Yaxud iqtisadi xilas, yoxsa “suqsvanq” tələsi?
Avropa Komissiyası tərəfindən Ermənistan üçün formal olaraq iqtisadi islahatların dəstəklənməsi üçün 202,5 milyon avroluq maliyyə paketi təsdiqlənib. Bu addımın İrəvanın Moskvanın orbitində qalması prosesi ilə bağlı riskləri minimuma endirmək məqsədi daşıdığı məlumdur. Çünki Aİ Ermənistanın köhnə təcrübələrindən qorxur. 2013-cü ildə son anda, 3 sentyabr bəyanatı ilə Avropa ailəsindən qopub Gömrük İttifaqına (bugünkü Avrasiya İqtisadi İttifaqı) qaçması Qərb ilə İrəvan arasında dərin etimad böhranına yol açdı.
Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın bir gecədə verdiyi qərar Aİ-nin Şərq Tərəfdaşlığı proqramını iflic etmişdi. İndi Brüssel eyni ssenarinin təkrarlanmaması üçün maliyyə rıçaqlarını işə salır. Onlar yaxşı anlayırlar ki, Ermənistanın Aİİ-dən qəfil qopması iqtisadi intihar deməkdir. İrəvanı həmin uçurumdan qorumaq üçün “təhlükəsizlik yastığı” formalaşdırmağa çalışırlar.
13 il əvvəl Ermənistanın seçimini şərtləndirən amillər bu gün də aktuallığını qoruyur. Gİ-yə üzvlük sayəsində Rusiyadan ucuz qaz almaq imkanı verən enerji amili rəsmi İrəvan üçün hələ də ciddi rıçaqdır. Ermənistan KTMT-dən hərbi asılılığı dondursa da, Aİİ ilə mövcud olan iqtisadi bağları hələ kəsilməyib. Ayrılan 202,5 milyon avroluq yardım İrəvanı Aİİ-nin iqtisadi cazibəsindən tam qoparmağa kifayət etməsə də, Qərbin Ermənistanı geosiyasi fırtınanın ortasında tək buraxmayacağının mühüm mesajıdır. İrəvan üçün hazırda əsas risk Avrasiya İttifaqı ilə bağları tam qoparmadan Aİ-yə inteqrasiya cəhdinin hər iki tərəfin iqtisadi cəza alətinə çevirməsi ehtimalıdır. Nəticə etibarilə, Ermənistanın bu manevrləri onu ya regionun mühüm nəqliyyat qovşağına çevirəcək, ya da suqsvanq vəziyyətinə salacaq. Qlobal güclərin toqquşduğu “boz zona”da atılacaq hər bir addım məğlubiyyətə bərabər olub, ölkəni iqtisadi iflasa sürükləyə bilər. Brüsselin maliyyə paketi isə məhz bu iflasın qarşısını almaq üçün atılan, lakin hələ ki, həlledici olmayan addımdır.
* * *
Ötən il dekabrın 2-də qəbul edilmiş Aİ–Ermənistan strateji tərəfdaşlıq gündəliyi 2017-ci ilin prioritetlərini əvəz edir və ikitərəfli münasibətləri keyfiyyətcə yeni səviyyəyə çıxarır. Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişinə (CEPA) əsaslanan yeni sənəd təhlükəsizlik, iqtisadiyyat və idarəetmə sahələrində iddialı hədəflər müəyyən edir. 202,5 milyon avroluq tranş 2024–2027-ci illər üçün nəzərdə tutulmuş 270 milyon avroluq daha geniş Davamlılıq və İnkişaf Planının bir hissəsidir ki, bu da investisiya qrantları və texniki yardımlarla tamamlanır.
Komissar Marta Kosun gündəliyinin mərkəzi bəndlərindən biri Ermənistan hökumətinin “Sülh kəsişməsi” təşəbbüsünün dəstəklənməsidir. Brüssel bu layihəni özünün qlobal "Global Gateway" strategiyasına inteqrasiya etməyə çalışır. Baş nazir Nikol Paşinyan tərəfindən 2023-cü ilin oktyabrında edilən təşəbbüs keçid ölkələrinin suverenliyi və yurisdiksiyası əsasında regional kommunikasiyaların açılmasını nəzərdə tutur. Lakin bu konsepsiyanın reallaşması ziddiyyətlərlə üzləşir. Ermənistanın real nəqliyyat qovşağına çevrilməsi üçün Azərbaycan və Türkiyə ilə sərhədlərin açılması zəruridi. Bu da yekun sülh müqaviləsi imzalanmaqla mümkündür.
Avropanın səylərinə vacib əlavə olaraq ötən il avqustun 8-də ildə Vaşinqtonda razılaşdırılan “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (TRIPP) layihəsi çıxış edir. Ermənistan ərazisindən keçən 43 kilometrlik multimodal marşrut Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirmək məqsədi daşıyır. "Eksterritoriallıq" konsepsiyasından fərqli olaraq, layihə “front-ofis — bek-ofis” modelinə əsaslanır. Yəni, burada özəl operator (74 faiz ABŞ və 26 faiz Ermənistan payı olan TRIPP şirkəti) xidmətləri idarə edir, Ermənistan dövlət orqanları isə suveren nəzarət funksiyalarını saxlayır. ABŞ layihənin infrastrukturuna 145 milyon dollar ayırıb ki, bu da onun regionun logistik arxitekturasında birbaşa fiziki iştiraka hazır olduğunu nümayiş etdirir.
