Qlobal güclərin “dəhliz” maraqları

post-img

Cənubi Qafqazdakı nəqliyyat və kommunikasiya xətləri artıq, sadəcə, iqtisadi layihə və ya ticarət marşrutu olmaqla kifayətlənmir. Onlar həm siyasi nüfuzun, milli təhlükəsizliyin, həm də regionda yeni geostrateji tarazlığın əsas göstəricisinə çevrilib. Hər yeni dəmir yolu layihəsi yalnız yük daşımaları üçün deyil, həm də regional güc balansını formalaşdırmaq və beynəlxalq oyunçuların təsirini göstərmək üçün alət rolunu oynayır.

ABŞ-ın Vitse-prezidenti Ceyms Vensin Bakı və İrəvana səfərləri göstərdi ki, dəmir yollarına nəzarət artıq, sadəcə, iqtisadi maraq deyil, Cənubi Qafqazın gələcək siyasi və iqtisadi xəritəsi uğrunda gedən mübarizənin mərkəzində duran strateji məsələdir. Vaşinqtonun irəli sürdüyü TRIPP layihəsi Moskvanın iştirakı olmadan Orta Dəhlizi rəqəmsallaşdırmaq, Mərkəzi Asiyanı birbaşa Cənubi Qafqaz üzərindən Avropa bazarlarına bağlamaq və regionun Rusiyadan nəqliyyat asılılığını azaltmaq məqsədini daşıyır. Layihə yalnız yükdaşımaların sürətini artırmaqla kifayətlənmir, o, həm də regionda Qərb standartlarına uyğun vahid hüquqi və logistik mühit yaratmaqla strateji üstünlük əldə etməyə yönəlib.

Azərbaycan bu konfiqurasiyada əsas rol oynayır. Ölkəmiz həm Orta Dəhlizin coğrafi mərkəzi, həm də regional sülh və logistik təhlükəsizliyin təminatçısı kimi çıxış edir. O da məlumdur ki, Azərbaycanın iştirakı olmadan TRIPP marşrutunun tam işləməsi mümkün deyil. Bu, ölkənin həm Qərb, həm də Şərq üçün əvəzolunmaz tərəfdaş statusunu gücləndirir, regiondakı diplomatik oyunlarda əlavə üstünlük verir. Alternativ marşrutların reallaşmasında Azərbaycanın oynadığı açar rol onun strateji mövqeyini maksimum dərəcədə möhkəmləndirir və geoiqtisadi təsir imkanlarını artırır.

Rusiya bu təşəbbüsə cavab olaraq uzun illər “donmuş” vəziyyətdə qalan Abxaziya dəmir yolunu bərpa etməyə çalışır. Vaxtilə RSFSR ilə Gürcüstan SSR-i Soçi və Suxumi üzərindən birləşdirən, 1990-cı illərdəki münaqişələr nəticəsində iflic olmuş bu xətt Moskvanın regiondakı əsas “geosiyasi kartı” kimi qabardılır. Lakin real vəziyyət göstərir ki, xəttin iqtisadi perspektivləri məhduddur. Yüklərin həcmi, infrastrukturun texniki vəziyyəti və regiondakı siyasi risklər onu TRIPP marşrutuna rəqib ola biləcək qədər güclü etmir.

Bu təşəbbüsün məqsədi, əslində, iqtisadi deyil, strateji blef və diplomatik siqnaldır. Moskva Abxaziya xəttini qabardaraq Qərbin təşəbbüsünə qarşı mesaj verməyə, regional oyun qaydalarını xatırlatmağa çalışır. Lakin mövcud reallıq onu göstərir ki, bu cəhdlər praktiki baxımdan uğursuzdur. Xəttin açılması Gürcüstanın qəti mövqeyi, infrastrukturun texniki çatışmazlıqları və siyasi risklər səbəbindən real ticarət və logistika alternativi kimi işləməyəcək.

Gürcüstan tərəfi layihəyə qarşı qəti mövqe nümayiş etdirir. 2026-cı il fevralın 13-də Gürcüstan Dəmir Yolları rəsmi bəyanat yayaraq ölkənin suverenliyi bərpa olunmadan və Rusiya qoşunları işğal olunmuş Abxaziya və Cənubi Osetiya ərazilərindən çıxarılmadan dəmir yolu əlaqəsinin bərpasının mümkün olmadığını vurğulayıb. Bu mövqe həm hakim partiya, həm də müxalifət tərəfindən dəstəklənir. Ərazi bütövlüyü məsələsində geri addım atmaq ölkədaxili sabitliyi poza biləcəyi üçün heç bir siyasi qüvvə kompromisə getməyə hazır deyil.

