Güllər təbiətin gülüşüdür...

post-img

Rəngbərəng güllər həmişə və hər yerdə gözəllik saçır. Onlar öz rəngi, ətri və görkəmi ilə dünyamıza əlvanlıq gətirir. Bənövşənin, qızılgülün, yasəmənin ətrini sinə dolusu ciyərlərinə çəkəndə özünü cənnətdə hiss etməyən varmı?

Bəs gül-çiçəksiz ötüşən məclis, xeyir-şər varmı? İlk dərs günü məktəbə qədəm qoyan da, son zəng gününə gedən də, ad gününə dəvət edilən də, sevgilisi ilə görüşə tələsən də əlində gül-çiçək dəstəsi aparır. Gül-çiçək bəlkə də elə həmin tədbirlər üçün ən yaxşı hədiyyədir.

Çiçəklər həyatımızda vacib rol oynayır. Amma çox vaxt onların hansı məna ifadə etdiyi barədə heç düşünmürük də. Əslində isə, hər bir gül müəyyən məna ifadə edir. İnsanlar çox vaxt güllərin və çiçəklərin vasitəsilə öz hisslərini büruzə veriblər. Qızılgül ən incə hisslər, qərənfil ilk məhəbbət, süsən təmizlik, səhləb ailə xoşbəxtliyi, astra bağışlanma istəyi, xrizantema dostluq, zanbaq məhəbbəti büruzə vermək, yasəmən ilk məhəbbət rəmzi hesab olunur.

XVIII əsrin əvvələrində İsveç kralı II Karl Fars körfəzindən Avropaya çiçəklərin “şərq dili”ni gətirib. Zanbağın, yasəmənin sirlərindən və çiçəklərlə bağlı digər bölmələrdən bəhs edən çiçək lüğətləri XVIII əsrdə geniş yayılmağa başlayıb.

Çiçəklərin rəngi də müxtəlif əlamətlərdən soraq verir. Məsələn, qızılgülün qarası hüzn və kədər, qırmızısı isə sevginin rəmzidir. Yapon mədəniyyətində sarı rəng işığın və günəşin rəmzidir, ona görə də yaponlar sarı rəngli gülü xeyir və aydınlıq arzulayarkən bağışlayırlar. Narıncı rəng güc, qüdrət və qürur anlamındadır. Göy rəngli çiçəklər həsrət və vəfa mənasını verir. Həmin rəngdə olan çiçəkləri adətən hərbi xidmətə yola düşənlərə bağışlayırlar. Bənövşəyi rəng dostluğun, yaşıl isə sülhün rəmzidir. Ağ rəng təmizlik, incəlik və hüznü anladır.

Hər bir gül fərdi olaraq hansısa hissin rəmzi kimi qəbul edilir. Məsələn, akasiya platonik sevgi, jasmin nəzakət, çəhrayı akasiya zəriflik, zəngçiçəyi deyingənlik, amarant ölməzlik, amarillis gözəlliyə heyranlıq, lavanda etibarsızlıq, anemon kövrəklik, inciçiçəyi qayıtmış xoşbəxtlik, astra qəm, ağ zanbaq ciddilik, reyhan nifrət, ikrah, narıncı zanbaq güclü nifrət, maqnoliya sevgi istəyi, məxmərgülü qısamüddətli səadət, beqoniya təhlükə və şübhə, mimoza utancaqlıq, yemişan çiçəyi ümid, mərsin itmiş sevgi, nanə isti hisslər, minaçiçəyi həssaslıq, nərgiz eqoizm, həmişəbahar narahatlıq, su zanbağı qəlb təmizliyi, orxideya gözəllik, sarmaşıq barışıq, pion utancaqlıq, qırmızı qərənfil ehtiras, ağ qərənfil kədər, sarı qərənfil nifrət, qarçiçəyi təsəlli, ağ qızılgül sükut, qırmızı qızılgül sevgi, soğangülü etiraf, sarı qızılgül vəfasızlıq, rozmarin birgəlik, yasəmən ilk sevgi həyəcanı, lalə sevgi etirafı, bənövşə ciddilik, qortenziya soyuqluq, xrizantem salamlama anlamını verir.

Şair yaxşı deyib:

Bir rəngdə olsaydı güllər-çiçəklər
İnsanın gözləri yorulmazdımı?
Bir eşqi ötsəydi bütün ürəklər
Dünyaya bir nəfəs bəs olmazdımı?

Amma yaxşı ki, nə güllər bir deyil, nə də ürəklər... Bir-birindən yaraşıqlı və bir-birindən fərqli güllər ömrümüzə-günümüzə gözəllik və təravət bəxş edir.

Süleyman QARADAĞLI



Sosial həyat