Azərbaycanın cahan savaşında iştirakı bəşəri rəşadətdir

post-img

Biz 2020-ci ildə bu qəhrəmanlığı təkrar edərək erməni faşizmini də diz çökdürdük

“Cəbhə üçün çox zəruri olan neftin 70 faizdən çoxu, benzinin 80 faizi, motor yağlarının 90 faizi Azərbaycanın payına düşürdü. Bunlar olmasaydı, sovet ordusu düşmənə qalib gələ bilməzdi. Hərbi kinoxronikada məşhur kadrlar var: Hitlerə verilən tortun üzərində alman dilində “Xəzər dənizi” sözləri yazılmış bir oyuq, həmin oyuqda “Bakı” adlı qara rəngli maye şokolad var. Hitler şokoladı qaşıqla götürür və tortun üstünə süzür, sonra svastika şəklində şokoladı götürüb “Bakı” sözü yazılan yerə qoyur. Bu kadr faşistlərin Azərbaycanın neft yataqlarını, həmçinin hamımızın bildiyi kimi, Şimali Qafqazın neft yataqlarını tutmaq planlarını vurğulayır. Əgər faşistlər Bakını tutmağa müvəffəq olsaydılar, sovet ordusu Qələbə üçün çox zəruri olan yanacaqsız qalardı, Bakı şəhəri isə havaya sovrulardı”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Hər dəfə bu mövzuda nə isə yazanda Ümummilli liderin 1941–1945-ci illər müharibəsinin veteranları ilə görüşdə dediyi “Veteranlar bizim qızıl fondumuzdur. Onlar hər cür qayğıya və hörmətə layiqdirlər” ifadəsi də yadıma düşür, atamın həmin ifadəni məmnunluqla qəbul edərək özünəməxsus gülümsəməsi də. Atam, sanki, həmin təbəssümü ilə daim demək istəyirdi ki, faşizmin başını əzənlərdən biri də mən idim.

Elə ona görə də mən Dövlət radiosunda çalışdığım müddətdə hər il may ayının bu günlərində Heydər Əliyevin “Azərbaycanın bütün ictimaiyyəti, bütün Azərbaycan xalqı bilməlidir ki, İkinci Dünya müharibəsinin veteranları bizim ən əziz, ən mötəbər insanlarımızdır. Onlara qayğı göstərmək, hörmət etmək, onların bütün problemlərini həll etmək bizim dövlətimizin və hər bir dövlət orqanının, hər bir Azərbaycan vətəndaşının borcudur” – ifadəsini təkrar-təkrar səsləndirirdim. Bilirdim ki, atam mənim verilişlərimin heç birini ötürmürdü. Biz məmnunuq ki, Prezident İlham Əliyev də, xalqımız da Ulu öndərin həmin prinsiplərini sədaqətlə yaşadır və davam etdirir. Bəli, biz bəşər tarixindəki bütün unudulmaz hadisələrə daim hörmət və ehtiramla yanaşmaq ənənəsini davam etdiririk. Ötən əsrin 30-cu illərindən etibarən Avropanın və bütün dünyanın başı üzərində ölüm saçan, qan-qada gətirən qara buludlar kimi əsən faşizm üzərində qələbənin bütün ildönümlərinin qeyd edilməsi də məhz həmin ənənənin tərkib hissəsidir.

Onu da xüsusilə vurğulamalıyıq ki, İkinci Dünya müharibəsində iştirak etmiş soydaşlarımız bizə möhtəşəm bir üzağlığı miras qoyublar. Təkcə ölkəmizdə deyil, postsovet məkanının hər yerindəki ədalətli insanlar deyirlər ki, Azərbaycan faşizm üzərində tarixi Qələbəyə sanballı töhfələr vermişdir. Bu şanlı Qələbədə böyük payı olan Azərbaycan xalqı cəbhəyə 700 minədək oğul və qızını yola salmış, onların, təxminən, yarısı döyüş meydanlarından geri qayıtmamışdır.

Tarixi mənbələrdə deyilir ki, həmin müharibə zamanı göstərdikləri igidliyə görə 130-dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 170 mindən çox əsgər və zabitimiz isə müxtəlif orden və medallarla təltif edilmişdir. Azərbaycanlılardan formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci (atam məhz 402-ci diviziyanın tərkibində vuruşmuşdur İ.M. ) və 416-cı milli atıcı diviziyaları şanlı döyüş yolu keçmişdir. Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı yüzlərlə digər yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşmüşlər. Həmyerlilərimiz Polşa, Çexoslovakiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında da yaxından iştirak etmişlər.

