Sevgi ünvanı

post-img

Xalqımızın ictimai və sosial həyatında qadınlarımızın rolu həmişə misilsiz olmuşdur. Onlar həm qəhrəmanlığın, həm də ləyaqətin canlı təcəssümü kimi millətimizin şərəfini qoruyub, tariximizin hər səhifəsinə öz parlaq izlərini yazıblar. Qadınlarımızın fəaliyyəti bizə daim qürur verib, gələcəyə inamla baxmağımıza ilham olub. Həyatın hər sahəsində onların töhfəsi görünməz bir tellə bütöv cəmiyyətimizi möhkəm birləşdirib.

Azərbaycan qadını hər zaman dünyaya nümunə olub, öz fədakarlığı və örnək fəaliyyəti ilə həsəd aparılıb. Bu gün isə Azərbaycan qadını müasir, fərqli və parlaq imici ilə beynəlxalq arenada layiqincə təmsil olunur. Bu yüksək imicin formalaşmasında müstəsna rol oynayan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Azərbaycan qadınının zəngin mənəvi dünyasını, intellektini və qüdrətini bütün dünyaya nümayiş etdirir. Onun fəaliyyəti, humanist dəyərlərə sadiqliyi, mədəniyyətə, təhsilə və sosial sahələrə verdiyi töhfələr bir qadın liderin cəmiyyətin inkişafında necə mühüm rol oynaya biləcəyinin parlaq nümunəsidir. 

Azərbaycan mədəniyyətinin zənginliyini və özünəməxsusluğunu qlobal arenada uğurla təbliğ edən Mehriban xanım Əliyeva Vətənə sədaqətlə xidmət edərək, ölkəmizi beynəlxalq miqyasda layiqincə təmsil edir. Onun təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən çoxsaylı humanitar və mədəni layihələr sayəsində Azərbaycanın milli irsi, musiqisi, incəsənəti və tarixi ənənələri dünya ictimaiyyətinə tanıdılmış, ölkəmizin müsbət imici möhkəmləndirilmişdir. Məhz bu yüksək xidmətlərin nəticəsi olaraq Mehriban xanım Əliyevanın simasında Azərbaycan dünyada tanınır, ölkəmizin zəngin mədəni irsi və qədim ənənələri beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla qarşılanır. Onun təşəbbüsü ilə sərhədləri aşaraq qlobal mədəniyyət məkanında özünə yer tapan milli incilərimiz – muğamımız, xalçaçılıq sənətimiz, aşıq yaradıcılığı və digər dəyərlərimiz həm sevilir, həm də təqdir olunur. Mehriban xanımın fəaliyyəti nəticəsində Azərbaycan mədəniyyəti yalnız regional deyil, həm də beynəlxalq miqyasda öz parlaq imzasını qoyur, ölkəmizin humanist dəyərlərini və sülhə çağırışlarını dünyaya çatdırır. Xalqımızın çoxəsrlik mədəniyyətinin himayəçisi kimi milliliyimizi qoruyan Birinci vitse-prezident ölkəmizdə böyük rəğbət və sevgi ilə qarşılanır.

Xüsusilə səhiyyə, təhsil və digər sahələrdə həyata keçirdiyi mühüm layihələr ictimaiyyət tərəfindən yüksək dəyərləndirilir. Ən ağır xəstələrin müalicəsinin təşkili, əməliyyatlar, onların xarici ölkələrə göndərilməsi, eləcə də talassemiyalı xəstələrin daim diqqətdə saxlanılması bu qayğının bariz nümunələridir.

Mehriban xanımın birbaşa rəhbərliyi ilə həyata keçirilən “Təhsilə dəstək” layihəsi, eləcə də Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində Bakıda və regionlarda yeni ümumtəhsil, uşaq musiqi və incəsənət məktəbləri inşa edilir, mövcud təhsil müəssisələri isə əsaslı şəkildə təmir olunur.

