XIII Qlobal Bakı Forumunun konseptual mesajları

post-img

Yeni dünya düzəninə keçidin siyasi arxitekturası

Martın 12-də “Gülüstan” sarayında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilati dəstəyi ilə "Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması" mövzusunda XIII Qlobal Bakı Forumu işə başlayıb. Mövcud vəziyyət qlobal siyasi sistemin dərin transformasiyalarla üzləşdiyi reallığı təcəssüm etdirir. Köhnə dünya nizamı arxada qalır, yeni geostrateji arxitektura formalaşır. Dünyadakı güc mərkəzləri arasında qütbləşmə maksimum həddə çatıb. Belə şəraitdə ənənəvi diplomatiya alətləri əksər hallarda səmərəsiz olur, beynəlxalq hüququn norma və prinsipləri fərqli təfsirlərə məruz qalır. Azərbaycan paytaxtı ardıcıl olaraq mürəkkəb qlobal problemlərin həlli yollarının axtarıldığı nadir məkanlardan sayılır.

Prezident İlham Əliyevin dəqiq ifadə etdiyi kimi, regional təhlükəsizlik məsələsi Azərbaycan üçün hər zaman mütləq və əsas prioritet hesab edilib. Suverenliyin və ərazi bütövlüyünün bərpası dövlət gündəliyinin mərkəzi oxunu təşkil edib. Hazırda region xalqları cəmi yeddi aydır ki, tam sülh şəraitində yaşayır. Bu fakt onu sübut edir ki, hədəflənən sabitliyə nail olmaq məqsədilə zəruri hesab edilən güclü siyasi iradə, həmçinin sülh və ədalət sahəsində sarsılmaz sadiqlik mövcuddur. Azərbaycan uzun illər ərzində pozulmuş hüquqlarını bərpa etməklə bərabər, regionda tamamilə fərqli reallıqlar diktə edir. Cənubi Qafqaz tarixən hegemon güclərin toqquşma meydanına çevrilsə də, hazırkı şərtlər altında rəsmi Bakı xarici müdaxilələri minimuma endirməyə müvəffəq olub. Təhlükəsizliyin təmini yalnız hərbi güclə məhdudlaşmır, həm də iqtisadi müstəqillik və ardıcıl diplomatik gedişlərlə dəstəklənir.

Ermənistanla münasibətlərin nizamlanması prosesi yeni mərhələyə qədəm qoyub. Prezident İlham Əliyev qeyd edib ki, əldə edilən sülh və sabitlik yalnız kağız üzərində qalmayaraq əməli şəkildə tətbiq edilir. Sərhədlərdə atışmanın, qurbanların və itkilərin sıfra enməsi vəziyyətin müsbət məcrada inkişafından xəbər verir. Reallıq ondan ibarətdir ki, Azərbaycan müxtəlif istiqamətlərdən bütün yüklərin Ermənistana daşınmasına qoyulmuş köhnə məhdudiyyətləri tamamilə aradan qaldırıb. Dövlətimiz qonşu ölkə ilə ticarətə, habelə ən vacib neft məhsullarının ixracına başlayıb. Bu addımlar göstərir ki, rəsmi Bakı regional inteqrasiya və iqtisadi əməkdaşlıq çərçivəsində praqmatik siyasət yürüdür, intiqamçılıq hisslərindən uzaqdır. İqtisadi asılılıqlar və ortaq ticarət maraqları yarandıqda müharibə riski kəskin şəkildə azalır. Qarşılıqlı iqtisadi fayda siyasi sabitliyin etibarlı təminatçısına çevrilir.

***

Beynəlxalq sistemin dərin transformasiyalar keçirdiyi indiki vaxtda qlobal konfransların əhəmiyyəti ikiqat artır. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin qeyd etdiyi kimi, konfrans müasir dünya üçün olduqca aktual mövzuya həsr olunub. Dünyanın əksər yerlərində uçuşların ləğv edildiyi və səyahət xəbərdarlıqlarının artdığı vaxtda beynəlxalq tədbirə dörd yüzə yaxın iştirakçının gəlməsi mükəmməl koordinasiya tələb edir. Uğurla təşkil edilən konfrans dialoq və müzakirə məqsədilə xüsusi platforma yaradılmasının göstəricisi olub çoxtərəfli əməkdaşlığa güclü sadiqliyi nümayiş etdirir. Eyni zamanda, beynəlxalq ictimaiyyətin Azərbaycana regionun aparıcı diplomatik mərkəzlərindən ən mühümü kimi göstərdiyi böyük etimadı əks etdirir. Çünki qlobal xaos fonunda təhlükəsiz liman tapmaq beynəlxalq ictimaiyyət üçün əhəmiyyət kəsb edir. Rəsmi Bakı məhz etibarlı tərəfdaş, sabitliyin zəmanətçisi rolunu inamla oynayır.

Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Jelka Tsviyanoviç məsələnin kökünə baxmağın vacibliyini irəli sürüb. Onun qeyd etdiyi kimi, qlobal miqyasda mövcud daxili bölünmələri mənalı şəkildə aradan qaldırmaqdan ötrü əvvəlcə həmin bölünmələrin əsas səbəblərini dərindən anlamaq şərtdir. XIII Qlobal Bakı Forumu bilavasitə nümayiş etdirir ki, tərəflər arasındakı fərqlər, mahiyyətindən asılı olmayaraq, heç vəchlə münaqişəyə səbəb yaratmamalıdır. Dövlətlər və mədəniyyətlər arasındakı ziddiyyətlər hərbi toqquşmalar vasitəsilə həll edilə bilməz, yalnız konstruktiv müzakirələr çıxış yolu təklif edir.

