2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Vətən müharibəsi 30 illik işğala son qoyan şanlı Qələbə ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan möhtəşəm Zəfər Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.
16 oktyabr
•Prezident İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində rəşadətli Azərbaycan Ordusunun Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndlərini işğaldan azad etməsi ilə bağlı məlumat verib.
•Dövlətimizin başçısı Türkiyənin“A Haber” televiziya kanalına müsahibə verib.
•Müdafiə Nazirliyinin məlumatınagörə, Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyatlar nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 1 ədəd BM-21 “Qrad” YARS qurğusu, 5 ədəd D-30 haubitsa topu, 2 ədəd ZSU-23-4 “Şilka” özüyeriyən zenit qurğusu və döyüş sursatı ilə yüklənmiş 8 avtomobil texnikası məhv edilib.
Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının müdafiə zolağında hərbi qulluqçular və ehtiyatdan çağırılmış hərbi vəzifəlilər arasında kütləvi şəkildə fərarilik halı qeydə alınıb.
•Baş Prokurorluğun məlumatına görə,Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində sentyabrın 27-dən oktyabrın 16-sı saat 11:00-dək 47 mülki şəxs həlak olub, 222 nəfər xəsarət alıb, 1669 ev, 84 çoxmənzilli yaşayış binası və 301 mülki obyekt yararsız vəziyyətə düşüb.
Qeyd edək ki, ordumuzun sarsıdıcı cavab zərbələri qarşısında sürətlə geri çəkilən düşmən beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə konvensiyaları və onların əlavə protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgədən uzaqlıqda yerləşən Azərbaycan şəhərlərini və əhalinin sıx yaşadığı məntəqələri intensiv atəşə tutur.
• Müdafiə Nazirliyi Xocavənd rayonununişğaldan azad olunan kəndlərinin və Hadrut qəsəbəsinin videogörüntülərini paylaşıb.
•Düşmənin atdığı raket və mərmilərin mülki obyektlərimizə vurduğu ziyanın aradan qaldırılması üzrə tədbirlərin icrasına başlanıb.
•Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığı ilə əhalinin təhlükəsizliyinin təmin olunması və mövcud problemlərin aradan qaldırılması məqsədilə müvafiq komissiya yaradılıb. Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin və aidiyyəti yerli icra hakimiyyəti orqanları nümayəndələrinin iştirakı ilə yerlərdə araşdırma işlərinə başlanıb.
Müharibə vəziyyətində ölkədə infrastruktur və mülki obyektlərin bərpası və tikintisi Azərbaycan Respublikası Prezidentinin nəzarətindədir və dövlətimizin başçısının vətəndaşlara qayğısının əyani təzahürüdür.
Mustafa KAMAL
XQ