İqtisadiyyatda etimad və dayanıqlı inkişaf: Azərbaycan nümunəsi

post-img

Müasir iqtisadiyyatda ölkələrin inkişafı artıq təkcə büdcə göstəriciləri, vergi dərəcələri və ya faiz siyasəti ilə izah edilmir. Eyni iqtisadi alətlərdən istifadə edən ölkələrin fərqli nəticələr əldə etməsi göstərir ki, əsas fərqi yaradan amillərdən biri iqtisadi fəaliyyətin hansı çərçivədə və hansı prinsiplərlə tənzimlənməsidir. Bura müqavilələrin qorunması, mülkiyyət hüquqlarının toxunulmazlığı, vergi və tənzimləyici qərarların geriyə doğru dəyişdirilməməsi, dövlətin verdiyi öhdəliklərə əməl etməsi daxildir. Bu baxımdan sabitlik və etimad dayanıqlı inkişaf üçün həm əlavə üstünlük, həm də onun dayaq nöqtəsidir.

Belə bir institusional məntiq kontekstində Prezident İlham Əliyevin nüfuzlu “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi Azərbaycanın beynəlxalq mühitdə ardıcıl, etibarlı və proqnozlaşdırılan idarəetmə modeli kimi qəbul edilməsinin göstəricisidir. Formalaşan bu etimad ölkəmizin uzunmüddətli iqtisadi tərəfdaşlıq imkanlarını genişləndirən üstünlüklərini artırır.

Resurs gəlirlərinin idarə edilməsi: Zayed yanaşması

“Zayed İnsan Qardaşlığı Mükafatı” Birləşmiş Ərəb Əmirliklərinin qurucusu olan Şeyx Zayed bin Sultan Əl Nəhyanın adını daşıyır. Şeyx Zayed BƏƏ-nin inkişafında humanizm, sosial ədalət və sülh prinsiplərini dövlət idarəçiliyinin mərkəzinə çevirən lider kimi tanınır. Onun sosial-iqtisadi inkişaf yanaşmasının mərkəzində strateji baxımdan həlledici prinsip dayanırdı: resurs gəliri iqtisadi məqsəd deyil, dövlətin gələcək inkişafını formalaşdıran vasitədir. Neft gəliri cari rifahın artırılmasından çox, uzunmüddətli iqtisadi sistemin dayağı olan insan kapitalı, sosial sabitlik və fiziki infrastrukturun qurulmasına xərclənməldir. Bu yanaşma resurs gəlirlərini müvəqqəti “fiskal rahatlıq” obrazından çıxarıb necə idarə ediləcəyini göstərən strateji baxışa çevirdi.

İqtisadi inkişaf baxımından bu seçim təsadüfi deyil. Resursla zəngin ölkələrdə əsas problem resurs gəlirinin hökumətin sosial-iqtisadi qərarlarını necə dəyişməsidir. Resurs gəliri dövlətə vergi ödəyicilərindən asılı olmadan maliyyə imkanı yaradır. Bu isə idarəetmədə xüsusi davranış forması olan renta davranışı yaradır. Renta davranışı o deməkdir ki, gəlir istehsal, məhsuldarlıq və ya rəqabət nəticəsində deyil, mövcud resursun bölüşdürülməsi yolu ilə əldə olunur. Belə gəlir sürətlə və nisbətən risksiz daxil olduğundan, dövlət institutları uzunmüddətli qaydalar qurmağa deyil, bu gəliri idarə etməyə fokuslanır. Qayda yaratmaq əvəzinə, bölgü mexanizmi güclənir.

Bu şəraitdə institutlar, yəni qanunlar, qaydalar, büdcə mexanizmləri və dövlət qərarları hamı üçün eyni oyun qaydasını təmin edən sistem olmaqdan çıxır. Onlar cəmiyyətə “necə davranmalıyam?” sualına aydın cavab vermək əvəzinə, mövcud güc balansını qoruyan alətə çevrilir. Nəticədə, iqtisadi aktorlar qaydalara deyil, kimin qərar verdiyinə baxmağa başlayır. Bu isə iqtisadiyyatda qeyri-müəyyənliyi artırır və uzunmüddətli investisiyanı zəiflədir.