* * *
Aİ rəsmilərinin bəyanatlarında “seçki prosesinin bütövlüyü” və "demokratik davamlılıq" kimi ifadələr xüsusi yer tutur. Diplomatik kontekstdə bu, Ermənistanın indiki administrasiyasına toxunulmazlıq mandatının verilməsi deməkdir. Tarix göstərir ki, Qərbdə demokratiya standartları tez-tez geosiyasi maraqlara uyğunlaşdırılır. 2008-ci il 1 mart hadisələri zamanı Avropanın reaksiyası olduqca zəif idi. Bu gün isə demokratiyanın müdafiəsi şüarı altında Brüssel Paşinyan administrasiyasını Rusiyanın və daxili müxalifətin təzyiqindən qorumağa çalışır.
Bu himayədarlıq daxili böhranlara göz yumulması ilə müşayiət olunur. 2025–2026-cı illər ərzində Ermənistan dövlətin Erməni Apostol Kilsəsinə qarşı görünməmiş təzyiqi ilə üzləşib. Arxiv yepiskopları Baqrat Qalstanyan və Mikael Açapahyan da daxil olmaqla yüksək rütbəli ruhanilərin həbsi, dövlət çevrilişinə cəhd ittihamları və Katolikos II Qareginin hərəkət azadlığının məhdudlaşdırılması "Christian Solidarity International" və Lemkin İnstitutu kimi beynəlxalq hüquq-müdafiə təşkilatlarının dərin narahatlığına səbəb olur. Lakin Brüssel kilsənin etiraz fəallığını Rusiyanın “hibrid müharibə”sinin hissəsi kimi təsnif edərək, hakim rejimi öz maraqlarının həyata keçirilməsinin yeganə legitim aləti kimi görməkdə davam edir.
Ermənistanın KTMT-də faktiki iştirakdan imtina etməsi və təşkilatdakı üzvlüyünü dondurması ölkənin təhlükəsizlik arxitekturasında ciddi vakuum yaradıb. İrəvan kollektiv təminat sistemindən çıxıb, lakin Aİ və ya NATO-dan real təhlükəsizlik zəmanətləri almayıb. Avropa Sülh Fondu (ASF) çərçivəsindəki təşəbbüslər qeyri-öldürücü avadanlıqların tədarükü və təlimlərlə məhdudlaşır ki, bu da sərhəddəki fundamental qüvvələr balansını dəyişmir.
Siyasi diskursda bu rəqəmləri real iqtisadi göstəricilərlə müqayisə edildikdə onlar kifayət qədər inandırıcı görünmür. 2025-ci ildə Ermənistanın Rusiya ilə ticarət dövriyyəsi rekord həddə — 14 milyard dollara çatmışdı. Bu baxımdan, Brüssel tərəfindən ayrılan məbləğ İrəvanı öz orbitində saxlamaq üçün “minimum yaşayış həddi” kimi qəbul edilir. Amma bu, təbii ki, Avrasiya strukturlarında iştirakdan gələn iqtisadi faydaları tamamilə əvəz etmək iqtidarında deyil. 2025-ci ildə Ermənistanın ticarət balansının kəsiri 4,6 milyard dollara yüksəlib, ixrac strukturunda Aİ-nin payı 11,7 faizə qədər artsa da, hələ də Aİİ-nin payından (37,5 faiz) əhəmiyyətli dərəcədə geri qalır. Beləliklə, Brüssel Ermənistandan strateji tərəfdaş kimi deyil, Rusiyaya qarşı geosiyasi alət kimi istifadə edir və bu alətin vaxtından əvvəl paslanmaması üçün onu maliyyə inyeksiyaları ilə yağlayır. Həddindən artıq siyasi və eyni zamanda, təvazökar maliyyə dəstəyi İrəvanda “Qərb hər an köməyə gələcək” kimi yanlış bir illüziya yaradır. Bənzər ritorika vaxtilə Gürcüstan (2008) və Ukrayna (2014/2022) üçün ağrılı nəticələrə gətirib çıxarmışdı.
Reallıq ondan ibarətdir ki, Ermənistanın xilası Brüssel dəhlizlərində deyil, regional qonşuları – Azərbaycan və Türkiyə ilə ədalətli və birbaşa dialoqdadır. Nəqliyyat qovşaqlarının yaradılması və iqtisadi rifah ölkəni qlobal qarşıdurmanın ön cəbhəsinə çevirməklə deyil, yalnız regional sülh şəraitində mümkündür. Regionun gələcəyi yerli aktorların qlobal güc mərkəzləri tərəfindən diktə olunan “sıfır cəmli oyun” paradiqmasından çıxmaq və regional kooperasiya formatına keçid qabiliyyətindən asılıdır. Bu formatda icra olunan layihələr bütün tərəflərin maraqlarına xidmət etməlidir. Məhz bu kontekstdə Aİ-nin rolu “dönüş sponsoru”ndan Cənubi Qafqazın mürəkkəb iqtisadi və enerji əlaqələri arxitekturasını nəzərə alan və inklüziv dialoqa kömək edən konstruktiv vasitəçiyə çevrilməlidir ki, Ermənistan iqtisadi və siyasi fayda güddüyü vəziyyətdə tam əksinə, vassala çevrilməsin.
T.ARAZOĞLU
XQ