Rusiya və Gürcüstan arasında illərdir davam edən “söz debatı” Abxaziya dəmir yolunun açılmasının iqtisadi baxımdan səmərəli olmadığını bir daha ortaya qoyur. “Nezavisimaya qazeta”nın təhlillərinə görə, tərəflər arasında real mövqe uzlaşması yoxdur və xəttin açılması perspektivi indiki mərhələdə yalnız diplomatik blef və alternativ gündəm yaratmaq məqsədini güdür. Praktik baxımdan xəttin region üçün faydası çox məhduddur və Kremlin cəhdləri faktiki olaraq uğursuzluqla nəticələnir. Yəni Rusiya tərəfinin Abxaziya dəmir yollu xəttini alternativ kimi irəli sürməsi “qarğa, məndə qoz var”dan başqa bir şey deyil. Çünki qoz çürükdür.

Regiondakı qarşıdurmanın digər həssas nöqtəsi isə Ermənistanın dəmir yolu şəbəkəsidir. Bu şəbəkə 2008-ci ildən Moskvanın nəzarətindədir. Bu ilin fevralında baş nazir Nikol Paşinyanın Rusiyanın nəzarətinin potensial investorları qorxutması və regional layihələrin effektivliyinə mane olması açıqlamaları İrəvanın Moskvadan asılılığı aradan qaldırmaq niyyətini göstərir. Ermənistan idarəetməni üçüncü ölkələrə verməyi planlaşdırır, bunlar həm Rusiya, həm də Ermənistan üçün etibarlı tərəfdaş statusuna malikdir. Bu addım isə Moskvanın kəskin narazılığı ilə qarşılandı. Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun bu addımın “bir anda hər şeyi dağıda biləcəyi” barədə sərt xəbərdarlığı Moskvanın regiondakı infrastruktur hegemonluğunu itirmək qorxusundan xəbər verir. Şoyqu demək istəyir ki, regiondakı mövqelərinin aşınmasına sakit yanaşmayacaq. Bu, Moskvanın cəhdlərinin həm iqtisadi, həm də diplomatik baxımdan uğursuz olduğunu bir daha nümayiş etdirir. İndiki şəraitdə Rusiyanın təklifinin reallıqdan çox uzaq olduğunu göstərir.

Beləliklə, Cənubi Qafqazda dəmir yolları ətrafında yaranmış müzakirə bir neçə xətt üzrə inkişaf edir. Birincisi, Gürcüstan istiqamətində Abxaziya marşrutu siyasi baxımdan real görünmür, lakin diplomatik təzyiq və alternativ rıçaq kimi istifadə olunur. İkincisi, Ermənistan istiqamətində konsessiya məsələsi Moskva–İrəvan münasibətlərində etimad böhranının göstəricisidir. Üçüncüsü, ABŞ və Qərb aktorlarının regiona artan marağı Rusiya üçün strateji çağırış yaradır.

Deməli, Abxaziya dəmir yolunun bərpası təşəbbüsü iqtisadi baxımdan məhdud və praktiki nəticəsiz, strateji baxımdan isə sadəcə, diplomatik blef xarakteri daşıyır. Rusiya bu xətt vasitəsilə regionda təsirini xatırlatmağa çalışsa da, real bazar, siyasi reallıq və tərəfdaş ölkələrin mövqeyi onun cəhdlərini uğursuz edir. TRIPP marşrutu isə sürətli, rəqəmsal və etibarlı logistik xətt kimi regionun gələcək geosiyasi xəritəsini formalaşdıran əsas faktora çevrilir.

Mövcud dinamika göstərir ki, mübarizə yeni mərhələyə qədəm qoyur. ABŞ-ın fəallaşması, Rusiyanın mövqelərini qoruma cəhdi, Ermənistanın siyasi manevrləri və Gürcüstanın prinsipiallığı – bütün bunlar yaxın illərdə Cənubi Qafqazın nəqliyyat arxitekturasını formalaşdıracaq əsas faktorlar olacaq. Bu mübarizədə qalib daha çox kilometr rels çəkən deyil, etimad və sabitlik yaradan tərəf olacaq.

P.ƏFƏNDİ
XQ

Siyasət