Şeyx Zayedin yanaşmasının fərqi məhz bu nöqtədə ortaya çıxırdı. Onun resurs gəlirinin xərclənməsi yanaşması hökumətin gələcək davranışında müəyyənlik yaratdı. Neft gəliri vasitəsilə elə institutlar quruldu ki, cəmiyyət üçün əsas mesaj aydın olsun: iqtisadi qərarlar situasiyaya görə dəyişmir, öhdəliklər geri götürülmür və qaydalar şəxslərdən asılı deyil. Beləliklə, resurs gəliri renta mənbəyi olmaqdan çıxaraq, proqnozlaşdırılan və etibarlı dövlət modelinin maliyyə əsasına çevrildi.

Bu strategiya ölkənin gələcək inkişaf trayektoriyasını müəyyənləşdirdi. Nəticə olaraq BƏƏ təkcə resurs ixracatçısı kimi qalmadı, maliyyə, logistika, turizm və xidmət sahələrində regional mərkəzə çevrildi. İndi BƏƏ dünya üzrə ilk 15 ticarət mərkəzi arasında yer alır və regional ticarət axınlarının əhəmiyyətli hissəsi ölkə üzərindən keçir. Bu, ölkənin yalnız ixracatçı deyil, qlobal dəyər zəncirlərinin əlaqələndiricisi olduğunu göstərir. BƏƏ iqtisadiyyatında qeyri-neft sektorunun payı artıq 70 faizi üstələyir. Qlobal investorlar üçün burada əsas üstünlük resurs bolluğu deyil, qaydaların dəyişməzliyi və qərarların geri dönməməsi oldu. Başqa sözlə, Zayed fəlsəfəsi ölkəyə maddi resursdan daha qiymətli aktiv olan institusional etimad qazandırdı.

Azərbaycan modeli: fiskal sabitlik və institusional etimad

Azərbaycanın son 30 ildə seçdiyi inkişaf yolu da eyni məntiqə əsaslanır. Bu yol neft gəlirlərinin tək həcmi ilə deyil, onların hansı institusional nəticə yaratması ilə xarakterizə olunur. Resurs gəlirləri ölkədə nəqliyyat və logistika infrastrukturu, enerji və kommunal şəbəkələr, regionlararası iqtisadi əlaqələr və vahid iqtisadi məkan formalaşdırmaq üçün istifadə edilib. Bu prosesin əsas iqtisadi mənası ondan ibarətdir ki, neft gəlirləri tədricən iqtisadi davranışı lövbərləyən institutlara çevrilib.

Ölkəmizin neft və qaz sektorundan əldə etdiyi gəliri Azərbaycan Dövlət Neft Fondu vasitəsilə toplanıb və idarə olunub. Bu vəsaitlərin bir hissəsi büdcə vasitəsilə iqtisadiyyata yönəldilməsi təsadüfi seçim deyil. Bu, resurs gəlirlərinin dövlətin uzunmüddətli inkişaf potensialının qurulmasına xidmət etdiyini göstərir. Müasir infrastruktur layihələri, regionların iqtisadi dövriyyəyə inteqrasiyası, sosial və insan kapitalına yönələn investisiyalar həm fiziki aktivlər yaratdı, həm də onlar cəmiyyət üçün dayanıqlı sabitlik mühiti formalaşdırdı. İnstitusional iqtisadiyyat baxımından bu, resurs gəlirlərinin iqtisadiyyatda önəmli olan gözləntilərin sabitləşdirilməsinə xidmət etməsi deməkdir. Bu model iki əsas institusional nəticə yaradıb.

