Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Gədəbəy rayonunda Kiçik Qaramurad‒Cəfərli‒Əyrivəng‒Alnabat‒Kərimli‒İnəkboğan‒Göyəmli‒Şınıx‒Göyəlli‒Çobankənd‒Şahdağ‒Çiçəkli marşrutu üzrə avtomobil yollarının yenidən qurulması davam etdirilir.
Agentlikdən bildirilib ki, uzunluğu 45 kilometr olan avtomobil yolları uzun müddət təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən yararsız vəziyyətdə idi.
Xüsusən payız-qış mövsümündə ucqar dağ yolları ilə hərəkət etməkdə müəyyən problemlər yaranırdı. Belə ki, əsaslı şəkildə yenidən qurulmasına və bərpasına ehtiyac yaranan yollar 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir. Layihəyə uyğun yolların eni 8-9 metrə qədər genişləndirilir.
Hazırda torpaq işləri, qazma, yolun normativ eninin alınması üçün genişləndirmə, yol əsasının tikintisi və yeni asfalt-beton örtüyünün döşənməsi işləri yerinə yetirilir. Artıq yolun 34 kilometrlik hissəsində asfalt örtüyünün vurulması işləri yekunlaşıb.
Görülən işlərə paralel olaraq, yolboyu suların ötürülməsi məqsədilə zəruri yerlərdə düzbucaqlı və müxtəlif diametrlərə malik suötürücülərin tikintisi yerinə yetirilib. Yolboyu layihədə nəzərdə tutulan 4 körpünün inşası üzrə işlər artıq icra olunub. Hazırda körpülərin yanaşma yollarının tikintisi son mərhələdə olmaqla davam etdirilir.
Ümumilikdə isə 17 min əhalinin yaşadığı 19 yaşayış məntəqəsini birləşdirən avtomobil yollarının yenidən qurulması ilə rahat gediş-gəliş təmin olunacaq, yük və sərnişin daşıması asanlaşacaq.