Qısa videoların yaradılması və izlənməsi üzrə aparıcı platforma olan TikTok Azərbaycanda ilk dəfə keçirilən #Novruz2025 onlayn festivalının nəticələrini açıqlayıb.
Bu təşəbbüs platforma istifadəçiləri arasında böyük marağa səbəb olub: layihənin həştəqi ilə 12 mindən çox video hazırlanıb. TikTok, həmçinin, müsabiqənin qaliblərini elan edib: ən yaxşı videoların müəllifləri dəyərli hədiyyələr qazanıblar.
Layihədə iştirak edən bütün istifadəçilər arasında ən kreativ videoların müəllifləri müəyyən olunublar. 1-ci yerə @chinivibess adlı istifadəçi Çinarə Axundova və @aydankhalilzada adlı Aydan Xəlilzadə, 2-ci yerə Rəssam Firuza İmanova @firca.darbesi, 3-cü yerə isə @food_channel kanalının müəllifi Yusunova Rəhimə layiq görülüblər.
Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov “TikTok-da #Novruz2025 onlayn festivalının necə gözəl keçməsindən çox razı olduqlarını bildirib. O qeyd edib ki, hər kəsin Novruzu bu qədər sevgi və yaradıcılıqla qeyd etməsi, ənənələrimizi belə sevinc əhvallı və canlı şəkildə paylaşması təqdirəlayiqdir: “Bu, sanki böyük, şən bir ailə bayramıdır və mədəniyyətimizin bu gözəl təşəbbüslə yaşadılması əsl qürur verir!” TikTok-un Azərbaycanda, Türkiyədə, Şərqi Avropada və Mərkəzi Asiyada əməliyyatlar üzrə rəhbəri Melis Çağlar deyib:
“Bu il biz ilk dəfə Novruz bayramını Azərbaycandakı istifadəçilərimizlə birlikdə qeyd etdik və onlayn festival üçün parlaq, rəngarəng bir platforma olduq. İstifadəçilərimizə təşəkkür edirik ki, TikTok-u bayramın bütün rəngləri, melodiyaları, iştahaaçan təamları, rəqsləri və əla əhval-ruhiyyəsi ilə doldurdular! Sizin sayənizdə dünyanın dörd bir yanındakı insanlar Azərbaycanın mədəniyyətinin necə gözəl və bənzərsiz olduğunu daha yaxından tanıya bildillər".
TikTok-da keçirilən onlayn festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə baş tutub.
Artıq iki ildir ki, TikTok Azərbaycanda yerli mədəniyyətin və maarifləndirici məzmunun təbliği istiqamətində təşəbbüslər həyata keçirir. Azərbaycanın zəngin mədəni irsi ölkədəki bir çox məzmun yaradıcıları və təşkilatlar üçün ilham mənbəyinə çevrilib. Onlar həm yerli, həm də xarici auditoriya üçün maraqlı olan unikal və cəlbedici videolar hazırlayırlar.
TikTok-un bu istiqamətdə həyata keçirdiyi əvvəlki təşəbbüslər arasında mədəni layihə olan “Muzeylər gecəsi” xüsusi yer tutur. Layihə çərçivəsində ölkənin 10 aparıcı muzeyi canlı yayımlar təşkil edərək istifadəçilərə evdən çıxmadan virtual ekskursiyalara qoşulmaq, incəsənət dünyasına səyahət etmək və Azərbaycanın muzeylərində qorunan eksponatlar haqqında daha ətraflı məlumat almaq imkanı yaradıb. Bundan əlavə, TikTok “Ədəbi qonaq otağı” layihəsini də təqdim edib. Bu layihə çərçivəsində platformada tanınmış simalar və Azərbaycanın ədəbiyyat xadimlərinin muzeyləri ilə birlikdə şeir dinləmələri təşkil olunub. TikTok-un ən genişmiqyaslı layihələrindən biri isə #TikTokdanÖyrən təşəbbüsü olub. Bu layihə Azərbaycanın 22 mədəniyyət müəssisəsini bir araya gətirib. Layihədə 14 teatr, 6 muzey, Azərbaycan Milli Kitabxanası və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu iştirak edib.