Birinci nəticə makroiqtisadi sabitliyin qorunması və sosial-iqtisadi infrastrukturun müasirləşməsidir. Dövlət Neft Fondu Azərbaycanın neft gəlirlərini iqtisadi qərarları gücləndirən və etimad yaradan institusional lövbərə çevirdi. Bu lövbər fiskal dalğalanmaları yumşaltdı, xarici qiymət şoklarını qarşıladı və dövlət öhdəliklərinin fasiləsiz icrasını təmin etdi. Bununla da iqtisadiyyat uzunmüddətli fiskal planlaşmaya bağlandı. Nəticədə ölkə iqtisadiyyatının risk səviyyəsi aşağı düşüb, iqtisadi idarəetmənin etibarlılığı isə artıb. Sabitlik burada məqsəd və iqtisadi fəaliyyətin davamlılığını təmin edən institusional mexanizm kimi çıxış edib.

İkinci nəticə etimaddır. Fond vasitəsilə maliyyələşdirilən infrastruktur və sosial investisiyalar, habelə sabitlik iqtisadi fəaliyyətin həm coğrafiyasını, həm də sosial bazasını genişləndirib. Bu, iqtisadi artımı daha geniş iqtisadi məkana yaydı. Biznes və əhali üçün aydın oldu ki, dövlət öhdəlikləri qısamüddətli konyukturadan asılı deyil. İnstitusional baxımdan bu, resurs gəlirlərinin etimad kapitalına çevrilməsi deməkdir.

Qeyd edək ki, Norveç modeli resurs gəlirlərinin əsasən gələcək nəsillər üçün yığılmasına əsaslanır. Azərbaycan isə resurs gəlirlərinin bir hissəsini yığmaqla yanaşı, mühüm hissəsini qeyri-neft sahələrinin inkişafına və institusional infrastrukturun formalaşdırılmasına yönəltmişdir. Mövcud fərq başlanğıc institusional şərtlərin fərqli olmasının nəticəsidir və məhz bu səbəbdən resurs gəlirlərindən istifadə strategiyaları da fərqli şəkildə dizayn edilmişdir. Bu yanaşma müstəqillikdən sonrakı dövrdə mövcud olan sosial-iqtisadi çağırışlar və infrastruktur boşluqları fonunda obyektiv zərurət kimi formalaşmışdır.

Azərbaycan təcrübəsi göstərir ki, neft gəlirlərinin xərclənməsi sistemli və uzunmüddətli makroiqtisadi qeyri-sabitlik yaratmamış, əksinə, iqtisadiyyatın xarici və daxili şoklara uyğunlaşma qabiliyyətini gücləndirmişdir. Bu mənada, Azərbaycan modeli resurs gəlirlərinin aktiv quruculuq və struktur dəyişiklikləri vasitəsilə iqtisadiyyata inteqrasiyasına əsaslanmışdır. Qazaxıstan təcrübəsi isə göstərir ki, institusional ardıcıllığın zəif olduğu şəraitdə, hətta iri həcmli infrastruktur xərcləri belə uzunmüddətli etimad formalaşdırmaq üçün yetərli olmur.

Bu müqayisələrdən çıxan əsas nəticə ondan ibarətdir ki, resurs gəlirlərinin effektivliyini müəyyən edən həlledici amil xərclərin iqtisadi aktorların davranışlarını və gözləntilərini necə dəyişdirməsidir. Əgər resurs gəlirləri qaydaların sabitliyinə, dövlətin götürdüyü öhdəliklərə əməl etməsinə və gələcək iqtisadi mühitin sabitliyinə xidmət edirsə, bu vəsaitlər institusional etimad yaradır. Əks halda isə, hətta böyük maliyyə axınları belə yalnız qısamüddətli təsir göstərir və iqtisadiyyatın dayanıqlı böyüməsini təmin edə bilmir.

