Qərbi Azərbaycan mövzusu kəşfiyyat qurumunu niyə narahat edir?
Ermənistanın Xarici Kəşfiyyat Xidməti (XKX) özünün illik hesabatını açıqlayıb. Xidmət 2026-cı ildə Ermənistan–Azərbaycan münasibətlərinin normallaşması prosesi ilə bağlı proqnozunu da təqdim edib.
XKX-nin rəhbəri Kristine Qriqoryan qurumun hesabatının əsas tezislərini səsləndirərkən bildirib ki, cari ildə Ermənistanla Azərbaycan arasında eskalasiya ehtimalı son dərəcə aşağıdır. Bununla belə, o, parlament seçkiləri ərəfəsində ölkədaxili siyasi proseslərə xarici müdaxilə risklərinin arta biləcəyini istisna etməyib. “Seçki prosesləri ənənəvi olaraq təsir imkanlarını genişləndirməyə çalışan xarici oyunçular üçün əlverişli zəmin yaradır”, – deyə Qriqoryan vurğulayıb. O, konkret dövlətin və ya dövlətlərin adını çəkməkdən yayınsa da, bu cür fəaliyyətlərin sistemli və məqsədyönlü xarakter daşıdığını qeyd edib.
Hesabatda xüsusi qeyd olunur ki, Ermənistanla Azərbaycan arasında hərbi eskalasiya ehtimalının əhəmiyyətli dərəcədə azalması Vaşinqton razılaşmaları və tərəflər arasında 2025-ci il avqustun 8-də sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında sazişin mətninin paraflanması ilə bağlıdır. Eyni zamanda, sənəddə sərhədlərin delimitasiyası və demarkasiyası məsələsində yeni irəliləyişlərin əldə olunması, ticari-iqtisadi təşəbbüslərin həyata keçirilməsi, iki cəmiyyət arasında dialoqun genişlənməsi və humanitar layihələrin reallaşdırılması ehtimalının yüksək olduğu vurğulanır. Regionda kommunikasiyaların açılması məsələsinə münasibətdə də Xarici Kəşfiyyat Xidmətində nikbin əhvali-ruhiyyə hökm sürür.
Lakin bütün bu nikbinliyə baxmayaraq, hesabatda könül bulandıran məqamlar da yer alıb. Söhbət Ermənistan kəşfiyyatının Qərbi Azərbaycan və Qərbi azərbaycanlıların qayıdışı mövzusu ilə bağlı müəyyən risklərdən (?) bəhs etməsindən gedir: “Anlamaq lazımdır ki, Azərbaycan bu mövzuları milli ideologiyaya çevirmək və onun vasitəsilə münaqişəni Ermənistan ərazisinə daşımaq niyyətindədirmi, yoxsa bu narrativ Bakının xarici siyasət spekulyasiyaları aparmaq və ermənilərin Qarabağa qayıdışı mövzusuna qarşı çıxmaq məqsədilə irəli sürülür?”
Əvvəlcə qeyd etmək lazımdır ki, bəhs olunan məsələ erməni tərəfinin təqdim etməyə çalışdığı kimi “narrativ” deyil, Ermənistan ərazisindən zorla deportasiya edilmiş azərbaycanlıların öz doğma yurd-yuvalarına qayıtmaqla bağlı qanuni hüququdur. Rəsmi Bakı üçün bu mövzu siyasi şüar yox, sülh prosesi çərçivəsində ədalətin bərpasının rəmzidir. Bərpanın əsaslarını isə Azərbaycanın İkinci Qarabağ müharibəsindəki Zəfəri formalaşdırıb. Odur ki, əgər İrəvan regionda sülhün bərqərar olunmasını həqiqətən dəstəkləyirsə, o zaman bu məsələyə münasibətini yenidən köklü şəkildə nəzərdən keçirməli olacaq. Bu, birinci məqamdır.
İkincisi, Ermənistan XKX həlledici bir reallığı diqqətdən kənarda qoyur. Bu da ondan ibarətdir ki, Qarabağ bölgəsini könüllü şəkildə tərk edərək rəsmi Bakının vətəndaşlığımızı qəbul etmək təklifini rədd edən ermənilərdən fərqli olaraq, Qərbi Azərbaycandan olan azərbaycanlılar ekzistensial təhlükə, yəni total məhvolma təhdidi altında öz yurdlarından qovulublar. Ermənistan rəhbərliyi isə səbəb–nəticə əlaqəsini pozan bəyanatlarla həmin dövrdə baş vermiş hadisələri pərdələməyə çalışır. Şübhəsiz ki, rəsmi Bakı İrəvanın bu yanaşması ilə heç vaxt razılaşmayacaq. Çünki bu məsələ xalqımızın tarixi yaddaşının qorunması ilə bağlıdır və Prezident İlham Əliyev bunu dəfələrlə vurğulayıb. Dövlətimizin başçısı 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşdə bildirib: “Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar. Bunun üçün çoxlu amillər var və onların ən başlıcası xalqımızın tarixi yaddaşıdır”.
