İrəvanda daxili legitimlik, yoxsa balans siyasəti?

post-img

Ermənistanın yeni konstitusiya layihəsi martda hazır olacaq

Ermənistan Ədliyyə Nazirliyi ölkənin yeni əsas qanununun hazırlanması prosesini sürətləndirib. Nazirliyin qarşısında duran əsas prioritetlərdən biri sənədin mətni üzərində işi 2026-cı ilin mart ayına qədər yekunlaşdırmaqdır. Bu barədə jurnalistlərə açıqlamasında Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan məlumat verib. Nazir deyib ki, hazırda işçi qrupu layihə üzərində intensiv fəaliyyət göstərir: “İşimizin nəticələri 2026-cı ilin martında ümumiləşdiriləcək. Biz əvvəlcədən müəyyən edilmiş cədvəldən kənara çıxmırıq. Həmin müddətə qədər ictimaiyyətə təqdim edəcəyimiz hazır mətnimiz olacaq”.

Nazir qeyd edib ki, konstitusiya referendumunun vaxtı hələ müəyyən edilməyib, lakin o, iyun ayında keçiriləcək parlament seçkilərindən sonra təşkil olunacaq. Konstitusiya islahatı isə yalnız daxili hüquqi prosedur məsələsi deyil, həm də Cənubi Qafqazda formalaşmış yeni reallıqların tələbidir. O, həm ölkədaxili siyasi mübarizənin əsas xəttinə, həm də bölgədə formalaşmış reallıqlar fonunda Ermənistanın gələcək istiqamətini müəyyən edən strateji amilə çevrilib. Nazir 1991-ci ildə Ermənistan parlamentinin “Dağlıq Qarabağ Respublikasının Ermənistana birləşdirilməsi haqqında” qərarın 1995-ci il konstitusiyasının preambulasında müddəa kimi yer almasının özündə Azərbaycana qarşı ərazi iddiası ehtiva etdiyini bildirib. Qalyana görə, mövcud konstitusiya müasir Ermənistanın ehtiyaclarına tam cavab vermir, dövlətin çevik idarə olunmasına, məhkəmə sisteminin cəmiyyətlə sağlam əlaqələr qurmasına və siyasi institutların dayanıqlığına maneələr yaradır. Baş nazir Nikol Paşinyan dəfələrlə bəyan edib ki, hazırkı əsas qanun formaca demokratik görünsə də, mahiyyət etibarilə keçmiş idarəetmə təfəkkürünü qoruyub saxlayıb. Bu baxımdan konstitusiya islahatı ölkənin inkişafında yeni mərhələ olmalıdır. Əslində, islahatın daha dərin siyasi hədəfləri var. Yalnız daxili deyil, həm də fundamental xarici siyasət ölçüsünə malikdir. Prosesin siyasi fonu göstərir ki, konstitusiya mövzusu Paşinyan hakimiyyəti üçün ilk növbədə daxili siyasi mübarizə alətidir.

Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikovun fikrincə, baş nazirin komandası konstitusiya islahatını məqsədli şəkildə seçki gündəminin mərkəzinə yerləşdirib. Yeni konstitusiyanın hazırlanması parlament seçkiləri ilə paralel aparılır, referendum isə parlament seçkilərindən sonra planlaşdırılır. Bu, hakim “Vətəndaş müqaviləsi” partiyasına ondan uzunmüddətli siyasi resurs kimi istifadə etməyə imkan yaradır. Bununla da, hüquqi islahat seçici davranışına təsir göstərən mexanizmə çevrilir. Onun fikrincə, bu strategiya hakimiyyətə ictimai rəyi yönləndirməyə şərait yaradır. Çünki Paşinyan faktiki olaraq cəmiyyətə iki alternativ təqdim edir: Konstitusiya islahatı, regional normallaşma və sülh perspektivi, yoxsa revanşist şüarların güclənməsi, keçmiş münaqişə siyasətinə qayıdış və davamlı gərginlik? Bu model siyasi texnologiyalar baxımından effektiv hesab olunur, çünki seçkini proqramlar arasında rəqabət deyil, gələcək və keçmiş arasında seçim kimi təqdim edir.

Bu məsələdə Azərbaycan konstitusiya islahatının mahiyyətini müəyyən edən əsas xarici siyasi amilə çevrilir. Rəsmi Bakı birmənalı və ardıcıl mövqe sərgiləyərək dəfələrlə bəyan edib ki, Azərbaycanla Ermənistan arasında hərtərəfli sülh sazişinin imzalanması yalnız Ermənistanın əsas qanununda müvafiq dəyişikliklər edildikdən sonra mümkündür. Bu mövqenin mərkəzində ölkənin konstitusiyasında istinad edilən Müstəqillik Bəyannaməsi dayanıb. Həmin sənədin mətnində Qarabağla bağlı ərazi iddiaları yer alıb. O, faktiki olaraq, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü prinsipləri ilə ziddiyyət təşkil edir və gələcək sülh sazişini hüquqi baxımdan risk altına salır.

