Delimitasiya hüdudları ayırır, münasibətləri yaxınlaşdırır

post-img

Sərhədin müəyyənləşdirilməsi isə sülhə aparan yolda əməli addımdır

Son günlər regionda sülh prosesinə təsir edən bir sıra diplomatik görüşlər keçirilib. Ermənistan və Azərbaycan, eləcə də Ermənistan və Türkiyə nümayəndə heyətləri arasında gerçəkləşən təmaslar Cənubi Qafqazda davamlı sülhün və sabitliyin möhkəmləndirilməsinə xidmət edir.

Azərbaycanın Qəbələ şəhərində Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və sərhəd təhlükəsizliyi məsələlərinə dair Komissiyanın 12-ci görüşü olub. Görüşdə 2025-ci ilin yanvarında keçirilmiş 11-ci görüşdə əldə olunan razılaşmaya əsasən, delimitasiya işlərinə sərhədin şimal hissəsindən başlanılması və cənuba, İran sərhədinə qədər davam etdirilməsi təsdiqlənib. Bununla əlaqədar növbəti təmasın Ermənistanın şəhərlərindən birində təşkili barədə razılıq əldə olunub.

Bildirilib ki, delimitasiya prosesi Ermənistan və Azərbaycan arasında uzun illər yaşanmış gərginliklərin azaldılması, sərhəddə qarşıdurma risklərinin minimuma endirilməsi və hüquqi dəqiqliyin təmin edilməsi baxımından həlledici mərhələ hesab olunur. Bu proses həm də tərəflər arasında etimadın formalaşması üçün vacib psixoloji amildir. Sərhədin kağız üzərində dəqiq müəyyənləşdirilməsi yalnız inzibati addım deyil, eyni zamanda uzun illər gərginlik ocağı olmuş siyasi problemin həllidir.

Problemin kökündə isə sovet dövründən qalan xəritələrin fərqli interpretasiyası dayanır. Buna görə tərəflər öz mövqelərini əsaslandırmaq üçün müxtəlif tarixi mənbələrə üz tutublar. Məsələn, Ermənistan SSRİ xəritələrini və 1984-cü il yanvarın 1-də Azərbaycan və Ermənistan SSR arasında müəyyənləşən sərhəd xəttini əsas götürmək istəyir. Rusiya isə sərhəd delimitasiyasına dair ən son təklifini 1974-cü il SSRİ xəritələrinə əsaslanaraq irəli sürüb, lakin bu təklif Ermənistan tərəfindən məqbul sayılmayıb. Çünki həmin dövrdən sonra Azərbaycan və Ermənistan arasında de-fakto sərhəd dəyişiklikləri baş verib.

1991-ci il Almatı sammitində qəbul edilən sərhəd xətti də suallar doğurur. Məsələn, 1982-ci ildə Qazax rayonunun bəzi sahələri və kəndlərin bir hissəsi Ermənistana verilib, 1984–1986-cı illərdə isə İcdarın 2 min 500 hektar otlaq sahəsi Ermənistana keçib. Bu qərarların heç biri Azərbaycan SSR-in ovaxtkı rəhbərliyi tərəfindən tam təsdiqlənməyib və SSRİ dağıldıqdan sonra Prezident Heydər Əliyev bu ərazilərin Ermənistana verilməsini qanunsuz elan edib.

Hazırkı mərhələdə delimitasiya və demarkasiya prosesi hər iki tərəfdən o qədər də mübahisə yaratmayan ərazilər üzrə davam etdiriləcək. Sonrakı danışıqlarda isə mübahisəli ərazilərin kimə məxsusluğu müəyyənləşdiriləcək. Ona görə də Azərbaycan torpaqlarının 1920-ci ildən başlayaraq, birtərəfli şəkildə Ermənistana verilməsi və sonrakı sərhəd dəyişiklikləri hazırda danışıqlarda yol xəritəsi kimi istifadə olunmur.

Onu da deyək ki, hazırda sərhədin rəsmiləşdirilməsi əvvəlki qeyri-müəyyənliklərdən doğan insidentlərin, hərbi toqquşmaların və yerli əhali arasında narahatlığın qarşısını almağa yönəlmiş fundamental addımdır və siyasi baxımdan daimi təsirə malikdir. Etibarlı sərhəd iki dövlət üçün həm təhlükəsizlik, həm də etibarlı gələcək deməkdir.

Bununla bağlı politoloq Yeganə Hacıyeva bildirdi ki, delimitasiya prosesi zahirən siyasi qərar kimi görünə bilər. Amma əslində, son dərəcə mürəkkəb, texniki və uzunmüddətli əmək tələb edir: “Sərhədlərin müəyyənləşdirilməsi, bu, xəritələr, koordinatlar, arxiv materialları, geodeziya ölçmələri və sahə tədqiqatları əsasında aparılan genişmiqyaslı texniki işdir. Prosesə start verilməsi o deməkdir ki, Bakı və İrəvan artıq yalnız prinsipləri deyil, praktiki mexanizmləri də işə salıblar. Bu isə ümumilikdə sülh prosesini abstrakt müzakirələrdən çıxarıb real, konkret addımlar mərhələsinə gətirib”.

