Transatlantik münasibətləri izləyən hər kəs son illərdə qəribə bir paradoksla üzləşir: Avropa İttifaqı ilə ABŞ həm bir-birinə heç vaxt olmadığı qədər yaxın görünür, həm də heç vaxt olmadığı qədər gərginlik yaşayır. Son illərə baxanda görürük ki, NATO xətti, Ukrayna müharibəsi, Rusiyaya qarşı koordinasiya, Çinlə bağlı risklərin dəyərləndirilməsi – bütün bu sahələrdə Vaşinqton və Brüssel hələ də eyni geosiyasi mövqedə dayanırlar. Yəni təhlükəsizlik məsələlərində Transatlantik birlik möhkəmdir.
Bəs niyə son aylarda Avropa paytaxtlarında “strateji avtonomiya”, “sənaye suverenliyi”, “iqtisadi təhlükəsizlik” kimi terminlər bu qədər gur səslənməyə başlayıb? Cavab sadədir: ticarət və sənaye siyasətində illərdir toplanan ziddiyyətlər artıq pik hədəfə çatır. Transatlantik münasibətlərin bu yeni mərhələsi sanki bir balans oyunu kimidir – siyasi yaxınlıqla iqtisadi rəqabət eyni vaxtda baş verir. Belə bir dinamikanın özəyi isə cəmi bir cümlədə gizlidir: ABŞ daxili sənayesini qorumaq üçün sərt proteksionizmə qayıdır, Aİ isə özünün itirdiyini yeni tərəfdaşlarla kompensasiya etməyə çalışır.
Gəlin, indi bir az da dərinə gedək və özümüzə daha konkret sual verək: ABŞ-ın bu proteksionist kursu niyə Avropada həyəcan doğurur? Çünki Vaşinqton son iki ildə açıq şəkildə “Amerika Birinci 2.0” modelinə qayıdıb. Strategiyanın zərbəsi isə birbaşa Avropaya dəyir. Aİ şirkətləri ABŞ-a köçməsə, rəqabətə tab gətirə bilməyəcək. Brüssel bu vəziyyəti heç nə gizlətmədən belə adlandırır: “De-fakto ticarət müharibəsi – sadəcə, sanksiya və ya tarifsiz versiya”.
Yeni ABŞ administrasiyası Avropa poladına və alüminiumuna əlavə tarifləri bərpa etməyə hazırlaşır. Əgər strateji tərəfdaşların münasibətləri belə davam edirsə, o zaman rəqiblər arasında fərq nədir? Avropada narazılığın səviyyəsi də elə burdan doğur. Avrozonada “sənaye boşalması” qorxusu var. Almaniya və Fransa 2024–2025-ci illərdə açıq şəkildə etiraf etdilər ki ABŞ subsidiyaları Avropa sənaye sisteminin dayaqlarını zəiflədir. Yəni avrozonanın avtomobil sektoru, yaşıl texnologiyalar, çip və material istehsalı real şəkildə ABŞ-a axır. Avropa liderləri isə sanki eyni sualı təkrarlayırlar: Əgər hər iki tərəf eyni demokratik dəyərləri müdafiə edirsə, niyə iqtisadi siyasətlər bu qədər zidd istiqamətə gedir?
Belə bir gərginlik Aİ-ni qaçılmaz sual qarşısında qoyur: Yeni tərəfdaşlar axtarmaq nə qədər zəruridir və Brüssel bu istiqamətdə hansı marşrutu seçir? Cavab çoxqatlıdır; hər regionun Brüssel üçün fərqli məqsədi və məntiqi var.
İlk olaraq, Çin həm böyük bazardır, həm strateji rəqib, həm də xammal və istehsal mərkəzidir. Brüssel üçün əsas məsələ budur – Çini kəsib atmaq imkansızdır, amma ona tam güvənmək də təhlükəlidir. Aİ Pekinlə dialoqu saxlayır, ticarəti qoruyur, amma eyni zamanda iqtisadi diversifikasiyanı sürətləndirir. Yəni Çin tərəfdaşdır, amma “risklə idarə olunan” tərəfdaş.
Hindistan artıq Avropanın texnoloji və istehsal tərəfdaşına çevrilir. Brüssel üçün Hindistanın məntiqi ucuz və möhkəm istehsal gücü, ABŞ-la münasibətdə əyani balans mövqeyi, investisiya və texnologiya mübadiləsi üçün perspektivdir.
