Şərqlə Qərbin maraqlarını qovuşduran 2 lider

post-img

Siyasi praqmatizm və mükəmməl diplomatiya

Cari ilin fevral ayının əvvəlində Azərbaycanın xarici siyasətində baş verən hadisələr Cənubi Qafqaz və Fars körfəzi regionları arasında formalaşan yeni geosiyasi, geoiqtisadi oxun ən bariz təzahürüdür. Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri, orada keçirilən yüksək səviyyəli görüşlər və imzalanan sənədlər Azərbaycan dövlətinin strateji hədəflərinin miqyasını, həmçinin beynəlxalq münasibətlər sistemindəki yerini yenidən müəyyənləşdirir. Əbu-Dabidə BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüş Şərq və Qərb, Şimal və Cənub nəqliyyat-logistika, enerji dəhlizlərinin kəsişməsində qərarlaşan iki qüdrətli dövlət arasında mövcud əlaqələrin yeni mərhələyə qədəm qoymasının göstəricisidir.

Müasir dünyada dövlətlərarası münasibətlərin xarakterini müəyyən edən əsas amillərdən biri kimi liderlər arasındakı qarşılıqlı etimad xüsusi yer tutur. İlham Əliyev və Şeyx Məhəmməd bin Zayed Al Nəhyan arasındakı münasibətlər məhz səmimiyyət, etibarlılıq və uzaqgörənlik prinsipləri üzərində qurulub. Tərəflər arasında imzalanan sənədlərə, xüsusən də “Cənub Qaz Dəhlizi” QSC-də İqtisadiyyat Nazirliyinə məxsus qeyri-nəzarət payının müəyyən hissəsinin Əbu-Dabi Milli Neft Şirkətinin (ADNOC) investisiya qolu olan XRG şirkətinə satışı ilə bağlı alqı-satqı müqaviləsinə diqqət yetirdikdə, iqtisadi əməkdaşlığın miqyası barədə aydın təsəvvür yaranır.

Görüş zamanı diqqətçəkən digər mühüm məqam hərbi-texniki əməkdaşlıq və təhlükəsizlik sahəsində atılan addımlardır. “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təlimləri iki ölkə arasındakı əlaqələrin, həm də dərin hərbi strateji məzmun daşıdığını sübut edir. Hərbi təlimlər, xüsusən də müasir döyüş taktikalarının, hibrid müharibə elementlərinin və yüksək texnoloji silahların tətbiqini nəzərdə tutan manevrlər Silahlı Qüvvələrin operativ uyğunluğunun artırılması baxımından əvəzsizdir. Azərbaycan Ordusunun 44 günlük müharibədə və sonrakı antiterror əməliyyatlarında qazandığı nadir döyüş təcrübəsi ilə BƏƏ-nin sahib olduğu yüksək texnoloji hərbi potensialın vəhdəti regionda yeni təhlükəsizlik arxitekturasının formalaşmasına xidmət edir.

Prezident İlham Əliyevin səfər çərçivəsində Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam ilə keçirdiyi görüş və dövlət başçısının “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi siyasi və iqtisadi uğurların mənəvi-ideoloji platforma ilə tamamlandığını göstərir. Mükafat Azərbaycan Prezidentinin multikulturalizm, dini tolerantlıq və mədəniyyətlərarası dialoq sahəsindəki qlobal xidmətlərinin beynəlxalq səviyyədə, xüsusən də İslam dünyasında yüksək qiymətləndirilməsinin təzahürüdür. Müsəlman Ağsaqqalları Şurası ilə əməkdaşlıq, Azərbaycanın İslam dünyasındakı nüfuzunu möhkəmləndirməklə yanaşı, ölkəmizin dinlərarası harmoniyanın qlobal mərkəzi kimi rolunu bir daha təsdiqləyir.

Bu proseslərdən sonra baş verə biləcək hadisələrin proqnozu region üçün olduqca nikbin perspektivlər vəd edir. İlk növbədə, Azərbaycan və BƏƏ arasında imzalanan sənədlərin icrası nəticəsində qarşılıqlı ticarət dövriyyəsinin həcmində kəskin artım müşahidə olunacaq. İnvestisiya əməkdaşlığının genişlənməsi, qeyri-neft sektorunda, xüsusən də turizm, kənd təsərrüfatı, logistika və yüksək texnologiyalar sahəsində yeni birgə müəssisələrin yaradılmasına gətirib çıxaracaq. “Sülh Qalxanı – 2026” təlimlərinin ardınca, hərbi sənaye kompleksində birgə istehsalat sahələrinin yaradılması, məsələn, zirehli texnikanın və ya dəniz patrul gəmilərinin modernləşdirilməsi üzrə layihələrin gündəmə gəlməsi istisna edilmir. Siyasi müstəvidə isə, BƏƏ-nin dəstəyi ilə Azərbaycanın Körfəz Əməkdaşlıq Şurası (GCC) ilə əlaqələrinin daha da dərinləşməsi, hətta institusional çərçivəyə salınması mümkündür.