Postmünaqişə dövründə seçilən xətt olan sosial reinteqrasiya, iqtisadi iştirakın genişləndirilməsi və işğaldan azad edilmiş ərazilərin iqtisadi dövriyyəyə qaytarılması əvvəlki institusional modelin məntiqi davamıdır. Beləliklə, keçmiş münaqişə faktoru iqtisadi davranışda daimi risk mənbəyinə çevrilmir, əksinə, idarə olunan proses kimi çıxış edir. Bu baxımdan neft gəlirlərinin indiyədək rifah, sabitlik və etimad yaradan istiqamətlərə yönəldilməsi Azərbaycanın təklif etdiyi sülhü iqtisadi baxımdan inandırıcı edir. Bu sülh uzun illər ərzində qurulmuş institusional davranışın nəticəsidir. Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi də bu kontekstdə Azərbaycanın seçdiyi institusional yolun beynəlxalq səviyyədə tanınması deməkdir.

Beləliklə, Zayed fəlsəfəsi ilə Azərbaycanın inkişaf yanaşması arasındakı paralellik resursdan istifadənin üsulunda və dövlətin zaman daxilində necə davranacağına dair verdiyi qərardadır. Tarix göstərir ki, məhz bu qərarı düzgün quran ölkələr daha az dalğalanır, daha səbirli kapital cəlb edir və daha dayanıqlı iqtisadi artım trayektoriyası formalaşdırır. Müasir qlobal iqtisadiyyatda da etimad məhz bu səbəbdən strateji resursa çevrilib.

Etimadın iqtisadi funksiyası

İqtisadiyyatda etimad o deməkdir ki, investorlar, sahibkarlar və maliyyə qurumları ölkədə qəbul edilən qaydaların sabah da qüvvədə qalacağına inanır. Bu inam iqtisadi ədəbiyyatlarda “etibarlı öhdəlik” adlandırılır. Yəni dövlət və onun lideri yalnız qayda müəyyən etmir, eyni zamanda bu qaydalara gələcəkdə də əməl ediləcəyini təmin edir.

İqtisadçıların apardığı araşdırmalara görə iqtisadi inkişafın əsas məhdudiyyəti resurs çatışmazlığı deyil, zaman uyğunsuzluğu problemidir. Dövlət bu gün investisiyanı cəlb etmək üçün sabitlik və açıq qaydalar vəd edə bilər, lakin şərtlər dəyişdikdə həmin qaydaları yenidən dəyişmək üçün siyasi-iqtisadi əsaslar yaranır. Əgər iqtisadi aktorlar bu ehtimalı risk kimi qəbul edirsə, investisiya qərarlarını ya ümumiyyətlə vermir, ya da yalnız daha yüksək gəlir və əlavə təminatlar tələb etməklə verir. Etimad məhz bu riski neytrallaşdıran və dövlətin davranışını zaman daxilində etibarlı edən əsas mexanizmdir.

Bu baxımdan etimad təkcə “müsbət gözlənti” deyil, o, dövlətə və liderliyə olan inamdır. Yəni sahibkarlar əmindir ki, siyasi gücdən iqtisadi qaydaları istənilən anda dəyişmək üçün istifadə olunmayacaq. Bir çox nəzəri yanaşmalara görə, iqtisadi cəhətdən uğurlu sistemlərin əsas fərqi də məhz bundadır: dövlət qaydaları müəyyən edir və bu qaydaların sabah da qüvvədə qalacağına dair inam yaradır. Bu inam formalaşdıqda iqtisadi davranış dəyişir. Müqavilələr daha rahat bağlanır, çünki tərəflər dövlətin sonradan qaydalara müdaxilə etməyəcəyinə inanır. Nəzarət, hüquqi mübahisə və sığorta xərcləri azalır, çünki risk artıq idarə olunan kimi qəbul edilir. Ən vacibi isə kapitalın zaman üfüqü uzanır: qısamüddətli qazanc axtarışı yerini uzunmüddətli dəyər yaratmağa verir.