Sinqapur, Vyetnam, İndoneziya və sair ölkələr Avropanın “istehsalın uzaq filialları” kimi deyil, davamlı və strateji tərəfdaş kimi görünür. Səbəbi isə işçi qüvvəsi və istehsal imkanları, coğrafi yaxınlıq (Asiya bazarına giriş) və ABŞ–Çin gərginliyindən siyasi baxımdan daha neytral mövqedir.
Enerji təhlükəsizliyi ilə bağlı problemlər Avropanı Körfəz ölkələrinə daha yaxınlaşdırdı. Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər həm enerji, həm investisiya, həm də sənaye layihələri üçün strateji tərəfdaşdır.
Afrikaya gəldikdə isə qitə Avropa üçün strateji xammal mənbəyi, yeni istehsal zonası və geosiyasi təsir üçün genişlənən meydandır. Qlobal rəqabətin sərtləşdiyi bir vaxtda Brüsselin Afrikaya yönələn diqqəti, əslində, Avropanın öz enerji və sənaye təhlükəsizliyini bərpa etmək cəhdidir.
Xüsusilə, yaşıl keçid üçün lazım olan nadir metalların 70–80 faizinin Afrika mənşəli olması Avropanı bu bazara daha həssas şəkildə bağlayır. Çin bu mənbələrdə hegemonluğunu qurduğu üçün Aİ-nin mövcud istiqamətdəki aktivliyi həm iqtisadi, həm də geosiyasi xarakter daşıyır: məsələ alternativ təsir zolağı formalaşdırmaqdır. Brüssel öz yeni strategiyasını açıq şəkildə iki xətt üzərində qurur: investisiya ilə təsir yaratmaq və siyasi dialoqla etibar qazanmaq. Avropa rəsmiləri anlayır ki, artıq köhnə “donor–benefisiar” modeli işləmir; Afrika ölkələri özlərini böyük güclərin rəqabət meydanında aktiv geoiqtisadi oyunçu kimi təqdim edir. Məhz bu səbəbdən Avropanın Afrika siyasəti daha çox “tərəfdaşlıq dili”nə keçir, lakin bu yumşaq ritorikanın arxasında sərt strateji ehtiyaclar dayanır: enerji marşrutlarının şaxələndirilməsi, xammal risklərinin azaldılması və ABŞ–Çin qarşıdurmasında özünə yeni manevr sahəsi açmaq.
Belə bir müxtəlif portfel Avropaya nə qədər dayanıqlıq verəcək və uzun müddətdə Brüsselin siyasi prioritetlərini dəyişdirəcəkmi? Cavabın zamana ehtiyacı var, amma indidən görünən budur ki, Aİ artıq təkyönlü iqtisadi xətt istəmir.
Brüsselin yeni tərəfdaşlara yönəlməsi ilk baxışdan çox sərfəli görünə bilər. Avropa iqtisadiyyatının ABŞ proteksionizminin yaratdığı boşluğu doldurmaq üçün çevik bazarlara açılması məntiqli addımdır. Amma məsələ bununla bitmir; hər yeni istiqamət Avropanın öz daxilində də bir gərginlik yaradır. Həqiqət budur ki, Aİ-nin hazırkı strategiyası həm fürsətlər, həm də risklərlə dolu bir labirintə bənzəyir və bu labirintdən necə çıxılacağı indidən bəlli deyil.
Yeni tərəfdaşlıq xətti Brüsselə itirdiyi gücü qismən geri qaytarmaq şansı verir. Tədarük zəncirinin diversifikasiyası, müxtəlif iqtisadi mərkəzlərlə dialoqların genişlənməsi və ABŞ-ın sənaye treki ilə rəqabət aparmaq qabiliyyəti Avropaya yeni nəfəs gətirir.
Amma bu dinamikanın digər tərəfi daha mürəkkəbdir. İqtisadi sərbəstlik artırsa da, siyasi koordinasiya zəifləyə bilər. Çünki ABŞ bu diversifikasiyanı strateji məsafələnmə siqnalı kimi də qavraya bilər. Belə bir siqnal qorunan Transatlantik səddə zamanla xırda çatlar sala bilər. Çatların nə vaxt və harada böyüyəcəyi bilinmir, amma riskin özü realdır.