O da qürurverici faktdır ki, İkinci dünya müharibəsində qəhrəmanlıq və şücaət göstərmiş azərbaycanlı əsgər və zabitlərin keçdiyi hərb yolu Avropanın bütün ölkələrində hörmət və ehtiramla anılır. Çünki həmin ölkələrdə davam edən partizan hərəkatlarında iştirak etmiş soydaşlarımız saysız-hesabsız qəhrəmanlıq nümunələri göstərmişlər. Ona görə də şərəfli döyüş yolu keçən Azərbaycan övladlarının qəhrəmanlıq və şücaəti heç vaxt yaddaşlardan silinmir, gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir.

Ancaq dünya ictimaiyyəti son onilliklərdə iyrənc bir fakta şahidlik etdi. Azərbaycanda və digər MDB ölkələrində gənc nəsilllər faşizm, nasizm və bütün milli-dini ayrı-seçkiliklərə nifrət hissi ilə tərbiyə olunsa da, işğalçı Ermənistanda faşizm ideologiyası dövlət səviyyəsində təbliğ olunur. Onlar faşizm təfəkkürünü yaşatdıqlarını təkcə Xocalı soyqırımını tərətməklə, otuz il işğal altında saxladıqları Azərbaycan ərazilərini viranəyə çevirməklə, qədim Azərbaycan torpaqları olan indiki Ermənistan ərazisindəki bütün türk-İslam tarix və mədəniyyət abidələrini, eləcə də ibadət yerlərini darmadağın etməklə, məsciddə heyvan saxlamaqla nümayiş etdirmirlər. Onlar İrəvanın mərkəzində yaşadığı ölkəni sataraq Hitler ordusuna nökərçilik etmiş, faşizm düşüncələrini o zamankı almanlardan da çox yaymağa çalışmış, çoxsaylı insan qanı tökmüş Qaregin Njde adlı monstra 6 metrlik heykəl ucaltmaqla öz daxili natəmizliklərini ortaya qoymuş oldular.

Ulu öndər Heydər Əliyev faşizm üzərində Qələbənin 50 illiyinə həsr edilmiş təntənəli gecədəki nitqində demişdir: “İkinci Dünya müharibəsi bəşər tarixində ən dəhşətli müharibə olmuşdur. Bu müharibə milyonlarla insanın həlak olmasına, şəhərlərin və ölkələrin dağıdılmasına gətirib çıxarmışdır. İkinci dünya müharibəsində ... Hitler faşizmi üzərində qələbə çalınmasında Azərbaycan Respublikasının, xalqımızın, respublikamızın vətəndaşlarının böyük rolu olmuşdur. 1941–1945-ci illərdə və ondan da qabaq Azərbaycanın oğul və qızları döyüşlərdə vuruşmuş, böyük rəşadət və qəhrəmanlıqlar göstərmişlər. Həmin illərdə Azərbaycan Respublikasından 700 min nəfərə qədər adam cəbhəyə getmişdir. Onlardan 300 min nəfəri həlak olmuşdur”.

Azərbaycan elminin nümayəndələri müharibə illərində ümumi qələbəmizə sanballı töhfə veriblər. Məsələn, böyük Azərbaycan alimi Yusif Məmmədəliyev sonradan “Molotov kokteyli” kimi məşhurlaşmış yandırıcı maye ixtira etmişdi. Bu barədə çox adam bilmir, lakin bu, həqiqətdir. Bakının zavodlarında gecə-gündüz istehsal edilən məşhur “Katyuşa” raketləri və digər silahlar düşməni dəhşətə salmışdı. Müharibədə həlak olanların xatirəsini Azərbaycanda ehtiramla yad edir, müharibə veteranlarına böyük qayğı göstərirlər.

Azərbaycan Prezidenti ölkəmizin və xalqımızın tarixi qələbənin qazanılmasındakı danılmaz faktları yada salmaqla yanaşı, xatırladır ki, biz dövlət başçıları faşistlərin qəhrəman kimi qələmə verilməsinin əleyhinə dəfələrlə çıxış etmişik. Təəssüf ki, MDB məkanında, xüsusən, Ermənistanda belə hallar baş verir: “Orada əvvəlki hakimiyyət İrəvanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub. MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə etirazını bildirib”.

Azərbaycan Prezidenti bütün dünyanın bildiyi tarixi faktı bir daha təkrar edərək xatırladır ki, 2019-cu ilin mayında Rusiya Xarici İşlər Nazirliyi məruzə təqdim edib: “Həmin məruzədə deyilir: “Ermənistanın keçmiş hakim respublikaçılar partiyası millətçi təmayüllü, Üçüncü Reyx ilə əməkdaşlıq etməsi haqqında məlumat olan, birmənalı siyasi mövqeyi olmayan Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atıb”.