Skandinaviya ölkələrinin təcrübəsi bu məntiqin real təsdiqidir. Bu ölkələrdə vergi yükü yüksək, sosial xərclər geniş və dövlətin iqtisadi rolu böyük olub. Lakin bazarlar bu ölkələri riskli hesab etmir. Səbəb iqtisadi siyasətin “yumşaq” olması deyil. Səbəb ondan ibarətdir ki, bu ölkələrdə hökumətin iqtisadi qaydaları geriyə doğru dəyişmək imkanları məhdudlaşdırılıb. Yəni dövlətin “istəsə də edə bilməyəcəyi” davranışlar mövcuddur. Bu isə etimadı real iqtisadi aktivə çevirir.

Əks hallarda isə tam fərqli məntiq işləyir. Sosial gərginliyin yüksək olduğu, qərarların şəxslərdən asılı qaldığı və tez-tez dəyişdiyi ölkələrdə iqtisadi aktorlar dövlətin gələcək davranışını əvvəlcədən hesablaya bilmir. Bir çox nəzəri yanaşmalarda bu tip mühitlər iqtisadi qaydaların sabit olmadığı və güc balansına bağlı qalması kimi xarakterizə olunur. Belə şəraitdə investisiya ya qısamüddətli xarakter alır, ya da ümumiyyətlə baş tutmur. Burada əsas problem gəlirin azlığı deyil, əsas problem qazanılan gəlirin gələcəkdə qorunacağına dair təminatın olmamasıdır.

Nəticə etibarilə etimad müasir iqtisadiyyatda sosial anlayış deyil. O, iqtisadi qərarların nə qədər uzun müddətə hesablandığını, riskin necə qiymətləndirildiyini və kapitalın necə davrandığını müəyyən edən əsas dayaqlardan biridir. Məhz bu dayağın möhkəmliyi ölkələrin uzunmüddətli inkişaf yolunu formalaşdırır.

Etimadın iqtisadi dəyərə çevrilməsi: Azərbaycan təcrübəsi

Azərbaycanın malik olduğu institusional etimad bir gündə formalaşmayıb və təsadüfi qərarların nəticəsi deyil. Ölkəmizin fundamental etimad bazası müstəqilliyin ilk illərində ümummilli lider Heydər Əliyev tərəfindən yaradılıb. Ulu öndər siyasi və iqtisadi sistemin əsas dilemmasını düzgün müəyyənləşdirdi: qeyri-sabit mühitdə dövlətin gücü təkcə çevik reaksiyada deyil, eyni zamanda uzunmüddətli baxışa əsaslanan və etimadı sistemli şəkildə möhkəmləndirən strateji idarəetmə modelində təzahür edir. Dövlətin götürdüyü öhdəliklərə əməl etmə potensialı məhz bu mərhələdə formalaşaraq idarəetmənin əsas prinsipinə çevrildi. Neft strategiyası və uzunmüddətli fiskal baxış ölkənin iqtisadi siyasətində etimad yaradan, eləcə də riskləri azaldan strateji lövbər rolunu oynadı.

Prezident İlham Əliyev isə bu təməl üzərində formalaşmış etimadı gücləndirərək funksional iqtisadi aktivə çevirdi. Etimad artıq yalnız sabitliyin qorunması deyil, müasir istehsal sahələrinin və strateji layihələrin genişlənməsi, regionların iqtisadi dövriyyəyə qoşulması və postmünaqişə mərhələsinin idarə olunan inkişaf fazasına çevrilməsi üçün istifadə olundu. İnstitusional ardıcıllıq saxlanıldı, lakin iqtisadi model aktiv struktur quruculuğu mərhələsinə keçdi. Nəticədə etimad yalnız siyasi sabitliyin atributu kimi deyil, investisiya cəlbi, fiskal intizamı və əmək bazarının dərinləşməsini formalaşdıran real iqtisadi kapital kimi işləməyə başladı.

