Avropa diplomatiyası korrupsiya burulğanında
Avropa İttifaqının illər ərzində formalaşdırdığı siyasi nizam, özünü dünyada normativ güc kimi təqdim edən model və etik üstünlük iddiası indi ciddi sınaq qarşısındadır. Son dövrlərdə ard-arda üzə çıxan korrupsiya faktları, ifşa olunan gizli sxemlər və keçmiş–indiki yüksək vəzifəlilərin adlarının hallandığı qalmaqallar illərlə cidd-cəhdlə qorunan bu imicə çox ciddi kölgə salır.
Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə sabiq Ali Nümayəndəsi Federika Mogerini və Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) keçmiş baş katibi Stefano Sannino kimi fiqurların korrupsiya işi üzrə istintaqa cəlb olunmaları bu reallığı bir daha ortaya qoyur və Aİ-də korrupsiya probleminin artıq kənardan gizlədilməsi mümkün olmayacaq qədər dərinləşdiyini bir daha göstərir. Bir daha aydın olur ki, Aİ korrupsiya girdabında çabalayan bürokratiyaya çevrilib.
Borelə ən yaxın fiqur
Aİ-nin xarici siyasətinə rəhbərlik etmiş şəxsin – Federika Mogerininin adının korrupsiya şəbəkəsində hallanması sadəcə, fərdi olay deyil. Onun xələfi, həmçinin 2019-2024-cü illərdə Avropa Komissiyasının vitse-prezidenti vəzifəsini daşımış Jozep Borrellə illərdir yaxın münasibətdə olması məsələyə tamamilə yeni rakurs gətirir. Şübhə yoxdur ki, Mogerininin atdığı istənilən addım, qurduğu istənilən əlaqə Borelin kabinetinin diqqətində olub. Bu baxımdan baş verənlərin yalnız Mogerininin üzərinə yüklənməsi sadəcə siyasi imitasiya təsiri yaradır. Reallıq budur ki, Borelin özü də bu proseslərdən kənarda qala bilməz. Onun fəaliyyəti, təsir dairəsi, Avropa diplomatiyasına yön verdiyi illər boyunca yaratdığı qapalı dairələr ciddi şəkildə araşdırılmalıdır. Çünki Aİ-nin xarici siyasət strukturunda illərlə formalaşmış “toxunulmazlar klanı” məhz bu tandem ətrafında möhkəmlənib.
Eva Kayli işi – Avropa Parlamentinin sarsıldığı gün
2022-ci ildə Avropa Parlamentinin sədr müavini Eva Kaylinin cinayət işi Brüsseli bəlkə də son onilliklərin ən böyük şokuna salmışdı. Qətərin “yumşaq diplomatiya” adı altında apardığı, lakin əslində klassik rüşvət mexanizmlərinə söykənən fəaliyyətin içində Avropa Parlamenti deputatlarının olması məsələni xüsusilə ağırlaşdırmışdı. Kaylinin evindən çıxan böyük məbləğdə nağd pullar Aİ strukturlarının illərlə gizlətməyə çalışdıqları ikiüzlülüyü aşkar surətdə göstərdi: başqalarına “demokratiya dərsi” keçən qurum öz içində korrupsiyanı ən primitiv formada yaşayırmış.
Roberta Metsola – sözlə əməl arasında ziddiyyət
Avropa Parlamentinə 2022-ci ildən rəhbərlik edən Roberta Metsolanın dəfələrlə açıqladığı islahat niyyəti, “tam şəffaflıq” addımları da, əslində, yalnız ictimai narazılığı yumşaltmaq məqsədi daşıyır. Onun adı birbaşa rüşvət mexanizmlərində keçməsə də, ortaya çıxan sənədlər və maraqlar toqquşması ilə bağlı suallar Metsolanın özünü də ciddi şəkildə kölgəyə salır. Avropa Parlamentində lobbiçilik qruplarının necə sərbəst hərəkət etməsi, deputatların hansı miqyasda təsərrüfat maraqları daşıması Metsolanın rəhbərliyi dövründə daha qabarıq görünməyə başlayıb.
