İnsan hüquqlarının hakimiyyət maraqlarına qurban verilməsi
Fransa cəmiyyətində son günlər aparılan sosioloji tədqiqatlar və xüsusilə CSA İnstitutunun CNews, Europe 1 və JDD üçün həyata keçirdiyi genişmiqyaslı rəy sorğusu siyasi arenada şok effekti yaradıb. Sorğunun nəticələrinə əsasən, Fransa vətəndaşlarının təxminən 67 faizi miqrasiya axınının növbəti iki-üç il ərzində tamamilə dondurulmasını dəstəkləyir. Bu rəqəm Beşinci Respublika tarixində baş verən fundamental paradiqma dəyişikliyinin, cəmiyyətin dərin qatlarında kök salan təşvişin və multikulturalizm modelinin iflasa uğramasının bariz təzahürüdür.
Nəticələr bütövlükdə Avropa İttifaqının gələcək siyasi kursunu kökündən dəyişdirə biləcək potensiala malikdir. Məsələnin aktuallığı Avropa qitəsində miqrantlara qarşı irqi, dini və etnik ayrı-seçkiliyin institusional səviyyədə leqallaşdırılması cəhdləri ilə birbaşa əlaqəlidir. Fransız cəmiyyətinin miqrasiyaya qarşı radikal mövqe sərgiləməsi təsadüfi xarakter daşımır və illərlə formalaşan sosial-iqtisadi narazılıqların, kimlik böhranının və ultrasağçı qüvvələrin apardığı aqressiv təbliğatın məntiqi yekunudur.
Sorğunun detallarına nəzər saldıqda cəmiyyətin demək olar ki, bütün təbəqələrində miqrasiya əleyhinə konsensusun formalaşdığı müşahidə olunur. Əvvəllər miqrasiya məsələsi daha çox yaşlı nəslin və mühafizəkar elektoratın narahatlıq predmeti idisə, hazırkı mənzərə tamamilə fərqlidir. Gənclər arasında, xüsusilə 18-24 yaş aralığında olan cavabdehlərin əhəmiyyətli hissəsinin miqrasiya moratoriumunu dəstəkləməsi siyasi analitiklər üçün gözlənilməz siqnal olub. Sözügedən tendensiya onu göstərir ki, ənənəvi "solçu gənclik" stereotipi artıq reallığı əks etdirmir və iqtisadi qeyri-müəyyənlik, işsizlik, təhlükəsizlik problemləri gənc nəsli daha radikal həll yollarına meylləndirir. “Milli Birlik” partiyası elektoratının 96 faizinin miqrasiyanın dondurulmasını dəstəkləməsi gözlənilən hal olsa da, mərkəzçi və hətta sol meyilli seçicilər arasında da oxşar əhval-ruhiyyənin artması Makron hakimiyyəti üçün həyəcan siqnalıdır.
Məsələnin kökündə dayanan əsas amillərdən biri Avropada son illər vüsət alan və miqrantları “mədəni təhlükə” kimi təqdim edən ümumavropa miqyaslı kampaniyadır. Qeyd olunan kampaniya qanunvericilik bazasına sirayət edir. Fransada 2024-cü ilin əvvəlində qəbul edilən və konstitusiya böhranına səbəb olan “Miqrasiya Qanunu” məhz həmin dalğanın nəticəsidir. Bu qanun əcnəbilərin sosial müavinətlərə çıxışını məhdudlaşdırmaq, ailə birləşməsini çətinləşdirmək və vətəndaşlıq hüququnu sərtləşdirmək kimi müddəaları özündə ehtiva edirdi. İndi isə cəmiyyətin 67 faizinin miqrasiyanı tamamilə dondurmaq istəyi mövcud sərt tədbirlərin kifayət etmədiyini düşünən kütlənin mövcudluğunu ortaya qoyur. Bu yanaşma, mahiyyət etibarilə, insan hüquqları bəyannamələrinin beşiyi sayılan Fransanın, etnik və dini mənsubiyyətə görə insanları kateqoriyalara ayıran, “biz” və “onlar” diskursunu rəsmiləşdirən sistemə keçid etdiyini göstərir.
