Ataların qeyrəti – oğulların rəhməti

post-img

İkinci Dünya müharibəsinin sovet-alman cəbhəsində savaş başlayanda Azərbaycanın əhalisi 3, 4 milyona çatmışdı. Döyüş qabiliyyətli soydaşlarımızın, demək olar ki, əksəriyyəti – 800 min insan 5 Azərbaycan diviziyasında və müharibənin əksər cəbhələrindəki hərbi bölmələrdə vuruşub. Onların yarısı faşizm üzərində qələbə qazanılmasının qurbanı olub.

Bu bəşəri bəlaya qarşı mübarizədə həlak olan soydaşlarımızın xatirəsi Azərbaycanda həmişə əziz tutulub, hünərləri vətənpərvərlik örnəyi sayılıb. Cəbhədən qalib döyüşçü kimi qayıdanlar isə təhsillərini və gərəkli fəaliyyətlərini davam etdiriblər, ailə qurub, oğul-qız ata-anaları olublar. İllər, onillər keçdikcə, nəsillər bir-birini əvəz etdikcə cahan savaşının azərbaycanlı iştirakçılarının da sayı azalıb. Müharibən keçən 8-ci onuilliyin tamamında onların sayı sonuncu yüzlük çevrəsindədir.

Dünya müharibəsinin veteranlarının ilin müxtəlif aylarına və günlərinə təsadüf edən doğum günləri olsa da, qəribədir ki, hamısı 9 mayı ad günü kimi qeyd edirdi. Onlardan birinin doğum günü isə elə mayın 9-u idi. Babək rayonunun Çəhri kəndində doğulmuş, ön və arxa cəbhənin veteranı olmuş Sultan Qasımov məhz mayın 9-da anadan olmuşdu. 97 yaşında dünyasını dəyişmiş bu şərəfli insan sağ olsaydı, bu gün 100 yaşını faşizm üzərində qələbənin 80 illiyi təntənəsi ilə birlikdə qeyd edəcəkdi.

Bu barədə redaksiyamıza məlumat verən mərhum veteranın oğlu hüquqşünas Emin Qasımov bildirdi:

– Ön və arxa cəbhə veteranı olmuş, uzun illər Babək Rayon Su Təsərrüfatı İdarəsində mühəndis-hidrotexnik işləmiş, əmək veteranı kimi təqaüdə çıxmışdı. Dünyanı qan çanağına döndərmiş dünya müharibəsinin iştirakçısı faşizm üzərində Qələbədə döyüş və əmək payı olmuş atamız o dövrün dəhşətlərini, çətinliklərini görmüş, şanlı Qələbənin sevincini yaşamışdı. O, XX əsrin bir çox tarixi hadisələrinin də canlı şahidi idi.

Kişi bir çox döyüş və əmək medalları almışdı. Onların içərində Qələbənin 75 illiyi münasibətilə Prezident İlham Əliyevin imzası ilə verilən medalı fəxrlə sinəsində gəzdirirdi. Deyirdi ki, bu, mənim müstəqil dövlətimin başçısının mükafatıdır. Allah məni 75 il yaşadıb belə bir günü görməyi qismət eləyib. Qarabağ zəfəri isə kişinin ruhunu göylərə qaldırdı, şükranlığını birə-beş artırdı. Dedi ki, bundan sonra ölsəm də dərdim yoxdur.

Atamı taniyanlar yaxşı bilir ki, o, halal zəhməti ilə dolanmış, heç kimin haqqını itirməmişdi. Onun üçün dürüstlük, ədalət və insanlıq hər zaman ön planda olmuşdu. 2022-ci il fevral ayında, 97 yaşında və heç bir xəstəlik keçirmədən, deyə-gülə, gəzərək bu dünyadan köçən atamızın çoxlarına yaxşılığı keçsə də, heç kəsə pisliyi olmamışdı. Deyirdi ki, elə dəhşətli müharibədən sağ çıxmaq ikinci dəfə doğulmaqdır. Gərək belə adam səhv etməsin, heç kəsi incitməsin.

Müsahibimiz daha sonra dedi ki, Sultan Qasımov müharibənin çətin sınaqlarından keçib mətinləşmişdi. Mərdlik, əyilməzlik, zəhmət, xeyirxahlıq onun həyatının mənası idi:

– Möhkəm yaddaşı, keçmişə ehtiramı kişini tarix bilicisinə çevirmişdi. O, ötüb keçən hadisələri yalnız xatırlamır, həm də o dövrün ruhunu bizlərə çatdırır, tarixin ibrət dərslərini anladır, ədalətin mütləq qalib gələcəyinə inandırırdı. O, Qarabağ müharibəsinin də xalqımızın qələbəsi ilə başa çatacağına əvvəldən möhkəm inanır, bunun İlahinin hökmü olduğunu deyirdi.

Atamız aləmlərin yaradıcısı, bizləri xəlq edən Allaha dərin sevgi və inam bəsləyirdi, dinimizin şərtlərinə bağlı bir insan idi. O, heç kimin malına-mülkünə göz dikməz, yalan danışmaz, yalnız halal zəhməti ilə dolanardı. Şeirə, musiqiyə olan sevgisi, xüsusilə, aşıq sənətinə olan heyranlığı onun ruhunun təmizliyindən və zənginliyindən xəbər verirdi. Atamızın bir çox müdrik nəsihətləri isə bizə əsl həyat dərsi olub.

Müsahibimiz sonda xatırlatdı ki, Sultan Qasımovun anadan olmasının 100 illiyi bu yaxınlarda daha bir sevindirici hadisə ilə əlamətdardır. Ötən ay dünyaya gələn kötücəsi ilə onun həyatdakı soy davamçılarının da sayı 100-ə çatdı. Emin Qasımov sözlərini belə tamamladı:

– Builki Qələbə gününü ailəmizdə, həm də atamızın 100 illik yubileyi ərəfəsində onun xatirəsini böyük sevgi və hörmətlə anırıq, ruhuna rəhmət diləyirik. Onun fiziki yoxluğu qəlbimizdə böyük bir boşluq yaratsa da, yaşadığı mənalı ömür qürur mənbəyidir. İnanırıq ki, atamızın yaşadığı şərəfli ömür, bizlərə miras qoyduğu dəyərlər daim yolumuzu işıqlandıracaq.

Belə bir gündə cahan savaşında iştirak etmiş 600 min soydaşımızın da hünərini öyünlə yad edir, əksəriyyəti haqq dünyasında olan bu insanlara Ulu Tanrıdan rəhmət diləyirik.

Söhbəti hazırladı:
Tahir AYDINOĞLU
XQ



Sosial həyat