Qeydə alınan digər qalmaqallar problemin sistemli olduğunu göstərir
Aİ tarixində korrupsiya qalmaqalları bununla bitmir. Artıq Brüsselin siyasi kulislərində hamı bilir ki, problem struktur xarakterlidir. İllər əvvəl Aİ Komissiyasının Kolleci (College of Europe) bütövlükdə istefaya məcbur edilmişdi. Büdcə vəsaitlərinin mənimsənilməsi, qeyri-şəffaf tenderlər, lobbiçilərin təsir dairəsi və yüksək səviyyəli şəxsi maraqlar Aİ Şurası, Aİ Komissiyası və Avropa Parlamenti arasında gizli əməkdaşlıq atmosferi yaradıb. Həmçinin digər nümunələr – avroskeptiklərin tez-tez istinad etdikləri Frans Herman işi, Aİ fondlarının Balkanlarda talanması, müxtəlif QHT-lər üzərindən çevrilən milyonlar – hamısı göstərir ki, problem fərdi deyil, sistemlidir.
Polis reydləri, diplomatik toxunulmazlıqların qaldırılması və Avropa diplomatik aparatının mərkəzi simalarının dindirilməsi Brüsselin illərdir qorumağa çalışdığı reputasiyanın kökündən sarsıldığını göstərir. “Qoca qitə”nin ən yüksək səviyyəli diplomatik qurumlarında bu cür pozuntuların üzə çıxması institutların özlərinin yaratdıqları qaydaları tətbiq etməkdə belə aciz qaldığını nümayiş etdirir. Nəticədə Aİ idarəçiliyinin “müəyyən olunmuş qaydalarla, şəffaf və məsuliyyətli şəkildə” fəaliyyət göstərdiyi təsəvvürü sıradan çıxır.
Yeri gəlmişkən, Belçika polisinin Brüsseldə Aİ qurumlarında korrupsiya, mənimsəmə və digər şübhəli məqamlarla bağlı apardığı axtarışlar korrupsiyanın ən dərin qatları qədər endiyini təsdiqləyir. Məsələn, Avropa Kolleci uzun illər diplomatiyanın mənəvi və intellektual mərkəzi kimi göstərilirdi, lakin tender məlumatlarının əvvəlcədən ötürülməsi ilə bağlı iddialar bu imici ciddi şəkildə zədələdi. Hadisənin mahiyyəti sübut etdi ki, Brüssel institusional idarəetmə və nəzarət mexanizmlərindən tutmuş etik sisteminə qədər hər sahədə böhran yaşayır. Özünü şəffaflıq modeli kimi təqdim edən qurumun diplomatik akademiya layihəsində üzə çıxanlar əsl reallığı nümayiş etdirir. Bir məqamı da xatırladaq ki, tender prosesinin hələ rəsmiləşməmiş mərhələlərində məxfi məlumatların paylaşılması Avropa bürokratiyasının çoxdan formalaşmış qapalı strukturundan qaynaqlanır. Yaxın keçmişə nəzər salsaq görərik ki, əslində problem yeni deyil. Sadəcə illərdir davam edən praktika bu dəfə hüquqi çərçivədə ifşa edilib. Beləliklə Avropanın özünü legitimləşdirdiyi “normativ güc” doktrinası əsaslı şəkildə sual altında qalıb.
***
Aİ strukturlarının digər ölkələri şəffaflıq, hesabatlılıq və korrupsiyaya qarşı mübarizə adı ilə illərdir tənqid etməsi fonunda bu hadisənin baş verməsi ayrıca ironiya yaradır. Xüsusən də nəzərə alsaq ki, Avropa qurumları uzun müddət Azərbaycanı eyni ittihamlarla hədəfə almışdılar. Əslində isə Avropa Parlamentinin və bəzi Qərb institutlarının ölkəmizlə bağlı açıqlamalarının böyük hissəsi selektiv yanaşmanın məhsulu idi. Onların mövqeləri çox zaman siyasi təzyiq aləti kimi istifadə olunur, korrupsiya ritorikası geosiyasi məqsədlərə yönəldilir, ikili standartlara gəlincə, onlar institusional davranış normalarına çevrilirdi. İndi həmin qurumların rəhbər şəxslərinin özləri tender pozuntusu və məxfi məlumat ötürülməsi şübhəsi ilə gündəmə gəlirlər. Yəqin, tarixin paradoksu da elə budur.