Miqrantlara qarşı yönələn nifrət ritorikasının mərkəzində, şübhəsiz ki, islamofobiya və irqi ayrı-seçkilik dayanır. “Siyasi İslam” və ya “Respublika dəyərlərinin qorunması” adı altında aparılan müzakirələr Şimali Afrika və Yaxın Şərq mənşəli insanları hədəfə alır. Fransız cəmiyyətində “Böyük əvəzlənmə” kimi konspirasiya nəzəriyyələrinin əsas siyasi debatlarda yer alması vəziyyətin ciddiliyini göstərir. Erik Zemmur və Marin Le Pen kimi siyasi fiqurların illərdir apardıqları təbliğat, miqrasiyanı demoqrafik təhlükə kimi təqdim edərək, cəmiyyətdə qorxu və nifrət toxumları səpməyə nail olub. Həmin 67 faiz göstəricisi məhz qorxunun siyasi kapitala çevrilmiş formasıdır. İnsanlar gündəlik həyatda qarşılaşdıqları problemlərin xəstəxanalarda növbələrin, məktəblərdə keyfiyyətin aşağı düşməsinin, mənzil çatışmazlığının yeganə səbəbkarı kimi miqrantları görməyə məcbur edilir. Halbuki, iqtisadi ekspertlər Fransanın demoqrafik qocalma prosesini və işçi qüvvəsinə olan ehtiyacını nəzərə alaraq, miqrasiyanın dondurulmasının iqtisadi intihar olacağını dəfələrlə vurğulayırlar.
Qərbi Avropada müşahidə olunan həmin tendensiya təkcə Fransa ilə məhdudlaşmır. Almaniyada “Almaniya üçün alternativ” partiyasının yüksəlişi, İtaliyada Ciorcia Meloni hökumətinin sərt miqrasiya siyasəti, Niderlandda Gert Vildersin qələbəsi – bütün bunlar vahid zəncirin halqalarıdır. Avropa İttifaqı səviyyəsində qəbul edilən “Miqrasiya və Sığınacaq Paktı”, əslində, insan hüquqlarını arxa plana keçirərək, sərhədlərin hərbiləşdirilməsini və sığınacaq axtaranların kənarda saxlanılmasını hədəfləyir. Fransızların tələbi, Avropanın “Qala” mentalitetinə keçid etmək arzusunun bariz nümunəsidir. Bu mentalitet Aralıq dənizində batan gəmilərə göz yummaq, sərhədlərdə tikanlı məftilləri artırmaq və üçüncü ölkələrlə (məsələn, İtaliya–Albaniya razılaşması, Böyük Britaniya–Ruanda planı) qeyri-humanitar müqavilələr imzalamaq kimi praktikalarla müşayiət olunur.
Mövcud proseslərin davamı olaraq baş verə biləcək hadisələrin təhlili olduqca bədbin ssenariləri ortaya qoyur. Birinci növbədə, Fransada siyasi sistemin iflic olması ehtimalı yüksəkdir. Prezident Makronun mərkəzçi qüvvələri ilə parlamentdə güclənən sağçı blok arasında qarşıdurma qanunvericilik prosesini dalana dirəyə bilər. Əgər hökumət xalqın tələbini nəzərə alaraq miqrasiya moratoriumuna gedərsə, bu addım Fransa Konstitusiya Şurası və Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən ləğv edilə bilər.
