Ararat Mirzoyanın “erməni məhbusları”

post-img

Yaxud hay revanşistlərin musiqisinə züy tutanlar

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan BMT-nin İnsan Hüquqları Şurasının Cenevrədə keçirilən 61-ci sessiyasındakı çıxışı zamanı Azərbaycanda, guya, 19 erməni məhbusunun saxlanıldığını bildirib. XİN rəhbəri mövcud xüsusda bir sıra fikirlər səsləndirib ki, yazımız əsasən bu barədədir.

Əvvəla, onu deyək ki, A.Mirzoyanın üzərində dayandığı məsələ Ermənistanın şovinist və revanşist kəsiminin “Azərbaycanda saxlanılan erməni məhbuslar” şousu ilə üst-üstə düşür. Bu “şounun” məqsədi Bakı–İrəvan sülhünü pozmaqdır. O zaman, istər-istəməz, sual yaranır: Ermənistan rəhbərliyi niyə bu yolu tutur? Rəsmi İrəvan nə üçün Azərbaycan ərazilərində çoxsaylı cinayətləri sübuta yetirilmiş şəxsləri məhbus kimi qələmə verir? Bu, nə dərəcədə düzgündür? Əlbəttə, suallarımız ritorikdir. Çünki insanlıq əleyhinə cinayətlər törətmiş şəxslər cəzalarını çəkməlidirlər və yaxşı olar ki, rəsmi İrəvan durumun ciddiliyini nəzərə alsın.

...Mirzoyanın mövzu ilə bağlı digər fikirləri də var. O deyib ki, Ermənistan–Azərbaycan münaqişəsinin ağır humanitar nəticələrinin davam etməsinə və itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi zərurətinə baxmayaraq, rəsmi İrəvan barışın çətin yolunu seçib. Aydındır ki, XİN rəhbəri ölkəsini sülh fədakarı qismində göstərmək istəyir. Belədə də sual yaranır: münaqişəni başlayan kim, hansı tərəf olmuşdu?

Əlbəttə ki, Ermənistan. Ancaq Mirzoyan, bir növ, minnət qoyurmuş kimi dillənir. Habelə, o, təhrif olunmuş tarixi narrativlərin yayılması fonunun qalmaqda olduğunu vurğulayıb. Görəsən, XİN başçısı nədən danışır? Əgər söhbət təhrifdən gedirsə, Azərbaycan ərazilərinin işğalından sonra yer adlarımızın, tarixi məkanlarımızın təhrifi həyata keçirilib və bu, bilavasitə Ermənistanda hakimiyyətdə olmuş qüvvələrin “əməyinin” məhsulu idi. Yəni Mirzoyan, gərək, danışmasın. O, eyni zamanda, ona görə danışmamalıdır ki, Ermənistan ərazisindəki qədim türk məskənlərinin adları da dəyişdirilib, total təhrifə məruz qalıb. Bunu görmək üçün tarixə azacıq ekskurs kifayətdir...

İrəvanın gələcəyə yönəlmiş yola sadiqliyini təsdiqləyən Mirzoyan bir məqamda haqlıdır. O anlamda ki, XİN rəhbəri sülhün institusionallaşdırılmasının münaqişənin nəticələrinin aradan qaldırılması üçün daha əlverişli şərait yaratmalı olduğunu vurğulayıb. Əslində, Azərbaycanın istədiyi də məhz budur. Ona görə də ölkəmiz Ermənistan konstitusiyasının işğalçı mahiyyətə söykənmiş, özündə ərazi iddiası motivini daşıyan İstiqlaliyyət Bəyannaməsinə istinad buxovundan qurtulmasını vacib sayır. Bunun üçün isə ümumxalq səsverməsinə – referenduma ehtiyac var. Bəli, məhz referendum erməni cəmiyyətinin təcavüzdən uzaq durduğunu sübuta yetirəcək. O zaman Mirzoyanın “gələcəyə yönəlmiş yola sadiqlik” ritorikası əməli iş müstəvisinə keçəcək. Habelə, sülhün özü də fundamentallaşacaq. Yaxşı olardı ki, erməni XİN başçısı BMT-nin İnsan Hüquqları Şurasının sessiyasında bundan söz açaydı və ölkəsinin konstitusiya dəyişikliyinə, Azərbaycanın şərtini yerinə yetirməyə hazırlığını bildirəydi.

İndiki durumda Mirzoyanın “erməni məhbuslar” musiqisinə züy tutması anti-Azərbaycan təbliğatı effekti yaradır ki, bu, regionda sülh və etimad quruculuğuna xələl gətirir. Azərbaycanın konstitusyon quruluşunu şübhə altına alan bütün separatçı meyillər sıradan çıxarılmalıdır. Nəzərə alaq ki, heç kəs Ermənistanın ərazilərində tutularaq məsuliyyətə cəlb edilməyib. Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan, David Manukyan və nəhayət, Ruben Vardanyan ərazilərimizdə uzun müddət lövbər salmış xunta rejimində “məsul vəzifələr” tutublar. Onlar separaçılıqla məşğul olublar. Belələrinin əməllərinə Azərbaycan qanunvericiliyi çərçivəsində qiymət verilməli idi və verildi.

Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyırsa, prinsipial davranmalı, insan hüquq və azadlıqları kontekstində manipulyasiyalara baş vurmamalıdır. Mirzoyan anlamalıdır ki, bu kimi manipulyasiyalar İrəvanın sülh gündəliyinə zidd fəaliyyəti reallığını doğrurur. Deməli, erməni XİN rəhbərinin sülh sazişinin paraflanmasından söz açması da əhəmiyyətini itirir. Çünki Ermənistanın rəhbərliyinin paraflanmış barış sazişi üzrə məntiqi qanunauyğunluğu və ardıcıllığı qorumaq əvəzinə, siyasi şounu qabartması sülh dinamizmini pozur, şübhələr yaradır. Nəinki Azərbaycanda, elə beynəlxalq ictimaiyyətdə də.

Sonda onu da bildirək ki, A.Mirzoyanın BMT kimi nüfuzlu tribunadan “erməni məhbuslar” şousunu qabartması xarici aləmdə Azərbaycan-Ermənistan sülhünü pozmağa yönəlmiş qüvvələr üçün də stimul yaradır. Yaxşı olar ki, erməni iqtidarının təmsilçiləri bunu düşünsünlər və dediklərinin, dilə gətirdikləri hər bir fikrin məsuliyyətini tam ciddiyyəti ilə anlasınlar.

R.ƏVƏZ
XQ

Siyasət