Dövlət başçılarının görüşündə səsləndirilən fikirlər, xüsusən də strateji tərəfdaşlığa verilən önəm onu göstərir ki, Azərbaycan və BƏƏ qlobal çağırışlara qarşı vahid mövqedən çıxış etməyə hazırdırlar. İqlim dəyişmələri ilə mübarizə, su ehtiyatlarının idarə olunması və ərzaq təhlükəsizliyi kimi qlobal problemlərin həllində iki ölkənin birgə təşəbbüslərlə çıxış etməsi gözləniləndir. Əbu-Dabi görüşü, həmçinin Azərbaycanın beynəlxalq nüfuzunun artdığını, ölkəmizin qlobal miqyaslı məsələlərin həllində etibarlı tərəfdaş kimi qəbul edildiyini təsdiqləyir. Gələcək perspektivdə BƏƏ və Azərbaycanın üçüncü ölkələrdə, xüsusilə Afrika və Balkan regionunda birgə investisiya layihələri həyata keçirməsi ehtimalı yüksəkdir. Enerji, infrastruktur və kənd təsərrüfatı sahələrindəki təcrübələrini birləşdirən tərəflər qlobal cənub ölkələrində inkişafa dəstək verməklə yanaşı, öz iqtisadi təsir dairələrini də genişləndirə bilərlər.

“Sülh Qalxanı” təlimlərinin mütəmadi xarakter alması Xəzər hövzəsi və Fars körfəzi təhlükəsizlik sistemlərinin qarşılıqlı əlaqəsini təmin edəcək, terrorizm, narkotrafik və qeyri-qanuni miqrasiya kimi təhdidlərə qarşı mübarizədə daha çevik və effektiv mexanizmlərin yaradılmasına imkan verəcək. Həmçinin, BƏƏ-nin kosmik sənayedəki uğurları nəzərə alınaraq, gələcəkdə “Azərkosmos” ilə Əbu-Dabi Kosmik Agentliyi arasında peyk texnologiyaları və uzaqdan zondlama sahəsində əməkdaşlığın dərinləşməsi mükün olan məsələlərdən biridir.

Əbu-Dabi görüşlərində əldə olunan razılaşmalar Azərbaycan–BƏƏ münasibətlərində yeni eranın başlanğıcıdır. İki dövlət arasındakı əlaqələr artıq dərin strateji müttəfiqlik səviyyəsinə yüksəlib. İqtisadi praqmatizm, hərbi təhlükəsizlik maraqları və mənəvi-ideoloji yaxınlıq üzərində qurulan sözügedən ittifaq hər iki xalqın rifahına xidmət etməklə yanaşı, geniş bir coğrafiyada sabitliyin və inkişafın qarantına çevrilir. XRG şirkəti ilə imzalanan müqavilə Azərbaycanın enerji strategiyasının uğurla davam etdirildiyini, “Sülh Qalxanı” təlimləri isə ölkəmizin müdafiə qabiliyyətinin daim təkmilləşdirildiyini sübut edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursu milli maraqların maksimum dərəcədə qorunmasını, ölkə iqtisadiyyatının davamlı inkişafını və beynəlxalq aləmdə Azərbaycanın mövqelərinin möhkəmləndirilməsini təmin edən mükəmməl strategiyadır.

Gələcəkdə tərəflərin atacağı addımlar, xüsusilə süni intellekt və rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlıq münasibətlərin texnoloji bazasını gücləndirəcək. Hər iki ölkənin “Ağıllı şəhər” konsepsiyalarını tətbiq etməkdə maraqlı olması, şəhərsalma və infrastruktur layihələrində təcrübə mübadiləsini zəruri edir. Məsələn, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirilən yenidənqurma işlərində BƏƏ şirkətlərinin daha aktiv iştirakı “Ağıllı kənd” layihələrinin genişləndirilməsi gözlənilən nəticələrdən biridir. Eyni zamanda, turizm axınının artırılması üçün viza rejiminin daha da sadələşdirilməsi (və ya tamamilə ləğvi istiqamətində addımların atılması), birbaşa hava reyslərinin sayının artırılması, mədəniyyət günlərinin keçirilməsi xalqlararası ünsiyyəti intensivləşdirəcək. Bütün qeyd olunan məqamlar onu göstərir ki, Bakı və Əbu-Dabi arasındakı yaxınlaşma taktiki xarakter daşımır, əksinə, uzunmüddətli perspektivə hesablanmış, dərin köklərə və möhkəm təməllərə malik strateji seçimdir.

Beləliklə, Prezident İlham Əliyevin Əbu-Dabi səfəri Azərbaycanın ən uğurlu diplomatik gedişlərindən biridir. Səfərin hər bir detalı qarşılanma mərasimindən tutmuş imzalanan sənədlərin məzmununa və keçirilən görüşlərin səmimiyyətinə qədər iki qardaş ölkə arasında münasibətlərin sarsılmazlığını və gələcəyə inamı əks etdirir. Qlobal siyasi kuluarlarda diqqətlə izlənilən səfər Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində atılan qətiyyətli addımların davamıdır və qarşıdakı illərdə ölkəmizin beynəlxalq mövqelərinin daha da möhkəmlənməsinə xidmət edəcək.

Yusif ŞƏRİFZADƏ
XQ

Siyasət