Qərbi Azərbaycan Amasiya rayon icmasında növbəti tədbir

post-img

Qərbi Azərbaycan Amasiya rayon icmasında növbəti əhəmiyyətli toplantı baş tutub. Amasiya rayon icmasının sədri, akademik Abel Məhərrəmovun, kənd icma sədrlərinin, ictimai fəalların və gənc koordinatorların iştirak etdiyi iclasda həm mədəni irsin qorunması, həm də təşkilati fəaliyyətin daha sistemli qurulması istiqamətində mühüm məsələlər müzakirə olunub.

Toplantının əsas gündəliyini Aşıq İsgəndərin 100 illik yubileyinə hazırlıq prosesi, rayon kənd icmalarının son 2 ayda həyata keçirdiyi fəaliyyətin təhlili, qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi, eləcə də sosial mediada icmanın işinin müasir tələblərə uyğun təşkili vurğulanıb.

Akademik Abel Məhərrəmov çıxışında gündəlikdə yer alan məsələlərin aktuallığını xüsusi vurğulayaraq bildirib ki, bu fəaliyyət istiqamətləri həm tarixi yaddaşın yaşadılması, həm də Qərbi Azərbaycan həqiqətlərinin sistemli şəkildə ictimaiyyətə çatdırılması baxımından strateji əhəmiyyət daşıyır. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü daxili və xarici siyasətin milli maraqların qorunmasına xidmət etdiyini qeyd edib, bu siyasətin Qərbi azərbaycanlılar tərəfindən ardıcıl şəkildə dəstəkləndiyini diqqətə çatdırıb.

2026-cı ilin Fəaliyyət Planına uyğun olaraq Aşıq İsgəndərin 100 illik yubileyinə hazırlıq çərçivəsində görülən işlər barədə ətraflı məlumat verilib, tədbirlərin yüksək səviyyədə təşkili üçün konkret tapşırıqlar müəyyənləşdirilib. Qeyd olunub ki, yubiley təkcə bir sənətkarın xatirəsinin yad edilməsi deyil, bütövlükdə Qərbi Azərbaycan aşıq sənətinin, milli-mədəni irsin və tarixi yaddaşın təntənəsidir. Bu yubiley xalq ruhunun, sazın-sözün qüdrətinin və milli kimliyimizin sarsılmazlığının nümayişinə çevrilməlidir.

Müzakirələrdə ilk olaraq, Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının üzvü Hümbət Musayev, icmanın koordinatoru Əhməd Rzayev, sektor rəhbəri Əbdüləli Həsənov, BDU-nun Erməni Araşdırmaları və Təlim Mərkəzinin direktoru İsmayıl Tanrıverdi, professor Aftandil Ağbabalı, professor Aslan Bayramov, şair-publisist Şəmsi Qoca, f.e.d. Şahbaz Balakişiyev, Aşıq Faxfur, Tahir İsgəndərov və Elmar Hüseynov yubiley tədbirlərinin konsepsiyası və ictimai əhatə dairəsi ilə bağlı fikirlərini bölüşüblər.

Müzakirələrin ikinci məqsədi ilə bağlı Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərlinin tapşırıqlarına uyğun olaraq sosial şəbəkələrdə Amasiya rayon icmasının fəaliyyətinin daha çevik və peşəkar şəkildə təqdim olunması, informasiya siyasətinin gücləndirilməsi və Amasiya TV internet kanalının imkanlarının genişləndirilməsi məsələləri müzakirə edilib. Akademik Abel Məhərrəmov bu istiqamətdə geniş məruzə ilə çıxış edərək informasiya mübarizəsinin müasir mərhələdə xüsusi önəm daşıdığını bildirib. Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının üzvü Hümbət Musayev və rayon icmasının fəalları Bəylər Qurbanov, Emil Əliyev, Elmar Kərimov, Vüsal Rəhimli, Səbuhi Şamilov, Sevinc Abbasova, Məsud Qurbanov və Elmar Hüseynov çıxış edərək təklif və rəylərini səsləndiriblər.

Toplantı bir daha göstərdi ki, Qərbi Azərbaycan ideyası təşkilatlanmış, məqsədyönlü və gələcəyə hesablanmış fəaliyyət strategiyasıdır. Bu istiqamətdə atılan hər addım milli birliyin möhkəmlənməsinə, mədəni irsin yaşadılmasına və tarixi ədalətin bərpasına xidmət edir.

XQ



Sosial həyat