Y.Hacıyeva vurğuladı ki, delimitasiya işləri regionda uzunmüddətli sabitliyin yaradılması baxımından da həlledicidir: “Bu proses həm təhlükəsizlik, həm siyasi sabitlik, həm iqtisadi əməkdaşlıq, həm də uzunmüddətli sülh baxımından mühüm əhəmiyyət daşıyır. Kommunikasiyaların açılması və irimiqyaslı regional layihələrin işə düşməsi deməkdir. Əks halda, bu, mümkün deyil. Çünki sərhədlərin açılması və iki ölkə arasında keçid məntəqələrinin yaradılması üçün dəqiq və qarşılıqlı tanınmış xəttin müəyyənləşdirilməsi vacibdir. İkincisi, iqtisadi və nəqliyyat layihələrinin, o cümlədən regionu şimaldan cənuba, qərbdən şərqə bağlayan dəhlizlərin işə düşməsi, infrastrukturun qurulması və tranzit potensialının artırılması delimitasiya prosesindən birbaşa asılıdır. Dəmiryolu və avtomobil yollarının marşrutları, logistika mərkəzlərinin yerləşməsi və təhlükəsizlik zonalarının yaradılması yalnız sərhədin hüquqi olaraq dəqiqləşdirilməsindən sonra mümkündür. Bu amil təkcə Azərbaycan və Ermənistan üçün deyil, həm də Gürcüstan, İran və Türkiyə kimi regional oyunçular üçün mühüm strateji imkanlar yaradır.

Üçüncüsü, TRIPP kimi regional təşəbbüslərin uğurla reallaşması məhz sabitlikdən asılıdır. Belə layihələr regionun siyasi xəritəsini dəyişmək, Cənubi Qafqazı beynəlxalq nəqliyyat və enerji şəbəkələrinə daha sıx inteqrasiya etmək potensialına malikdir. Bu cür təşəbbüslərin həyata keçirilməsi nəticədə həm iqtisadi artımı stimullaşdırır, həm də region ölkələri arasında qarşılıqlı asılılığı artıraraq sülh prosesini daha davamlı edir”.

Beləliklə, Azərbaycan Ermənistanla sərhədin delimitasiya və demarkasiyasında həm maraqlı, həm də qərarlıdır. Ermənistanla bütün diplomatik təmaslarda Azərbaycan bu mövqeyini qəti surətdə bəyan edib. Göründüyü kimi, sülhün təmin olunması üçün indiki məqamda yeganə şərt sərhədlərin müəyyənləşdirilməsi və daha sonra kommunikasiya xətlərinin açılmasıdır. Mövcud xüsusda Azərbaycan müharibə dövründə Ermənistan tərəfindən bilərəkdən məhv edilmiş avtomobil və dəmir yollarını, o cümlədən digər zəruri infrastrukturu bərpa edir və yenidən qurur. Bu, bir daha sübut edir ki, Azərbaycan sərhədlərin müəyyənləşdirilməsi və kommunikasiyaların bərpası üçün maraqlıdır. Mərhələnin uğurla başa çatdırılması sülh sazişinin imzalanması üçün ən möhkəm siyasi və hüquqi zəmin yaradır.

Y.Hacıyeva Ermənistan–Türkiyə münasibətlərinə də toxundu: “2020-ci ildən sonra Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallıqlar regiondakı bütün proseslərin məzmununu əhəmiyyətli dərəcədə dəyişmiş, Azərbaycan–Ermənistan münasibətlərini isə regional gündəliyin əsas mərkəzinə çevirmişdir.

Postmünaqişə dövründə formalaşan güc balansının əsas istiqamətləri məhz Azərbaycan tərəfindən müəyyənləşdirilir. Ərazi bütövlüyünün tam bərpası, sərhədlərin təhlükəsizliyinin təmin edilməsi və yeni regional təhlükəsizlik mexanizmlərinin qurulması nəticəsində Bakı təkcə Azərbaycan–Ermənistan münasibətlərinin gələcəyində deyil, həm də Türkiyə–Ermənistan dialoqunun konturlarının müəyyən edilməsində başlıca aktor statusunu əldə etmişdir.

Ermənistan–Türkiyə normallaşması, nəqliyyat-kommunikasiya xətlərinin açılması və regionun təhlükəsizlik arxitekturasının yenidən qurulması birbaşa şəkildə Azərbaycan–Ermənistan münasibətlərinin nizamlanması ilə bağlıdır. Bu mənada bölgədə gedən üçtərəfli normallaşma prosesində Azərbaycanın həm təşəbbüskar, həm də müəyyənedici rolu xüsusi qeyd olunmalıdır.

