Mayın 14-də Xətai Rayon Prokurorluğunun inzibati binasında “Açıq qapı” günü təşkil olunub.
Əvvəlcə inzibati binada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin büstü önünə güllər düzülüb. Ulu öndərin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Mərasimi giriş sözü ilə açan Xətai rayon prokuroru Sərdar İmanov iştirakçıları salamlayaraq bu cür görüşlərin dövlət-vətəndaş münasibətlərinin möhkəmləndirilməsi, hüquqi biliklərin artırılması və ictimai etimadın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O, rayon prokurorluğunun fəaliyyəti, cinayətkarlığa qarşı aparılan mübarizə tədbirləri, vətəndaş müraciətlərinə baxılması və insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.
Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov çıxışında prokurorluq orqanlarında son illərdə həyata keçirilən islahatlar, rəqəmsallaşma prosesi, “Elektron prokurorluq” informasiya sistemi və ictimaiyyətlə əlaqələrin inkişafı barədə danışıb. O, fəaliyyətin prioritet istiqamətlərinin şəffaflıq, operativlik və vətəndaş məmnunluğunun təmin olunması olduğunu diqqətə çatdırıb.
Mərasimdə media nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və ictimai fəallar iştirak ediblər.
Q.YUSİFOĞLU
XQ

