Fransa liderinin Azərbaycan dilində paylaşımı nə vəd edir?
Tarix boyu siyasət dünyası nadir hallarda düz xətt üzrə irəliləyib. Əksər zamanlarda istər dövlətlər, istərsə də liderlər əvvəlki qərar və mövqelərində kəskin dönüşlər ediblər. Məsələn, Uinston Çörçill II Dünya müharibəsinin gedişində əvvəlcə ehtiyatlı mövqe saxlasa da, sonradan Britaniyanın müharibəyə tam qoşulmasına qərar verdi. ABŞ prezidenti F.D.Ruzvelt isə əvvəlcə bəzi iqtisadi islahatların reallaşdırılmasında tərəddüdlü idi, lakin Böyük Depressiya şəraitində siyasətini tam dəyişərək geniş dövlət müdaxiləsi proqramlarını həyata keçirdi. Siyasətdə “U dönüşü” adlanan bu manevrlərə bu gün də rast gəlmək mümkündür.
Fransa Prezidenti Emmanuel Makronun martın 8-də öz “X” hesabında Azərbaycan dilində paylaşımı Parisin ölkəmizə münasibətində yumşalma əlaməti kimi qiymətləndirilə bilər. Yəni bu, Makronun Azərbaycan siyasətindəki “U dönüşü” dür. O, paylaşımında Azərbaycana dəstəyini ifadə edib: “Bölgə rəhbərləri ilə apardığım məsləhətləşmələr çərçivəsində Prezident İlham Əliyevlə telefon söhbətimdə vətəndaşlarımızın təxliyəsini asanlaşdırmaq üçün Azərbaycanın göstərdiyi yardıma görə ona təşəkkür etdim. Bu fürsətdən istifadə edərək, Ermənistan ilə Azərbaycan arasında sülh prosesinə dəstəyimizi və Bakı ilə ikitərəfli dialoqumuzu daha möhkəm əsaslar üzərində davam etdirmək istəyimizi bir daha vurğuladım”. Makron bu paylaşımı Prezident İlham Əliyevə telefon zəngindən sonra edib.
Görünən odur ki, Paris gec də olsa, bölgədə formalaşan yeni geosiyasi reallıqları qəbul etməyə məcbur qalıb. Son illər Fransa ilə Azərbaycan arasında münasibətlər kifayət qədər gərgin mərhələdən keçib. Rəsmi Paris bir çox hallarda balanslı vasitəçi mövqeyindən uzaqlaşaraq regiondakı proseslərə emosional yanaşma nümayiş etdirib. Bu isə Fransanın Cənubi Qafqazdakı imicinə xeyli zərər verib. Xüsusilə II Qarabağ müharibəsindən sonra yaranmış yeni reallıq fonunda köhnə yanaşmanı davam etdirmək Fransanı proseslərdən kənarda qoyan amilə çevrilmişdi. Məlumdur ki, diplomatik praktikada dövlət başçılarının başqa bir xalqın dilində müraciət etməsi siyasi mesaj sayılır və münasibətlərdə yumşalma niyyətinin, rəğbətin göstəricisi sayılır. Bu, baxımdan Makronun paylaşımı Fransa siyasətində ritorikanın dəyişdiyini, Parisin əvvəlki sərt xəttdən tədricən uzaqlaşdığını göstərən simvolik addım kimi görünür. Əslində, bu o qədər də təəccüb doğurmamalıdır. Çünki Cənubi Qafqazda son illər formalaşan yeni konfiqurasiya Fransanın əvvəlki siyasətinin effektiv olmadığını açıq şəkildə ortaya qoydu. Regionda güc balansı dəyişdi, siyasi prioritetlər yeniləndi və Azərbaycan həm hərbi, həm diplomatik, həm də iqtisadi baxımdan əsas aktorlardan birinə çevrildi. Enerji təhlükəsizliyi, beynəlxalq nəqliyyat dəhlizləri, regional sabitlik və qlobal əməkdaşlıq layihələri Bakının rolunu daha da artırdı. Və uzun müddət bu dəyişiklikləri qəbulunda tərəddüd edən Fransa mövcud reallıqla hesablaşmadan bölgədə nüfuz qazanmağın mümkünsüzlüyünü anladı. Avropanın enerji təhlükəsizliyi məsələsinin gündəmin əsas mövzularından birinə çevrildiyi, yeni nəqliyyat marşrutlarının formalaşdığı və qlobal qarşıdurmaların dərinləşdiyi bir dövrdə Azərbaycan kimi strateji tərəfdaşla münasibətləri gərgin saxlamaq Paris üçün siyasi baxımdan sərfəli olmazdı. Makronun paylaşımı məhz bu zərurətin qəbul edildiyini göstərən işarə kimi yozula bilər. Çox güman ki, Fransa regiona münasibətdə daha realist və hesablanmış siyasət yürütməyə hazırlaşır. Daha dəqiq desək, Paris ideoloji yanaşmadan maraqlara əsaslanan siyasətə keçmək məcburiyyətində qalır.
