Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Beynəlxalq Əmək Təşkilatının (BƏT) Şərqi Avropa və Mərkəzi Asiya Ofisinin direktoru Mixail Puşkinlə görüş keçirilib.
Görüşdə ölkəmizdə əmək qanunvericiliyinin təkmilləşdirilməsi, əmək münasibətlərinin tənzimlənməsi, iş proseslərinin rəqəmsallaşdırılması və innovativ yanaşmalar, eləcə də rəqabətədavamlı əmək bazarının daha da inkişafı istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.
Həmçinin AHİK ilə BƏT arasında mövcud əməkdaşlıqdan bəhs olunub, əmək hüquqları və əməyin mühafizəsi, layiqli iş şəraitinin təmin edilməsi istiqamətində həyata keçirilən birgə layihələrdən danışılıb.
Bildirilib ki, ötən il Azərbaycanla BƏT arasında imzalanmış “2025–2029-cu illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” sosial tərəfdaşlığın inkişafına, işçilərin rifahının yüksəldilməsinə və əmək bazarının dayanıqlığının gücləndirilməsinə xidmət edir.
Azərbaycan həmkarlar ittifaqları sistemində əmək hüquqları sahəsində aparılan islahatlar, icra olunan sosial layihələr, tətbiq edilən rəqəmsal həllər BƏT nümayəndəsinin diqqətinə çatdırılıb.
BƏT-in Şərqi Avropa və Mərkəzi Asiya Ofisinin direktoru Mixail Puşkin ölkəmizdə həyata keçirilən sosial siyasəti və həmkarlar ittifaqları sistemində aparılan islahatları yüksək qiymətləndirib, “2025–2029-cu illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın əhəmiyyətini qeyd edib. BƏT rəsmisi proqramın icrası istiqamətində birgə tədbir və layihələrin təşkil edilməsinin önəmini vurğulayıb.
Görüşdə həmçinin əməkdaşlığın perspektivləri müzakirə olunub və qarşılıqlı fikir mübadiləsi aparılıb.
Qabil YUSİFOĞLU
XQ

