Bir çiçəkli, kəpənəkli yaz günü... Oynayan şimşəyi, yağan yağışı bizdən öncə görən də, duyan da bağça-bağ olur. Görürsən ki, sübhün sakit vaxtı quşlar cəh-cəh deyir. Yenə güllər açıb, yenə yaz gəlib.
Bunları daha yaxından görmək, duymaq üçün adamın özünün bir bağı-bağçası olsun gərək. Bağa baxarsan, gül bitirər, baxmazsan, bağlığını itirər. Sən bağa baxarsan, bağ da sənə baxar. Dürlü meyvə ağaclarının barından-bəhərindən barınarsan.
Mən uşaqlıq illərindən bu yana yarpaq, torpaq duyğusuna bürünmüşəm. Bağın-bağçanın, barın-bəhərin nə olduğunu yaxşı bilirəm. Bilirəm ki, əkib-becərdikcə, həm da ana torpağın təbiət ömrünü uzadırsan. Yarpaq da, torpaq da xoş əhvalda olur. Elə ki, xoş niyyətlə bağçadan gül dərirsən, özünü xoşbəxt görürsən.
Bizim həyətimizdə tək-tük meyvə ağacları vardı. Ona bağ demək olmazdı. Yediyimiz meyvələrin çiyidlərini həyətimizin bir küncündə torpağa basdırıb əkirdim, bağ salırdım. Torpağın qoynundan cücərib çıxan körpə şitilləri görəndə elə sevinirdim ki... Dönüb-dönüb öz əllərimlə əkdiyim körpə şitillərə baxmaqdan zövq alırdım. Mən böyüdükcə o nizamsız bağçam da böyüyürdü. Çəkdiyim əziyyətə görə lütf eliyib hər nübarından pay verirdi.
Bir gün atam mənim bağçama çöllərdən gətirdiyi tikanlardan çəpər çəkdi. Çəpər balaca bağçamı kənar müdaxilələrdən qoruyurdu. Mənim özümə inamım artırdı. Əziyyətim hədər getmirdi. Anam da bağçamdakı ağacları, gülləri öz balası kimi əzizləyib oxşayırdı. Ağacların və insanların bir-birilə nəzakətlə davranması ilahi sevgidən yaranır.
Pöhrə-pöhrə bəslədiyim bağımda ömür-ömür xatirələrim yaşayır. Hər gün intizarla gözləyirdim ki, bağım-bağçam şirin bara yetişsin. Əkdiyim ağacların tər çiçəkləri könül quşlarına, kəpənəklərə, bal arılarına, yamyaşıl kölgəli yarpaqları isə bağçamı ziyarətə gələn yaşıdlarıma qucaq açırdı. Ağaclarla şeir dili ilə danışırdım:
Səni oxşayıram başla, çiyinlə,
Ağacdan üstümə səma axınsan.
Meyvə gələcəkli tər çiçəyinlə,
Kölgə yarpağınla mənə yaxınsan.
Yerə əyilmisən yenə qarşıdan,
O yarpaq duyğunu geyinim keçim.
Deyirəm, ay budaq, səni yaşadan
Qayğıyla torpağa əyilim keçim.
Arzularımda yaşatdığım, ağacları ilə bərabər boy atdığım balaca bağçam çox şəfqətli və səxavətli idi. Heç vaxt verdiyi nübarın əvəzini gözləməzdi. Bağçamın şəfqəti, ağaclarımın səxavəti uşaq qəlbimə hopurdu.
Söhbət bağdan-bağçadan getdiyinə görə, uşaqlıq illərindən yaddaşımda xoş xatirələri ilə qalan dəyərli bir insanin özü və söhbəti-sözü yada düşdü. Özündən sonra xoş xatirələr qoyub gedib. Yaxşılıqları ilə yaddaşımda yaşayır. Ruhu şad olsun. O, vaxtilə kəndimizdə sovet sədri və sovxoz direktoru işləmiş, rəhmətlik Uğurlu Hüseynovdur. Adı kimi, gördüyü işlər də uğurlu alınırdı. Qədirbilən insan idi. Yaxşı işçinin qədir-qiymətini bilirdi. Onun atama xüsusi hörməti və inamı yaxşı işinə görə yaranmışdı.
Atam İkinci Dünya müharibəsinin iştirakçısı kimi, Qafqazda gedən döyüşlərdə yaralanmışdı, qazi idi. Müharibədən qayıtdıqdan sonra kolxozda briqadir işləyəndə də halal insan kimi hörmət qazanmışdı. Ahıl yaşlarında isə özümüzün mal-heyvanımızı çöldə-bayırda otarırdı.
Bir gün məktəbdən evə gələndə Uğurlu dayı məni mehribanlıqla salamladı. Sonra da əlavə etdi:
– Aslan dayıya (yəni atama) deyərsən ki, onu sovxozun bağına qarovulçu təyin etmişəm. Sabahdan işinin başında olsun. Bu xəbər ailəmiz üçün xoş bir sürpriz oldu. Kənddə danışırdılar ki, sovxozun bağının qarovulçusu olmaq üçün çoxları direktorun qəbuluna gedir, xahiş-minnət edir. Amma atam heç vaxt minnət götürən kişi olmadı.
Atam həm sovxozun meyvə bağının keşiyini vicdanla çəkirdi, həm də bağlar başında, arx qırağında mal-qaramızı otarırdı. Orada mal-heyvanı otarmaq üçün münbit şərait vardı. Necə deyərlər, ot dizə çıxırdı.
Atamın gecəsi-gündüzü bağda keçirdi. Onu yaxından tanıyanlar deyirdi ki, Aslan dayının qarovulçu olduğu bağa heç quş da səkə bilməz. Nəinki oğurluq, talançılıq ola...
Mən hər gün dərsdən sonra evdən atama yemək aparırdım. At belində, çiynində qoşalülə tüfəngi, ucaboylu, eşmə bığlı atam bağda – qarovul yerində qürurla, vüqarla gəzib dolaşırdı. Onun xarakterində sərtliklə yanaşı, ədalət hissi də güclü idi. Böyük bir ailə-ocağın başçısı kimi, balalarına yedirtdirdiyi halal çörəyinə bir tikə də haram qatmazdı.
... Həmin gün yenə atama yemək aparmışdım. Sovxozun direktoru Uğurlu dayı atamla birlikdə alma bağının ortasında söhbət edirdilər. Məni görəndə kefimi soruşdu, dərslərimlə maraqlandı. Söhbətimiz bağların barı ilə bağlı axar tapdı. Dedi:
–Sənin atan qeyrətli kişidir. Onun keşik çəkdiyi bağda bircə barlı budağın da “burnu qanamayıb”. O, bağın qarovulçusu olandan bəri, hər il ağaclardan artıqlaması ilə məhsul götürürük.
Sonra da dönüb bir atama baxdı, bir bağa baxdı və böyük sevinc hissi ilə dedi:
– “Dönüm başınıza, barlı budaqlar!”
Əslində, Uğurlu dayının dediyi “Dönüm başınıza, barlı budaqlar!” kəlməsi atama minnətdarlıq duyğusundan irəli gəlirdi. Bu sözləri və onu dilə gətirən insanı, illər ötsə də, unutmaq olarmı?!
Həzi HƏSƏNLİ,
şair-publisist