İkinci mühüm ssenari sosial iğtişaşlar və vətəndaş qarşıdurması riskidir. Fransanın şəhərətrafı qəsəbələrində yaşayan milyonlarla miqrant mənşəli vətəndaş dövlətin onları arzuolunmaz şəxs elan etməsini onlara qarşı rəsmi düşmənçilik aktı kimi qəbul edəcək. Artıq illərdir davam edən polis zorakılığı, iş yerlərində ayrı-seçkilik, sosial izolyasiya fonunda miqrasiyanın dondurulması və vətəndaşlıq hüquqlarının məhdudlaşdırılması barədə müzakirələr 2005-ci il iğtişaşlarını kölgədə qoyacaq miqyasda etiraz dalğasına səbəb ola bilər. Cəmiyyətin qütbləşməsi irqi zəmində toqquşmaları qaçılmaz edir.
Üçüncü istiqamət isə iqtisadi fəsadlardır. Tikinti, kənd təsərrüfatı, səhiyyə və xidmət sektorlarında işçi qüvvəsinin əhəmiyyətli hissəsini məhz miqrantlar təşkil edir. Miqrasiyanın dondurulması qısa müddətdə həmin sektorlarda ciddi kadr çatışmazlığına, qiymətlərin artmasına və xidmət keyfiyyətinin aşağı düşməsinə səbəb olacaq.
Beynəlxalq müstəvidə isə Fransanın Afrika ölkələri ilə münasibətlərinin kəskinləşməsi gözləniləndir. Keçmiş koloniyalar, Parisin apardığı diskriminativ siyasətə cavab olaraq, diplomatik və iqtisadi əlaqələri minimuma endirə, fransız şirkətlərinin fəaliyyətini məhdudlaşdıra və fransız dilinin statusundan imtina edə bilərlər. Hazırda Saheldə müşahidə olunan anti-Fransa əhval-ruhiyyəsi miqrasiya qadağaları ilə daha da alovlanacaq və Fransanın qlobal nüfuzuna sarsıdıcı zərbə vuracaqdır. Avropa daxilində isə Şengen zonasının gələcəyi sual altına düşəcək. Əgər Fransa sərhədlərini bağlayarsa və ya miqrant axınını qonşu ölkələrə yönəldərsə, İtaliya, İspaniya və Almaniya ilə diplomatik gərginlik pik həddə çatacaq.
Hazırkı situasiya Avropa dəyərlərinin dərin böhranını nümayiş etdirir. İkinci Dünya müharibəsindən sonra "bir daha heç vaxt" şüarı ilə qurulan Avropa layihəsi irqçiliyi və ksenofobiyanı rədd edən prinsiplər üzərində bərqərar olmuşdu. Lakin bu gün şahidi olduğumuz proseslər həmin prinsiplərin iqtisadi çətinliklər və kimlik qorxusu qarşısında necə asanlıqla qurban verildiyini göstərir. Fransız cəmiyyəti, təhlükəsizlik və rifah naminə azadlıq və bərabərlik ideallarından imtina etməyə hazır görünür.
67 faizlik dəstək göstəricisi Fransanın yolayrıcında olduğundan xəbər verir. Ya Fransa “respublika” ideallarına sadiq qalaraq inteqrasiya problemlərini sosial-iqtisadi islahatlar və dialoq yolu ilə həll etməyə çalışacaq, ya da qorxu və nifrətə təslim olaraq, qapalı, ksenofob və avtoritar bir dövlətə çevriləcək. Hər iki halda, qarşıdan gələn dövr Fransa və Avropa üçün son dərəcə turbulensiyalı, sınaqlarla dolu olacaq. Fransız seçicisinin qutuya atacağı hər bir bülleten sivilizasiya seçimidir. Təəssüf ki, indiki mərhələdə tərəzinin gözü qaranlıq ssenarilərə tərəf əyilməkdədir. Bu tendensiyanın qarşısını almaq üçün zaman sürətlə daralır. Siyasi elita, ziyalılar və vətəndaş cəmiyyəti, yaranmış uçurumu doldurmaq üçün effektiv addımlar atmazsa, Fransanı gözləyən gələcək, onun şanlı keçmişinə tamamilə zidd olacaq.
Yusif ŞƏRİFZADƏ
XQ

