Parlament təhsil, enerji və məhkəmə ilə bağlı qanunlara dəyişiklikləri qəbul etdi
Spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasda əvvəlcə Milli Məclis adından Azərbaycan Prezidenti İlham Əliyevə doğum günü münasibətilə təbrik məktubu ünvanlandı. Bununla bağlı S.Qafarova çıxışında dedi: “Möhtərəm İlham Əliyev fəaliyyətinin miqyasına və əhəmiyyətinə görə milli tariximizdə müstəsna yeri olan siyasi və dövlət xadimidir. Eyni zamanda, o, dünya siyasətinin tanınmış və nüfuzlu şəxsiyyətlərindən biridir. Müasir Azərbaycanın dinamik iqtisadiyyata malik olan, regional və qlobal proseslərdə önəmli rol oynayan dövlət kimi inkişaf etməsi İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti ilə bağlıdır.
Məhz onun fenomenal liderlik məharəti, strateji baxışı, əzmi və cəsarəti sayəsində Azərbaycan sabitlik və quruculuq məkanına çevrilib, dövlətimiz keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Təklif edirəm ki, doğum günü münasibətilə möhtərəm Prezidentimizə Milli Məclis adından təbrik məktubu ünvanlayaq və Azərbaycan dövlətinin daha da möhkəmlənməsi və inkişaf etməsi naminə dəyərli fəaliyyətində ona böyük uğurlar arzulayaq”.
Cari məsələlərin müzakirəsi zamanı da deputatlar ölkə başçısını doğum günü münasibətilə təbrik etdilər. Zahid Oruc, Mübariz Qurbanlı, Azər Kərimli, Azər Badamov, Nigar Məmmədova, Fazil Mustafa və digərləri Prezidentə həm şəxsi, həm də təmsil etdikləri seçki dairələri adından təbriklərini çatdırdılar, onun rəhbərliyi ilə müasir və müstəqil Azərbaycanın davamlı inkişaf yolunda inamla irəlilədiyini vurğuladılar.
Daha sonra gündəlikdəki məsələlərin müzakirəsinə keçildi. İlk olaraq “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında 2017-ci il 31 oktyabr tarixli Sazişə Əlavə Protokol”un və “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair 2021-ci il 19 fevral tarixli Protokola Əlavə Protokol”un təsdiq edilməsi barədə qanun layihələri dinlənildi. Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov hər iki qanun layihəsi barədə ətraflı məlumat verdi. Komitə üzvü Siyavuş Novruzov qanun layihəsi ətrafında çıxışında bildirdi ki, ölkəmizdə Türkiyə məktəblərinin üstünlük təşkil etməsi vacibdir: “Azərbaycanda müxtəlif ölkələrin məktəbləri fəaliyyət göstərir. Məsələn, Avropa, yaxud rus məktəbləri. Hesab edirəm ki, Türkiyə məktəbləri üstünlük təşkil etməlidir. Türkiyədə hərbi təhsil alan azərbaycanlı tələbələrin ordumuzun gələcəkdə NATO standartlarına uyğun qurulmasında yeri və rolu böyükdür”.
Mədəniyyət komitəsinin sədri Fazil Mustafa çıxışında dedi ki, Türkiyə ilə çox sayda protokolllar imzalansa da, Türkiyə–Azərbaycan Universitetinin yaradılmasına hələ nail olunmayıb: “Nümunəvi Türkiyə–Azərbaycan Universiteti üçün addımlar atıldı, amma bu məsələni nüfuzlu bir universitetə çevirə bilmədik. Digər sahələrdə çox gözəl əlaqələrimiz var. Amma təhsildə sənəddən o tərəfə gedəcək bir sıra məqamları gerçək həyatda tətbiq edə bilmirik”.
Müzakirələrdən sonra Milli Məclis Azərbaycan və Türkiyə arasında təhsil və peşə təhsili sahəsində əməkdaşlıqla əlaqədar əlavə protokolları ratifikasiya etdi, sənədlər müzakirələrdən sonra səsverməyə qoyularaq bir oxunuşda qəbul edildi.
Daha sonra gündəlikdəki növbəti məsələ – “Azərbaycan Respublikası ilə Oman Sultanlığı arasında vizadan qarşılıqlı azad edilməyə dair” Sazişin ratifikasiyası haqqında qanun layihəsi müzakirəyə çıxarıldı. Layihəni Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov təqdim etdi. Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edildi.
Deputat Anar İsgəndərov “Ümumi təhsil haqqında” qanun layihəsinin əvvəlki oxunuşlarda səsləndirilmiş müddəalarının qüvvədə qaldığını və əlavə təkliflərin olmadığını bildirdi. Dəyişikliklərə əsasən, müəllimlərin işə qəbulu (MİQ) ilə əlaqədar keçirilən müsabiqədə iştirak ödənişli olacaq. Ödəniş ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin, şəhid ailəsinin üzvləri və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslərə münasibətdə nəzərdə tutulmayıb. Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edildi.
Müzakirəyə çıxarılan “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında”, “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” qanunlara edilən dəyişikliklər müzakirələrdən sonra səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edildi.
Növbəti məsələlər – “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə MM-in Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Kamal Cəfərov məlumat verdi. Deputat qanun layihəsinin əvvəlki oxunuşlardan cüzi fərqləndiyini, mətnə “Azərbaycan Respublikasının Qanunu” ifadəsinin əlavə olunduğunu qeyd edərək, sənədin səsverməyə çıxarılmasını təklif etdi. Səsvermədən əvvəl məsələ ilə bağlı Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov təkliflə çıxış etdi. Deputat tibb fakültəsi məzunları üçün hərbi xidmət zamanı qısamüddətli, maaşlı və ixtisaslarına uyğun təşkil olunmasını təklif etdi. Onun sözlərinə görə, tibb fakültəsi məzunlarının hamı kimi hərbi xidmətə cəlb olunması onların şəxsi karyerasına və səhiyyə sisteminin davamlılığına təsir göstərir: “Hesab edirəm ki, biz Türkiyə, İsrail və Cənubi Koreyadakı yeni yanaşmaları tətbiq etməliyik. Yanaşma odur ki, tibb fakültəsi məzunlarının hərbi xidməti qısamüddətli, maaşlı və ixtisaslarına uyğun təşkil olunur. Məqsəd kiməsə güzəşt etmək deyil, dövlətin ehtiyaclarını daha ağıllı şəkildə qarşılamaqdır. Bunun sayəsində ordu real tibbi xidmət qazanacaq, dövlət isə kadr itirməyəcək". Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edildi.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov plenar iclasın gündəliyinə çıxarılan “Dövlət rüsumu haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlara dəyişiklik edilməsi barədə qanun layihəsinin ikinci oxunuşda səsverməyə çıxarılmasını təklif etdi. Deputat Razi Nurullayev qanun layihəsi ətrafında gedən müzakirələr zamanı bəzi problemlərin qaldığını bildirdi: “Prezident tərəfindən sənədsiz obyektlərin sənədləşdirilməsi ilə bağlı əlavə tədbirlər imzalanıb və bunun məqsədi sahibkarların fəaliyyətini asanlaşdırmaq, iqtisadiyyata dəstək verməkdir. Lakin 18 mindən çox müraciətə baxmayaraq, təxminən 4-5 min obyekt sənədləşdirilib. Bu, onu göstərir ki, hər beş sahibkardan dördü hələ də nəticə əldə edə bilmir”. Deputat prosedurların sadələşdirilməsi, cavab müddətlərinin konkret müəyyən edilməsi və portal qeydiyyatı vaxtının uzadılmasının vacibliyini vurğuladı: “Fərmanın məqsədi düzgün olsa da, icra mexanizmi zəifdir və aidiyyəti qurumlar üzərinə düşən vəzifələri tam yerinə yetirmir”. Qanun layihəsi ətrafında digər deputatlar da çıxış etdilər. Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq ikinci oxunuşda qəbul olundu.
Son olaraq, Əmək, Cinayət, Vergi və Cəzaların İcrası məcəllələrində dəyişiklik edilməsi barədə qanun layihələrinin hər biri ikinci oxunuşda səsverməyə çıxarılaraq qəbul edildi. Bununla da MM-in növbəti plenar iclası başa çatdı.
Tacir SADIQOV
XQ

