Prezident Kitabxanasında Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, klassik qəzəl ustası Əliağa Vahidin həyat və yaradıcılığına həsr olunmuş virtual sərgi istifadəyə verilib.
Bu barədə XQ-yə Prezident Kitabxanasından məlumat verilib.
Əliağa Vahid Azərbaycan poeziyasında qəzəl janrının XX əsr və müasir mərhələdə inkişafında müstəsna rol oynamış sənətkardır. Klassik Şərq poeziyasının, xüsusilə Füzuli ədəbi məktəbinin qədim ənənələrini qoruyub saxlayan şair eyni zamanda bu janrı xalq ruhu, canlı danışıq dili və dövrün ictimai-mənəvi problemləri ilə zənginləşdirməyi bacarıb. Onun yaradıcılığı klassik formanın müasir məzmunla sintezinin uğurlu nümunəsidir.
Virtual ekspozisiyada şairin müxtəlif illərdə nəşr olunmuş qəzəl topluları, seçilmiş əsərləri və aforizmləri, eləcə də yaradıcılığına dair elmi-tədqiqat və ədəbi-tənqidi materiallar təqdim edilir. Burada muğam sənəti ilə poeziya əlaqələrinə, satirik poeziya və meyxana poetikasına, həmçinin Azərbaycan ədəbiyyatının müxtəlif tarixi mərhələlərinin araşdırılmasına dair nəşrlər yer alıb. Eyni zamanda, Əliağa Vahidin yaradıcılığına həsr olunmuş xatirə yazıları, ədəbi məclis materialları və elmi konfrans topluları da sərgiyə daxil edilib.
Virtual sərgi filologlar, tədqiqatçılar, ali təhsil müəssisələrinin tələbələri və poeziya həvəskarları üçün etibarlı mənbə kimi nəzərdə tutulub. O, Prezident Kitabxanasının milli ədəbi-mədəni irsin qorunması və sistemləşdirilməsi istiqamətində həyata keçirdiyi ardıcıl fəaliyyətin tərkib hissəsidir və Əliağa Vahidin zəngin ədəbi irsinin gənc nəsillərə çatdırılmasına xidmət edir.
Bundan əlavə, Prezident Kitabxanası Əliağa Vahidin həyat və yaradıcılığına həsr olunmuş videoçarx hazırlayaraq öz YouTube səhifəsində yerləşdirib.

