Oktyabrın 19-da Bakıda Azərbaycan Qadınlarının VI Qurultayı keçirilib.
Məclisdən əvvəl qurultay iştirakçıları Fəxri xiyabanı ziyarət edərək, xalqımızın Ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil qoyub və gül dəstələri düzüblər.
Həmçinin Ulu öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə gül dəstələri qoyulub.
Qurultay ölkəmizdə qadın hərəkatının əsasını qoymuş Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi, eyni zamanda, müstəqil Azərbaycanın ilk Qadın Qurultayının 25 illiyi münasibətilə təşkil edilib. Məclisdə paytaxt və bölgələrdən 600-ə yaxın qadın iştirak edib.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubunu oxuyub.
Sonra “Heydər Əliyev və dövlət qadın siyasəti” mövzusunda videoçarx nümayiş etdirilib.
Qurultayı açan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova dövlət qadın siyasəti ilə bağlı məruzə ilə çıxış edib.
B.Muradova Ulu öndər Heydər Əliyevin Azərbaycanda qadın siyasətinə böyük önəm verdiyini və diqqət yetirdiyini diqqətə çatdırıb. Bildirib ki, ölkəmizdə mütəşəkkil qadın hərəkatının əsasını qoyan Ümummilli liderin diqqət və qayğısı sahəsində Azərbaycanda savadlı, ictimai həyatda fəal iştirak edən qadınlar yetişib.
Dövlət komitəsinin sədri bildirib ki, Prezident İlham Əliyev də qadınların dövlət idarəçiliyində və cəmiyyətdə rolunu yüksək qiymətləndirir, onların rolunun artırılması istiqamətində müvafiq dövlət proqramları qəbul olunur.
Sonra çıxış edən Baş nazirinin müavini Əli Əhmədov vurğulayıb ki, tarixi qələbələrimizin qazanılmasını şərtləndirən amillərdən biri də sağlam ailə və bu ailələrdə yetişən vətənpərvər gənclər olub. Biz bu gənclərimizlə fəxr edirik.
Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdəmir Göktaş, Milli Məclis sədrinin müavini Adil Əliyev, BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi Vladanka Andreyeva, insan hüquqları üzrə müvəkkil Səbinə Əliyeva, Tacikistanın əmək, miqrasiya və məşğulluq nazirinin müavini Nodiri Şaxnoza Anvar, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxışlarında qadınların hüquqlarının təmin olunması, onların ictimai hyəatda iştirakçılığının artırılması ilə bağlı fikirlərini bölüşüblər.
Çıxışlardan sonra BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinin sədri Ana Pelaez Nervaezin qurultay iştirakçılarına videotəbriki nümayiş olunub.
Azərbaycan Qadınlarının VI Qurultayı işini “Ulu Öndər Heydər Əliyevin əsas missiyası: Böyük Qayıdış”, “Gender məsələləri hüquqi müstəvidə: Mövcud vəziyyət, qarşıda duran məsələlər”, “Sosial-iqtisadi islahatların gender aspektləri. Formal və qeyri-formal məşğulluqda qadın təmsilçiliyi”, “Qadın hüquqlarının həyata keçirilməsində çağırışlar və qlobal tendensiyalar” mövzularında panel müzakirələrlə davam etdirib.
Qurultayın yekununda müzakirə və təkliflər əsasında qətnamə qəbul olunub.
Sonda Azərbaycan Qadınlarının VI Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıblar.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva “XQ”yə müsahibəsində bildirdi:
– Ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi və dövlət səviyyəsinə qaldırılması məhz Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider qadınların idarəetmə, sosial həyatın bütün sahələrində irəli çəkilməsini vacib hesab edirdi. Ölkəmizdə qadın hüquqlarının qorunması, onlara yüksək imtiyazların verilməsi, qadınlarımızın dövlət siyasətinin həyata keçirilməsində fəal iştirakının təmin olunması Ulu öndərin siyasətinin ayrılmaz tərkib hissələrindən olub. Qadınların irəli çəkilməsi, təhsili ilə bağlı məsələlərdə, qadın sahibkarlığının inkişafı istiqamətində çox önəmli siyasət həyata keçirib. Müstəqilliyimizin ilk illərində – ölkəmiz üçün çox ağır bir vaxtda, 1995-ci ildə Pekində keçirilən IV Ümumdünya Qadınlar konfransında Azərbaycan qadınları çox yüksək səviyyədə təmsil olundular, xalqımızın haqq səsini dünyaya çatdırdılar.
“Vəfa Collection” şirkətinin təsisçisi, ilk Azərbaycan brendi – “Made in Azerbaijan” markası ilə ev tekstili fabrikinin qurucusu Vəfa Muradzadə isə dedi:
– Cəmiyyətdə qadınların inkişafı vacib amildir. Bütün sahələrdə, o cümlədən sahibkarlıq istiqamətində qadın sahibkarların potensialından istifadə Azərbaycanın dayanıqlı və inklüziv inkişafı üçün mühüm rol oynayır. Təkcə sosial baxımdan deyil, iqtisadi cəhətdən də qadın sahibkarlara dəstək vacibdir. Belə ki, bu, gender bərabərliyinə nail olmaq və əmək bazarının yaxşılaşdırılması üçün xüsusilə vacibdir. Bu, həm də qadınların iqtisadi müstəqilliyini artırılması üçün yaxşı şansdır.
Sahibkar qadın Sürəyya İsmayılova Azərbaycan qadınlarının bütün sahələrdə əldə etdikləri nailiyyətlərin onların məsuliyyətini daha da artırdığını söylədi:
– Ölkəmizdə bərqərar olan mühit qadınlarımızın potensialının daha da artırılması üçün əlverişli zəmin yaradıb. Bu, gələcək nəsillər üçün davamlı inkişafa yol açıb. O son 20 ildə qadınların sahibkarlıq sahəsində rolu da artıb. Dövlətin diqqət və qayğısı sayəsində qadınlarımız kiçik və orta sahibkarlıqla daha cəsarətlə, daha qətiyyətlə məşğul olurlar. Azərbaycan qadınları ölkə iqtisadiyyatına öz töhfələrini vermək üçün ciddi səy göstərirlər. Qadın fəallığı harada varsa, orada ictimai tərəqqi də var.
“Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyeva bildirdi:
– Azərbaycan qadınları həyatın bütün sahələrində fəallıqları ilə fərqlənir, quruculuq işlərinə öz töhfələrini vermək üçün ciddi səy göstərirlər. Son illər dövlət idarəçiliyinin yüksək pillələrində qadınların təmsilçiliyi daha da artır, təhsil, səhiyyə və mədəniyyət sahələrində isə qadınlar əhəmiyyətli dərəcədə üstünlük təşkil edirlər. Ölkəmizdə qadınların hüquqlarının yüksək səviyyədə qorunması, onların seçib-seçilmək hüququna malik olmaları, yüksək postlarda, qeyri-dövlət strukturlarında ölkəmizin maraqlarının müdafiəsi istiqamətində fəaliyyətləri ilə seçilmələri mühüm faktordur.
Hazırladı:
Leyla QURBANOVA
XQ