Hüquqşünas Samir Osmanlı bildirdi ki, Bakı bu məsələyə yalnız siyasi yox, həm də hüquqi müstəvidə yanaşır: “Çünki iki dövlət arasında imzalanan sülh müqaviləsi tərəflərdən birinin konstitusiyasına zidd ola bilməz. Əks halda, belə bir sənədin uzunmüddətli icrası və hüquqi dayanıqlığı şübhə altına düşər. Məhz buna görə Bakı Ermənistan konstitusiyasında Qarabağla bağlı iddialara əsas verən istinadların aradan qaldırılmasını sülh prosesinin ayrılmaz tərkib hissəsi kimi görür. Bu yanaşma beynəlxalq hüququn fundamental prinsiplərinə – dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və müqavilələrin daxili hüquqla uyğunluğuna tam şəkildə söykənir”.

Paşinyan hakimiyyəti reallığı yaxşı anlayır və Azərbaycanla sülh gündəliyinin irəliləməsi üçün konstitusiya məsələsinin açar rolu oynadığını bilir. Lakin rəsmi İrəvan bu dəyişikliklərin birbaşa Bakı ilə razılaşma naminə edildiyini etiraf etməkdən yayınırdı. Ermənistan ədliyyə naziri bu məsələnin Azərbaycanın sülh sazişinin imzalanması üçün əsas şərt kimi irəli sürdüyünü bildirib. Yəni konstitusiya dəyişikliyinin Bakının tələbi ilə baş verəcəyini etiraf edib.

* * *

Onu da qeyd edək ki, konstitusiyanın preambulasından Qarabağla bağlı istinadın çıxarılması müxalif siyasi qüvvələr tərəfindən “güzəşt”, “təslimçilik” və ya “milli maraqlardan imtina” kimi qəbul edilə bilər. Belə ittihamlar seçkilər ərəfəsində Paşinyan üçün siyasi risklər yaradır. Məhz buna görə də Paşinyan komandası konstitusiya islahatlarını daxili inkişaf gündəliyi çərçivəsində təqdim etməyə çalışır. Azərbaycan faktorunu isə açıq müzakirə predmetinə çevirmir. Bununla bağlı Paşinyan vurğulayıb ki, konstitusiyanın yenidən işlənməsi Azərbaycanın tələblərinə güzəşt demək deyil. Onun sözlərinə görə, Ermənistanın Konstitusiya Məhkəməsi artıq Müstəqillik Bəyannaməsinin birbaşa hüquqi qüvvəyə malik olmadığını müəyyən edib.

Eyni zamanda, hakimiyyət anlayır ki, cəmiyyətin bu məsələyə psixoloji hazır olmaması konstitusiya islahatlarının legitimliyini sual altına qoyar. Bu səbəbdən proses mərhələli və ehtiyatlı şəkildə aparılır, ictimai rəy kəskin bəyanatlarla deyil, yumşaq ritorika və ümumi inkişaf tezisləri ilə yönləndirilməyə çalışılır. Paşinyan konstitusiya islahatını sülh sazişinə aparan birbaşa yol kimi deyil, Ermənistanın “suveren inkişaf modeli”, “müasir dövlət quruculuğu” və “regional reallıqlara uyğunlaşma” çərçivəsində təqdim etməklə daxili müqaviməti minimuma endirməyə çalışır.

Məhz buna görə hazırlanan sənədin məzmunu ümumi və abstrakt ifadələrlə izah olunur. Xüsusilə Müstəqillik Bəyannaməsinə istinad məsələsi ictimai müzakirədən kənarda saxlanılır. Proses daha çox dar siyasi dairədə aparılır. Hakimiyyət bu yolla cəmiyyətdə kəskin reaksiyaların qarşısını almağa və konstitusiya mövzusunu emosional deyil, texniki islahat kimi təqdim etməyə çalışır.

Beləliklə, Azərbaycan amili Paşinyan hakimiyyəti üçün həm qaçılmaz reallıq, həm də həssas siyasi mövzudur. Konstitusiya dəyişdirilmədən sülh sazişinin imzalanmayacağını İrəvan yaxşı anlayır, ammma bunu açıq şəkildə səsləndirmək siyasi baxımdan riskli sayılır. Bu səbəbdən Ermənistan hakimiyyəti balanslı, lakin mürəkkəb yol seçərək konstitusiya islahatını həm daxili legitimlik, həm də regional sülh perspektivi arasında incə tarazlıq üzərində qurmağa çalışır. Lakin bu arqument, əsasən, daxili auditoriyaya ünvanlanıb. Bakının nöqteyi-nəzərindən bu, hüquqi nüanslardan daha çox siyasi siqnaldan ibarətdir. Bu kontekstdə Ermənistanın yeni konstitusiya layihəsinin dərc edilməsi və mübahisəli istinadın ləğvi İrəvanın yekun sülh müqaviləsinin qarşısındakı əsas maneəni aradan qaldırmağa hazır olduğunun sübutu sayılacaq.

Pünhan ƏFƏNDİYEV
XQ





Siyasət