Birləşmiş Ştatların vitse-prezidenti Ceyms Devid Vensin Cənubi Qafqaza planlaşdırılan səfəri regionun geosiyasi statusunun Vaşinqton tərəfindən yenidən qiymətləndirildiyini göstərən strateji siqnaldır. Prezident Donald Trampın vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanmasından sonrakı mərhələdə bu region artıq “donmuş münaqişələr zonası” kimi deyil, logistika, enerji təhlükəsizliyi, normativ tranzit və böyük güclərarası rəqabətin kəsişmə məkanı kimi qəbul edilir. Məhz bu kontekstdə səfərin əsas məqsədi yeni regional nizamın formalaşmasına institusional təsir göstərməkdir.
ABŞ-ın vitse-prezidenti Vens Vaşinqtonun yeni nəsil strateji düşüncə xəttini təmsil edən fiqurlardan biridir. Onun siyasi profili milli maraqların prioritetləşdirilməsi, resursların selektiv istifadəsi və regional risklərin idarəolunan çərçivədə saxlanılması yanaşmasına əsaslanır. Vensin siyasi baxışı ABŞ-ın qlobal rolunu universal normativ missiyadan daha çox funksional güc balansı və iqtisadi üstünlüklərin qorunması prizmasından şərh edir. Onun daxili siyasi platforması iqtisadi təhlükəsizlik, sənaye suverenliyi, texnoloji rəqabət və strateji infrastrukturun qorunması kimi mövzular üzərində formalaşmışdır. Qafqaza gözlənilən səfər Vensin siyasi portretinə tam uyğun gəlir. Region onun üçün qlobal iqtisadi rəqabətin kritik tranzit düyünüdür.
Ümumiyyətlə, qeyd etməliyik ki, sülh sazişindən sonrakı mərhələ Cənubi Qafqaz üçün bütövlükdə regional sistemin funksional məntiqinin dəyişməsidir. Uzun müddət regionun təhlükəsizlik arxitekturası eskalasiya riski, güc balansının kövrəkliyi və xarici aktorların müdaxilələri üzərində qurulmuşdu. Öncəki modeldə əsas prioritet müharibənin qarşısını almaq, status-kvonun qorunması və minimum sabitliyin saxlanılması idi. Lakin post-sülh konfiqurasiyasında təhlükəsizlik iqtisadi davamlılıq, siyasi legitimlik, institusional qarşılıqlı asılılıq və hüquqi normallaşma ilə ölçülən dinamik kateqoriyaya çevrilir.
Yeni mərhələdə regional gündəmin mərkəzində sabitliyin institusional əsaslar üzərində möhkəmləndirilməsi durur. Əsas məsələ dövlətlərarası münasibətlərin konfliktoloji məntiqdən çıxarılaraq müqavilə əsaslı davranış modellərinə keçirilməsidir. Kommunikasiya xətlərinin açılması bu baxımdan qarşılıqlı asılılıq mexanizmi kimi çıxış edir. Tranzit infrastrukturu nə qədər dərin institusional bağlar yaradırsa, münaqişəyə qayıdışın siyasi qiyməti bir o qədər yüksəlir.
Eyni zamanda, investisiya təhlükəsizliyi anlayışı regionun yeni siyasi kodunu müəyyənləşdirir. Postmünaqişə mərhələsində kapital axını siyasi etimad indikatorudur. Xarici investor üçün əsas risk artıq hərbi eskalasiya deyil, hüquqi mühitin proqnozlaşdırıla bilməsi, idarəetmənin şəffaflığı və uzunmüddətli öhdəliklərin qorunmasıdır. Suverenliklərin qarşılıqlı tanınmasının praktiki mexanizmləri isə post-sülh sistemin legitimlik sütununu təşkil edir.
Məhz bu transformasiya fonunda ABŞ üçün Cənubi Qafqaz Avrasiya geosisteminin funksional düyün nöqtəsinə çevrilir. Birinci strateji ölçü tranzit dəhlizlərinin təhlükəsizliyidir. Qlobal ticarət marşrutlarının fraqmentasiyası, dəniz yollarının geosiyasi risklərinin artması və enerji təchizat zəncirlərinin yenidən dizayn edilməsi fonunda Orta Dəhliz Qərb üçün alternativ strateji arteriya rolunu oynayır. ABŞ üçün burada əsas məsələ logistika təhlükəsizliyinin regional siyasi risklərdən izolyasiya olunmasıdır.
İkinci strateji ölçü Rusiya və İran təsirinin balanslaşdırılmasıdır. Post-sülh reallığında Moskvanın ənənəvi təhlükəsizlik monopoliyası zəifləyir, Tehran isə regionda tranzit və kommunikasiya layihələri üzərindən geoiqtisadi təsir imkanlarını genişləndirməyə çalışır. ABŞ-ın məqsədi birbaşa qarşıdurma yaratmaq deyil, regional aktorların manevr imkanlarını artırmaqla çoxqütblü balans mexanizmi formalaşdırmaqdır.
Üçüncü ölçü Qərb normativlərinin regional idarəetmə modellərinə inteqrasiyasıdır. Burada söhbət iqtisadi və inzibati standartların uyğunlaşdırılmasından gedir: investisiya mühiti, hüquqi təminatlar, tranzit qaydaları, rəqəmsal idarəetmə mexanizmləri. ABŞ vitse-prezidenti Vensin səfəri məhz bu üç vektorun eyni anda sinxronlaşdırılması cəhdi kimi qiymətləndirilə bilər.
