Ermənistanın “çevik siyasət” kəşfiyyatı

post-img

“Biz hazırda bu barədə danışmağı məqsədəuyğun hesab etmirik”. Bunu Ermənistan parlamentinin sədri Alen Simonyan “Dojd TV” telekanalına müsahibəsində Rusiyanın Gümrüdəki hərbi bazasının respublikanın maraqlarına uyğun olub-olmaması ilə bağlı sualı cavablandırarkən deyib. O qeyd edib ki, Ermənistan rusiyalı tərəfdaşlardan hava limanını və Ermənistan–Azərbaycan sərhədində qoruduqları bir neçə məntəqəni tərk etmələrini xahiş edib. “Uyğun hesab etdiyimiz anda və ya mümkün hesab etdiyimiz təqdirdə bu barədə müzakirəyə başlayacağıq. Amma hələlik bu barədə müzakirə aparmırıq”, – deyə Simonyan bildirib. 

Ermənistan parlamentinin sədri Moskva ilə münasibətlərin Ermənistanın maraqları ilə uzlaşdığı səviyyədə olduğunu vurğulayıb: “Xarici siyasətimiz “Ermənistan üçün nə faydalıdırsa, onu da edəcəyik” prinsipi ilə aparılır”. 

Alen Simonyanın açıqlamaları Ermənistanın Rusiya ilə formalaşmış təhlükəsizlik modelini tədricən yenidən qiymətləndirdiyini göstərir. Bu siyasət yalnız Moskva ilə münasibətləri idarə etməyə yönəlməyib, eyni zamanda, Azərbaycanla sülh prosesi və Cənubi Qafqazda regional sabitliyin təmin edilməsinə xidmət edir.

Xüsusilə rus hərbçilərinin bəzi strateji mövqelərdən çıxarılması ilə bağlı səsləndirilən fikirlər sadə hərbi yerdəyişmə kimi səslənsə də, əslində, Ermənistanın dövlətçilik tarixində və təhlükəsizlik arxitekturasında baş verən dərin, səssiz, lakin kifayət qədər əhəmiyyətli dəyişiklikdən xəbər verir. Bu, sadəcə, texniki prosedur olmayıb Ermənistanın onilliklər boyu formalaşmış təhlükəsizlik modelinin fundamental şəkildə yenidən qurulması prosesidir. Rəsmi İrəvanın Rusiyadan hava limanı və Ermənistan–Azərbaycan sərhədindəki bəzi həssas nöqtələrdən çıxmalarını xahiş etməsi bir neçə strateji qatdan ibarətdir. Birinci növbədə, bu addım İrəvanın təhlükəsizlik funksiyalarının bir hissəsini birbaşa öz suveren nəzarətinə qaytarmaq cəhdi kimi qiymətləndirilməlidir. Hava limanları və dövlət sərhədləri istənilən ölkənin suverenliyinin elementar və vacib sütunlarıdır. Bu sahələrdə xarici hərbi iştirakın azaldılması Ermənistanın kənar amillərdən asılı olmayan, daha müstəqil təhlükəsizlik idarəetməsinə keçmək istəyini sübut edir.

Bununla belə, bu hərəkətliliyin miqyası və forması Ermənistanın geosiyasi ehtiyatlılığını da nümayiş etdirir. Rusiya hərbi iştirakının azaldılması istiqamətində addımlar atılsa da, bu, Moskva ilə tam və ya kəskin qırılma anlamına gəlmir. Məsələn, Gümrüdəki 102-ci hərbi bazanın taleyi hələ gündəmə gətirilmir, yalnız müəyyən funksional sahələr üzrə yerdəyişmələr edilir. Bu isə o deməkdir ki, Ermənistan birdəfəlik geosiyasi dönüş etməkdən çox, mövcud riskləri minimuma endirərək balansı qorumağa çalışır. Prosesin mərhələli və idarəolunan şəkildə aparılması xüsusi əhəmiyyət kəsb edir. Əgər bu qərarlar qarşıdurma və ya ultimativ  dildə təqdim olunsaydı, bu, Moskva ilə münasibətlərdə böhran yarada bilərdi. Lakin Simonyanın təqdim etdiyi çərçivədə proses qarşılıqlı razılaşma və tədrici dəyişiklik kimi görünür ki, bu da İrəvanın kəskin geosiyasi sarsıntılardan yayınmaq strategiyasını doğruldur.

