Yorulmayan müəllifin tükənməyən mövzuları

post-img

Mən jurnalist İttifaq Mirzəbəylini çoxdan – onun Dövlət radiosunda mənim isə Dövlət televiziyasında çalışdığımız illərdən tanıyıram. Teleşirkətin, demək olar ki, əməkdaşlarının əksəriyyəti İttifaq müəllimi gündəlik fəaliyyətdə yorulmaz, mövzu seçməkdə isə təşəbbüskar işçi kimi tanıyırdı. Bəzi həmkarlarımız müsahibə götürmək üçün vəzifə adamlarını, tanınmış şəxsləri seçəndə, İttifaq müəllim “Azərbaycan” kinoteatrının qocaman kinomexaniki, yaxud şair Əli Nəzminin səksən yaşlı xəstə qızı İqlimə xanımla həmsöhbət olurdu. Onun bu xasiyyəti sözə qiymət verə bilən hər kəs tərəfindən bəyənilirdi.

Sonralar İttifaq Mirzəbəyli əmək fəaliyyətini “Xalq qəzeti”ndə davam etdirməli oldu. Mən artıq rayonda çalışsam da, mətbuatda onun gündəlik fəaliyyətindən əlavə on beş kitab çap etdirməsi haqqında oxudum. Səmimi şəkildə etiraf edim ki, həmin kitabların heç biri haqqında nə isə yazmadığıma görə özümü bağışlamıram. Ancaq bu dəyərli həmyerlimizin və qocaman həmkarımızın son iki ildə üç kitab tərtib edərək ərsəyə gətirməsini, həmin kitabların hamısının “Xalq qəzeti”nin kitabxanası” şərti adı altında təqdim edilməsini görəndə bu sətirləri yazmaya bilməzdim. Üstəlik, bu nəşr nümunələrinin hamısı onun əmək fəaliyyətini dayandıraraq pensiyaya çıxmasından sonra hazırlanıb. Yəni bu qələm sahibinin özü yorulmur, yazdıqları isə tükənmir.

İttifaq müəllimin “And və əməl” kitabı onun 44 günlük İkinci Qarabağ müharibəsinin getdiyi günlərdə qələmə aldığı yazılardan və Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinin 20 illiyinə həsr olunmuş məqalələrdən ibarətdir. “Baş redaktorlarımız haqqında yazılanlar” kitabı isə bir əsrdən çox fəaliyyət göstərmiş anadilli qəzetimizin sükanı arxasında oturmuş görkəmli qələm sahibləri haqqında yazılmış məqalələrdir.

Son günlərdə ərsəyə gəlmiş “Unudulmazlar redaksiyası” adlı kitab isə birmənalı olaraq mərhum həmkarlarımızın xatirəsinə ehtiram hisslərindən ibarətdir. Belə ki, kitabın girişində qeyd edildiyi kimi, 1991-ci ilin yayınadək “Kommunist” adı ilə nəşr edilən “Xalq qəzeti”, sözün həqiqi mənasında, bir jurnalistika məbədi, dilçilik məktəbi olmuşdur.

Xatırladaq ki, kitabın tərtibçisi 106-yaşlı qəzetin son 35 ilində (“Xalq qəzeti” adı ilə nəşr olunduğu dövr nəzərdə tutulur (S.Ə.)) redaksiyada çalışmış, fəqət dünyasını dəyişmiş həmkarları barədə olan yazıları toplamışdır. Məni bu sətirləri yazmağa sövq edən məqamlardan biri isə kitabın layihə rəhbəri, Əməkdar jurnalist, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşovun qələmə aldığı “Ödəməli olduğumuz mənəvi borclardan biri” adlı ön söz oldu. Əflatun müəllim yazır ki, bizim maddi həyatdakı borclarımıza nisbətən mənəvi borclarımız min dəfələrlə çoxdur. Valideynlər, müəllimlər, soykökümüzün görkəmli simaları, övladlarımız, el-oba, qonşular qarşısında olan borclarımızdan əlavə həmkarlarımız və iş yoldaşlarımız qarşısında da çoxsaylı borclarımız var... Dünyasını dəyişmiş həmkar və ya iş yoldaşlarımızın ehtiramla anılması, onların xatirəsinin müntəzəm şəkildə yad edilməsi bu addımları atanların mənəvi kamilliyindən xəbər verir”.

Layihə rəhbəri qeyd edir ki, mən bu kitabda verilmiş – əlli ildən çox qəzetimizin foto-müxbiri olmuş Cahangir İbadov haqqında olan “Baharın yetmiş beş anı” (müəllif Qüdrət Piriyevdir), son 35 ildə bütün jurnalistlərin və oxucuların çox yaxşı tanıdığı Məmməd Nazimoğlu haqqında olan “Bir ağ bulud kimi zərif, ziyansız...” (müəllif İttifaq Mirzəbəylidir), həm Kommunist”, həm də “Səhər” qəzetlərində, eləcə də Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisində səmərəli, məsuliyyətli fəaliyyəti ilə hamının rəğbətini qazanmış Məzahir Süleymanzadə haqqında olan “İndi bizim dost itirən vaxtımızdı...” (müəllif Səməd Məlikzadədir), eləcə də Azərbaycan musiqi mədəniyyətinə ən yaxın mətbuat təmsilçisi kimi tanınan Rafiq Salmanov haqqında qələmə alınmış “Mənalı ömrün akkordları” (müəllif Tahir Aydınoğludur) adlı məqalələri maraqla oxudum: “Amma etiraf edim ki, məni daha çox məmnun edən fakt yeni kitabın müstəqilliyimizin ilk illərində bu qəzetə rəhbərlik etmiş, bizim hamımızın müəllimi, sadə insan, mükəmməl qələm sahibi olan Tofiq Rüstəmov barədə qələmə alınmış çox gözəl bir yazı ilə (müəllif Qüdrət Piriyevdir) başlanmasıdır”.

...Elə mən də həmin məqamı daha çox qabartmaq istəyirdim. Çünki Tofiq Rüstəmov Azərbaycan jurnalistlərinin əksəriyyətinin müəllimidir. Allah ona rəhmət eləsin. Ağsaqqal həmyerlim, orta məktəbdəki və universitetdəki müəllimlərim kimi dəyər verdiyim İttifaq Mirzəbəyliyə isə can sağlığı və yeni uğurlar arzulayıram. Bu qəbildən olan insanların yorulmazlığı, sabaha inamla baxması bizə örnəkdir.

Sərraf ƏFƏNDİYEV,
jurnalist
Qəbələ şəhəri

Sosial həyat