmüddətli strategiyasının davamıdır. Son 20 ildə Roma Qazaxıstan iqtisadiyyatına 7 milyard dollara yaxın investisiya yatırıb və hazırda ölkədə 250-dən çox italyan şirkəti fəaliyyət göstərir. Doğrudur, ticari-iqtisadi əməkdaşlıq kontekstində ilin ilk 8 ayında ticarət dövriyyəsi bir qədər azalaraq 11,3 milyard dollar təşkil etsə də (Qazaxıstanın ixrac payı 9,4 milyard dollar), ötən il iki ölkə arasında ümumi ticarət dövriyyəsi 20 milyard dollara çatıb. Bununla yanaşı, neft hələ də əsas ixrac məhsulu olaraq qalır. Hər iki tərəf gələcəkdə nəqliyyat əlaqələri və yüksək texnologiyalar kimi perspektivli sahələrdə böyük potensial görür.
Qazaxıstan IT-sahəsinə xüsusi maraq göstərir və prezident Tokayevin sözlərinə görə, “genişmiqyaslı rəqəmsallaşma və süni intellektin tətbiqi Astananın milli strateji prioritetidir”. O, inanır ki, bu istiqamət vətəndaşların həyat keyfiyyətini artıracaq, iqtisadiyyatın modernləşdirilməsinə imkan verəcək və ölkəni qabaqcıl dövlətlər sırasına çıxaracaq. Qazax lideri, həmçinin bildirib ki, İtaliya bu strateji sahədə Qazaxıstan üçün dəyərli tərəfdaş ola bilər.
Prezidentlər rəqəmsal texnologiyalar, süni intellekt və böyük məlumat bazaları sahəsində təcrübə mübadiləsi aparmağa qərar veriblər. Prezident Tokayev italiyalı həmkarına bildirib ki, Qazaxıstan maliyyə və turizm sahələrində innovativ layihələrdə birgə işləməyə hazırdır və İtaliya şirkətləri üçün əlverişli şərait yaradılacaq.
Ekspertlər Qazaxıstan və İtaliya arasında əməkdaşlığın atom enerjisi sahəsi də daxil olmaqla geniş potensiala malik olduğunu vurğulayırlar. Belə fikirlər irəli sürülür ki, İtaliya nüvə elektrik stansiyalarının tikintisi sahəsində təcrübəyə malikdir və texnologiya mübadiləsi mümkündür. Eyni zamanda, İtaliyanın qabaqcıl texnologiyaları və zəngin mədəni irsi, Qazaxıstanın isə inkişaf etmiş tranzit infrastrukturu, resursları və regional nüfuzu birləşdirilərək uzunmüddətli tərəfdaşlıq strategiyası qurula bilər.
Xatırladaq ki, bu ilin may ayında İtaliya Baş naziri Corcia Meloninin Astanaya səfəri geniş razılaşmalar paketinin imzalanması ilə yadda qalıb. Ən ambisiyalı layihələrdən biri mühəndislik-sənaye qovşağının yaradılmasıdır ki, bu, yalnız Mərkəzi Asiyaya deyil, həm də Qafqaza xidmət göstərəcək. Bundan başqa, xanım Meloninin səfəri zamanı keçirilən “Mərkəzi Asiya – İtaliya” yüksək səviyyəli sammitdə qəbul edilən birgə deklorasiyada Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun Mərkəzi Asiya ilə Avropanı birləşdirən əsas koridor kimi strateji əhəmiyyəti vurğulanıb. Sənəddə region liderləri İtaliya şirkətlərini nəqliyyat, infrastruktur və konsaltinq sahələrində fəal iştirak etməyə çağırıblar. Eyni zamanda, deklorasiyada İtaliyanın Mərkəzi Asiya ölkələrinin regional əməkdaşlığı gücləndirmək siyasəti dəstəklənib.
İtaliya prezidenti ilə görüşdə prezident Tokayev bildirib ki, “Mərkəzi Asiya – İtaliya” dialoq platforması regional əməkdaşlığa təkan verəcək. Cənab Mattarella isə İtaliyanın Aralıq dənizindəki üstün mövqeyini istifadə edərək, Mərkəzi Asiya məhsullarını Avropa və Afrika bazarlarına çıxaracaq əsas nəqliyyat zənciri rolunu oynamağa hazır olduğunu bildirib.
Ekspertlər vurğulayırlar ki, Avropanın Mərkəzi Asiyaya marağı artır. Növbəti “Mərkəzi Asiya – İtaliya” sammiti 2027-ci ildə Bişkekdə, IV Xarici İşlər Nazirləri Konfransı isə 2026-cı ildə İtaliyada keçiriləcək. Bütün bunlar bir daha təsdiqləyir ki, İtaliya beynəlxalq rəqabət şəraitində Mərkəzi Asiya regionunda siyasi, iqtisadi və mədəni əlaqələrini gücləndirmək istəyir və Roma bu istiqamətdə yürütdüyü siyasəti daha da intensivləşdirəcək.
Səbuhi MƏMMƏDOV
XQ