BMTM İtaliyanın Beynəlxalq Siyasi Araşdırmalar İnstitutu tərəfindən dərc edilmiş araşdırmaya münasibət bildirib

post-img

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) İtaliyanın Beynəlxalq Siyasi Araşdırmalar İnstitutu (ISPI) tərəfindən dərc edilmiş, Mattia Massolettinin müəllifi olduğu “Selektiv ədalət? Ermənistan və Ukraynada sülh təşəbbüslərinin müqayisəsi” adlı araşdırmaya münasibət bildirib.

AZƏRTAC-ın məlumatına görə, BMTM-in açıqlamasında qeyd olunub ki, sözügedən məqalədə keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə Ukraynadakı hazırkı münaqişə arasında paralellər aparılır, Ermənistan-Azərbaycan münaqişəsində mövcud faktlar görməzdən gəlinir, məsuliyyət yanlış tərəfə yönləndirilir, eləcə də Ukraynaya münasibətdə nümayiş etdirilən beynəlxalq dəstəyin Ermənistana göstərilmədiyi iddia edilərək “selektiv ədalət” yanaşması irəli sürülür.

Mərkəz bildirir ki, müəllifin arqumentinin əsas zəifliyi Azərbaycan ərazilərinin işğalı faktının və bununla bağlı məsuliyyətin subyektinin qeyri-müəyyən təqdim olunmasıdır. Halbuki Ermənistan-Azərbaycan münaqişəsində məsuliyyət fərziyyə xarakteri daşımır və danışıqlar predmeti ola bilməz. Beynəlxalq hüquqa görə məsuliyyət açıq şəkildə Ermənistana aiddir və bu reallığı nəzərə almayan istənilən təhlil münaqişənin siyasi-hüquqi mahiyyətini təhrif edir.

Açıqlamada vurğulanır ki, Ermənistanın məsuliyyətini təsbit edən hüquqi əsaslar onilliklərdir qüvvədədir. Bu baxımdan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri Azərbaycan Respublikasının ərazi bütövlüyünü aydın şəkildə təsdiqləyir və Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Həmin qətnamələr işğal faktını və Ermənistanın bu işğalda məsuliyyətini hüquqi baxımdan təsbit edir.

BMTM, həmçinin Avropa İnsan Hüquqları Məhkəməsinin “Çıraqov və başqaları Ermənistana qarşı” işi üzrə qərarını xatırladaraq qeyd edir ki, məhkəmə Ermənistanın “Dağlıq Qarabağ” və ətraf işğal olunmuş ərazilər üzərində effektiv nəzarət həyata keçirdiyini və bu səbəbdən həmin ərazilərdə baş verən hüquq pozuntularına görə məsuliyyət daşıdığını müəyyən edib.

Mərkəzin açıqlamasında diqqətə çatdırılır ki, araşdırmada Ruben Vardanyan əsasən siyasi və ya vətəndaş fiquru kimi təqdim olunur, onun maliyyə fəaliyyəti və digər ciddi ittihamları, eləcə də 2020-ci ildən sonra Azərbaycan ərazilərində separatçı idarəçilik strukturlarının möhkəmləndirilməsinə yönəlmiş destruktiv fəaliyyəti lazımi səviyyədə nəzərə alınmayıb.

Nəticə olaraq, BMTM bildirir ki, Ermənistan-Azərbaycan münaqişəsi “selektiv ədalət” yanaşması üçün nümunə ola bilməz. Əksinə, sözügedən araşdırma beynəlxalq hüququn selektiv təfsirinin nümunəsi kimi qiymətləndirilə bilər.

Siyasət