Postmünaqişə mərhələsində Azərbaycanın strateji üstünlüyü beynəlxalq sistemdə davranış modelinin dəyişməsi və proqnozlaşdırıla bilən aktor statusunun möhkəmlənməsi ilə bağlıdır. Müasir beynəlxalq münasibətlərdə; davranışın ardıcıllığı, öhdəliklərin icrasında etibarlılıq və qərarvermə mexanizmlərinin rasional olması strateji çəkini müəyyən edən əsas amillərə çevrilib. Nəqliyyat və logistika layihələrinin ardıcıl və vaxtında icrası etimad kapitalının institusional ölçüsünü formalaşdırır. İnfrastruktur layihələrinin gecikməsi və ya siyasi manipulyasiyası regional tranzit sistemlərinin etibarlılığını sarsıdır.
Balanslaşdırılmış xarici siyasət xətti isə etimad faktorunun strateji ölçüsünü tamamlayır. Azərbaycan böyük güclər arasında kəskin bloklaşmaya qoşulmayan, lakin hər bir aktorla funksional əməkdaşlıq qurmağı bacaran davranış modeli formalaşdırmışdır. Bütün bu reallıqlar Vaşinqtonun regiona baxışında da keyfiyyət dəyişikliyi yaradıb.
Vaşinqtonun Cənubi Qafqaza yanaşmasının mərkəzində idarə olunan balans mexanizminin qurulması dayanır. Müasir beynəlxalq sistemdə birbaşa hegemonluq modeli həm iqtisadi baxımdan bahalı, həm də siyasi baxımdan yüksək risklidir. Xüsusilə geosiyasi həssas zonalarda sərt nəzarət strategiyası lokal müqaviməti gücləndirir və rəqib güclərin reaktiv davranışlarını stimullaşdırır.
Belə bir yanaşma ABŞ-ın Rusiya ilə açıq konfrontasiyadan şüurlu şəkildə yayınmasını izah edir. Moskva hələ də regionda tarixi təsir imkanlarını qoruyur və təhlükəsizlik arxitekturasında müəyyən institusional izlər saxlayır. Birbaşa qarşıdurma həm regional sabitliyi poza, həm də Qafqazı böyük güclər arasında toqquşma zonasına çevirə bilər. Vaşinqton üçün əsas məqsəd Rusiyanı regiondan sıxışdırmaq deyil, onun təsir imkanlarını struktur baxımından məhdudlaşdırmaqdır.
İran faktoruna münasibətdə ABŞ daha açıq balanslaşdırma xətti yürüdür. Tehran regionu sanksiya mühitindən çıxış kanalı və tranzit leverage məkanı kimi dəyərləndirir. ABŞ üçün əsas risk İranın regional logistika və enerji axınları üzərində normativ təsir imkanlarının genişlənməsidir. Bu səbəbdən Vaşinqton alternativ marşrutların funksionallığını artırmaqla İranın geoiqtisadi çəkisini dolayı yolla məhdudlaşdırmağa çalışır.
Türkiyə ilə koordinasiyanın dərinləşdirilməsi ABŞ-ın regional dizaynında mərkəzi elementlərdən biridir. Ankara həm NATO üzvü kimi institusional tərəfdaşdır, həm də Qafqaz, Orta Asiya və Yaxın Şərq arasında funksional körpü rolunu oynayır. ABŞ üçün Türkiyə ilə koordinasiya regional təşəbbüslərin legitimliyini artırır, eyni zamanda onların təhlükəsizlik risklərini amortizasiya edir.
Azərbaycanın etibarlı dayaq nöqtəsi kimi möhkəmləndirilməsi isə ABŞ-ın şəbəkə əsaslı strategiyasının praktiki dayağını təşkil edir. Bakı həm coğrafi mövqeyi, həm enerji və tranzit infrastrukturu, həm də balanslaşdırılmış diplomatiyası ilə regional sabitliyin əməliyyat təminatçısı rolunu oynayır. ABŞ üçün Azərbaycanla tərəfdaşlıq funksional əməkdaşlıq modelinə əsaslanır.
Ənənəvi hegemon modeldə güc mərkəzi qərarları özü verir, periferik aktorlar isə icraçı rolunda çıxış edir. Şəbəkə əsaslı regional idarəetmə modelində isə güc paylanmış şəkildə təşkil olunur. Qafqazda sabitlik təmin olunduqca, Vaşinqton resurslarını daha geniş geosiyasi prioritetlərə yönəldə bilir.
Son olaraq qeyd edək ki, ABŞ-ın vitse-prezidenti Vensin Qafqaza gözlənilən səfəri post-sülh Qafqazının beynəlxalq sistemdə hansı funksional rola malik olacağını müəyyənləşdirən strateji siyasi akt kimi qiymətləndirilə bilər. Səfər regionun artıq qlobal tranzit, enerji və normativ inteqrasiya platforması kimi “kodlaşdırılması” prosesinin institusional mərhələyə keçdiyini göstərir. Əgər TRIPP təşəbbüsünün mərhələləri koordinasiyalı şəkildə irəliləsə, Qafqaz post-münaqişə sabitliyi zonası olmaqdan çıxaraq, Avrasiya geosiyasətinin struktur dayaqlarından birinə çevrilə bilər. Azərbaycanın bu prosesdə tutduğu mövqe isə onun uzunmüddətli strateji çəkisini keyfiyyətcə yeni mərhələyə daşıyacaq.
Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru


