“Zəngəzur dəhlizi: yeni regional nəqliyyat xəritəsi, strateji bağlantı və ‘Tramp marşrutu’ reallığı”

post-img

Prezident İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə ən çox müzakirə olunan mövzulardan biri Zəngəzur dəhlizinin reallaşması və bunun regional inteqrasiya üçün yaratdığı imkanlar oldu. Prezident İlham Əliyev bu məsələni təkcə nəqliyyat layihəsi kimi təqdim etmir; o, Zəngəzur dəhlizini Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında coğrafi bağlantının bərpası və eyni zamanda beynəlxalq tranzit imkanlarının genişlənməsi baxımından strateji layihə kimi xarakterizə edir. Dövlət başçısının vurğuladığı kimi, bu dəhlizin açılması artıq ABŞ Prezidenti tərəfindən də təsdiqlənmişdir və bu, məsələnin siyasi müstəvidə tam həll olunmuş kimi qəbul edilməsinə əsas yaradır.

Prezident İlham Əliyev müsahibədə qeyd edir ki, Azərbaycan bu dəhlizi İkinci Qarabağ müharibəsindən bir neçə ay sonra icra etməyə başlayıb. Onun sözlərinə görə, 2021-ci ilin əvvəlində artıq dəmir yolunun təməli qoyulmuşdu. Bu fakt göstərir ki, Azərbaycan dəhlizin açılacağına dair strateji əminliklə hərəkət edib və öncədən böyük investisiya və infrastruktur hazırlıqlarına başlayıb. Prezident İlham Əliyev bunu açıq şəkildə ifadə edir: əgər şübhə olsaydı, Azərbaycan bu qədər vəsait qoymazdı. Burada diqqətçəkən məqam odur ki, dövlət başçısı həm strateji planlama, həm də siyasi iradə mövqeyindən çıxış edir və Zəngəzur dəhlizinin açılmasını istənilən halda reallaşacaq bir layihə kimi təqdim edir.

Müsahibədə Mirşahin Ağayev dəhliz barədə danışarkən onun “Amerika Birləşmiş Ştatları və Ermənistan arasında imzalanmış beynəlxalq sülh və rifah naminə Tramp marşrutu üzrə razılaşma” kimi bir adla da səsləndirildiyini bildirir. Prezident İlham Əliyev isə bu kontekstdə məsələnin artıq Trampın iştirakı ilə həll olunmasını dəhlizin “tamamilə həll edilmiş məsələ” kimi ortaya qoyduğunu qeyd edir. Bu ifadə, siyasi qərarların nəqliyyat layihəsinə yeni status verdiyini göstərir: dəhliz artıq təkcə regional razılaşma deyil, daha geniş siyasi platformanın təsdiqlədiyi layihə kimi təqdim olunur.

Prezident İlham Əliyev Zəngəzur dəhlizi istiqamətində görülən işləri konkret rəqəmlərlə izah edir. O bildirir ki, Ermənistan sərhədinə gedən yollar – həm dəmir yolu, həm avtomobil yolu – demək olar ki, tezliklə hazır olacaq. Avtomobil yolunun hazırlığı təxminən 95 faizdir. Dəmir yolunun fiziki hazırlığı isə 70 faizdir. Prezident İlham Əliyev əlavə edir ki, işi sürətləndirmək mümkündür, lakin Ermənistan ərazisində hələ heç bir iş görülmədiyinə görə buna ehtiyac görmürlər. Dövlət başçısının sözlərinə görə, Ermənistan ərazisində 42 kilometr yol inşa edilməlidir. Bu fakt bir daha göstərir ki, Azərbaycan öz öhdəliklərini yerinə yetirərək infrastrukturunu hazır vəziyyətə gətirir, lakin layihənin tam işlək hala gəlməsi üçün Ermənistan tərəfinin də konkret addımlar atması vacibdir.

Naxçıvan istiqamətində də işlərin gedişi diqqətəlayiqdir. Prezident İlham Əliyev qeyd edir ki, yolun uzunluğu təxminən 190 kilometrdir və onun böyük hissəsi mövcuddur. Düzdür, vəziyyəti o qədər də yaxşı deyil, lakin hazırkı yüklərin daşınması üçün kifayət edir. Bununla yanaşı, Ordubad və Sədərək istiqamətində olmayan hissələr də mövcuddur. Prezident İlham Əliyev bildirir ki, Azərbaycan Naxçıvan ərazisində olmayan dəmir yollarını tikməyə başlayıb və hesab edir ki, bir-iki ilə bu hissə də başa çatacaq. Bu yanaşma Zəngəzur dəhlizinin sadəcə bir keçid yolu deyil, bütövlükdə regionun nəqliyyat sisteminə inteqrasiya olunacaq kompleks layihə olduğunu göstərir.