Ermənistan XKX-nin hesabatında qeyd olunan risk və təhdidlərə gəldikdə isə əminliklə demək olar ki, onların heç bir real əsası yoxdur. Çünki rəsmi Bakı dəfələrlə bəyan edib ki, Azərbaycan heç kimin, o cümlədən qonşu Ermənistanın ərazilərinə iddia etmir. Dövlətimizin başçısı 2025-ci il noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışı zamanı bu məqamı xüsusi vurğulayıb: “Azərbaycanlılar heç vaxt separatizm xəstəliyinə düçar olmamışlar. Bizim xalqımız yaşadığı ölkələrin dövlətçiliyinə töhfə verib və bu gün heç bir ölkədə azərbaycanlılar heç bir dövlət üçün, heç bir başqa xalq üçün problem yaratmır və yaratmayacaqlar. Ona görə azərbaycanlıların indiki Ermənistana qayıtması Ermənistan xalqını və dövlətini qorxutmamalıdır. Mən bunu bir müddət bundan əvvəl də demişəm. Biz öz tarixi torpaqlarımıza qayıtmalıyıq, tanklarla yox, avtomobillərlə qayıtmalıyıq. Bunu etmək üçün, əlbəttə ki, əsas vəzifə dövlətin üzərinə düşür”. Bəli, bunlar sözləri ilə əməlləri tam üst-üstə düşən, dünya miqyasında böyük nüfuza və etimada malik bir liderin fikirləridir.
Beləliklə, hesab edirik ki, Ermənistan tərəfi Qərbi Azərbaycana azərbaycanlıların qayıdışı ilə bağlı əsassız qorxuları bir kənara qoymalı və diqqəti 2026-cı il iyunun 7-də keçiriləcək taleyüklü parlament seçkiləri və bununla əlaqəli digər siyasi proseslər fonunda real təhlükə yaradan hibrid təhdidlərə yönəltməlidir. Çünki erməni xalqının parlament seçkilərində və ondan sonra keçirilməsi gözlənilən referendumda edəcəyi seçim təkcə bu ölkənin deyil, bütövlükdə Cənubi Qafqazda sülhün gələcəyini müəyyənləşdirəcək.
“Qafqaz Tarixi Mərkəzi”nin rəhbəri, siyasi şərhçi Rizvan Hüseynov məsələ ilə əlaqədar XQ-yə şərhində bildirdi ki, açıqlanan hesabat ilk baxışdan regionda nisbi sabitlik və nikbinlik görüntüsü yaratsa da, sənədin məzmunu diqqətlə təhlil edildikdə ziddiyyətli yanaşmalar və siyasi təşviş açıq şəkildə üzə çıxır. Onun sözlərinə görə, rəsmi İrəvan bir tərəfdən 2026-cı ildə Azərbaycanla hərbi eskalasiya ehtimalının aşağı olduğunu etiraf edir, digər tərəfdən isə sülh prosesinin məntiqinə uyğun gəlməyən şübhəli tezisləri gündəmə gətirir: “Xüsusilə Qriqoryanın parlament seçkiləri ərəfəsində xarici müdaxilə riskləri barədə səsləndirdiyi fikirlər Ermənistanın daxili siyasi qeyri-sabitliyini ört-basdır etmək cəhdi kimi qiymətləndirilə bilər. Bu yanaşma faktiki olaraq məsuliyyəti dövlət institutlarının üzərindən götürərək potensial uğursuzluqlar üçün əvvəlcədən xarici müqəssir axtarışına xidmət edir”.
Ekspert qeyd etdi ki, hesabatda diqqət çəkən əsas məqamlardan biri də Qərbi Azərbaycan və azərbaycanlıların qayıdışı mövzusuna münasibətdir: “Bu məsələni risk və ya təhdid kimi təqdim etmək Ermənistan tərəfinin tarixi faktlarla barışmaq istəmədiyini göstərir. Söhbət hansısa ideoloji kampaniyadan deyil, XX əsrin müxtəlif mərhələlərində etnik təmizləməyə məruz qalmış yüz minlərlə azərbaycanlının fundamental hüququndan gedir. Bu reallıq qarşısında özünü görməzliyə vurmaq sülh gündəliyinə ziddir”.
R.Hüseynovun fikrincə, ümumilikdə, açıqlanan hesabat onu göstərir ki, Ermənistan hakimiyyəti sülh prosesini dəstəklədiyini desə də, hələ də köhnə qorxu sindromundan tam azad ola bilməyib: “Çünki Qərbi azərbaycanlıların qayıdışı məsələsi ərazi iddiası deyil, humanitar və hüquqi məsələdir. Bu faktı təhdid kimi təqdim etmək regionda etimad mühitinin formalaşmasına yox, əksinə, yeni şübhələrin yaranmasına xidmət edir. Əgər Ermənistan həqiqətən uzunmüddətli sülhdə maraqlıdırsa, o zaman təhlükəsizlik ritorikasını deyil, tarixi ədalətin bərpasını və qarşılıqlı etimadın qurulmasını prioritetə çevirməlidir. Əks halda, Qriqoryanın səsləndirdiyi fikirlər sülhə çağırışdan daha çox, daxili auditoriya üçün hesablanmış ehtiyatlı siyasi manevr təsiri bağışlayır”.
Səxavət HƏMİD
XQ


