İran təhdid hədəfində

post-img

Son dövrdə İran ətrafında müşahidə olunan proseslər regional və beynəlxalq təhlükəsizlik mühitində gərginliyin artdığını göstərir. Avropa İttifaqının İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatları siyahısına salmaq istiqamətində atdığı addımlar Tehran–Brüssel münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. İran tərəfi bu qərara diplomatik və hüquqi müstəvidə cavab verib.

Aİ-nin qərarı İran tərəfindən daxili təhlükəsizlik strukturlarına qarşı siyasi təzyiq kimi qəbul olunur. Cavab olaraq İran Xarici İşlər Nazirliyi Aİ-yə üzv ölkələrin səfirlərini XİN-ə çağıraraq rəsmi etirazını çatdırıb və qarşılıqlı tədbirlərin nəzərdən keçirildiyini bəyan edib. Tehran “Cavab tədbirləri” qanununun tətbiqi çərçivəsində Aİ üzv dövlətlərinin silahlı qüvvələrini terror təşkilatları siyahısına daxil edib. Bu addımlar münasibətlərin hüquqi və institusional müstəvidə daha da sərtləşdiyini göstərir.

ABŞ administrasiyası İranla bağlı paralel yanaşma nümayiş etdirir. Bir tərəfdən hərbi çəkindirmə mexanizmləri gücləndirilir, digər tərəfdən isə diplomatik həll imkanlarının açıq qaldığı bildirilir. ABŞ rəhbərliyinin açıqlamaları Vaşinqtonun hələlik yekun qərar vermədiyini və vəziyyəti idarəolunan çərçivədə saxlamağa çalışdığını göstərir.

Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələr ABŞ–İran gərginliyinin birbaşa təsir zonasındadır. Mövcud məlumatlara görə, region ölkələri Vaşinqtonun İranla bağlı strateji planları barədə tam aydınlığa malik deyil. Bu səbəbdən Körfəz dövlətləri ehtiyatlı mövqe tutaraq hərbi eskalasiyada iştirakdan yayınmağa və diplomatik kanalların açıq saxlanmasına üstünlük verir.

Hazırkı mərhələdə İran ətrafında yaranmış vəziyyət açıq hərbi qarşıdurma səviyyəsində deyil. Lakin qarşılıqlı sanksiyalar, hüquqi addımlar və sərt ritorika risklərin artmasına səbəb olur. Əsas təhlükə lokal insidentlərin nəzarətsiz eskalasiyaya çevrilməsi ehtimalıdır. Qısa perspektivdə tərəflərin gərginliyi idarəetməyə yönəlmiş siyasəti davam etdirəcəyi ehtimal olunur.

Bir sözlə, İran ətrafında formalaşan geosiyasi vəziyyət çoxqatlı və balans üzərində qurulub. Aİ, ABŞ və regional aktorların fərqli yanaşmaları vahid strategiyanın mövcud olmadığını göstərir. Belə şəraitdə əsas tendensiya qarşıdurmanın genişlənməsinin qarşısını almaq və siyasi-diplomatik manevr imkanlarını qorumaqdan ibarətdir.

P.S. ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkov və İran xarici işlər ­naziri Abbas Əraqçinin fevralın 6-da İstanbulda mümkün nüvə sazişini ­müzakirə etmək üçün görüşməsi gözlənilir. Bu barədə “Axios” iki mənbəyə istinadən yazıb ki, görüş ən yaxşı ssenaridir, lakin bununla bağlı qərar hələ qəti deyil.

Planlaşdırılan görüş Türkiyə, Misir və Qətərin son bir neçə gün ərzində diplomatik səyləri nəticəsində gerçəkləşəcək. Bu, danışıqların dayandırılmasından və ötən ilin iyun ayında baş verən 12 günlük müharibədən sonra ABŞ və İran rəsmiləri arasında ilk görüş olacaq.

S.ELAY 
XQ

 

Siyasət