Azərbaycan, Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması bir-birini tamamlayan, qarşılıqlı asılılıq yaradan proseslərdir. Zəncirin əsas halqası isə Azərbaycan–Ermənistan münaqişəsinin tam başa çatması və münasibətlərin siyasi əsaslarda qurulmasıdır. Azərbaycan regional transformasiyanı öz strateji maraqlarına uyğun şəkildə formalaşdırır və regionun gələcək inkişaf trayektoriyasını müəyyənləşdirən aparıcı aktor qismində çıxış edir.

44 günlük Vətən müharibəsi regionda yeni təhlükəsizlik balansı yaratdı. İşğal faktorunun aradan qaldırılması Azərbaycan–Ermənistan münasibətlərində yeni mərhələnin əsasını qoymaqla yanaşı, uzun illər boyu Türkiyə–Ermənistan dialoqunun qarşısını alan əsas baryeri də aradan qaldırdı. Qardaş Türkiyə hələ münaqişə davam etdiyi dövrlərdə Ermənistanla münasibətlərin normallaşdırılması üçün Qarabağ məsələsinin həllini prinsipial şərt kimi irəli sürmüşdü. Buna görə də Bakı ilə sülh prosesində irəliləyiş olmadan Ankara–İrəvan münasibətlərinin siyasi müstəviyə keçməsi mümkün deyildi.

Azərbaycanın ortaya qoyduğu yeni regional təhlükəsizlik modeli bölgənin siyasi-iqtisadi arxitekturasının məhz region dövlətləri tərəfindən müəyyən edilməsini hədəfləyir. Bu yanaşma Cənubi Qafqazda xarici təsirlərin məhdudlaşdırılması, regional müstəqilliyin və kollektiv təhlükəsizliyin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Mövcud kontekstdə Azərbaycanın təşəbbüsü olan “3+3” platforması – Azərbaycan, Ermənistan, Gürcüstan və üç qonşu ölkə – Türkiyə, Rusiya, İran arasında əməkdaşlığın dərinləşdirilməsi baxımından mühüm regional format kimi çıxış edir. Platforma bölgənin siyasi və iqtisadi gələcəyinin xarici müdaxilələrdən kənar şəkildə formalaşdırılmasına xidmət edən əsas təşəbbüslərdən biridir.

Azərbaycanın təklif etdiyi sülh müqaviləsi prinsipləri həm Azərbaycan–Ermənistan münasibətlərinin dayanıqlı əsasını təşkil edir, həm də Ermənistan–Türkiyə normallaşmasına siyasi və iqtisadi zəmin yaradır. Nəqliyyat-kommunikasiya xətlərinin açılması Azərbaycanın regional logistik mərkəzə çevrilməsini təmin etməklə yanaşı, Ermənistan–Türkiyə münasibətlərinin iqtisadi dayaqlarını da gücləndirəcək mühüm amildir.

Siyasi müstəvidə isə Azərbaycan və Türkiyə arasında “bir millət – iki dövlət” prinsipinə əsaslanan strateji əməkdaşlıq daha da dərinləşir. Ankara Ermənistanla normallaşma prosesində Azərbaycanın milli maraqlarını əsas götürür və bütün təşəbbüslər Bakı ilə tam sinxron şəkildə həyata keçirilir. Beləliklə, hər iki ölkə region üzrə tam strateji sinxronizasiya ilə irəliləyir və bu sinxronizasiyanın mərkəzində Azərbaycanın müəyyənedici rolu dayanır.

Azərbaycanın sülh təşəbbüsləri, kommunikasiya layihələri, regional əməkdaşlıq platformaları və Türkiyə ilə strateji koordinasiya Cənubi Qafqazda yeni regional arxitekturanın əsasını təşkil edir. Bu fakt ölkəmizin regionun gələcək inkişaf modelinin formalaşdırılmasında aparıcı güc olduğunu açıq şəkildə nümayiş etdirir.

Yekunda qeyd etmək lazımdır ki, Azərbaycanın irəli sürdüyü sülh gündəliyi bölgədə yeni müharibə risklərini minimuma endirir, davamlı sabitlik, əməkdaşlıq və iqtisadi inteqrasiya üçün möhkəm baza yaradır. Enerji, nəqliyyat və rəqəmsal infrastruktura dair genişmiqyaslı layihələr Azərbaycanın regional iqtisadi mərkəz kimi rolunu daha da möhkəmləndirir və Ermənistan–Türkiyə münasibətlərinin normallaşmasına da əlavə stimul verir”.

Ə.PÜNHAN
XQ





Siyasət