Azərbaycan nümunəsində etimadın kapitala çevrilməsi ilk növbədə investisiyanın xarakterində görünür. Son dövrlərdə Azərbaycana ümumi investisiyalar 300 milyard ABŞ dollarından çox olmuşdur ki, bunun da təqribən 200 milyard ABŞ dolları qeyri-neft sektoruna yönəldilmişdir. Qeyri-neft sektoruna yönələn investisiyaların tərkibində logistika, bərpaolunan enerji, aqrar-emal və nəqliyyat sahələrinin payının artması təsadüfi deyil. Bu sahələr sürətli qazanc üçün seçilmir, onlar uzunmüddətli mövcudluq, istehsal zənciri qurmaq və regionda mövqe tutmaq məqsədi daşıyır. Başqa sözlə, investor “tez çıxmaq” yox, qalmaq qərarı verir.

Ölkəyə qoyulan investisiyaların təxminən 47 faizinin özəl bölmənin payına düşməsi iqtisadi qərarların xarakterində baş verən irəliləyişin mühüm göstəricisidir. Özəl kapital mahiyyət etibarilə qısamüddətli konyukturaya deyil, risklərin idarəolunan olmasına və qaydaların sabitliyinə reaksiya verir. İnvestisiya üfüqü uzandıqca investor gələcək iqtisadi mühiti proqnozlaşdıra biləcəyinə daha çox əmin olur. Bu baxımdan son illərdə Azərbaycana yönələn investisiyalar həm həcmi ilə, həm də uzunmüddətli planlar əsasında real sektorun dərin sahələrinə istiqamətlənməsi ilə fərqlənir.

Vacib məqam ondan ibarətdir ki, etimad yalnız xarici investisiyada yox, daxili kapitalın davranışında da özünü göstərir. Hazırda ev təsərrüfatlarının manatla əmanətlərin 42,2 faizi uzunmüddətlidir. Ötən 20 ildə iqtisadiyyatda nağdlaşma səviyyəsi 61,4 faizdən azalaraq 44,4 faizə düşüb. Etimad olduqda daxili maliyyə resursları qısamüddətli dövriyyədən daha çox uzunmüddətli yığıma yönəlir, əmanətlərin strukturunda sabitlik artır və vəsaitlərin maliyyə sistemi daxilində qalma meyli güclənir. Yəni etimad təkcə xarici investoru deyil, daxili kapitalı da uzunmüddətli qərarlara təşviq edir.

Bu dəyişiklikləri təkcə vergi güzəştləri, subsidiyalar və ya dövlət dəstəyi ilə izah edilməməlidir. Əgər əsas səbəb yalnız bu alətlər olsaydı, investisiyalar daha çox tez qazanc gətirən qısamüddətli sahələrə yönələrdi. Halbuki müşahidə olunan mənzərə bunun əksini göstərir. Əsas səbəb odur ki, ölkə postmünaqişə mərhələsini qeyri-müəyyən dövr kimi yox, idarə olunan və aydın gələcəyə hesablanmış inkişaf mərhələsi kimi təqdim edir. Bu, münaqişə yaşamış ölkələr üçün həlledici məqamdır, çünki investor üçün əsas qorxu münaqişənin keçmişdə qalması yox, onun gələcək qərarlara təsir edib-etməyəcəyidir.

Azərbaycan bu qorxunu azaldan yanaşma nümayiş etdirir. Sosial reinteqrasiya, iqtisadi imkanların genişləndirilməsi və regionların yenidən iqtisadi həyata qoşulması prioritet kimi irəli sürülür. Bu etimad mühiti fiskal davranışda da açıq görünür. Dövlət büdcəsində qeyri-neft gəlirlərinin payının 52 faizə çatması onu göstərir ki, biznes və əhali rəsmi iqtisadiyyat daxilində qalmağı daha təhlükəsiz və rasional seçim hesab edir. Əgər iqtisadi aktorlar qaydaların tez-tez dəyişəcəyini və ya geriyə doğru tətbiq ediləcəyini gözləsəydi, vergi davranışı yayınma və gizlənmə üzərində qurulardı. Mövcud tendensiya isə qaydalara uyğunlaşmanın artdığını göstərir. Bu, sosial etimadın büdcə səviyyəsində görünən nəticəsidir.

