Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

post-img

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi çərçivəsində “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi tərəfindən “Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin tərkib hissəsi kimi yeni layihə əsaslı dərs proqramları hazırlanıb.

Proqramlar müxtəlif sahələri əhatə edən səkkiz tematik qrup üzrə tərtib olunub və hər biri milli irsin konkret elementləri əsasında dərin düşünmə, yaradıcılıq və praktiki öyrənmə prinsiplərinə uyğun şəkildə qurulub.

Layihənin məqsədi iştirakçıların qeyri-maddi mədəni irs elementlərini həm nəzəri bilik, həm də praktiki və emosional təcrübə yolu ilə mənimsəməsini təmin etmək, onlarda mədəniyyətə şüurlu münasibət, yaradıcı düşüncə və kollektiv fəaliyyət bacarıqları formalaşdırmaqdır.

Proqramlar musiqi, şifahi ədəbiyyat, rəqs və oyun, tekstil, sənətkarlıq, mətbəx mədəniyyəti, qonaqpərvərlik ənənələri və bayram mərasimlərini əhatə edir. Hər bir qrup üzrə tədris beş gün davam edir, gündə dörd saat olmaqla ümumilikdə iyirmi saatlıq proqram nəzərdə tutulub. Tədris prosesi nəzəri məlumatlandırma, ustad dərsləri və praktiki məşğələlərin vəhdəti əsasında qurulub.

Layihə çərçivəsində YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş iyirmi dörd Azərbaycan irs nümunəsi səkkiz tematik qrup üzrə dərs formatında təqdim olunur. Bu qruplar musiqi və ifaçılıq sənətindən başlayaraq şifahi xalq ədəbiyyatı, rəqs və ənənəvi idman, tekstil və naxış mədəniyyəti, xalq sənətkarlığı, mətbəx ənənələri, qonaqpərvərlik mədəniyyəti və bayram mərasimlərinə qədər uzanan sahələri əhatə edir. Muğam, aşıq sənəti, xalçaçılıq, kəlağayı, çovqan, Novruz, dolma, təndir çörəyi, çay mədəniyyəti və digər irs nümunələri ustad-şagird modeli əsasında, canlı nümayiş və praktiki məşğələlərlə öyrədilir.

Bu yanaşma iştirakçıların prosesdə aktiv tərəfdaş kimi iştirakını təmin edir, mədəni irsin canlı ötürülmə mexanizmini gücləndirir və ənənəvi biliklərin müasir təhsil mühitinə inteqrasiyasına şərait yaradır.

Proqramın sonunda hər qrup üzrə yekun təqdimatlar təşkil olunur. İştirakçılar öyrəndikləri bilik və bacarıqları canlı ifa, təqdimat, yaradıcılıq işi və ya kollektiv layihə formasında nümayiş etdirirlər.

Bakı şəhərində icra olunacaq layihə çərçivəsində tematik dərs proqramları ilə yanaşı, yekun sərgi və təqdimat tədbirləri də təşkil olunacaq.

Mədəniyyət