İranın Ali Dini Liderinin müşaviri köhnə oyunundan əl çəkmir
Bəzi adamlar var ki, onların əslində, nəyə nail olduqlarını anlamaq çox çətindir. Hesab edirik ki, İranın Ali Dini Liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti də belələrindəndir. Onun söylədikləri gözlənilməzdir. Yəni cənab Vilayəti hər zaman pis mənada təəccübləndirib. Təəssüf ki, o, yenə öz ampluasındadır.
Əvvəla, onu deyək ki, Ə.Ə.Vilayəti İranın kifayət qədər təcrübəli diplomatlarından sayılır. Zamanında ölkəsinin xarici işlər naziri olub. Özü də 15 ildən çox bu postu tutub. Deməli, regiona yaxşı bələddir. Yaşadığımız müştərək coğrafiyanın hansı təbəddülatlara şahid olduğunu, nə kimi çətinliklərdən keçdiyini anlamamış deyil.
Heç şübhəsiz, Vilayəti Azərbaycan dövlətinin müstəqillik illərində reallaşdırdığı siyasi kursdan da xəbərdardır. Elə məsələ bundadır. Yəni problem belə təcrübəli və məlumatlı birinin, loru dildə desək, ağlına gələni danışmasıdır. Görəsən, Vilayəti bilmir ki, Azərbaycan Cənubi Qafqaz coğrafiyasına kənar qüvvələri daxil etmək niyyətindən tam uzaqdır? Sualımız ritorikdir.
***
Əlqərəz, Ə.Ə. Vilayəti yenə Zəngəzur dəhlizi ilə bağlı danışıb. O deyib ki, İran ABŞ Prezidenti Donald Trampın Qafqazla bağlı planına qarşıdır, çünki bu plan İranın təhlükəsizliyinə ciddi təhdid yaradır. “Mehr” informasiya agentliyinin məlumatına görə, o, bu açıqlamanı Ermənistanın Tehrandakı səfiri Qriqor Akopyanla görüşü zamanı verib: “Qafqazla bağlı sözdə Tramp planı Zəngəzur dəhlizindən heç nə ilə fərqlənmir və İran ona qəti şəkildə qarşıdır”.
Fikrini davam etdirən Vilayəti izah edib ki, Zəngəzur dəhlizi “NATO-nun İranın şimalında mövcudluğuna şərait yaradır” və ölkənin şimal bölgələri ilə Rusiyanın cənubu üçün ciddi təhlükəsizlik təhdidi deməkdir. O, həmçinin qeyd edib ki, TRIPP marşrutu “praktiki olaraq adı dəyişdirilmiş eyni layihədir və indi ABŞ şirkətlərinin Ermənistana gəlişi formasında həyata keçirilir”.
Ən başlıcası, Vilayəti bu qənaətə gəlib ki, Birləşmiş Ştatlar iqtisadi fəaliyyət bəhanəsi ilə regiona hərbi baxımdan müdaxilə edir. “Təcrübə göstərir ki, amerikalılar əvvəlcə, guya, iqtisadi layihələrlə həssas bölgələrə daxil olurlar, lakin tədricən onların mövcudluğu hərbi və təhlükəsizlik ölçülərinə qədər genişlənir”, – deyən müşavir əlavə edib ki, İran sərhədlərində istənilən formada Amerika mövcudluğunun açılması təhlükəsizlik baxımından aydın nəticələr doğurur.
***
Göründüyü kimi, Vilayəti köhnə şakərindən əl çəkmir. Onun hazırkı açıqlaması hər zaman dilə gətirdiyi ritorikanın, bir növ, təkrarıdır. Ancaq paradoks yaranır. Çünki İranın hazırkı rəhbərliyinin TRIPP marşrutuna qarşı hansısa əks baxışı yoxdur. Yəni Prezident Məsud Pezeşkianın, eləcə də bu günlərdə Bakıda səfərdə olmuş Xarici işlər naziri Seyid Abbas Əraqçinin dilindən nə etiraz, nə də etiraza eyham vuran hansısa fikir ifadə olunub. Ona görə ki, Azərbaycan kifayət qədər şəffaf mövqe tutur, regional kommunikasiyaların açılmasının bütün aspektlərinə aydınlıq gətirir, hansısa şübhə yeri qoymur. Bu, həm də təminatdır. Təminatın müəllifi isə Prezident İlham Əliyevdir.
Digər tərəfdən, Vilayətinin fikirlərini Ermənistanın İrandakı səfiri ilə görüşdə açıqlamasına diqqət yetirək. Məsələ ondadır ki, bir vaxtlar rəsmi İrəvan Zəngəzur dəhlizinin timsalında Naxçıvana maneəsiz yola qarşı çıxırdı. Erməni iqtidarının təmsilçiləri vurğulayırdılar ki, dəhliz məntiqi ölkələrinin ərazi bütövlüyünü və suverenliyini təhdid altına alır. Mövcud xüsusda İran rəhbərliyinin də zamanında özü üçün “qırmızı xət”lər müəyyənləşdirdiyindən xəbərimiz var. Rəsmi Tehran Zəngəzur dəhlizini regionda “sərhədlərin dəyişdirilməsi cəhdi” olaraq önə çəkirdi. Bir sözlə, İranla Ermənistan arasında fikir yaxınlığı var idi. Hazırda Ermənistan Tramp marşrutu ideyasına razılıq verməklə, faktiki olaraq, Zəngəzur dəhlizi ilə də barışmış durumdadır. Bəs Ə.Vilayəti nə edir? O, erməni səfirə belə bir durumun yolverilməzliyini anlatmağa çalışır. Əlbəttə, buna anlatmaq demək mümkündürsə...
Bəli, İran üçün Azərbaycanın digər əraziləri ilə Naxçıvanı birləşdirəcək təxminən 40 kilometrlik yol Qara dənizə çıxmaq imkanı, Rusiya ilə dolayı əlaqə xəttidir. Amma heç kəs bu xətti bağlamaq barədə düşünmür. Əksinə, TRIPP marşrutu və Zəngəzur dəhlizi ideyası nəhəng regional kommunikasiya habı yaradır ki, bundan bütövlükdə region ölkələrinin fayda götürəcəyi dəfələrlə vurğulanıb. O da bildirilib ki, məsələ regiona davamlı sülh və sabitlik gətirəcək. Bunun nəyi pisdir?
Vilayətinin əndişə duyduğu NATO hərbi mövcudluğu məsələsinə gəlincə, hər halda, belə bir durum yaransa, heç nə gizli qalmayacaq və İran öz növbəsində cavab tədbirləri görmək imkanındadır. Amma nəinki bu durum, heç ona bənzər işartı da yoxdur. Yəni, yaxşı olar ki, cənab Vilayəti fikirlərini köhnə klişelər və mənasız əndişələr üzərində qurmasın. Ümumən, onun yeni dövrdə yaşamağı öyrənməsi çox vacibdir.
Köhnə klişelərdən söz düşmüşkən, İranda kimsə və ya kimlərsə düşüncələrində Türkiyə–Azərbaycan bloku təsəvvürə gətirib haqqında söz açdığımız 40 kilometrlik yolu həmin bloka qarşı balans aləti qismində görməməlidir. Nəzərə alınmalıdır ki, Azərbaycan üçün başlıca məqam özünün əsas hissəsi ilə Naxçıvan arasında yolun maneəsizliyidir. Ölkəmizin buna tam haqqı çatır. Axı, Vilayətinin tarixdən xəbəri var. Yoxsa, o, sabiq SSRİ dönəmini xatırlamır? Xatırlayır, elə isə niyə yaddan çıxarır ki, həmin Sovetlər Birliyi təzə yarananda 40 kilometrlik ayırıcı xətt olmamışdı. Yəni Azərbaycanın əsas hissəsi Naxçıvanla birləşirdi.
Vəlvələdən, yaxud zəlzələdən indi həmin məsafə Ermənistan ərazisidir və Azərbaycan Ermənistanın ərazi bütövlüyünü və suverenliyini tanıyır. Deməli, müşavir əmin olmalıdır ki, İranın ənənəvi marşrutlarından istifadə icazəsini verəcək nə Azərbaycan, nə ABŞ, nə də bir başqa dövlət yox, məhz Ermənistandır. Ermənistan Tramp marşrutuna razılıq verirsə, bu, niyə Tehranın marağında olan həmin ənənəvi yolun bağlanması anlamına gəlməlidir? Anlamaq çətindir.
Vilayəti kimi şəxslərin düşüncələrini həm də ona görə anlamaq müşküldür ki, köhnənin klişelərinə tutulan bu şəxslər, sanki, öz ölkələrinin maraq və mənafelərini düşünməyəcək qədər iflic durumdadırlar. Məgər İranın beynəlxalq durumu çoxmu yaxşıdır? Ölkə hər yandan sıxılır və əslində, Zəngəzur dəhlizi ideyası ona iqtisadi baxımdan fayda vəd edir. Bu faydanı görüb dəyərləndirməkdəksə, NATO “zəngulələrinə” baş vurmaq kənardan olduqca bəsit görünür.
***
Sonda yenidən bir dövlət xadiminin öz ölkəsinin mənafelərini düşünməsi üzərində dayanaq. Bu zaman istər-istəməz ortaya müəyyən şübhəli məqamlar çıxır. Fikrimizi əsaslandırmaq üçün qeyd edək ki, dekabrın ilk günlərində Ermənistanla Avropa İttifaqı arasında strateji tərədaşlıq gündəliyi adlanan sənəd imzalandı. Sənədin ayrı-ayrı müddəalarının anti-Azərbaycan mahiyyət daşıdığı məlumdur. O da məlumdur ki, sözügedən gündəlik fonunda bəzi Aİ rəsmilərinin açıqlamaları kimlərinsə TRIPP marşrutunu fərqli tərzdə dəyərləndirmək, reallığı təhrif etmək niyyətlərinin mövcudluğunu göstərdi.
İndi necə başa düşək? Belə düşünək ki, cənab Vilayəti də kimlərinsə düşərgəsində yer alır? Bir halda ki, İran dövlətinin hazırkı administrasiyasından Zəngəzur dəhlizi xüsusunda hansısa mənfi reaksiya yoxdur, cənab müşavirin ortaya düşüb “havanı korlamasına” başqa ad tapmaq olmur. Ermənistanın İranla sərhədində Aİ-nin müşahidəçilərinin keşik çəkdiyi indiki durumda Vilayəti buna yox, Zəngəzur dəhlizinə “ilişib” İranın təhlükəsizliyinə təhdid axtarırsa, cənab müşavirin öz ölkəsinin mənafeyini düşündüyünü, yoxsa kimlərinsə cəbhəsində yer aldığını söyləmək xeyli çətinləşir. Ümid edək ki, ikinci durum yoxdur.
Ə.CAHANGİROĞLU
XQ

