“Avropa Siyasi Birliyi”nin Kopenhagen Zirvə toplantısında təhlükəsizlik məsələlərinə qitənin aparıcı dövlətlərinin liderləri fərqli yanaşma sərgilədilər
“Avropa Siyasi Birliyi”nin (ASB) 7-ci Zirvə toplantısının gündəliyində duran məsələlər özünün operativliyi və vacibliyi ilə seçilirdi. ASB-nin budəfəki toplantısında ümumilikdə 50-yə yaxın ölkədən dövlət və hökumət başçıları iştirak edirdi. Plenar iclaslarda və ondan sonra keçiriləcək dəyirmi masalarda Avropadakı ümumi təhlükəsizlik vəziyyəti, Rusiya–Ukrayna müharibəsi, iqtisadi təhlükəsizlik, miqrasiya, ənənəvi və hibrid təhlükələr kimi aktual mövzular müzakirə olundu.
Oxuculara xatırladaq ki, “Avropa Siyasi Birliyi” təhlükəsizlik, iqtisadi sabitlik, demokratik idarəetmə kimi sahələrdə əməkdaşlığı gücləndirmək məqsədilə həm Avropa İttifaqı daxilində, həm də ondan kənarda kiçik və böyük ölkələr arasında siyasi-iqtisadi koordinasiyanı təşviq etməyə yönəlmiş hökumətlərarası platformadır. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir.
Kopenhagendə işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev ASB-nin 7-ci Zirvə toplantısının açılış mərasimində iştirak edib. Danimarkanın Baş naziri Mette Frederiksen İlham Əliyevi, eləcə də ASB-nin Zirvə toplantısında iştirak edən digər dövlət və hökumət başçılarını salamlayıb.
Liderlər arasında fikir ayrılığı var
Avropa mediasının yaydığı məlumatlarda qeyd olunur ki, Kopenhagen Sammitinin ilk günün təhlükəsizlik məsələlərinin müzakirəsi planlaşdırılandan uzun çəkib. Xəbərlərdə Aİ ölkələrinin liderləri bu məsələdə ortaq məxrəcə gələ bilmədiklərindən Danimarka kral cütlüyünün dəvəti ilə şam yeməyinə dəvət edildikləri vurğulanıb. Qitənin aparıcı informasiya agentliklərinin Avropa İttifaqı (Aİ) Şurasının yüksək səviyyəli nümayəndəsinə istinadla yaydıqları informasiyaya görə, ASB Zirvə görüşünün iştirakçılarının əksəriyyəti Aİ-nin Şərq cinahlarının potensial hava və dəniz təhdidlərindən qorunmasının zəruriliyi ilə razılaşsalar da, ümumilikdə “dron səddi” və ya “dronlardan müdafiə divarı” kimi adlandırılan Avropa Komissiyasının təşəbbüsləri, eləcə də onların icra müddətləri ilə bağlı Aİ-yə üzv ölkənin 27 dövlət və hökumət başçısının mövqeləri üst-üstə düşməyib. Buna misal olaraq, Macarıstan Baş naziri Viktor Orbanın “Aİ səmasına daxil olan dronlara nə etmək olar?” sualına verdiyi cavab tirajlanıb: “Vurun, sadəcə vurun, vəssalam!”.
Almaniya Kansleri Fridrix Merts və Fransa Prezidenti Emmanuel Makron, ümumiyyətlə, dronlara qarşı “divar” yaratmaq ideyası ilə bağlı kifayət qədər skeptik fikirlər səsləndiriblər. Hər ikisinin fikrincə, bu məsələlərə daha realist yanaşmaq lazımdır. Vəziyyətin daim dəyişməsi, texnologiyaların sürətlə inkişafı göstərir ki, ideya hələ reallaşmağa başlamazdan əvvəl köhnələ bilər.
İlham Əliyevin Kopenhagen görüşləri
“Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısının Azərbaycan üçün yaddaqalan məqamlarından biri Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü oldu. Bu görüşdə tərəflər ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Vaşinqtonda baş tutan üçtərəfli sülh sammitində əldə olunan razılaşmaların əhəmiyyətini vurğulamış, Ermənistan və Azərbaycan arasında sülhün daha da möhkəmləndirilməsi istiqamətində səylərini davam etdirməyə hazır olduqlarını bir daha bəyan ediblər. Görüş əsnasında iki ölkənin liderləri regionda nəqliyyat kommunikasiyalarının açılmasının gətirəcəyi faydalar, infrastrukturun qarşılıqlı inkişafı ilə bağlı perspektiv planları, TRIPP layihəsini müzakirə ediblər.
Bundan başqa, Azərbaycan Prezidenti İlham Əliyevin Kopenhagendə Moldova Respublikasının Prezidenti Maya Sandu, Aİ Şurasının Prezidenti Antonio Koşta, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen və İtaliya Nazirlər Şurasının sədri Corcia Meloni ilə görüşləri olub. “Sülh gündəliyi ilə bağlı nailiyyətlər bütün region, o cümlədən Ermənistan və Azərbaycan üçün tarixi əhəmiyyət kəsb edir”. Bu sözləri İlham Əliyev Antonio Koşta və Ursula Fon der Lyayen ilə görüşündə deyib. Dövlətimizin başçısı həm Ermənistanın, həm də Azərbaycanın artıq sülh şəraitində yaşamağa uyğunlaşdıqlarını onların nəzərinə çatdırıb və Bakının sülh gündəliyinin irəli aparılması üçün səyləri bundan sonra da davam etdirəcəyini vurğulayıb.