Bu dəyişiklik təkcə İrəvan–Moskva xətti üçün deyil, bütün region, xüsusilə Azərbaycan üçün mühüm siqnaldır. İrəvan göstərir ki, təhlükəsizlik arxitekturasını yenidən nəzərdən keçirir, lakin bunu regional destabilizasiya yaradacaq formada etməməyə çalışır. Burada nə Rusiyadan tam imtina var, nə də köhnə modelin dəyişməz qalacağına dair hər hansı bir zəmanət. Bu yanaşma, əslində, “tədrici məsafələşmə” strategiyasıdır. Ermənistan daha çox suverenlik və manevr imkanları qazanmaq istəyir, lakin mövcud güc balansını birdən-birə pozmamaq üçün son dərəcə ehtiyatlı davranır. Bu kontekstdə Alen Simonyanın “real siyasət” ifadəsini işlətməsi tamamilə açar məqamdır. Real siyasət anlayışı ideoloji şüarlardan və emosional reaksiyalardan uzaq, tamamilə güc balansına, risk hesablamalarına və konkret dövlət maraqlarına əsaslanan qərarverməni ifadə edir.

Azərbaycanın maraqları kontekstində bu transformasiya olduqca mühüm perspektivlər vəd edir. Rus hərbçilərinin şərti sərhəddən çəkilməsi, faktiki olaraq Azərbaycan və Ermənistanın birbaşa, vasitəçisiz təmaslarını və sərhəd idarəçiliyini zəruri edir. Bakı uzun müddətdir ki, regional problemlərin üçüncü tərəflərin iştirakı olmadan, ikitərəfli formatda həll edilməsini müdafiə edir. Sərhəd xəttində hər iki tərəfin yalnız öz sərhəd xidmətləri ilə təmsil olunması, kənar güclərin potensial manipulyasiya və provokasiya imkanlarını daraldır. Azərbaycan üçün bu, regionun yad hərbi elementlərdən təmizlənməsi və təhlükəsizliyin lokallaşdırılması strategiyasının tərkib hissəsidir. Lakin Azərbaycan tərəfi həm də bu yaranan “boşluğun” başqa kənar aktorlar və ya Qərb hərbi missiyaları tərəfindən doldurulmaması məsələsində prinsipial mövqe tutur. İrəvanın “real siyasət” bəyanatı məhz Bakının bu qayğılarını nəzərə almalı və suverenliyin bərpasını başqa bir asılılıq formasına çevirməməlidir.

Simonyanın mesajlarının alt qatında gizlənən digər mühüm məqam isə Ermənistanın artıq “avtomatik müttəfiqlik” dövrünü geridə qoymasıdır. “Münasibətlər Ermənistanın maraqları ilə uyğun olduğu səviyyədə davam edəcək” fikri münasibətlərin artıq emosional deyil, selektiv və rasional müstəviyə keçdiyini göstərir. Bu, Azərbaycanla aparılan sülh danışıqlarında da İrəvanın daha müstəqil qərar vermək şansını artırır. Ermənistan başa düşür ki, real suverenlik yalnız rus hərbçilərinin çıxarılması ilə deyil, həm də qonşuları, xüsusilə Azərbaycan və Türkiyə ilə münasibətlərin normal müstəviyə gətirilməsi ilə mümkündür. Çünki kənar hərbi varlığı zəruri edən əsas bəhanə məhz regional münaqişə idi. Münaqişə bitdikcə, Ermənistanın xarici hərbi “çətirə” olan ehtiyacı da rasionallığını itirir.

Beləliklə, bu yeni siyasi xətt Ermənistanın hazırkı xarici siyasətinin ana xəttini təşkil edir: dəyişiklik var, amma bu dəyişiklik mərhələlidir və hər addım regional güc nisbətinə uyğun hesablanır. 

Ümumiyyətlə, Ermənistan və Azərbaycan arasında saziş imzalanarsa, bu, bütün regionu dəyişə bilər. Tarixi hadisələr sübut edir ki, xarici ölkə qoşunlarının başqasının ərazisində mövcudluğu sabitlik və perspektiv üçün təhdid mənbəyidir. 

Sonda onu da qeyd edək ki, müxalifətin parlament seçkiləri öncəsi ölkədə qarışıqlıq yaratmaq, hakim partiyanın seçicilər qarşısında gözdən salmaq niyyətini iqtidar da yaxşı başa düşür. Ona görə də Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib ki, ölkə ərazisindən Rusiya hərbi bazasının çıxarılması məsələsi müzakirə olunmur. Yəni Ermənistan hakimiyyəti  seçki öncəsi ölkədə gərginluik yaratmaq istəmir.

P.ƏFƏNDİYEV 
XQ

 



Siyasət