Eyni məntiq maliyyə davranışında da təsdiqini tapır. Son 15 ildə bank sistemində əmanətlərin 5,5 dəfə artması və vəsaitlərin sistem daxilində qalması insanların gələcəklə bağlı risk gözləmədiyini göstərir. Etimadın zəif olduğu mühitlərdə kapital adətən ya ölkəni tərk edir, ya da qısa müddətli və yüksək likvid formaya keçir. Azərbaycanda isə maliyyə davranışının daha sakit və davamlı olması etimadın gündəlik iqtisadi qərarlara keçdiyini göstərir.

İqtisadiyyatın real sektorunda da eyni məntiq üzrə formalaşan tendensiya müşahidə olunur. Qeyri-neft sektorunun ÜDM-də payının 71,5 faizə çatması və investisiya axınlarında bu sahələrin mərhələli şəkildə artması iqtisadi subyektlərin qərarlarını yalnız cari şəraitə deyil, uzunmüddətli perspektivə əsaslandırdığını göstərir. Belə seçim isə ancaq iqtisadi qaydaların gələcəkdə də sabit qalacağına və institusional mühitin dəyişməyəcəyinə dair inam mövcud olduqda mümkündür.

Əmək bazarı göstəriciləri formalaşan institusional mənzərəni faktiki olaraq təsdiqləyir. Son 7 ildə ölkədə bağlanmış əmək müqavilələrinin sayı 1,9 milyon nəfərə çatıb. Bu dinamika məşğulluğun struktur genişlənmə mərhələsinə keçdiyini göstərir. Qeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı təxminən 2 dəfəyə yaxın artıb, bu da məşğulluq genişlənməsinin əsasən özəl sektorda iqtisadi fəaliyyətin dərinləşməsi hesabına baş verdiyini göstərir. Özəl sektorun uzunmüddətli əmək münasibətləri qurmağa meylinin artması yalnız qısamüddətli iqtisadi stimullarla izah oluna bilməz. Bu, iqtisadi subyektlərin qaydaların sabit qalacağına və gələcək iqtisadi mühitin proqnozlaşdırıla biləcəyinə dair inamının gücləndiyinin göstəricisidir. Sosial müdafiə və məşğulluq proqramlarının mərhələli şəkildə genişlənməsi bu prosesi əlavə olaraq möhkəmləndirir. Nəticədə əmək münasibətləri stabilləşir və əmək məhsuldarlığının artımı üçün dayanıqlı institusional baza formalaşır.

Beləliklə, Azərbaycan təcrübəsi göstərir ki, müasir inkişaf mərhələsində həlledici amil resursların həcmi, qərarların ardıcıllığı və dövlət öhdəliklərinin dəyişməzliyinə söykənən etibarlılıqdır. Bu çərçivədə etimad iqtisadi siyasətin həm tamamlayıcı elementi, həm də onun funksional əsas şərtinə çevrilir.

Etimadın möhkəm olduğu iqtisadiyyatlarda daha məhdud fiskal və institusional alətlərlə belə daha genişmiqyaslı və davamlı nəticələr əldə olunur. Strateji baxımdan bu model ölkənin qlobal iqtisadi sistemdəki mövqeyini keyfiyyətcə də dəyişir. Azərbaycan bu kontekstdə resurs təchizatçısı kimi öhdəlikləri sabit, institusional çərçivəsi aydın və oxuna bilən iqtisadi tərəfdaşa çevrilir. Məhz bu status uzunmüddətli investisiyaların cəlbi, regional inteqrasiya təşəbbüslərində etibarlı iştirak və postmünaqişə dövründə dayanıqlı iqtisadi əməkdaşlıqda həlledici strateji üstünlük formalaşdırır.

Şaiq ADIGÖZƏLOV,
iqtisad üzrə fəlsəfə doktoru

Siyasət