Azərbaycanın Fransa vətəndaşlarının İrandan təxliyəsi üçün yardımı məsələsinə də toxunmasaq olmaz. Parisin siyasətində müşahidə olunan selektiv yanaşma, ölkəmizə qarşı aparılan qarayaxma kampaniyaları və qeyd edə biləcəyimiz daha bir çox anti-Azərbaycan siyəsətinin nümunələrinə rəğmən ölkəmiz sivillərin təhlükəsizliyinə önəm verir. Yaxın Şərqdə cərəyan edən hadisələr fonunda rəsmi Bakının davranışı beynəlxalq humanizm və etik norma baxımından nümunəvi oldu. Fransız vətəndaşlarının İrandan təhlükəsiz təxliyəsi məsələsində Azərbaycan həm dövlət strukturları, həm diplomatik kanallar, həm də operativ humanitar tədbirlər vasitəsilə fəal iştirak etdi.
Sonda qeyd edək ki, bir dövlətin etik və beynəlmiləl prinsiplərə sadiqliyi onun beynəlxalq imicinə ciddi töhfə verir. Azərbaycan həm də bu missiyanın daşıyıcısı olaraq qlobal siyasi gərginliklərdə belə insani dəyərlər və humanitar məsuliyyətlə hərəkətin mümkünlüyünü sübut etdi. Fransa kimi qlobal gücün qərəzli mövqeyinə baxmayaraq, dövlətimiz yenə də öz prinsiplərindən sapmayaraq beynəlxalq hüquq çərçivəsində humanist addımlar atdı. Bununla da həm Azərbaycan diplomatiyasının yetkinliyi, həm də ölkənin beynəlxalq səhnədə etibarlılığı bir daha öz təsdiqini tapdı.
Elçin MİRZƏBƏYLİ,
Milli Məclisin deputatı
Fransa prezidentinin “X” üzərindən Azərbaycan dilində etdiyi paylaşımın məzmunu və forması daha geniş siyasi kontekstdə təhlil edildikdə Parisin son illər Azərbaycana münasibətdə formalaşdırdığı selektiv və bəzən açıq qərəzli xətt fonunda müəyyən korrektə cəhdlərinin müşahidə olunduğunu söyləmək mümkündür. Diqqətçəkən məqamlardan biri paylaşımın məhz Azərbaycan dilində edilməsi və birbaşa Prezident İlham Əliyev ilə telefon danışığının qeyd olunmasıdır. Praktikada belə jestlər təsadüfi sayılmır. Dövlət başçılarının və ya hökumət rəhbərlərinin öz müraciətlərini mesajın ünvanlandığı ölkənin dilində etmələri, adətən, həmin ölkəyə siyasi mesaj vermək, münasibətlərdə yeni mərhələyə keçmək və ya mövcud gərginliyi yumşaltmaq niyyəti ilə əlaqələndirilir. Nəzərə alsaq ki, son illər Fransa–Azərbaycan kifayət qədər mürəkkəb mərhələdən keçib, bu addım diplomatik ritorikanın yumşaldılması kimi qiymətləndirilə bilər.
Digər tərəfdən, paylaşımda Azərbaycanın regional proseslərdə oynadığı rolun dolayısı ilə etiraf edilməsi də diqqətdən yayınmır. Makron Azərbaycanın Fransa vətəndaşlarının təxliyəsi ilə bağlı göstərdiyi yardıma görə təşəkkür etməklə, faktiki olaraq, Bakının regionda mühüm logistika və təhlükəsizlik platforması kimi çıxış etdiyini qəbul edir. Bu isə son illər Azərbaycanın geosiyasi çəkisinin artmasının beynəlxalq səviyyədə açıq etiraf edildiyini göstərir. Məlumdur ki, Azərbaycan təkcə Cənubi Qafqazın deyil, həm də Avrasiya məkanının mühüm nəqliyyat və enerji qovşaqlarından birinə çevrilib. Enerji təhlükəsizliyi, Şərq-Qərb nəqliyyat dəhlizi marşrutları, eləcə də regional təhlükəsizlik məsələlərində Bakının rolu getdikcə artır.
Paylaşımın digər mühüm elementi Ermənistan–Azərbaycan münasibətlərində sülh prosesinə dəstəyin vurğulanmasıdır. Bu məqam xüsusilə həssasdır, çünki son illərdə Parisin açıq şəkildə sülhə maneə yaratmaq məqsədi daşıyan mövqe tutması və müxtəlif platformalarda Bakıya qarşı tənqidi çıxışları Azərbaycan ictimaiyyətində ciddi narazılıq doğurmuşdu. Bu səbəbdən Makronun “ikitərəfli dialoqu daha möhkəm əsaslar üzərində davam etdirmək” niyyətini ifadə etməsi müəyyən dərəcədə diplomatik balans axtarışı kimi də qiymətləndirilə bilər. Lakin bütün bunları Fransanın siyasətində tam və köklü dönüş kimi təqdim etmək də hələ tezdir. Diplomatiyada jestlər və mesajlar bəzən taktiki xarakter daşıyır və konkret situativ maraqlardan irəli gəlir.
Nəzrin ELDARQIZI
XQ


