İspaniyada NATO dilemması

post-img

“Podemos”un referendum təşəbbüsü Avropada təhlükəsizlik debatını alovlandırır

“Qoca qitə”nin təhlükəsizlik sistemində baş verən dəyişikliklər, xüsusilə Ukrayna müharibəsi, Yaxın Şərqdə artan gərginlik və ABŞ-la Avropa arasında yaranan taktiki fikir ayrılıqları NATO daxilində müzakirələri yenidən aktuallaşdırıb. Həmin müzakirələrin ən diqqətçəkən istiqamətlərindən biri İspaniyada sol siyasi qüvvələrin NATO-ya münasibətinin sərtləşməsi və alyansdan çıxmaq məsələsinin yenidən gündəmə gəlməsidir.

Elə bu səbəbdən İspaniyanın solçu “Podemos” (“Biz bacararıq”) partiyasının ölkənin NATO-dan çıxması ilə bağlı referendum keçirilməsi təklifi Avropada təhlükəsizlik siyasətinin gələcəyi ilə bağlı daha geniş ideoloji qarşıdurmanın tərkib hissəsi kimi xarakterizə oluna bilər. “Podemos” nümayəndəsi Pablo Fernandez mətbuat konfransında bildirib ki, partiya hökuməti NATO-dan çıxmaq və ABŞ hərbi bazalarının bağlanması məsələsini xalqın qərarına verməyə çağırır. Onun sözlərinə görə, İspaniya ordusu xarici münaqişələrdə iştirak etməməli, NATO-nun Aralıq dənizindəki bazalarını müdafiə etmək üçün istifadə olunmamalıdır. Partiya, həmçinin hərbi xərclərin artırılmasına qarşı çıxaraq bu məsələnin parlamentdə və ya referendum vasitəsilə həllini tələb edib.

Əslində, yaxın keçmişə nəzər salsaq, görərik ki, İspaniyanın bu mövqeyi yeni deyil. Rəsmi Madridin NATO-ya münasibəti əvvəldən ziddiyyətli olub və ölkənin alyansa qoşulması ciddi siyasi mübarizə nəticəsində baş tutub. Hakim Sosialist Partiyası əvvəlcə alyansa qarşı çıxsa da, hakimiyyətə gəldikdən sonra mövqeyini dəyişmiş və üzvlüyün saxlanmasını müdafiə etmişdi. Lakin prosesdə bir sıra əmmalar da var idi. İspaniya o şərtlə NATO-ya üzv olmuşdu ki, qurumun hərbi strukturuna tam qoşulmayacaq, ölkə ərazisində nüvə silahları yerləşdirilməyəcək və ABŞ hərbi iştirakı tədricən azalacaq. Xülasə, sözügedən referendumun nəticəsi İspaniyada NATO ilə bağlı siyasi kompromisin əsasını qoydu. Lakin kompromis tam konsensus yaratmadı və sol partiyalar uzun müddət alyansa skeptik münasibət sərgiləməyə davam etdilər. Maraqlıdır ki, sonradan NATO-nun baş katibi olan ispan siyasətçi Xavyer Solana da əvvəlcə alyansa qarşı çıxanlardan biri idi.

Göründüyü kimi, “Podemos”un referendum tələbi İspaniya siyasi tarixində mövcud olan mübahisələrin davamıdır. Hazırda Solçu partiya İspaniya ərazisində yerləşən ABŞ hərbi bazalarının bağlanmasını tələb edir. Xatırlatmaqda fayda var ki, Rota və Moron bazaları həm ABŞ, həm də NATO üçün Aralıq dənizi və Yaxın Şərq istiqamətində mühüm strateji məntəqələr hesab olunur. Onların fəaliyyəti ikitərəfli sazişlər əsasında həyata keçirilir. Məntəqələrdən hərbi əməliyyatlar üçün istifadə isə Madridin razılığı olmadan mümkün deyil. Yeri gəlmişkən, ABŞ bazaları ətrafında siyasi mübahisələr son günlər daha çox kəskinləşib. Məsələn, Yaxın Şərqdə başlayan qarşıdurma fonunda İspaniya hökuməti ABŞ-ın İranla bağlı hərbi əməliyyatlar üçün bu bazalardan istifadə etməsinə icazə vermədiyini açıqlamışdı. Qərar Madridin NATO müttəfiqləri ilə münasibətlərində müəyyən gərginlik yaratmışdı və ölkə daxilində suverenlik məsələsini yenidən gündəmə gətirmişdi. Sol partiyalar cari vəziyyəti NATO-nun İspaniyanı zorla münaqişələrə cəlb etməsi kimi dəyərləndirirlər. Onların fikrincə, ölkə ərazisində xarici hərbi bazaların olması siyasi qərarların müstəqilliyini məhdudlaşdırır.

Bununla yanaşı, NATO daxilində hərbi xərclərin artırılması, ABŞ-ın Avropaya təzyiqi və yeni təhlükəsizlik strategiyaları ilə bağlı mübahisələr də İspaniyada sol qüvvələrin mövqeyini gücləndirib. Son illərdə NATO üzvlərindən müdafiə xərclərini artırmaq tələb olunsa da, İspaniya bu məsələyə ehtiyatla yanaşır. Hökumət sosial xərclərin azalması riskinə görə hərbi büdcənin sürətlə artırılmasına qarşı çıxır və bu mövqe cəmiyyətdə müəyyən dəstək qazanır. Sol partiyalar sözügedən tendensiyanı NATO-nun militarist siyasətə yönəlməsi kimi qiymətləndirir və Avropanın daha müstəqil təhlükəsizlik modelinə ehtiyac olduğunu bildirir. Bu səbəbdən bir sıra sol partiyaların, o cümlədən “Podemos”un NATO-nun rolunun yenidən nəzərdən keçirilməsi üçün hakim Sosialist Partiyasına təzyiq göstərməyə başlaması təəccüb doğurmamalıdır.

Əvvəldə də vurğuladığımız kimi, “Podemos” hesab edir ki, mövcud beynəlxalq şəraitdə bu cür balans siyasəti davamlı ola bilməz. Partiyanın mövqeyinə görə, İspaniya ya NATO-nun formalaşdırdığı hərbi-strateji xətti tam şəkildə qəbul etməli, ya da alyansdan çıxmaq imkanını açıq şəkildə müzakirəyə çıxarmalıdır. Ona görə də referendum keçirilməsi ideyası ölkənin təhlükəsizlik siyasətinin istiqamətini müəyyənləşdirməyə yönəlmiş prinsipial məsələ kimi təqdim olunur. Hüquqi baxımdan İspaniyada NATO-dan çıxmaq məsələsinin referendum yolu ilə həlli mümkündür, lakin belə bir qərarın qəbul edilməsi mürəkkəb siyasi prosedurlar tələb edir və ilk növbədə, parlament çoxluğunun, eləcə də hökumətin razılığını zəruridir. Mövcud siyasi konfiqurasiyada bu şərtlərin formalaşması ehtimalı yüksək qiymətləndirilməsə də, referendum təşəbbüsünün gündəmə gətirilməsi özü-özlüyündə mühüm siyasi nəticələr doğurur. Yəni məsələ yenidən ictimai müzakirələrin mərkəzində dayanır. Hökumət hərbi siyasətdə daha ehtiyatlı davranmağa məcbur qalır və ABŞ-la, eləcə də Avropa müttəfiqləri ilə münasibətlərdə yeni balans axtarışı zərurəti ortaya çıxır. “Podemos”un irəli sürdüyü təşəbbüsün yaxın perspektivdə NATO-dan real çıxışla nəticələnməsi ehtimalı zəif görünsə də, onun siyasi təzyiq aləti kimi təsiri kifayət qədər ciddi hesab olunur.

Xəyal BƏŞİROV,
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, politoloq

Rusiya–Ukrayna müharibəsindən sonra NATO daxilində fikir ayrılıqları kifayət qədər dərinləşib və alyansın Avropanın təhlükəsizliyinə tam təminat verə bilməsi ilə bağlı ciddi suallar ortaya çıxıb.

Hələ müharibənin ilk mərhələlərində belə bir fikir səsləndirilirdi ki, mövcud proseslər gec-tez alyans daxilində parçalanma meyillərini gücləndirə bilər. Bu tendensiyanın sürətlənməsinə təsir göstərən amillərdən biri də ABŞ-da Donald Trampın hakimiyyətə qayıdışından sonra Vaşinqtonun Avropa siyasətində daha sərt və tələbkar xətt nümayiş etdirməsidir. Tramp administrasiyası açıq şəkildə bəyan etdi ki, ABŞ Avropanın təhlükəsizliyinin təmin olunmasında əvvəlki kimi əsas yükü daşımaq niyyətində deyil və Avropa dövlətləri müdafiə qabiliyyətinin artırılması prosesində daha fəal iştirak etməlidirlər.

İspaniya-NATO münasibətlərinə gəldikdə isə ölkə 1982-ci ildə alyansa qoşulsa da, onun hərbi struktura tam inteqrasiyası daha sonrakı dövrdə – 1999-cu ildə başa çatıb. O vaxtdan etibarən İspaniya NATO-nun tamhüquqlu üzvü kimi fəaliyyət göstərir. Bununla belə, son illərdə ABŞ-ın yeni təhlükəsizlik siyasəti və xüsusilə Ağ Evin atdığı addımlar fonunda Madridlə Vaşinqton arasında müəyyən narazılıqların yarandığı müşahidə olunur. İspaniyanın baş naziri Pedro Sançes açıq şəkildə bəyan edib ki, ölkəsi ABŞ-ın bəzi hərbi təşəbbüslərini dəstəkləmir və müəyyən əməliyyatlarda iştirak etməyəcək.

Bu mövqe NATO çərçivəsində Avropa məkanında nadir hallarda rast gəlinən açıq etiraz kimi qiymətləndirilə bilər. Solçu müxalif mövqedə olan Podemos (“Biz bacararıq”) partiyası alyansdan çıxmaq məsələsini gündəmə gətirməklə vəziyyəti daha da mürəkkəbləşdirib. Mövcud siyasi reallıqda bu təşəbbüsün yaxın vaxtlarda reallaşması ehtimalı yüksək qiymətləndirilməsə də, onun tamamilə mümkünsüz olduğunu demək doğru olmaz.

Çünki İspaniya siyasi sistemində koalisiya və partiyalararası razılaşmalar mühüm rol oynayır və müəyyən şəraitdə digər sol qüvvələrin dəstəyi ilə bu cür təşəbbüslər gündəmdə qala bilər.

Nəzrin ELDARQIZI
XQ



Siyasət