Statistikaya nəzər saldıqda aydın olur ki, Mehriban Əliyevanın rəhbərliyi ilə 2005–2024-cü illər ərzində ölkənin müxtəlif bölgələrində 500-dən artıq məktəb binası inşa olunmuş və yenidən qurulmuşdur. Bu istiqamətdə işlər hazırda da uğurla davam etdirilir. 

Mehriban xanım Əliyeva ölkəmizin Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti kimi təhsilin inkişafını daim prioritet istiqamət kimi diqqət mərkəzində saxlayır. Onun təşəbbüsü ilə reallaşan genişmiqyaslı layihələr minlərlə gəncə keyfiyyətli təhsil imkanı qazandırmış, onların dünyagörüşünü və potensialını artırmağa xidmət etmişdir. Bu məqsədyönlü fəaliyyətin nəticəsində bu gün Azərbaycan gəncləri dünyanın ən aparıcı universitetlərində təhsil alır, elmi və intellektual uğurları ilə ölkəmizi layiqincə təmsil edirlər. Bununla yanaşı Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva işğaldan azad olunmuş ərazilərdə erməni vandalizminə məruz qalmış dini abidələrin, məscidlərin və ümumilikdə milli-mədəni irsimizin bərpası istiqamətində mühüm işlərə imza atır. Onun təşəbbüsü ilə aparılan bərpa və yenidənqurma layihələri tarixi-mədəni dəyərlərimizin qorunaraq gələcək nəsillərə ötürülməsinə xidmət edir. Bu istiqamətdə görülən işlər Mehriban xanımın həm milli irsə dərin hörmətinin, həm də xalqımızın mənəvi dəyərlərinə olan yüksək diqqət və qayğısının bariz nümunəsidir.

Məhz bu qəbildən olan ali amallar  cəmiyyətin rifahı, milli-mədəni irsimizin qorunması, gənclərin maariflənməsi və gələcəyimizin etibarlı şəkildə qurulması uğrunda yorulmadan çalışmağı, xalqına olan səmimi və dərin sevgisi, eləcə də ən çətin məqamlarda vətəndaşın yanında olmaq kimi insani dəyərlər Mehriban xanım Əliyevaya olan xalq məhəbbətinin möhkəm təməlini təşkil edir. Onun fəaliyyəti təkcə vəzifə borcu deyil, eyni zamanda yüksək mənəvi məsuliyyətin və vətəndaş həmrəyliyinin təcəssümüdür. Bu dəyərlər isə cəmiyyətin bütün təbəqələrində Mehriban xanıma qarşı dərin hörmət və sevgi formalaşdırmışdır. Şübhəsiz ki, məhz bu keyfiyyətlər ona ümummilli sevgi qazandırıb. Çünki o, insanlığın qorunması, mərhəmət, həmrəylik və mənəvi dəyərlərə bağlılıq kimi bəşəri duyğuları cəmiyyətə aşılayır. Mehriban xanım Əliyeva həm fəaliyyəti, həm də şəxsiyyəti ilə kamil nümunədir – hər birimizin arxalana biləcəyi, etimad göstərdiyi və qürur duyduğu siyasi-ictimai xadimdir. 

Əminliklə qeyd etmək olar ki, uğurlu fəaliyyəti, insanpərvərliyi və yüksək mənəvi keyfiyyətləri ilə xalqın dərin rəğbətini qazanmış Mehriban xanım Əliyeva bu gün yalnız nüfuzlu dövlət xadimi kimi deyil, eyni zamanda milyonlarla insanın sevgi və etimad ünvanı kimi tanınır. Azərbaycan xalqı var olduqca, Mehriban xanım Əliyevanın ölkəmizin inkişafına, milli-mənəvi dəyərlərimizin qorunmasına və xalqımıza göstərdiyi sədaqətli xidmətlər heç vaxt unudulmayacaq, daim yüksək qiymətləndiriləcək və nəsillərin yaddaşında yaşayacaqdır.

Xumar Məmmədova,   


Naxçıvan MR Ali Məclisinin deputatı, 
Naxçıvan Dövlət Universitetinin dosenti

Sosial həyat