Milli Məclis Sədrinin Buxara görüşləri

post-img

Milli Məclisin Sədri Sahibə Qafarova mayın 14-də Buxarada Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədr müavini Maryam Majid Bin Zeneya ilə görüşüb.

Söhbət zamanı ölkələrimiz arasında əlaqələrin qardaşlıq, qarşılıqlı hörmət, etimad və dəstək mühitində inkişaf etdiyi qeyd olunub.

Görüşdə beynəlxalq təşkilatlarda əməkdaşlıq məsələləri barədə də fikirlər ifadə olunub. Diqqətə çatdırılıb ki, ölkələrimiz BMT, İƏT və Qoşulmama Hərəkatı kimi beynəlxalq və regional təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir və qarşılıqlı dəstək nümayiş etdirirlər. Milli Məclisin Sədri BƏƏ-nin parlament təmsilçilərinin Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin işində iştirakından məmnunluğunu bildirib.

Söhbət zamanı qanunverici orqanlarda fəaliyyət göstərən dostluq qruplarının parlamentlərarası əlaqələrin inkişafında əhəmiyyəti diqqətə çatdırılıb.

***

Sahibə Qafarova səfəri çərçivəsində Özbəkistanın Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə də görüşüb.

Görüşdə dost və qardaş ölkələrimiz arasında münasibətlərin mövcud inkişaf səviyyəsindən məmnunluq ifadə edilib, əlaqələrin dərinləşməsində iki ölkənin dövlət başçılarının rolu xüsusi vurğulanıb.

Söhbət zamanı ölkələrimiz və xalqlarımız arasındakı yüksəksəviyyəli əlaqələrin parlament müstəvisində də uğurla davam etdirildiyi qeyd olunub. Parlamentlərimizin həm ikitərəfli formatda, həm də beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlığı yüksək qiymətləndirilib.

Görüşdə, həmçinin İkinci Asiya Qadınlar Forumunun dost və qardaş ölkə Özbəkistanda yüksək səviyyədə təşkil olunduğu vurğulanaraq, bu tədbirin qadınların siyasi, iqtisadi, ictimai həyatda daha fəal iştirakının təşviqinə yönəlmiş təşəbbüslərin daha geniş platformada həyata keçirilməsinə töhfə verəcəyinə inam ifadə olunub.

***

Milli Məclisin Sədri Sahibə Qafarova səfəri çərçivəsində Türkmənistan Məclisinin sədri Dünyagözəl Qulmanova ilə də görüşüb.

Görüşdə Azərbaycan ilə Türkmənistan arasında dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyi məmnunluqla qeyd olunub. Parlamentlərarası münasibətlər barədə danışan Milli Məclisin Sədri bu sahədə əməkdaşlığın uğurla inkişaf etdiyini deyib.

Dünyagözəl Qulmanova da ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərin hazırkı yüksək səviyyəsini qeyd edərək, qarşılılıqlı səfərlərin və sıx təmasların münasibətlərin daha da dərinləşməsinə töhfələrini vurğulayıb.

XQ

Son xəbərlər