Kopenhagendə İlham Əliyevlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında səmimi görüş və dialoq olub. Ukrayna lideri Ermənistanla Azərbaycan arasında sülh gündəliyi ilə bağlı Vaşinqtonda əldə olunan nəticələrə görə dövlətimizin başçısını təbrik edib. Öz növbəsində sülh gündəliyinin irəliyə aparılması istiqamətində atılan addımların tarixi əhəmiyyətini vurğulayan Prezident İlham Əliyev regionda möhkəm sülhün bərpası üçün ölkəmizin bundan sonra da öz səylərini davam etdirəcəyini bildirib.
“Bizə effektiv müdafiə sistemi lazımdır”
ASB-nin Kopenhagen toplantısında aparılan müzakirələrdə, edilən çıxışlarda Ukraynaya dəstək, Avropanın təhlükəsizlik mənzərəsi və qitəni daha davamlı etmək üçün zəruri tədbirlərin görülməsi kimi məsələlərə toxunuldu. Həmçinin geniş müzakirələrdə iqtisadi təhlükəsizlik, narkotik ticarəti və miqrasiya mövzularına da diqqət yetirildi. Dəvət olunan 47 siyasətçi arasında Böyük Britaniya, Azərbaycan, Ukrayna, Moldova, İsveçrə və Gürcüstan kimi blokdan kənar liderlərlə yanaşı, Aİ-nin bütün dövlət və hökumət başçıları vardı. Bundan başqa, NATO-nun Baş katibi Mark Rütte və digər əsas institusional şəxslər də müzakirələrə qatıldılar. Diqqətçəkən məqamlardan biri Avropa liderləri arasında müzakirə olunan bəzi məsələlərə yanaşmada müəyyən fikir ayrılıqlarının olması idi. Ukrayna Prezidenti Volodimir Zelenski toplantı iştirakçılarına müraciət edərək, bütün Avropanı qorumaq üçün effektiv “dron divarı” qurmağın vacibliyini qeyd edərək, avropalı həmkarlarını bu istiqamətdə birgə fəaliyyətə çağırdı. “Rusiya Polşaya qarşı dronlar buraxmağa və ya Şimali Avropa ölkələrinin hava məkanını pozmağa cəsarət edərsə, bu, hər yerdə – Qərbi Avropada, cənubda baş verə bilər, – buna qarşı bizə sürətli və effektiv reaksiya və dronlarla necə davranmağı bilən müdafiə qüvvələri lazımdır”, – deyə Zelenski vurğulayıb.
Avropa Komissiyası təşəbbüsü davam etdirəcək
Birgə mətbuat konfransında çıxış edən Avropa Şurasının sədri Antonio Koşta bu blokun 23-24 oktyabr tarixlərində keçiriləcək növbəti sammitini “qərar günü” kimi qiymətləndirib. O qeyd edib: “İki həftə ərzində Avropa Komissiyası 2030-cu ilə qədər müdafiə hazırlığına dair yol xəritəsini təqdim edəcək və Avropa Şurası üç həftə sonra yenidən görüşəcək və bu qərarı verəcək”.
Zirvə toplantısında əsas təkliflərə Aİ-nin şərq sərhədi boyunca “dron divarı” və kollektiv müdafiəni gücləndirmək üçün yeni mexanizmlər daxil idi. Amma bundan daha vacib və başlıca mövzu Ukraynaya dəstək məsələsi idi. Bu məqsədlə Avropa Komissiyası Kiyevə 140 milyard avro (164 milyard dollar) “təzminat krediti” üçün sanksiyaya məruz qalmış Rusiya aktivlərinin açılmasını təklif etdi. Təklif olunan plana görə, Ukraynaya faizsiz kredit veriləcək və münaqişədən sonra kompensasiya ödənildikdən sonra qaytarılacaq.
Avropanın müdafiə qabiliyyəti gücləndirilməlidir
NATO-nun Baş katibi Mark Rütte Zirvə toplantısındakı çıxışında həm Aİ-nin yeni maliyyə rıçaqları əldə etməsi, eləcə də Ukraynanın özünün silah sənayesinin sürətli inkişafını vurğulayaraq Avropanın müdafiə qabiliyyətini gücləndirmək üçün Avropa Komissiyası ilə daha sıx əməkdaşlıq etməyə çağırıb. M.Rütte Brüsselin üzv dövlətlərə müdafiə xərclərini artırmaq üçün hökumətlərə daha çox səlahiyyət verilməsi təklifini də səsləndirib. Bununla bağlı alyansın rəhbəri çıxışında bildirdi: “Ukraynaya verilən dəstək çox vacibdir. Üç il əvvəl bu ölkənin müdafiə sənayesi sıfıra bərabər idi. Amma indi onlar ağlınıza gələ biləcək ən müasir, ən dahiyanə müdafiə sənayesinə sahibdirlər. Burada pilotsuz uçuş aparatlarının istehsalı dünya miqyasında ən ucuz, ən sürətli və ən ağıllı şəkildə həyata keçirilir”.
Beləliklə, bir qədər gərgin və narahat şəraitdə keçən “Avropa Siyasi Birliyi”nin VII Zirvə toplantısı öz işini yekunlaşdırdı.
İ.HƏSƏNQALA
XQ