Dövlət Komitəsində kollegiya iclası keçirilib

post-img

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib. 

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərtərəfli inkişaf etdiyi, sosial-iqtisadi tərəqqinin dinamik xarakter daşıdığı, xüsusən, Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi, həmçinin məcburi köçkünlərin doğma yurda qayıdışının uğurla davam etdirilməsi üçün genişmiqyaslı quruculuq işlərinin görüldüyü vurğulanıb. Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərə bərpa-quruculuq işlərinin gedişini dövlətimizin başçısının şəxsən nəzarətdə saxlaması, həmin ərazilərə müntəzəm səfərlər etməsi, həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Böyük Qayıdışla bağlı tədbirlərdə iştirakı, doğma yurda dönən və  qayıdışa hazırlaşan keçmiş məcburi köçkünlərdə dərin razılıq və minnətdarlıq hissi doğurur.

Kollegiyada Dövlət Komitəsinin funksional fəaliyyət istiqamətləri üzrə ayrı-ayrı struktur bölmələrin rəhbərlərinin məruzələri dinlənilib, Böyük Qayıdışa dair I Dövlət Proqramında təsbit olunmuş tədbirlərin icra vəziyyəti müzakirə edilib, qarşıda duran vəzifələr müəyyənləşdirilib. Qeyd edilib ki, məcburi köçkünlərin doğma yurda qayıdışının səmərəli təşkili üçün zəruri iş aparılır, bu sahədə praktiki fəaliyyətin nəticələri təhlil edilir, qayıdışa hazırlıq prosesində qarşıya çıxan məsələləriin həllinə ciddi diqqət yetirilir, məlumatlandırma, təbliğat-təşviqat tədbirləri görülür.

Dövlət Komitəsinin sədri Rövşən Rzayev ölkə rəhbərinin tapşırıqlarının və qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün daha böyük məsuliyyətlə çalışmağın vacibliyini vurğulayaraq bildirib ki, məcburi köçkünlərin doğma yurdlarına könüllü, təhlükəsiz və ləyaqətlə qayıdışının təşkili üzrə müəyyənləşdirilən kompleks tədbirlər ardıcıllıqla və vaxtında icra edilməli, həmçinin Böyük Qayıdış dövrünün tələbləri nəzərə alınmaqla komitənin fəaliyyətində innovasiyaların tətbiqi təmin olunmalıdır. 

Kollegiyada müzakirə olunan məsələlər barədə rəy və təkliflər bildirilib,  müvafiq qərarlar qəbul olunub və tapşırıqlar verilib.

Sosial həyat