Prezident İlham Əliyev dəhlizin iqtisadi potensialını da açıqlayır. Onun sözlərinə görə, layihə tam başa çatandan sonra yükötürmə qabiliyyəti 15 milyon tona bərabər olacaq. Bu rəqəm Zəngəzur dəhlizinin regional tranzit sistemində böyük rol oynayacağını göstərir. Dövlət başçısı qeyd edir ki, dəhliz həm Şərq-Qərb, həm Şərq-Cənub, hətta Şimal-Cənub marşrutunun bir qolu ola bilər. Burada Prezident İlham Əliyev çox əhəmiyyətli bir strateji məqamı vurğulayır: hazırda Şimal-Cənub layihəsi əsasən Rusiya-Azərbaycan-İran xətti, yəni Rəşt-Astara yolu ilə əlaqələndirilir. Lakin Zəngəzur dəhlizi açılandan sonra sovet dövründə mövcud olmuş Sovet İttifaqı-İran yolu yenidən bərpa ediləcək. Prezident İlham Əliyev bu marşrutu belə təsvir edir: Rusiya-Bakı-Ağbənd-Ermənistan-Naxçıvan-Culfa-Fars körfəzi. Bu, Şimal-Cənub marşrutunun ikinci yolu olacaq.

Zəngəzur dəhlizi, Prezident İlham Əliyevin sözlərinə görə, Orta Dəhlizin də ikinci yolu olacaq və yükaşırma qabiliyyətini artıracaq. Yol Naxçıvandan iki istiqamətdə davam edəcək: bir istiqamət Türkiyə-Avropa, digər istiqamət isə İran, Fars körfəzi və Yaxın Şərq. Bu, Azərbaycanın tranzit və logistika mərkəzi kimi rolunu daha da möhkəmləndirəcək. Prezident İlham Əliyev qeyd edir ki, yüklər Azərbaycanda cəmləşəcək və buradan müxtəlif istiqamətlərə gedəcək. Bu da Azərbaycanın “istiqamətverici tərəf” rolunu gücləndirir.

Prezident İlham Əliyev Zəngəzur dəhlizinin açılmasını “həll olunmuş məsələ” kimi qəbul edir və Ermənistanın bundan boyun qaçırmasının özünəqəsd olacağını bildirir. Dövlət başçısı xüsusilə vurğulayır ki, ABŞ Prezidenti Tramp bu yola öz adını verib və artıq bu onun yoludur. Bu fikir, layihənin siyasi yükünün artdığını və Ermənistan üçün əlavə məsuliyyət yaratdığını göstərir. Prezident İlham Əliyev Ermənistanla bağlı xəbərlərin bu il yolun fiziki tikintisinin nəzərdə tutulduğunu göstərdiyini də qeyd edir.

Dəhlizin regional əhəmiyyətini artıran daha bir layihə Qars-Naxçıvan dəmir yoludur. Prezident İlham Əliyev bildirir ki, keçən il Türkiyə tərəfi bu dəmir yolunun tikintisi ilə bağlı qərar qəbul edib. Beləliklə, Naxçıvandan Qarsa qədər Türkiyənin dəmir yolları şəbəkəsinə tam bağlantı olacaq. Prezident İlham Əliyev bunu çox önəmli layihə hesab edir və qeyd edir ki, bu bağlantı mütləq olmalıdır. Bu layihələr koordinasiya şəklində aparılmalıdır ki, xərclərə qənaət edilsin və infrastruktur hazırlığı sinxronlaşdırılsın.

Prezident İlham Əliyev Zəngəzur dəhlizi ilə yanaşı, Araz dəhlizinə də diqqət çəkir. Onun sözlərinə görə, Ağbənd qəsəbəsində Arazın üzərindən körpü inşa edilir və təşəbbüskar Azərbaycan olub. Körpü Azərbaycanın vəsaiti ilə tikilir. Dövlət başçısı vurğulayır ki, Azərbaycanın əsas hissəsindən Naxçıvana İran ərazisindən cəmi 45-50 kilometr gediş olacaq. Beləliklə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında iki bağlantı olacaq: biri Ermənistan üzərindən Zəngəzur dəhlizi, biri isə İran üzərindən Araz dəhlizi. Bu iki alternativ bağlantı Azərbaycanın geosiyasi və logistika təhlükəsizliyini daha da gücləndirir.

Nəticə etibarilə, Prezident İlham Əliyevin müsahibəsinə əsasən, Zəngəzur dəhlizi təkcə bir yol deyil; bu, Azərbaycanın regional liderliyini, tranzit mərkəzi rolunu və strateji bağlantı imkanlarını genişləndirən mühüm layihədir. Dövlət başçısının vurğuladığı kimi, dəhliz artıq siyasi və praktiki baxımdan reallaşma mərhələsinə daxil olub və gələcəkdə Cənubi Qafqazın iqtisadi və nəqliyyat xəritəsini köklü şəkildə dəyişəcək.

Azər Əhmədov,
Respublika Pediatriya Mərkəzinin direktoru, Mirəsədulla Mirqasımov küçəsi 2 ( RPM PHŞ) üzrə ƏPT sədri

Siyasət