Bundan başqa, Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqunun sədrliyi ilə Müdafiə Nazirliyinin baş redaksiya heyəti tərəfindən nəşr edilmiş 12 cildlik “1941–1945-ci illərin Böyük Vətən müharibəsi” ensiklopediyasının “Böyük Vətən müharibəsi illərində gizli müharibə, kəşfiyyat və əks-kəşfiyyat” adlı VI cildində dərc edilmiş “Müharibənin son dövründə hərbi əks-kəşfiyyatın fəaliyyəti” adlı məqalədə deyilir: “Əks-kəşfiyyatçılar 114-cü Dromedar oberqrupu barəsində agentura işi çərçivəsində daşnak ordusunun keçmiş generalı, almanların yanında Njde ləqəbi ilə xidmət etmiş mühacir Ter-Arutyunyanı aşkar edib və həbsə alıblar. Böyük Vətən müharibəsi illərində o, Bolqarıstan ərazisində milliyyətcə erməni olan 30-dan çox agent cəlb edib, onların təxribat hazırlığında və pozucu fəaliyyət üçün Qızıl ordunun arxa cəbhəsinə atılmasında iştirak edib”.

Yeri gəlmişkən, onlar daha bağışlanılmaz xəyanətləri Azərbaycana qarşı etmişdilər və 2020-ci ilin payızında həmin nankorluqlarının cavabını “yüksək səviyyədə” aldılar. Prezident İlham Əliyevin Aşqabaddakı mesajlarından nəticə çıxarmayan işğalçılar 2020-ci ilin sentyabrında təmas xətti boyunca daha böyük təxribatlara əl atdılar ... və bu həyasızlıq onlara çox baha başa gəldi.

Rəsmi məlumatlarda qeyd edilir ki, Ermənistan respublikası ilə 44 gün davam edən müharibə ərzində – oktyabrın 4-də Cəbrayıl, 17-də Füzuli, 20-də Zəngilan, 25-də Qubadlı və noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edilmişdi. Həmin tarixi faktdan iki gün sonra – noyabrın 10-da Moskvanın təşəbbüsü ilə imzalanan üçtərəfli bəyanata əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən keçmiş Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin ozamankı Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilmişdir. Üstəlik, 2020-ci il noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də Laçın rayonları azad edilmişdir.

Bütün bunlar Ermənistan üçün rüsvayçılıq, üzqaralığı gətirən tarixi faktlardır. Ancaq həmin proseslərdə məni daha çox məmnun edən məqamlar 44 günlük müharibədən bir az əvvəl Şuşada “yallı” gedərək “Qarabağ Ermənistandır və nöqtə!” – deyən baş nazir Nikol Paşinyanın müharibədən sonra “Qarabağ Azərbaycandır!” həqiqətini dəfələrlə təkrar etməsi və hər gün, hər saat Azərbaycana hədə-qorxu gələn separatşılar sürüsünün rəhbərlərinin qol-boyun edilərək Bakıya gətirilməsi oldu.

... 9 May tarixi planetin hər yerində faşizmin məğlub edilməsi günü kimi qeyd edilir. Ancaq Ermənistanda son otuz ildə həmin bayram iki gün – həm mayın 8-də, həm də 9-da qeyd edilirdi. Çünki mayın 8-də Şuşanı işğal etmişdilər. Azərbaycan tarixinin ən dəyərli ünvanlarından birini işğal etdikləri günü faşizmin məğlub edildiyi tarixlə bərabər tutmağa çalışırdılar.

Ancaq beş ildir ki, 8 mayı bayram etmirlər. Yas içindədilər. Üstəlik, Rusiyaya qarşı elə şərəfsizliklər etdilər ki, indi peşman olub rus siyasətçilərinin ayaqqabılarını öpməyə hazırdırlar.

Tarix heç bir haqsızlığı, ədalətsizliyi, şərəfsizliyi, xəyanəti, satqınlığı, nankorluğu bağışlamır. Gec, ya tez bütün daşlar öz yerinə oturur. Ancaq haylar murdar xislətlidirlər. Onlar tarixin heç bir dərsindən nəticə çıxara bilmirlər. Elə bir nəticə çıxara bilsəydilər, indi dalana dirənib, təklənib Emmanuel Makronun absurd vədlərinə möhtac olmazdılar.

9 May – Qələbə bayramın mübarək, mütərəqqi dünya! İnanırıq ki, faşizmi təbliğ edən, onu bir daha siyasət aləminə gətirmək istəyənlər 1945-ci il mayın 9-da və 2020-ci il noyabrın 10-da üzləşdikləri taleni yenə də yaşayacaqlar.

İttifaq MİRZƏBƏYLİ

Siyasət