Qlobal həmrəyliyə ən böyük ehtiyac isə bəşəriyyəti hədələyən müştərək təhlükələr qarşısında hiss olunur. Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Azərbaycan Prezidentinə və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə xüsusi təşəkkürünü çatdırıb. O, görünməyən təhlükə sayılan pandemiyaya toxunaraq, koronavirusun təxminən iyirmi milyon insanın həyatına son qoyduğunu xatırladıb. Rəqəm yaddaşlarda qalan hər hansı müharibənin verdiyi itkilərdən xeyli çoxdur və qlobal iqtisadiyyat on trilyon ABŞ dollarından artıq zərərə məruz qalıb. Səhiyyə elə sahədir ki, parçalanmış dünyada ideologiya və ayrılıqlardan asılı olmayaraq, ölkələr ümumi təhdidlərə qarşı müştərək həllər tapmaq xatirinə məhz Bakıdakı kimi cəmləşməlidirlər.

Kosta-Rikanın vitse-prezidenti Fransisko Qamboa mövcud platformanın mühüm əhəmiyyətini hüquqi aspektdən dəyərləndirib. Bakı formatı tərəflərə məqbul həll yolları üzərində işləməyə münbit şərait yaradır. Təqdim edilən imkan fərqli fikirlərə malik şəxslərin toplanaraq bütün iştirakçılar naminə müsbət hesab ediləcək həllər tapmasına yol açır. Böyük, inkişaf etmiş və inkişafda olan bütün dövlətlər hüquq qarşısında eyni məsuliyyəti daşımalıdırlar. Əks təqdirdə, qlobal güclərin anarxiyası, zorakılıq prinsipinin hökmranlığı dünyanı xaos uçurumuna sürükləyəcək. Azərbaycan paytaxtı isə hüququn aliliyini təşviq edən sağlam qüvvələrin əsas platformasıdır.

***

Keçid dövrünü yaşayan bəşəriyyət böyük iqtisadi, hərbi və informasiya böhranları ilə sınağa çəkilir. İkinci Dünya müharibəsindən sonra formalaşmış təsisatların fəaliyyətsizliyi artıq aşkar görünür. BMT Təhlükəsizlik Şurasının qətnamələri fərqli regionlarda fərqli şəkildə icra edilir və əksər hallarda sənədlər yalnız arxivləri bəzəyir. Azərbaycanın timsalında isə dövlət BMT-nin təsdiqlədiyi dörd qətnaməni hərbi-siyasi yolla icra, beynəlxalq hüququ təkbaşına bərpa etdi. Xatırladılan presedent beynəlxalq hüququn icra mexanizmlərində köklü dəyişikliklərə zərurət yaratdığını nümayiş etdirdi. Güclü iqtisadiyyata malik dövlətlər suveren qərarlar qəbul etməklə regional təhlükəsizliyin real təminatçısı rolunu boynuna götürürlər. Kənar güclərin müdaxiləsi yalnız dağıntılar, bitməyən qarşıdurmalar və dondurulmuş münaqişələr gətirir.

XIII Qlobal Bakı Forumunun strateji çəkisi həm də təmsilçilik səviyyəsi ilə ölçülür. Dünyanın fərqli qitələrini təmsil edən sabiq və fəaliyyətdə olan prezidentlər, baş nazirlər, xarici işlər nazirləri, təşkilat rəhbərləri və nüfuzlu tədqiqatçılar vahid məqsəd ətrafında toplaşıblar. Əsas məqsəd fərqlilikləri düşmənçilik mənbəyindən çıxararaq inkişaf amilinə çevirməkdir. Asiya qitəsinin iqtisadi potensialı Avropanın texnoloji imkanları ilə inteqrasiya edildikdə bütün tərəflər mənfəət götürür.

Beynəlxalq formatlarda səsləndirilən tezislər mədəniyyətlərarası dialoqun əhəmiyyətini daha dərindən dərk etməyə vadar edir. Multikultural dəyərlərə sadiq qalan, fərqli dinlərin, etnik qrupların və inanc sahiblərinin sülh şəraitində yaşamasını təmin edən mühit tolerantlıq simvoludur. Dini radikalizmin, radikal çıxışların və irqçiliyin tüğyan etdiyi qitələrdən fərqli olaraq, Cənubi Qafqazda fərqliliklər cəmiyyəti parçalamır, əksinə, onu irəliyə doğru aparır.

XIII Qlobal Bakı Forumuna toplaşan beynəlxalq elitanın ən çox təqdir etdiyi məqamlardan ikincisi məhz həmin inteqrasiya bacarığıdır. Təcrid siyasəti yürüdən, monomədəniyyət yaradan rejimlər isə mənəvi tənəzzülə uğrayır, intellektual potensiallarını itirirlər. Siyasi dialoq fərqli mədəniyyətlərin bərabərliyinə söykəndikdə əldə edilən nəticələr daimi və qırılmaz xarakter daşıyır. Fikir ayrılıqları yalnız sağlam, tolerant atmosferdə aradan qaldırılmaqla səmərəli inkişaf yollarına qovuşdurula bilər.

Yusif ŞƏRİFZADƏ
XQ

Siyasət