Brüsselin yaşadığı reputasiya böhranı sadəcə müəyyən şəxslərin davranışı ilə izah edilə bilməz. Məsələ bütövlükdə, Aİ-nin idarəçilik arxitekturası ilə bağlıdır. Son illərdə Avropa bürokratiyası daha çox mərkəzləşmiş, daha qapalı və daha az hesabatlı struktura çevrilib. Siyasi qərarların dar çərçivədə formalaşması, nəzarət mexanizmlərinin formal xarakter daşıması və institusional məsuliyyətin kağız üzərində qalması nəticəsində şəffaflıq azalır, tender və layihələr qapalı dairələrin nəzarətinə keçir, hüquqi nəzarət mexanizmləri isə simvolik rol oynayır. Ona görə qalmaqalın Aİ diplomatiyasının gələcəyinə də təsiri qaçılmazdır. Qurumun qlobal arenada özünü təqdimetmə imkanlarının zəifləməsi də həmçinin.
İttifaqın əsas problemi odur ki, uzun illər boyunca başqalarına təklif etdiyi siyasi model daxildən çürüyüb. Yəni Avropa hazırda heç kimi tənqid edəcək mövqedə deyil. Necə deyərlər, öz gözündə tiri görmür, başqasında çöp axtarır. Beləcə, aydın olur ki, Brüsselin legitimlik iddiası illərlə formalaşdırdığı özünütəsdiq mexanizminə söykənirmiş. Mexanizm sarsılıb və Avropa ilk dəfə öz dəyərlər sisteminə real şəkildə cavab vermək məcburiyyətində qalıb.
Bəli, istintaqa cəlb olunan şəxslərin statusu, daşıdıqları vəzifələr və təmsil etdikləri qurumlar idarəetmədə ciddi boşluqların olduğunu bir daha sübut edir. Boşluqların siyasi mahiyyəti də önəmlidir. Avropa geosiyasi rəqabətdə özünü normativ mərkəz kimi təqdim etdikcə, sərt etik tələbləri başqalarına yönəltdikcə, öz daxilindəki problemləri görmək qabiliyyətini itirib. Hətta qurumun artıq uçurumun kənarında dayandığını söyləyə bilərik. Bu gün Avropanın illərdir korrupsiya ittihamı ilə hədəf aldığı dövlətlər indi həmin ittihamları Aİ-yə geri qaytarmaq üçün heç bir cəhd göstərməyə ehtiyac duymur. Çünki Brüsselin yaratdığı mənzərə bunun üçün kifayətdir.
Yusif BAĞIRZADƏ,
politoloq
Belçikada aparılan polis reydləri və istintaq çərçivəsində keçmiş diplomatiya rəhbərləri və Avropa Birliyi strukturlarında yüksək vəzifələrdə olmuş şəxslərin saxlanması Avropada korrupsiya ilə bağlı uzun müddətdir mövcud olan narahatlıqları yenidən üzə çıxardı. Belə ki, Avropa İttifaqının kriminal maliyyə pozuntularını araşdıran müstəqil prokurorluq qurumu olan EPPO, Avropa İttifaqının “xarici siyasət və diplomatiya” xidməti olan EEAS və Avropanın ən nüfuzlu və ən qədim Avropa İnteqrasiya və Diplomatiya Məktəbi hesab olunan “College of Europe” arasında keçirilmiş tender üzrə şübhələr irəli sürüb. Təqsirləndirilən qurum 2021–2022-ci illərdə gənc diplomatlardan ibarət “EU Diplomatic Academy” adlı təhsil-proqramının icrası üçün tender qazanmışdı. Araşdırmalar nəticəsində məlum olub ki, tender prosedurlarında rəqabətin bərabərliyi, məlumatların qapalı saxlanması və ədalətli seçim prinsipi pozulub. Federika Mogerini və Stefano Sannino kimi yüksək səviyyəli fiqurların bu cür ittihamlarla üzləşmələri şübhəsiz ki, Avropanın institusional sistemində struktur və prosedur problemlərinin olduğunu göstərir. Belə hallar, fond və təqaüdlərin paylanması, tender prosesləri kimi sahələrdə özünə yaxın olan şəxslərə və təşkilatlara üstünlük verilməsinə dair haqlı suallar doğurur.
Onu da qeyd edək ki, haqqında danışılan məsələ yeganə korrupsiya faktı deyil. Avropa İttifaqı çox vaxt yüksək şəffaflıq və hüquqi mədəniyyət nümunəsi kimi təqdim olunsa da, son illərdə üzə çıxan müxtəlif korrupsiya halları göstərir ki, Aİ institutları və üzv ölkələrdə maliyyə və idarəetmə sistemləri müəyyən risklərdən tam sığortalanmayıb.
Nəzrin ELDARQIZI
XQ


