Nələr deyir bu mənzərə! - Düşünürəm aram-aram:
Bizdən ayrı düşənlərə borcumuzdur bu ehtiram!
Masallıda şəhidlərin ruhuna bəslənən ehtiram, onların əmanət ailələrinə göstərilən daimi qayğı unudulmaz Xalq şairimiz Səməd Vurğunun bu misralarını yada salır.
Rayonun Şərəfə inzibati ərazisinin Ağakişibəyli kəndində keçirilmiş vətəndaş qəbulundan sonra icra hakimiyyətinin başçısı Araz Əhmədov şəhid ailələri, din xadimləri və media nümayəndələrini iştirakı ilə ölməz qəhrəmanların məzarlarını ziyarət etdi, qəbirüstü abidələrinin önünə tər gül dəstələri qoyaraq onların ruhuna ehtiramını bildirdi.
Sonra rayon rəhbəri Xırmandalı kəndində Birinci Qarabağ Müharibəsi şəhidi Rüstəm Qənimət oğlu Qasımovun məzarı üzərində aparılan təmir-bərpa işləri ilə, həmçinin onun qardaşı üçün inşa edilmiş fərdi yaşayış evində aparılan tikinti işləri ilə yerində tanış oldu.
Araz Əhmədov şəhidlərin xatirəsinin əziz tutulmasının, ailələrinin sosial problemlərinin həllinin dövlət siyasətində əsas istiqamətlərdən biri olduğunu vurğulayaraq, bu cür layihələrin yüksək səviyyədə icrasının vacibliyini qeyd etdi. O, həmçinin görülən işlərin keyfiyyətlə və vaxtında başa çatdırılması ilə bağlı aidiyyəti şəxslərə tapşırıqlar verdi.
Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıq ifadə etdilər.
Əlihüseyn ŞÜKÜROV,
Masallıda çıxan “Yeni həyat” qəzetinin və eyni adlı saytın baş redaktoru





