Çoxqütblü dünyada mötəbər dialoqun yenidən qurulması

post-img

Ər-Riyadda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının (UNAOC) 11-ci Qlobal Forumu çoxqütblü dünya nizamında normativ güc uğrunda gedən sakit, lakin dərin geosiyasi mübarizənin bir hissəsidir. Forumun məkanı, mövzu seçimi və iştirakçı tərkibi onu göstərir ki, “dialoq” siyasi alət, strateji legitimlik mexanizmi və yumşaq güc platformasıdır.

Qlobal Forum fundamental analitik sualları gündəmə gətirir. Maraqlıdır: niyə sivilizasiyalararası dialoq mövzusu məhz çoxqütblü dünya mərhələsində yenidən ön plana çıxır? Soyuq müharibədən sonra formalaşmış Qərb mərkəzli liberal beynəlxalq nizam uzun müddət özünü həm güc, həm də norma istehsalçısı kimi təqdim edə bilmişdi. Demokratiya, insan hüquqları və bazar iqtisadiyyatı universal model statusu qazanmış, alternativ yanaşmalar isə ya marginallaşdırılmış, ya da “keçid mərhələsi” kimi qiymətləndirilmişdi. Lakin son onillikdə bu normativ hegemonluq tədricən aşınmağa başladı. Qlobal maliyyə böhranları, regional müharibələr, ikili standartlara dair artan ittihamlar və Qərbin öz daxilində yaşadığı siyasi parçalanmalar universal model iddiasını ciddi şəkildə zəiflətdi. Nəticədə, beynəlxalq sistemdə güc balansı ilə yanaşı, dəyər və legitimlik müstəvisində də boşluq yarandı.

Çoxqütblü dünya məhz bu nöqtədə öz mahiyyətini göstərir. Yeni mərhələdə dövlətlər və regional mərkəzlər yalnız hərbi potensial və iqtisadi çəkiləri ilə deyil, təklif etdikləri normativ çərçivə ilə rəqabət aparırlar. Bu rəqabət daha çox “idarəolunan müxtəliflik”, “inklüzivlik” və “qarşılıqlı hörmət” kimi anlayışlar üzərində gedir. Çünki fərqli sivilizasiya modellərinin yanaşı mövcud olduğu bir sistemdə tək bir dəyər paketinin universallaşdırılması mümkün deyil. Belə şəraitdə dialoq və kompromis sistem davamlılığının şərti kimi ortaya çıxır.

UNAOC forumunun gündəliyində ön plana çıxan “məsuliyyətli liderlik” və “inklüziv dialoq” anlayışları bu reallığın siyasi ifadəsidir. Əslində, bu anlayışlar qlobal idarəetmənin kimin tərəfindən və hansı əsaslarla həyata keçiriləcəyi sualına verilən alternativ cavabdır. Qərbin uzun müddət monopoliyasında olan “qlobal norma istehsalı” sahəsi artıq paylaşılır və bu paylaşım açıq qarşıdurma ilə deyil, dialoq dili ilə aparılır. Dialoq bu kontekstdə çoxqütblü sistemdə legitimlik istehsal edən siyasi mexanizm funksiyasını daşıyır. Məhz bu səbəbdən sivilizasiyalararası dialoq mövzusu bu gün yenidən aktuallaşır. Çünki çoxqütblü dünyada sabitlik üçün fərqli dəyər sistemlərinin bir-birini inkar etmədən yanaşı mövcud olması üçün yeni normativ çərçivəyə ehtiyac var. UNAOC forumu bu ehtiyaca cavab olaraq dialoqu normativ vakuumu dolduran, parçalanmış qlobal məkanı birgə idarəetmə məntiqi ilə birləşdirməyə çalışan siyasi platforma kimi çıxış edir.

***

Bəs forumun Səudiyyə Ərəbistanında keçirilməsinin hansı geosiyasi əhəmiyyəti var? Qeyd edə bilərik ki, UNAOC-un 1-ci Qlobal Forumunun məhz Ər-Riyadda keçirilməsi Körfəz regionunun beynəlxalq sistemdəki rolunun transformasiyasını simvolizə edir. Uzun illər qlobal siyasətdə əsasən enerji tədarükçüsü və maliyyə resursları ilə ölçülən Səudiyyə Ərəbistanı bu gün özünü normativ və ideya istehsal edən aktor kimi təqdim etməyə çalışır. Dəyişimin mərkəzində “Vision 2030” dayanır və forum həmin strategiyanın diplomatik-mədəni ölçüsünün açıq nümayişidir.