Brüsselin üzləşdiyi başqa bir dilemma da yeni tərəfdaşların hamısının eyni dəyərlər sistemi üzərində qurulmamasıdır. Avropa insan hüquqları və iqlim standartlarını universal prinsiplər kimi qəbul edir, amma Körfəz kapitalı, Hindistanın istehsal modeli və Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) ölkələrinin iqtisadi strukturları bəzən bu prinsiplərlə ziddiyyətə girir. Brüssel kompromisə nə qədər gedə bilər?
Bütün bunlara paralel olaraq Avropanın öz içində də parçalanmalar yayılır. Əgər Almaniya sənaye dözümlülüyünü qorumaq üçün Çinlə daha yaxın münasibət axtarırsa, Baltikyanı ölkələr bunu geosiyasi risk kimi görür. Əgər Fransa strateji avtonomiyanı genişləndirmək istəyirsə, Şərqi Avropa ölkələri ABŞ təhlükəsizlik zəmanətlərinin əhəmiyyətini xatırladır. Aİ-nin yeni tərəfdaş xəritəsi, bir növ, güzgü kimi fəaliyyət göstərir: hər ölkə bu güzgüdə öz marağını, öz qorxusunu və öz prioritetini görür.
Avropa bu çoxşaxəli yanaşmanı strateji vahidliyə çevirə biləcəkmi? Yoxsa diversifikasiya adı ilə yeni asılılıqlar yaranacaq? ABŞ-dan uzaqlaşmaqla Avropa daha sərbəst olur, amma daha sərbəst olduqca, daha çox öhdəlik götürür.
Məhz bu səbəbdən Aİ-nin hazırkı cəhdi həm yenilənən güc, həm də zəiflikləri ortaya çıxarır. Qazanc var, amma qazanc balanslıdır; itki yoxdur demək isə mümkün deyil. Strateji boşluq məhz bu qeyri-müəyyənlikdən yaranır: Brüssel özünü ABŞ-dan iqtisadi baxımdan qoparmasa da, artıq tək bir mərkəzə bağlanmağın təhlükəli olduğunu qəbul edib və yeni şəbəkələr qurur, lakin bu şəbəkələrin sabitliyi hələ sınanmayıb.
Digər tərəfdən, ABŞ da Avropanın bu yeni istiqamətini diqqətlə izləyir. Vaşinqtonun narahatlığı ondan ibarətdir ki, Avropanın Çin və digər mərkəzlərlə genişlənən münasibətləri Transatlantik texnoloji və təhlükəsizlik arxitekturasını zəiflədə bilər. Hazırkı narahatlıq xüsusilə kritik texnologiyalar – yarımkeçiricilər, süni intellekt, yaşıl enerji infrastrukturu sahəsində özünü göstərir. ABŞ Avropanın tam şəkildə Çinlə iqtisadi paralellər qurmasını qəbuledilməz hesab edir, Avropa isə Vaşinqtonun buna açıq və ya gizli təzyiqlər göstərdiyini düşünür.
Maraqlıdır ki, Transatlantik münasibətlərin gələcəyi böyük ölçüdə qlobal iqtisadi düzənin hansı trayektoriyanı seçəcəyindən asılı olacaq. Dünya çoxqütblü sistemə doğru getdikcə Avropanın yeni tərəfdaşlara ehtiyacı artacaq. Maraqlıdır, Avropa yeni tərəfdaşlar tapdıqca ABŞ-la münasibətləri necə dəyişəcək: rəqabətə çevriləcək, yoxsa yenidən tarazlaşdırılmış qarşılıqlı asılılıq modelinə qayıdacaq?
Hazırkı mənzərə onu göstərir ki, Avropa nə ABŞ-dan qopa, nə də yalnız Çin istiqamətinə meyil edə bilər. Elə bu səbəbdən Avropa üçün ən realist ssenari çoxistiqamətli, riskləri paylayan, fərqli güc mərkəzləri ilə paralel əməkdaşlıq modelidir. Bunun uğurlu olub-olmayacağını isə həm qlobal güc balansının dəyişmə sürəti, həm də Avropanın daxili siyasi birliyinin davamlılığı müəyyən edəcək.
Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru


