Gələn il pensiyalar artacaq
Hər ilin yanvar ayında pensiyalardakı artım əvvəlki ildə orta aylıq əməkhaqqındakı artım faizinə uyğun olaraq həyata keçirilir. Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib. O, bu ilin 7 ayında orta aylıq əməkhaqqının 11,2 faiz artdığını bildirib.
Yeni ildən pensiyaların təxminən 11 faiz ətrafında indeksasiya olunaraq artırılacağını deyən V. Bayramov konkret rəqəm açıqlayıb: “Burada bütün növ əmək pensiyaların artırılmasında söhbət gedir. Əvvəlki illərdə təxminən 100 minə yaxın vətəndaşımızın əmək pensiyası artırılmışdı. Amma indi əmək pensiyası alan bütün vətəndaşlarımızın pensiya məbləğləri indeksasiya olunaraq artırılacaq. Artım məbləği fərqli olacaq. Yəni artımlar faizlə hesablandığı üçün bu, pensiya məbləğindən asılı olaraq dəyişəcək. Məsələn, 1000 manat pensiya alanlarda təxminən 100 manatdan artıq artım olacaq”.
Atalıq məzuniyyəti olsunmu?
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova atalıq məzuniyyətinin ödənişli olmasını təklif edib: “14 gün ödənişsiz atalıq məzuniyyəti verilir. Ödənişsiz məzuniyyətin verilməsi isə müsbət qarşılanmır. Çünki ödənişsiz məzuniyyət ailə üçün əlavə maliyyə çətinliyi yaradır. Amma araşdırmalar göstərir ki, atalıq məzuniyyətinin verilməsi ailəyə müsbət təsir edir. Ona görə də ödənişli atalıq məzuniyyətinin verilməsini tətbiq etmək lazımdır”.
Bu kateqoriyadan olan uşaqlara güzəşt ediəcək
Bu məsələ Milli Məclisə təqdim edilmiş “Sosial xidmət haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, valideyn himayəsindən məhrum olmuş 18 yaşına çatan şəxslər üçün yeni güzəşt tətbiq olunacaq.
Əmək və sosial siyasət komitəsinin sədi Musa Quliyev deyib ki təklif edilən dəyişikliyə əsasən, həmin şəxslər çətin şəraitə düşmüş insanlar kateqoriyasına aid olunacaq və onlar da mənzil alana qədər dövlət müəssisələrində yaşayış yeri ilə təmin olunacaqlar: ” Valideyn himayəsindən məhrum olmuş şəxslər 18 yaşına çatdıqdan sonra sosial xidmət müəssisələrini tərk edir və adətən, ev alana qədər ağır şəraitdə yaşayırlar. Kirayədə qalanlar kirayə haqqı verə bilmirlər. Bu qanunun qəbulundan sonra həmin şəxslər çətin şəraitə düşmüş insanlar kateqoriyasına aid olunacaq və onlar da ev alana qədər dövlət müəssisələrində yaşayış yeri ilə təmin olunacaqlar. Eyni zamanda, onları daha tez siyahıya salıb mənzillərlə təmin etmək mümkün olacaq”.
Strateji məhsullara qiymət tənzimlənməsi
“Azərbaycanda “Dövlət ehtiyatları haqqında” yeni Qanun qəbul edildikdən sonra istehlak bazarında strateji ərzaq məhsullarının qiymətində kəskin artımların qarşısı alınacaq”. Bu fikir Milli Məclisdə qanun layihəsinin müzakirəsi zamanı səsləndirilib.
Qeyd edilib ki, qanun layihəsinə əsasən, vətəndaşlarımızın daha çox istifadə etdiyi məhsullar üzrə strateji ehtiyatların yaradılması nəzərdə tutulur. Yalnız taxıl deyil, eyni zamanda, digər vacib ərzaq məhsulları üzrə strateji ehtiyatlar yaradılacaq. Strateji ehtiyatların həm dövlət, həm də bu sahədə fəaliyyət göstərən özəl şirkətlər tərəfindən yaradılması nəzərdə tutulur. Bununla yanaşı, istehlak bazarında qiymətlərin monitorinqi aparılacaq. Əgər hər hansı strateji əhəmiyyət daşıyan ərzaq məhsulunun qiymətində artımlar varsa, o zaman həmin ehtiyatlardan istifadə etməklə qiymətlərin tənzimlənməsi və artmış qiymətlərin aşağı salınması təmin olunacaq.
Hazırladı:
Əliqismət BƏDƏLOV
XQ