Eyni zamanda, Ər-Riyad bu platforma vasitəsilə qlobal gündəmi formalaşdıran aktor kimi çıxış etmək niyyətini göstərir. Burada əsas məqsəd yalnız müsbət imic yaratmaq deyil, Səudiyyə Ərəbistanını müxtəlif sivilizasiya və siyasi bloklar arasında təmas nöqtəsi kimi mövqeləndirməkdir. İslam dünyası ilə Qərb arasında uzun illər mövcud olmuş etimadsızlıq və dəyər fərqləri fonunda Ər-Riyad özünü dialoqun mərkəzi kimi təqdim edir. Forumun gündəliyində mədəni və dini müxtəlifliyin idarə oluna bilən və hətta faydalı resurs kimi təqdim edilməsi də Səudiyyə Ərəbistanının öz daxili transformasiya narrativi ilə birbaşa uzlaşır. Bütün bunlarla krallıq göstərməyə çalışır ki, fərqliliklərin tanınması düzgün idarə olunduqda sosial və siyasi davamlılıq yaradan elementə çevrilə bilər.

Ən mühüm geosiyasi siqnal isə ondan ibarətdir ki, Ər-Riyad qlobal normativ mərkəzlərin coğrafiyasını genişləndirmək iddiasındadır. Forum vasitəsilə səsləndirilən əsas mesajlardan biri budur: beynəlxalq normalar və dəyərlər artıq yalnız Brüssel, Vaşinqton və ya ənənəvi Qərb paytaxtlarında formalaşmır. Çoxqütblü dünyada bu proses daha çox mərkəzli, daha çox səsli və daha az monopoliyalı xarakter alır. Səudiyyə Ərəbistanı özünü bu yeni mərkəzlərdən biri kimi təqdim etməklə qlobal siyasətdə statusunu keyfiyyətcə dəyişməyə çalışır.

***

Azərbaycanın bu platformada iştirakı hansı strateji xəttin davamıdır? Ölkəmizin Ər-Riyadda keçirilən UNAOC Qlobal Forumunda iştirakı taktiki xarakter daşımır və konkret bir tədbirlə məhdudlaşan diplomatik jest kimi oxuna bilməz. Bakının iştirakı son illər ardıcıl şəkildə qurduğu və beynəlxalq sistemdə özünəməxsus mövqe formalaşdırmağa yönəlmiş strateji xəttin – “körpü-dövlət” konsepsiyasının məntiqi davamıdır. Azərbaycan bu konsepsiya çərçivəsində özünü nə Qərb mərkəzli normativ hegemonluğun passiv istehlakçısı, nə də alternativ güc bloklarının ideoloji əlavəsi kimi təqdim edir. Müasir mərhələdə Bakı çoxqütblü dünya nizamında dialoqu istehsal edən, fərqli dəyər sistemləri arasında əlaqə yaradan müstəqil aktor roluna iddia edir.

Azərbaycanın multikulturalizm və dinlərarası dialoq sahəsində yaratdığı platformalar, xüsusilə Bakı Prosesi çərçivəsində keçirilən beynəlxalq forumlar ölkəni dialoq mövzusunda normativ təcrübə sahibi aktora çevirib. Forumun gündəliyində yer alan rəqəmsal dezinformasiya, süni intellektlə gücləndirilmiş nifrət diskursları və miqrasiya narrativlərinin manipulyasiyası kimi mövzular Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki ölkə son illər açıq şəkildə informasiya müharibəsinin hədəfi olmuş, eyni zamanda, postmünaqişə mərhələsində öz siyasi və hüquqi narrativlərini beynəlxalq müstəvidə yenidən qurmaq zərurəti ilə üzləşmişdir. Azərbaycan bu mövzulara təhlükə prizmasından yanaşmır, informasiya məkanında legitimlik və həqiqət uğrunda mübarizənin necə aparılmalı olduğuna dair təcrübə paylaşır.

Bu kontekstdə Ər-Riyad forumu Azərbaycan üçün çoxqütblü dünyada öz normativ xəttini ixrac etmək üçün əlverişli platformadır. Bakı dialoq, qarşılıqlı hörmət və inklüzivlik anlayışlarını konkret siyasi davranış modeli kimi təqdim etməyə çalışır. Mövcud amillər Azərbaycanın regional aktordan qlobal normativ diskussiyalara töhfə verən ölkəyə çevrilmək niyyətini göstərir.

Azərbaycan və Səudiyyə Ərəbistanı timsalında dialoq artıq Qərb–Qərb müzakirəsi yox, Qlobal Cənubun da qaydaları yenidən yazmağa başladığı çoxtərəfli proses kimi formalaşır. Çoxqütblü dünyada dialoq daha çox aktorun səsini eşitdirən, fərqli təcrübələri legitim bilən və normativ monopoliyanı parçalamağa yönəlmiş prosesə çevrilir. Bütün bu amillər beynəlxalq sistemdə yalnız gücün deyil, mənanın və narrativin də paylaşılmasına doğru gedən dərin struktur dəyişikliyindən xəbər verir.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru

Siyasət